Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1679/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, əlilliyin təyin edilməsi (bərpa edilməsi) vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2- 1(112)-8006/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı ona əlillik dərəcəsinin təyin edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş, əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, əlilliyin təyin edilməsi (bərpa edilməsi) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2-1(112)-8006/2024 saylı qərardadı ilə iddia tələbinin dəqiqiləşdirilməsi ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə «Sadə parsial tutmalarla müşahidə ölürian lokalizə olunmuş epilepsiya, epilepsiya tez-tez baş verən gereralizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə, orta beyin arteriyasının tıxanması və stenozu, sağ orta beyin arteriyası hövzəsində keçirilmiş insultun qalıq əlamətləri» diaqnozu qoyulmuş, İİ dərəcəli əlillik verilmiş və ayda 180 manat pensiya təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə isə ona «40 epilepsiya, epilepsiya xəstəliyi» diaqnozu qoyulmuş, İİİ dərəcəli əlillik verilmiş və ayda 150 manat pensiya təyin edilmişdir. 2024-cü ilin yanvar ayından iddiaçıya İİİ dərəcəli əlilliyə görə təyin edilmiş 150 manat məbləğində pensiyası kəsilmişdir. Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2024-cü il tarixli rəsmi cavabında bunu onunla əlaqələndirmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən 88 saylı göndəriş natamam doldurulmuş, həmin göndərişdə psixiatrın rəyi qeyd olunmayıb. Bundan sonra o, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan üzrə ünvan 1ət etmiş, həmin Xəstəxananın nevropatoloqu Aytən Vəliyeva iddiaçıya bildirmişdir ki, həmin xəstəxana tərəfindən əlaqədar Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 88 saylı forma arayışda psixiatrın rəyi qeyd olunmuşdur. Buna baxmayaraq xəstəxana ikinci dəfə psixiatrın rəyini Tibbi Sosial Ekspert Komissiyasına göndərdi. Bundan sonra Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2024-cü il tarixdə ona aşağıdakı məzmunda cavab göndərmişdir: «Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Əlillik AS-ə səhiyyə müəsisəsi tərəfindən daxil olmuş F88də, xəstənin hazırkı vəziyyətin, etioloji faktoru, bir aydakı tutmaların sayın dəqiqləşdirmək üçün ixtisaslaşmış stasionarda müayinə müalicə olması tövsiyyə olunur» . İddiaçıya 4 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş forma 88 tam doldurulmuş, orada həm psixiatrın rəyi və həm də 1 ayadək tutmaların (sudurğanın) sayı dəqiq olaraq 10-12 qeyd edilmişdir. Bundan əlavə o, 2023-cü ildə 3 dəfə Sabunçu rayon, 3 saylı Birləşmiş Şəhər Xəstəxanasının nevroloji şöbəsində müalicələr almış, lakin səhhətində heç bir müsbət dəyişiklik olmamışdır. Bu il isə həkimlərin ona təyin etdikləri dərmanlarla yaşayır. Həmin dərmanlar ona 4 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilirdi, lakin 2024cü ilin martından həmin dərmanlar da kəsilmişdir. 2024-cü ilin yanvar ayından İİİ dərəcəli əlilliyə görə təyin edilmiş 150 manat məbləğində pensiyası da kəsilmişdir. Hazırda maddi cəhətdən böyük sıxıntı içindədir. Belə ki, onun qəbul etdiyi dərmanlar apteklərdə yoxdur, digər tərəfdən həmin dərmanlar aptekdə olsa belə onları almağa maddi imkanı yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8006/2024 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı əlilliyin təyin edilməsi (bərpa edilməsi) vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2-1(112)- 8006/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti Bakı 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş epilepsiya. Epilepsiya tez-tez baş verən generalizə olunmuş tonikklonik qıcolma tutmaları ilə. Orta beyin arteriyasının tıxanması və stenozu. Sağ orta beyin arteriyası hövzəsində keçirilmiş insultun qalıq əlamətləri.” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən şəxsin iştirakı olmadan qiymətləndirilərək barəsində, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə “ilkin” və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.7.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 40% (qırx faiz) pozulması barədə qərar qəbul edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın sonuncu müraciəti əsasında Bakı X7 tərəfindən “Üzvi mənşəli emosional labil pоzuntu. Koqnitiv funksiyaların zəifləməsi. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, idiopatik epilepsiya tez-tez təkrarlanan generalizə olunmuş klonik tonik qıcolmalarla (ayda 10-12 dəfə). Spastik hemiplegiya, sol tərəfli spastik hemeparez (3-3.5 bal).” diaqnozu ilə xx.xx.2024-cü il tarixli, L00174854ELF saylı göndəriş rəsmiləşdirilsə də, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, “Göndərişin natamam doldurulması” (Səbəb: Əlillik AS-ə səhiyyə müəsisəsi tərəfindən daxil olmuş F88-də, xəstənin hazırkı vəziyyəti, etioloji faktoru, bir aydakı tutmaların sayın dəqiqləşdirmək üçün ixtisaslaşmış stasionarda müayinə müalicə olması tövsiyyə olunur) səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri tez-tez huşunun itməsi ilə təzahür edən qıcolmalardan, baş ağrılarından, baş gicəllənmələrindən, əsəbilikdən, yaddaşın pozulmasından, sol ətraflarda zəiflik və keyimə hissindən, yerişin çətinləşməsindən olmuş, dövlət tibb müəssisəsinin qiymətləndirilməyə əsas verən xx.xx.2024-cü il tarixli, L00174854ELF saylı rəsmiləşdirilmiş göndərişində 2017-ci il tarixində sağ orta beyin arteriya hövzəsində keçirilmiş insultun olduğu qeyd edilsə də, vətəndaş və yanında onu müşaət edən şəxs, ona bu barədə həkim-ekspertlər tərəfindən sual verilməsinə baxmayaraq, heç bir məlumat bildirməmişdir. Təqdim edilmiş sənədlər arasında Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2019-xx.xx.2019-cu il tarixli, 15620 saylı epikrizinə əsasən diaqnoz “Epilepsiya, generalizə olunmuş toniko-klonik qıcolma tutmaları ilə. Psixoorqanik sindrom.” şəklində göstərilmiş, 2 saylı X2 xx.xx.2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının 2743 saylı tibbi rəyinə əsasən diaqnoz “Üzvi mənşəli emosional labil pozuntu, koqnitiv funksiyaların zəifləməsi, anamnezində qıcolma tutmaları ilə, MMSE ~ 24” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən yuxarı və aşağı ətraflarda hərəkət məhdudluğu, parez, atrofiya, hipotrofiya izlənilməmiş, həkim-psixiatr müayinəsinin nəticəsi “Ünsiyyətdə sərbəst, çoxsözlüdür. Demonstrativ şəkildə boynunu büküb, sağ ayağını iradi şəkildə əsdirir. Sualları tam qavrayaraq, maliyyətinə uyğun cavablar verir. Təfəkkürü ardıcıl, məntiqə uyğundur. Təfəkkürü və nitqi koqnitiv funksiyaların geriliyi izlənilmir. Emosiyaları stabil, maraqlarına uyğun, demonstrativdir. Əhval-ruhiyyə fonu normal diapazondadır. Mühakimə qabiliyyəti tam reallığı əks etdirir, situasiyaya adaptivdir. Təqdim edilmiş tibbi sənəd əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, müayinə və müalicə müddətinin yetərsiz olduğu məlum olmuş, ildə 3 aydan az olmayaraq dekompensasiyalar, kənar şəxslərlə konflikt, özünə baxım, gigiyenik proseslərdə geriləmə və yüksək intihar riski kimi ağırlaşmalar 2 saylı X2 xx.xx.2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının 2743 saylı tibbi rəyində göstərilməmiş, aparılmış müayinələr nəticəsində də aşkarlanmamışdır” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən nevroloji defisit və psixopatoloji pozuntu müşahidə edilməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da aparılmış EXO-KQ müayinəsinin nəticəsi “Sol mədəciyin sistoladiastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=50%) cüzi azalıb. Sol qulaqcıq cüzi dilatasiya olub. Sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru – inferoseptum və apeks cüzi hipokinetikdir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min PÇ, min MÇ qeyd edilir” kimi qiymətləndirilmiş, burada aparılmış EEQ müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyinin dezorqanizasiyası, yüksək amplitudlu beta ritm hesabına. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi.” şəklində göstərilmiş, əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu, nevroloji defisit və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Xəstə müayinə zamanı aqrovasiya etmiş, iradi olaraq sol ayağını tremor vəziyyətində nümayiş etdirmişdir ki, həkim-ekspert tərəfindən müayinə edilərkən ayağını sərbəst və tam şəkildə, tremor izlənilmədən yerə təmas etdiyi məlum olmuşdur. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli, L00174854ELF saylı göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Beləliklə əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı demək olar ki, əsaslandırmayaraq vətəndaşın əyani müayinə nəticələrini qəbul etmədən öz mülahizəsinə uyğun şəkildə vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki vətəndaşda sözügedən diaqnoz aşkar edilməmişdir. Sözügedən hal İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, vəziyyəti çox pisdir. Dərman qəbul etmədən yaşaya bilmir. Bu yaxında 5 gün Mərdəkanda həkimlərin nəzarətində olub. Əgər o xəstə deyilsə niyə bu sayda ağır dərmanlar qəbul etmək məcburiyyətindədir. Eyni zamanda iddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, hər həftə bir neçə dəfə tutmaları olur. Həddən artıq çox olduqlarına görə, sayını dəqiq deyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Səhiyyə Nazirliyi 2 nömrəli X2 1/2543 nömrəli, xx.xx.2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının 2743 nömrəli rəyindən görünür ki, Həkim Psixiatr Komissiyasının qərarına əsasən qeyd edilmişdir ki, İddiaçı diaqnozu – üzvi mənşəli emosinal-labil pozuntusu, koqnitiv funksiyaların zəifləməsi, anamnezində qicolma tutmaları MMSİB; F06.6, F06. - İddiaçının əlillik vəziyyətinə xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış “Diaqnozun mətni: Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş epilepsiya. Epilepsiya tez-tez baş verən generalizə olunmuş tonik-klonik qıcolma tutmaları. Orta beyin arteriyasının tıxanması və stenozu. Sağ orta beyin arteriyası hövzəsində keçirilmiş insultun qalıq əlamətləri. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9). X1: Vİ Sinif-Sinir sistemi xəstəlikləri=G40-G47-Epizodik və paroksimal pozğunluqlar => G40 – Epilepsiya => G40.1 – Sadə parsial tutmalarla gedən lokalizə olunmuş (fokal) (parsial) simptomatik epi.. .” 5 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli Bakı X7nin göndərişi əsasında baxılmış “Diaqnozun mətni: 40 Epilepsiya, Epilepsiya xəstəliyi. Meyar: Sinir sistemi xəstəlikləri => Epilepsiya => Epilepsiya Gündə 2-3 yüngül tutma, yaxud 2 ayda 1 dəfə ağır tutmalarla təzahür edən, həyat fəaliyyətinin əsas sferalarında adaptasiyanı pozmayan və şəxsiyyət dəyişmələri olmayan, yüngül dərəcəli psixopatoloji simptomatika.” 1 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə xx.xx.2024-cü il tarixli Bakı X7nin göndərişi əsasında baxılmış “Diaqnozun mətni: Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, idiopatik epilepsiya tez-tez təkrarlanan generalizə olunmuş klonik tonik qıcolmalarla (ayda 10-12 dəfə). Üzvi mənşəli emosional labil [astenik] pozuntu, üzvi emosional labil pozuntu. Koqnitiv funksiyaların zəifləməsi. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Psixiatrın müayinəsi qeyd olunmayıb. - İddiaçının əlillik vəziyyətinə xx.xx.2024-cü il tarixli Bakı X7nin göndərişi əsasında baxılmış “Diaqnozun mətni: Üzvi mənşəli emosional labil [astenik] pozuntu, üzvi emosional labil pozuntu. Koqnitiv funksiyaların zəifləməsi. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, idiopatik epilepsiya tez-tez təkrarlanan generalizə olunmuş klonik tonik qıcolmalarla (ayda 10-12 dəfə). Spastik hemiplegiya, sol tərəfli spastik hemeparez (3-3,5 bal). Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Əlillik AS-ə səhiyyə müsəssisəsi tərəfindən daxil olmuş F88-də, xəstənin hazırkı vəziyyətinin, etioloji faktoru, bir aydakı tutmaların sayını dəqiqləşdirmək üçün ixtisaslaşmış stasionarda müayinə müalicə olması tövsiyə olunur. - Dövlət Tibbi-Sosial Ekspertiza və X4 sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2 Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5.Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: MMSE – psixi sağlamlıq statusunun qısa qiymətləndirilmə şkalası; 6.7. - Epilepsiya - G40 Qiymətləndirmə 6.7.1. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) - 35-60 - 1 il 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) - 65-80 - 2 il 6.7.4. ayda 4 və daha artıq ağır tutma, yaxud 4 və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik) - 85-100 müddətsiz. ... 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular - F06 üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 ... 6.5.1 serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) - G81-G83 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X6nin xx.xx.2025-ci il tarixli, T 579/2025 saylı ekspert rəyindən aşağıdakılar müəyyən edilir: “ ... İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, idiopatik epilepsiya tez-tez təkrarlanan generalizə olunmuş kloniktonik qıcolmalarla (ayda 10-12 dəfə). Ağırlaşma: G81.1-spastik hemiplegiya, soltərəfli spastik hemiparez (3-3,5 bal), F06.6-üzvi mənşəli emosional labil (astenik) pozuntu, koqnitiv funksiyaların zəifləməsi. Yanaşı xəstəliklər: İ77.2-arteriyaların cırılması, sağ orta beyin arteriya hövzəsində keçirilmiş insultun (2017 davamlı qalıq əlamətləri), 110 essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİİ dərəcə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən nevroloji defısit və psixopatoloji pozuntu müşahidə edilməmişdir. xx.xx.2025-ci il tarixdə özünün məhkəmə-tibbi müayinəsi zamanı yuxarı və aşağı ətraflarda hərəkətin sərbəst olması, sağ ayağını iradi şəkildə əsdirməsi müşahidə edilmiş, parez, atrofıya, kontraktura izlənilməmiş, ünsiyyətə sərbəst şəkildə daxil olmuş, sualları tam cavablandırmışdır. Vətəndaş İddiaçı “X7” phş-də 13-xx.xx.2025-ci il tarixlərdə “XBT 10 kodu üzrə: Əsas xəstəlik: G40.3-generalizə olunmuş idiopatik epilepsiya tez-tez baş verən qıcolmalarla. Ağırlaşma: F06.7-koqnitiv funksiyaların enməsi. Yanaşı xəstəliklər: İ69.3-sağ beyin yarımkürəsində keçirilmiş işemik insultun davamlı qalıqları, G81.1 -sol hemiparez (əzələ gücü-3,5 bal), R26-yerişin pozulması, R47-nitqin pozulması” diaqnozu ilə ambulator müraciət etmiş və stasionar müalicələr almışdır. Xəstəxanada yatan müddətdə 4 dəfə qıcolmaları olmuşdur. Ümumiyyətlə həmin xəstəliklər tam reabilitasiya olunmurlar, hal-hazırda da İddiaçı xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, həmin xəstəliklərdən əziyyət çəkən şəxslər yaşadıqları yerdə poliklinikada qeydiyyata götürülür və vaxtaşırı həkim psixiatrın və nevroloqun müayinəsindən keçirlər, təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər”. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 5 il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə zamanı Bakı X7 tərəfindən xx.xx.2023-cü il tarixdə forma 88 göndərilmiş, xx.xx.2022-ci ildə ümumi xəstəlik səbəbindən 1 il müddətinə (xx.xx.2023cü ilədək) ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü ildə Bakı X7 tərəfindən forma 88 göndərilmiş və göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir. Daha sonra xx.xx.2024-cü ildə forma 88 göndərilmiş, nəticədə eyni səbəblə yenidən imtina edilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, cavabdeh inzibati orqan “forma 88 natamamdır” arqumentini irəli sürsə də, göndərişdə psixiatr rəyi və tutmaların sayı faktiki olaraq göstərilmişdir. Bununla yanaşı, əgər əlavə araşdırma zəruridirsə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən inzibati orqan özü əlavə sübut toplamalıdır. Həmçinin qeyd olunmalıdır ki, əyani müayinəyə dair xx.xx.2024 tarixli qərarda instrumental müayinələrin aparılması göstərilsə də, hansı metodika ilə və nəticələrin necə qiymətləndirildiyi qərardan aydın deyil. EEG müayinəsinə gəldikdə isə, həmin müayinədə epileptiform aktivliyin aşkarlanmaması belə, klinik anamnez (təkrar tutmalar, əvvəlki təyinatlar, psixiatr rəyində koqnitiv geriləmə) fonunda təyinatdan imtina üçün kifayət deyil. Bu boşluqlar tam və hərtərəfli araşdırma prinsipinin pozuntusudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə müvafiq olaraq, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İddiaçıya illərlə təyin olunmuş əlilliyin birdən-birə formal əsaslarla (natamam doldurma, subyektiv davranış müşahidəsi və s.) ləğvi etimadın qorunması prinsipinə ziddir. Agentlik mövcud praktikadan kənara çıxırsa, bunu ictimai maraq, ümumilik və davamlılıq meyarları ilə əsaslandırmalıdır, iş materiallarında isə belə bir əsaslandırma mövcud deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tətbiqi xəstəliyin klinikfunksional təzahürlərinin davamlılığı və həyat fəaliyyətinə təsirin dərəcəsinə bağlıdır. Cavabdeh inzibati orqan tutmaların tezliyi, psixo-orqanik sindrom, koqnitiv zəifləmə və yeriş çətinliyi kimi şikayətləri obyektivləşdirmək üçün stasionar müşahidə, uzunmüddətli EEG monitorinqi, nevro-psixoloji testlər, reabilitasiya səmərəliliyinin qiymətləndirilməsi kimi vasitələri göstərmədən “aşkar edilmədi” nəticəsinə gəlib. Bu isə meyarların formal tətbiqidir və qanunvericinin güddüyü məqsədlə dissonans yaradır. Göründüyü kimi, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh apellyasiya şikayətində bildirir ki, diaqnoz əsasında şəxsin əlil olubolmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Belə yanaşma qanunvericiliyin müddəalarının mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi). Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Beləliklə, mübahisəyə dair işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8006/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8006/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1679/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1679/2025
29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver