Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-168/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı “vergi uçotunun və vergi hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5444/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun iradəsinə zidd olaraq özbaşına olaraq sahibkar kimi qeydə almaqda ifadə olunan hərəkətinin qeyri-hüquqi hesab edilməsi, adına açılmış ********** saylı VÖEN ləğv edilməsi, qanunsuzluq edən vergi orqanının əməkdaşı barəsində xüsusi qərardad qəbul edilməsi və araşdırma aparılması üçün Baş Prokurorluğa göndərilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 saylı Qərannm tamamilə ləğv edilməsi və həmin qərar əsasında hesablanmış verginin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Uzun illər lizinq şirkətində müxtəlif vəzifələrdə çalışır. Şəxs avtomobili nağd almaq istəmədikdə şirkət lizinq yolu ilə avtomobili alıcıya təklif edir. Şirkət olaraq müxtəlif növ nəqliyyat vasitələrini alır, daha sonra isə lizinqə verirlər. Bu zaman vergini ödəyirlər. İşlədiyi dövrdə özünə VÖEN açdırmayıb, fərdi sahibkar olmayıb. Lakin vergi orqanı 2021-ci ildə maşın alıb-satdığına görə məcburi qaydada onu sahibkar kimi qeydiyyata alıb və barəsində kameral qaydada vergi hesablanıb. Belə ki, etibarnamə əsasında satıcı X6 və X1 təmsil edərək, 2021-ci ildə Nissan Mikra və Mercedes Benz E200 markalı avtomobilləri satdığına görə, vergi orqanı xx.xx.2022-ci il tarixdə onu qanunsuz və əsassız olaraq məcburi qaydada onun üçün “təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı” fəaliyyət növünü seçərək fərdi sahibkar kimi qeydiyyata almış, 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda ona 4093,03 manat gəlir vergisi hesablamış və sonra da əsassız olaraq gəlir vergisi bəyannaməsi verməməyini əsas gətirərək vergidən yayınma kimi qiymətləndirərək ona “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********821500 saylı məktub göndərmiş, sonda isə qanunsuz və əsassız olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 saylı qərar qəbul etmişdir. Satdığı maşınların heç biri öz adına olmayıb, etibarnamə əsasında satıcı X6 və X1 təmsil edib. Vergi orqanı isə kameral vergi hesablanması zamanı bu hərəkətini sahibkarlıq hərəkəti kimi qiymətləndimişdir. Halbuki, xx.xx.2021-ci il tarixli 06/3708/İLİZ nömrəli alqısatqı müqaviləsinə görə satıcı X2 məxsus olmuş 1 ədəd 2011-ci il buraxılışlı, Nissan Mikra markalı, mühərrik № 710774A, ban № MDHFBUK13Z0009694 olan avtomobili ahcı "xxxx" MMC-yə 9.666 manata etibarnamə əsasında satıcı X1 təmsil etməklə satıb. xx.xx.2021-ci il tarixli 06/4166/İLİZ nömrəli alqı-satqı müqaviləsinə görə satıcı X7 məxsus olmuş 1 ədəd 2016-cı il buraxılışlı, Mercedes Benz E200 markalı, mühərrik № **********6726, ban № WDD2130421A025904 olan avtomobili alıcı "xxxx" MMC-yə 72.200 manata etibarnamə əsasında satıcı X6 təmsil etməklə satıb. Etibarnamə ilə təmsil olunmaq hüququ isə Mülki Məcəllə ilə hər bir fiziki və hüquqi şəxsə verilib. Vergi orqanı vergini hesablamaq üçün onu qanunsuz olaraq sahibkar elan edib. Lakin onun inzibati və apellyasiya şurasına şikayətləri Dövlət Vergi Xidmətinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməyib...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmuasunu məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 2 ədəd elektron alış aktı üzrə iddiaçı tərəfindən 81866,0 manat dəyərində mal və ya xidmət təqdim edildiyi lakin vergi orqanında uçota durmadığı və müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etmədiyi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən ona xx.xx.2022-ci il tarixli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilsə də, vergi uçotuna dair ərizə təqdim edilməmiş, xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyət növünün “təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********821500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 4093,03 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********794000 nömrəli Qərar qəbul olunmuş və həmin qərarla ona 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 81866,0 manat gəlir, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 4093.3 manat gəlir vergisi hesablanmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5444/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilsin və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin İddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İnzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ildə "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə EAA seriyalı 207521 nömrəli elektron alış aktına əsasən 9666,0 manat dəyərində Nissan Micra markalı, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 310899 nömrəli elektron alış aktına əsasən 72200,0 manat dəyərində Mercedes Benz E200 markalı, ümumilikdə 2 sayda, 81866,0 manat dəyərində, 2022-ci ildə "xxxx" MMMC-yə xx.xx.2022-ci il tarixdə EAA seriyalı 568479 nömrəli elektron alış aktına əsasən 9900,0 manat dəyərində Nissan Micra markalı avtomobillərin təqdim edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən sonra çox qısa müddət ərzində (1 gün ərzində) fərdi sahibkar tərəfindən lizinq şirkətinə təqdim edilməsi ilə nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığı, nəqliyyat vasitələrinin şəxsi məqsədlər üçün istifadə olunmadığı müəyyən edilmişdir Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir Beləliklə də, vergi ödəyicisinin 2021-ci ildə 2 ədəd və 2022-ci ildə bir ədəd nəqliyyat vasitələrinin lizinq şirkətlərinə təqdim etməsi, 2019-cu ildə fərdi sahibkar tərəfindən 2 ədəd minik avtomobili idxal etməsi, nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən sonra qısa (1 gün) müddət ərzində sahibkar tərəfindən lizinq şirkətinə təqdim edilməsi nəqliyyat vasitələrinin onun tərəfindən şəxsi məqsədlərüçün istifadə olunmadığını, təqdim edilmiş nəqliyyat vasitələrinin sahiblərinin sahibliyində və etibarnamə əsısında çoxlu sayda nəqliyyat vasitələrinin olduğunu, bu da həmin həmin şəxslərin vergi ödəyicisi kimi vergi orqanında uçota alınmadan faktiki olaraq təqdim edilmiş nəqliyyat vasitələrinin digər şəxslərin adına rəsmiləşdirilərək əldə edilmiş gəlirlərinin vergidən yayınması, digər şəxslərin gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədilə aparılan əməliyatlar olması, lizinq şirkətləri tərəfindən tərtib olunmuş elektron alış aktlarının ləğv edilməməsi, qadalara uyğun İnternet Vergi İdarəsinin müvafiq düzəliş etməklə elektron alış aktında hər hansı düzəlişin aparılmaması vergi orqanının hesablamasının qanunvericiliyə uyğun olduğunu göstərir. Vergi Məcəlləsinin 16.1.11-6-ci, 37.1 və 37.3-cü, 67.1-ci, 71-2.1-ci və 94-cü, habelə, AR Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiq uçotu və istifadəsi Qaydalar”ının 3.4-cü bəndinin tələbləri nəzərə alınmaqla, vergi orqanı tərəfindən vergi ödəyicisinin uçota alınması və müvafiq hesablamanın aparılması tamamilə vergi qanunvericiliyinə uyğun olmasına baxmayaraq, məhkəmə ədalətsiz qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Heydərli apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunimasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialları üzrə yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən iddiaçı, fiziki şəxslərin etibarnaməsi əsasında onun "xxxx" MMC-yə sonuncunun xx.xx.2021-ci il tarixdə EAA seriyalı 207521 nömrəli elektron alış aktına görə 9666,0 manat dəyərində “Nissan Micra” markalı, xx.xx.2021-ci il tarixdə isə EAA seriyalı 310899 nömrəli elektron alış aktına əsasən 72.200,0 manat dəyərində “Mercedes Benz E200” markalı 2 ədəd ümumilikdə 81866,0 manat dəyərində 2 ədəd avtomobil təqdim etdiyinə görə: - vergi ödəyicisi kimi məcburi vergi uçotuna alınmış və ona ********** eyniləşdirmə nömrəsi (VÖEN) açılmış; - kameral yoxlama aparılmaqla, “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 saylı qərar qəbul olunmaqla, ona MMCnin elektron alış aktların əsas götürülərək 81866,0 manat məblğində gəlir hesablnmaqla, 2021-ci il üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla, ona 4093.3 manat gəlir vergisi hesablanmışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, iddiçının müvafiq ərizəsi olmadan, vergi qeydiyyataına alıınaraq ona 2021-ci il üçün gəlir vergisi hesağblanması vergi qanunvericiliyinə ziddir. Birincisi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İkincisi, həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən “vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyətiorqanı tərəfindən təsdiq edilir.” Vergi qanunvericiliyinin sadalanan tələblərindən göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatı forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən ərizəsi (kağız və elektron formatda) əsasında həmin aparılır. Burada fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması qaydası nəzərdə tutulmur. Nəzərdə tutulan odur ki, fiziki şəxs vergi uçotuna durmaq üçün vergi orqanına könüllü ərizə verməlidir. Konkret halda isə iddiaçı vergi ödəyicisi kimi uçota alınması ilə bağlı vergi orqanına ərizə vermədiyi işin mübahisələndirilməyən halını təşkil edir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı tərəfindən hər iki ədəd avtomobil başqa fiziki şəxsin etibarnaməsi əsasında alıınıb, lizinq şirkətinə sonuncunun elektron alış aktı əsasında təqdim edildiyi işin mübahisələndirilməyən haldır. Belə ki, X4 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında **-UD-*** dövlət qeydiyyat nişanlı, «Nissan Micra» markalı avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2021-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi, X9 tərəfindən xx.xx.2021- ci il tarixdə verilmiş etibarnamə əsasında **-TT-*** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz E200» markalı (ban nömrəsi WDD2130421A025904) avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2021-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. Göründüyü kimi, vergi orqanı iddiaçını vergi ödəyicisi kimi məcburi uçota alınması və kameral yoxlama qərarı ilə 2021-ci il üçün ona gəlir vergisi hesablanması, əslində, iddiaçının digər fiziki şəxsin etibarnaməsi əsasında səlahiyyətlərin yerinə yetirilməsinin nəticəsidir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1-ci maddəsinin tələbinə görə etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edənin deyil, təmsil edilənin mülki hüquq və vəzifələrini yaradır Eyni zamanda, həmin Məcəllənin 777.1 və 782.1-ci maddələrinə əsasən tapşırıq müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür və vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçı etibarnamə üzrə səlahiyyətlərini yerinə yetirdiyi halda, onun hər hansı gəlir əldə etməsindən söhbət gedə və bu onun sahibkarlıq fəaliyyyəti kimi qiymətləndirilə bilməz. Odur ki, vergi orqanı tərəfindən iddiaçının qeyd olunan etibarnaməyə əsaslanan hərəkətlərinin onun sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilərək, Vergi Məcəlləsinin 33.3 və 33.5-ci maddələrinə istinadən, vergi uçotuna alınması və həmin Məcəllənin 37.1, 37.3 və 102.1.30-cu maddələrinə əsasən ona kameral qaydada mübahisələndirilən qərarla 2021-ci il üçün 4093,03 manat gəlir vergisi hesablanması əsassızdır. Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı il iddianın təmin edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesssual hüquq normalarının pozulması ilə ədalətsiz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5444/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5444/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-168/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-168/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver