Məhkəmə qərarları › İş №2-1(103)-1680/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1680/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1680/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(112)-3292/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh orqan 02 noyabr 2020-ci il tarixli, **********1 nömrəli məktub ilə onun ərizəsinin icrasından imtina etmişdir. Cavabdeh orqanın imtina məktubu əmək qanunvericiliyinin tələblərinə və onun sənədlərinə uyğun olmamışdır. Onun iş stajı əmək kitabçası və hərbi bilet ilə təsdiq edilmişdir. İddiaçı 01.09.1980 – 13.05.1981-ci illər müddətində təhsil almış, 13.05.1981 – 30.05.1983-cü illər ərzində ordu sıralarında hərbi xidmətdə olmuş və 03.10.1983-cü il tarixindən 24.02.2020-ci il tarixə qədər "xxxx" EİB-nin baş müəssisəsi Bakı məişət kondisionerləri zavodunda işləmişdir. İddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra, 03.10.1983-cü ildə 851 saylı əmr əsasında Bakı məişət kondisionerləri zavodunun elektrik mühərrikləri sexinə 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul olunmuş, 31.01.1984-cü ildə isə həmin sexdə təzyiq altında işləyən tökmə maşınların 2-ci dərəcəli tökücü peşəsinə keçirilmişdir. Qeyd edilən peşənin ağır və sağlamlıq üçün təhlükəli və zərərli olması ondan irəli gəlir ki, həmin tökmə maşınlarda istifadə olunan xam aliminium 850 dərəcəyə qədər istilik altında qızdırılaraq əridilib dövriyyəyə verilir. Aliminium və silyumin yüksək istilik altında əridilməsi zamanı ayrılan qazların tərkibində insan orqanizmi üçün son dərəcə ziyanlı və zərərli tullantılar mövcuddur. Bakı İnzibati Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(112)-3292/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(112)-3292/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı məişət kondisionerləri zavodunda tökmə maşınlarında töküçü işləyərkən AK-7, A-12 və silyumin (Sil-1) markalı aliminium materiallarla kondisionerin mühərrikinin rotorunu, qapaqlarını, kompressorun rotorunu təzyiq altında emalını - əridilməsini icra etmişdir. Bu ağır və sağlamlıq üçün təhlükəli zərərli istehsalat sahəsinin xüsusiyyətləri onunla xarakterizə olunur ki, həmin tökmə maşınlarında istifadə olunan xam aliminiumun 850 dərəcəyə qədər istilik altında qızıdırılaraq əridilib yeni məhsul istehsal olunaraq (istilik altında) dövriyəyə tətbiqə verilmişdir. İşin xarakteri üzrə tökmə əməliyyatı icra olunarkən sobada aliminiumun silyumla yüksək istilik altında əridilməsi zamanı ayrılan qazların tərkibində insan orqanizmi üçün son dərəcə ziyanlı və zərərli tullantı mövcuddur. Belə bir peşə sahəsində çalışanların iş və əmək şəraiti zərərli istehsalat risk qrupuna daxildir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarına əsasən, (səh 89., bölmə 11 “Neft emalı" 11.1-ə uyğun olaraq) təzyiq altında tökmədə çalışan maşın töküçüləri güzəştli şərtlərlə pensiya təminatı hüququ ilə təqaüdə çıxa bilər. İddiaçının əmək fəaliyyəti, iş, peşə və ixtisas göstəriciləri rəsmi üsul və vasitə ilə hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan maddi hüquq normalarına uyğun tərtib və təsdiq edilmiş 08.10.1993-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçası A00087492 nömrəli hərbi biletin (13.05.1981-ci il tarixdən - 29.03.1983-cü iİ tarixədək) və 01.09.1980-cı il tarixdən 13.05.1981-ci il tarixədək Bakı şəhəri 18 saylı texniki peşə məktəbində təhsil almağı nəzərə alınmamışdır. İş materiallarında olan hüquqmüəyyənedici sənədlərlə tam şəkildə və qeyri-şərtsiz öz təsdiqini tapır ki, iddiaçının ümumi əmək stajı 25 ildən az yox, (01 yanvar 2006-cı ilədək ) əslində 26 ildən çox müddəti əhatə edir. Hüquq münasibətlərinin mövcud olduğu dövrdə qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun hərbi xidmət və təhsil alınan tələbəlik illəri ümumi əmək stajına hesablanaraq nəzərə alınırdı. Hazırda da bu hüquq norması nəzərə alınacaq qüvvədədir və işlərin icrasında tətbiq olunur. iddiaçının əmək işi icra fəaliyyət xarakteri barədə Azərbaycan Respublikası "xxxx" ASC-nin 12.10.2020-ci il tarixli KŞ-7 nömrəli məktubunda göstərilmişdir ki, ” İddiaçı tökmə maşınlarında tökücü işləyərkən AK-7, A-12 və silyumin (sil-1) aliyuminin motorunu və qapaqlarını, kompressorun motorunu təzyiq altında emal etmişdir. Tökmə maşınlarda tökmə əməliyyatı yerinə yetirilərkən sobada alyumimium və silyumin əridilərkən zərərli qazlar ayrılır ki, bu da insan orqanizmi üçün zərərlidir. Göstərilənləri nəzərə alaraq İddiaçı lazımı iş stajı topladıqda işlədiyi təzyiq altında tökmədə çalışan maşın tökücüsü bölmə 11. “Metal emalı” 11.1 səh 89 güzəştli təqaüdə çıxmaq hüququ verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. - ИT-İ ******* nömrəli 08.10.1983-cü il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı 01.09.1980-ci il tarixdən 13.05.1981-ci il tarixədək Bakı şəhərindəki 18 saylı texniki peşə məktəbində təhsil almışdır. 13.05.1981-ci il tarixdən 30.05. 1983-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 03.10.1983-cü il tarixdən 24.02.2020-ci il tarixdək “Bakı məişət kondensioneri” zavodunda təzyiq altında işləyən tökmə maşınların 2-ci , sonradan 4-cü dərəcəli tökücüsü peşəsində işləmişdir. 25.11.2001-ci il tarixdən “Bakı məişət kondensioneri” zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 02 noyabr 2020-ci il tarixli, **********81 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, mərkəzi filiala təqdim etdiyi 08.10.1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçası əsasında onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 24 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. - İddiaçıya məxsus AO ******* nömrəli hərbi biletinin surətinə əsasən, iddiaçı 13.05.1981-ci il tarixdən 29.03.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası "xxxx" ASC-nin 12.10.2020-ci il tarixli KŞ-7 nömrəli arayışına əsasən, o həqiqətən 03.10.1983-cü ildə 851 saylı əmrlə Bakı məişət kondisionerləri zavodunun elektrik mühərrikləri sexinə 2 dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul olunub. 31.01.1984-cü ildə həmin sexdə təzyiq altında işləyən tökmə maşınların 2 dərəcəli töküçüsü peşəsinə keçirilib. 24.02.2020-ci ildə 3 saylı 24.02.2020-ci il tarixli əmrlə öz xahişi ilə işdən azad edilib. İddiaçı tökmə maşınlarında tökücü işləyərkən AK-7, A-12 və silyumin (sil-1) alyuminium materiallarla kondisionerin mühərrikinin rotorunu və qapaqlarını, kompressorun rotorunu təzyiq altında emal etmişdir. Tökmə maşınlarında istifadə olunan alyuminium 850 dərəcəyə qədər qızdırılaraq əridilib istehsal olunmuşdur. Tökmə əməliyyatı yerinə yetirilərkən sobada alyuminium və silyumin əridilərkən zərərli qazlar ayrılıb ki, bu da insan orqanizmi üçün zərərlidir. Göstərilənləri nəzərə alaraq A.D. Əhmədovun lazımı iş stajı topladıqda işlədiyi təzyiq altında tökmədə çalışan maşın töküçüsü bölmə11. “Metal emalı” 11.1 səh.89 güzəştli təqaüdə çıxmaq hüququ verir. - Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavininin 03 fevral 2020-ci il tarixli rəyinə əsasən, İddiaçı, ünvan 1 küçəsi 127-də yerləşən inzibati bina ünvanına qeydiyyata alınmasını məqsədə müvafiq hesab edilmişdir. - 141 saylı MKİS-in 01.02.2020-ci il tarixli, 144 nömrəli arayışına əsasən iddiaçı Məhsəti küçəsi, ev 7, mənzil 29-30 ünvanında ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikası "xxxx" ASC-nin 12.10.2020-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, iddiaçı 1998-ci ilin fevral ayından 2005-ci ilədək öz hesabına məzuniyyətdə olmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 9.1, 9.8-ci maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qaunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyın edilməsi üçün «Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi 01.01.2006-ci il tarixinə 25 il ümumi iş stajı, 12 il 06 ay əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi ilə bağlı staj olmalıdır. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı 1998-ci ilin fevral ayından 2005-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. Belə olan halda həmin illər iddiaçının sosial sığorta stajına aid hesab edilə bilməz. Belə ki, həmin illər ərzində iddiaçıya əmək haqqı ödənilmədiyindən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları da ödənilməmişdir. Belə olan halda iddiaçının 01.01.2006-ci il tarixinə ümumi iş stajı 25 ildən azdır. Ona görə də iddia barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsi tətbiq oluna bilməz. İddiaçıya 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 25 il sığorta stajına malik olmalı, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18519, 63 manat təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(112)-3292/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar