Məhkəmə qərarları › İş №2-1(103)-168/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-168/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-168/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Salamulla oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)- 5002/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Salamulla oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 18.05.2009- cu il tarixdən, 57 yaşdan 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən, 01.01.2010-cu il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci il tarixdə Sabirabad rayonunda doğulmudur. O, 01.11.1971-ci ildən 24.02.2015-ci ilə qədər işləməklə ümumilikdə 44 il əmək sığorta stajı vardır. Həmin əmək stajının 01.04.1981-ci ildən 22.01.1991-ci ilə qədər «Salyan Dəmiryolu İdarəsi»ndə «elektrik-montyoru və elektrikmexaniki», 18.08.1999-cu ildən 30.11.2000-ci ilə qədər "xxxx" MM-də «yeraltı təmir sexi»-ndə «çilingər», 01.12.2000-ci ildən 01.12.2003-cü ilə kimi "xxxx" OC-də «əsaslı və yeraltı təmir sexi»-ndə çilingər vəzifəsində işləmişdir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan ona 18.05.2009-cu il tarixdən 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin, DSMF-nin Şirvan şəhər Şöbəsi tərəfindən ona 18.05.2015-ci il tarixdən 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. İşlədiyi sahələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının XXVİİİ Nəqliyyat bölməsinin «magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları» və Xİİ «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» Bölməsinin «neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilvasitə məşğul olan təmirçi çilingərlər» və yaxud «texnoloji qurğuların təmiri üzrə çilingərlər» peşələrinə uyğundur. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İdarəyə müraciət etmişdir. Lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş cavab məktubundan iddiaçıya məlumat verilmişdir ki, müvafiq sənədlərin əsilləri cavabdehə təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi məsəlinə baxıla bilər. Yəni iddiaçının müraciətinə mahiyyəti üzrə baxılmamış və imtina verilməmişdir. Eyni zamanda hesab edirlər ki, iddia mahiyyət etibarilə əsassızdır. Belə ki, iddiaçı 57 yaşı olanadək ondan mövcud qanunvericiliklə tələb edilən 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. Belə ki, iddiaçı 01.04.1981-ci il tarixdən 22.01.1991-ci il tarixinədək “Salyan Dəmiryolu İdarəsi”ndə elektrik montyoru və elektrik çilingəri işlədiyi peşəni 23001000-19825 kodu altındakı “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” peşəsinə uyğun hesab edir. Halbuki, həmin koda uyğun gəlməsi üçün iddiaçının sadəcə elektrik montyoru və ya mexaniki deyil, məhz magistral dəmiryollarının və məhz əlaqə şəbəkəsinin elektrik montyoru və ya mexaniki olması tələb edilirdi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyini sübut edən hər hansı sənəd təqdim etməmişdir. Bundan əlavə iddiaçı 18.08.1999-30.11.2000-ci il tarixlərində "xxxx" MMCdə və 01.12.2000-01.12.2003-cü il tarixlərində "xxxx" OC-də yeraltı təmir sexində çilingər vəzifəsində işlədiyi dövrləri “Neft-qaz və qaz kondensatının hasilatı” bölməsindəki “tenoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə uyğun hesab etmişdir. Halbuki, həmin koda uyğun gəlməsi üçün iddiaçı məhz neft-qaz və qaz kondensatının hasilatı sahəsində və məhz texnoloji qurğuların təmiri üzrə çilingər işləmiş olmalı idi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyi sübut edən hər hansı sənəd təqdim etməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-5002/2020 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 18.05.2009-cu il tarixdən, 57 yaşdan 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2010-cu il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanununun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-“18.05.2009-cu il tarixdən pensiyanın təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, pensiyanın 31.01.2020-ci il tarixdən təyin edilməklə əvvəlki üç ilə hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1952-ci ildə doğulmuş, 01.09.1970-ci ildən 21.07.1971-ci ilə qədər Saatlı rayon 9 №-li Kənd Texniki-peşə məktəbində təhsil almış, 01.12.1971-ci ildən 11.05.1972-ci ilə qədər Əli-Bayramlı R.B.«Azərkəndtəsərrüfattexnikası»nda mühasib, 03.06.1974-cü ildən 15.10.1975-ci ilə qədər «Azərkəndtəsərrüfattexnikası» Əli Bayramlı komplekasiya bazasında agent ekspeditor, 15.10.1975-ci ildən 01.03.1978-ci ilə qədər 1 saylı anbar üzrə anbarçı, 01.03.1978-ci ildən 15.06.1978-ci ilə qədər 1 saylı anbar üzrə seksiyanın rəisi, 09.10.1978-ci ildən 03.11.1978-ci ilə qədər Azərbaycan SSR STN 4 saylı trestin ƏliBayramlı TQİ-44-də fəhlə, 15.11.1978-ci ildən 16.08.1979-cu ilə qədər DSP dəzgahı üzrə operator təcrübəçisi, 16.08.1979-cu ildən 27.03.1981-ci ilə qədər qatarların qəbuledicisi, 01.04.1981-ci ildən 21.09.1981-ci ilə qədər Azərbaycan dəmir yollarının Salyan siqnalizasiya və rabitə distansiyasında 3-cü dərəcəli elektrik montyoru, 21.09.1981-ci ildən 16.06.1983-cü ilə qədər döşəmə üstü elektrik mexanik vəzifəsində, 16.06.1983-cü ildən 22.01.1991-ci ilə qədər Əli-Bayramlı MRM postunun növbətçi eletromexaniki, 29.01.1991-ci ildən 31.08.1994-cü ilə qədər M.Ə.Rəsulzadə adına kolxozda xəzinədar, 19.09.1994-cü ildən 16.10.1995-ci ilə qədər «Şirvanneft» NQÇİ-də dispetçer, 18.08.1999- cu ildən 30.11.2000-ci ilə qədər «Azərpet oil» MM-də Mişovdağ sahəsinin traktor bölməsində (sonradan struktur dəyişikliyi ilə əlaqədar əsaslı və yeraltı təmir sexi adlandırılmışdır) 4-cü dərəcəli çilingər, 01.12.2000-ci ildən 01.12.2003-cü ilə qədər "xxxx" Əməliyyat Şirkətində əsaslı və yeraltı təmir sexinin traktor bölməsinin 4-cü dərəcəli çilingər, 01.12.2003-cü ildən 24.02.2015-ci il tarixə qədər dispetçer vəzifəsində işləmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi Arixivi tərəfindən verilmiş 24.12.2019-cu il tarixli, SOCAR **********80020123X00412 nömrəli arxiv arayışından görünür ki, arxivdə saxlanılan sənədlərə əsasən xx.xx.1952-ci il təvəllüdlü İddiaçı həqiqətən 19.09.1994-cü ildə (əmr №84/K, 19.09.1994-cü il) X2 Udarəsinin (TNİ) traktor bölməsinə 8-ci dərəcəli dispetçer vəzifəsinə işinə qəbul edilmişdir. 01.03.1995-ci ildə (əmr №39a/K, 09.03.1995-ci il) Quruda NQÇ İB-nin 52 saylı 24.02.1995-ci il tarixli əmrinə əsasən Şirvan TNİ-nin “Şirvanneft” NQÇİ-nin tərkibinə struktur bölmə kimi verilməsi ilə əlaqədar “Şirvanneft” NQÇİ-nin TNS-nə 8-ci dərəcəli dispetçer vəzifəsinə təyin olunmuşdur. 16.10.1995-ci ildə (əmr №75/K, 16.10.1995-ci il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən ərizəsi ilə işdən azad olunmuşdur. 18.08.1999-cu ildə (əmr №38/p, 16.08.1999-cu il) "xxxx" Müştərək Müəssisəsinin TNS-nə 4-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. 01.09.1999-cu ildə (əmr №150, 05.10.1999-cu il) QƏ və YAT sexinə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmiş, haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin noyabr ayındək əmək haqqı almışdır. İşdən azad olunma barədə qeyd aşkar olunmadı. Məlumat üçn bildirilir ki, ARDNŞ-nin 18.01.2001-ci il tarixli, 4 nömrəli əmrinə əsasən 22.11.2000-ci ildə "xxxx" Müştərək Müəssisəsi ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti yaradılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 31.01.2020-ci il və 04.03.2020-ci il tarixli ərizələrinə cavab olaraq vermiş olduğu eyni məzmunlu cavab məktublarından görünür ki, hazırda qüvvədə olan Qaydalara əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçiriməsi qeyd olunmuşdur. Həmin sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra məsələyə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 01.01.2010-cu il tarixə kimi qüvvədə olmuş Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 30 il 7 ay 15 gün ümumi iş stajı mövcuddur Güzəştli iş stajı ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçının 01.04.1981-ci ildən 21.09.1981-ci ilə qədər Azərbaycan dəmir yollarının Salyan siqnalizasiya və rabitə distansiyasında 3-cü dərəcəli elektrik montyoru, 21.09.1981-ci ildən 16.06.1983-cü ilə qədər döşəmə üstü elektrik mexanik vəzifəsində, 16.06.1983-cü ildən 22.01.1991-ci ilə qədər Əli-Bayramlı MRM postunda növbətçi eletromexanik işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №li Siyahısında XXVİİİ Nəqliyyat bölməsinin «magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları» 23001000-19825 şifri, 18.08.1999-cu ildən 30.11.2000-ci ilə qədər «Azərpet oil» MM-də Mişovdağ sahəsinin traktor bölməsində (sonradan struktur dəyişikliyi ilə əlaqədar əsaslı və yeraltı təmir sexi adlandırılmışdır) 4-cü dərəcəli çilingər, 01.12.2000-ci ildən 01.12.2003-cü ilə qədər "xxxx" Əməliyyat Şirkətində əsaslı və yeraltı təmir sexinin traktor bölməsinin 4-cü dərəcəli çilingər işlədiyi vəzifələr isə Xİİ «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» Bölməsinin «neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilavasitə məşğul olan təmirçi çilingərlər» 2130200a- 18559 və yaxud «texnoloji qurğuların təmiri üzrə çilingərlər» 2130200a-18547 kod ilə öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Cavabdeh inzibati orqanın öz imtinasında qeyd etdiyi güzəştli arayışa dair birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2009-cu il tarixdə yarandığından və hazırda qüvvədə olan Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İşdə olan əmək kitabçasından görünür ki, iddiaçı 01.04.1981-ci ildən 21.09.1981-ci ilə qədər Azərbaycan dəmir yollarının Salyan siqnalizasiya və rabitə distansiyasında 3-cü dərəcəli elektrik montyoru, 21.09.1981-ci ildən 16.06.1983-cü ilə qədər döşəmə üstü elektrik mexanik vəzifəsində, 16.06.1983-cü ildən 22.01.1991-ci ilə qədər Əli-Bayramlı MRM postunda növbətçi eletromexanik vəzifələrində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı buna dair güzəştli arayış təqdim edə bilməsə də, göstərilən dövr ərzində, yəni idarədə elektrik montyoru vəzifəsində işləməsi iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə təsdiq olunur. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməsi onun işlədiyi həmin idarənin ləğv edilməsi səbəbindən mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddiaçıya pensiyanın edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olması barədə düzgün nəticəyə gəlmişdir. Lakin iddiaçıya pensiyanın 18.05.2009-cu il tarixdən ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tələbinə uyğun deyildir. Bu məsələyə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəsinin müddəaları işığında qiymət verilməlidir. Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçının 57 yaşı tamam olduğu 18 may 2009-cu il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət ərizəsi 31.01.2020-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Bu halda iddiaçıya pensiya 31.01.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni 31.01.2017-ci ildən ödənilə bilərdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən- “18.05.2009-cu il tarixdən pensiyanın təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, pensiyanın 31.01.2020-ci il tarixdən təyin edilməklə əvvəlki üç ilə hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-5002/2020 saylı qərarı qismən “18.05.2009-cu il tarixdən pensiyanın təyin edilməsi və həmin tarixdən halhazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Pensiyanın 31.01.2020-ci il tarixdən təyin edilməklə əvvəlki üç ilə hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar