Məhkəmə qərarları › İş №2-1(103)-1681/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1681/2020

01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1681/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayev ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4981/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında verilmiş icra vərəqəsinin icrasını təmin etməməsinin qanunsuz sayılması, icranın tam təmin edilməməsinin həmin şöbənin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri kimi qiymətləndirilməsi, vəzifəli şəxslərin müvafiq qanuni məsuliyyətə cəlb olunması, göstərilən icra sənədinin tam icra olunmasının təmin olunmasının Cavabdeh üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X3 ilə xx xxxxxx 2009-cu il tarixdə el adəti ilə rəsmi olaraq ailə qurmuş, nikahlarını isə xx xxxxxxxx 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsinə əsasən nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun cavabdeh X2 qarşı aliment tələbinə dair iddiasının təmin edilməsi, X1 xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli əmri ilə xx xxxxxxxx 2014-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi əmr edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə onun “alimentin miqdarının artırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, X1 xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının artırılması, X1 xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda həmin qətnamə ilə bağlı icra işi Cavabdeh icra məmuru Qafil Qasımovun icraatındadır. Lakin xx.xx.2011-ci il tarixdən indiyənə kimi borclu X3 hər il ödəniləcək aliment borcunu tam ödəmir, yəni borclu E.Vəlizadə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan 70 manat, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli əmri ilə nəzərdə tutulan 100 manat və Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan 120 manat aliment borcunu tam ödəməmişdir, nəticədə hazırda borclunun 1271 manat borcu qalmışdır. Bununla bağlı dəfələrlə aidiyyatı orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır, həmçinin icra məmuru tərəfindən də qanunvericilikdə nəzərdə tutulan lazımi icra tədbirləri görülməmişdir. Qaradağ Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyi nəticəsində pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4981/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2012-ci il tarixli Qərarında qeyd edilir ki, icra məmurunun icra sənədi üzrə “İcra haqqında” qanuna uyğun olaraq qəbul etdiyi hər hansı qərar və ya icraya yönəlmiş hərəkətləri maraqlı şəxsin mövcud hüquqi vəziyyətində dəyişikliklərə səbəb olmadığından faktiki xarakterli hərəkətlər kimi də qiymətləndirilə bilər. Həmçinin, icra məmurları birtərəfli hakimiyyət iradəsinə əsasən fəaliyyət göstərir və həmin məmurun ümumi (publik) hüquq müstəvisində həyata keçirtdiyi hərəkətlər hakimiyyət tədbiridir. Belə ki, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar tələbləri hüquq subyektləri üçün məcburi xarakter daşıyır və onların yerinə yetirilməməsi və ya icra edilməməsi icra məmurunun öz vəzifələrini icra etməsinə maneə törədilməsi qanunvericilikdə müəyyən edilmiş cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin həmin qərarında nəzərdə tutulmuşdur ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati- Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında Daşkəsən Rayon Məhkəməsinin və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icra sənədlərinin icrası ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu MPM-in bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi baxılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2017-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4981/2020 saylı, xx xxxx 2020-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar