Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1679/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlınının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxılır. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2- 1(103)-2503/2023 nömrəli qərardadı ilə (iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2319/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2- 1(103)- 2503/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2319/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçı Bakı İnzibati Məhkəməsində bir müddət əvvəl də həmin cavabdehə qarşı 2-ci dərəcə əlilliyin təyin edilməsi tələbi ilə iddia qaldırmışdır. Həmin iş üzrə materiallardan görünür ki, iddiaçı həmin iddiasında da əlilliyin müddətsiz təyin olunmasını istəmişdir. Məhkəmənin 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının 2-ci dərəcə əlilliyinin müəyyən edilməsi barədə müraciətinə 2 ay müddətində yenidən baxılması cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tapşırılmışdır. Qərardadın icrası istiqamətində inzibati orqan tərəfindən İddiaçı 2 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş və bu səbəbdən məhkəmə İPM-in 67-ci maddəsini rəhbər tutaraq, 16 noyabr 2022-ci il tarixli qərardadla iş üzrə icraata xitam vermişdir. İddiaçı ona 2-ci dərəcə əlilliyin müddətli təyinatından narazı qalsa da, iş üzrə icraata xitam verilməsi barədə 16 noyabr 2022-ci il tarixli qərardaddan apellyasiya şikayəti verməmiş, bunun əvəzinə müddətsiz əlillik təyinatı ilə bağlı yenidən iddia qaldırmışdır. 23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd edilməsinə baxmayaraq, işin materiallarında iddiaçının əvvəlki iddiasında əlilliyin müddətsiz təyin edilməsini tələb etdiyinə dair məlumat yoxdur. Əksinə, həmin iş üzrə məhkəmə qərardadlarında iddiaçının dəqiqləşdirilmiş iddia ərizəsində ona “2-ci qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdiyi göstərilmişdir. Digər tərəfdən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6025/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərardadının nəticə hissəsindən də göründüyü kimi, həmin qərardadla İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. Başqa sözlə, tələb olunan əlilliyin “müddətsiz” və ya “müddətli” olduğu göstərilməmişdir. Cavabdeh görmüş olduğu tədbirlə – yeni inzibati aktla iddiaçının “əlillik dərəcəsinin təyin edilməsi” məzmunda tələbini təmin etmiş, məhkəmə də məhz həmin məzmunda tələb üzrə icraata xitam vermişdir. İddiaçı məhkəmə icraatı zamanı cavabdehin qəbul etdiyi yeni inzibati aktı onun əlverişsiz hissəsində elə həmin icraatda inzibati aktın dəyişdirilməsini tələb etməklə mübahisələndirə bilərdi. Lakin iddiaçının bunu həmin icraatda etməməsi və “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi iddiaçını cavabdehin inzibati aktını dəyişdirilməsinə dair mübahisələndirmə haqqında müstəqil iddia qaldırmaq hüququndan (imkanından) məhrum etmir.” Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Məhkəmə Kollegiyası hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2319/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında iddianın mümkünlüyü ilə bağlı hüquqi mövqeyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4123/2023 saylı, xx.xx.2023 saylı qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4123/2023 saylı, xx.xx.2023 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2-1(103)-1679/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1679/2024
02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver