Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1681/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “növbədənkənar mənzilin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12478/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən onun mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi mənzillə növbədənkənar təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən onun mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi mənzillə növbədənkənar təmin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda 2ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar müddətsiz əlildir. Yasamal rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən xx.xx.2021-ci ildən mənzil növbəsindədir, lakin cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, bu günə kimi mənzillə təmin edilməmişdir. Ağır xəstədir, uzun müddətdir kirayələrdə yaşayır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12478/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının 19 mart 2021-ci il tarixindən imtiyazlı şəxs kimi mənzil növbəsinə dayandığı və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nöməli Sərəncamında nəzərdə tutulan şəxslərin əhatə dairəsi düşdüyü işin mübahisəsiz hallarına aiddir. Tərəflər arasında mübahisə açan məsələ məhz iddiaçının növbədənkənar mənzillə təmin olunmasıdır ki, iddiaçı hesab edir ki, o, ikinci qrup əlil hesab olunduğundan, onun imtiyazlı şəxs kimi növbəlilik qaydasında deyil, məhz növbədənkənar qaydada mənzillə təmin olunmaq hüququ yaranır. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddiaçı əlilliyin müəyyən edilmiş şəxs kimi imtiyazlı mənzil növbəsində dayansa da, onun növbədənkənar qaydada mənzillə təmin olunmaq hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 43-cü maddəsinin İİ hissəsinə görə Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır. 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamında əlilliyi müəyyən edilmiş şəxslər üçün 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərin ayrılması nəzərdə tutulmuşdur. Lakin, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə nəzərdə tutulmuş bu müddət azaldılmış və əlilliyi müəyyən edilmiş şəxslərə 2021– 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nöməli Sərəncamı xüsusi səbəblərlə əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əlillərə və şəhid ailələrinə münasibətdə 2021-2025-ci illər ərzində mərhələli qaydada mənzil və ya fərdi evlərin ayrılmasını nəzərdə tutmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 48.2-ci maddəsinə əsasən, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 25-ci bəndində qeyd olunmuşdur ki, yaşayış sahəsi aşağıdakılara növbədənkənar verilir: a) təbii fəlakət nəticəsində mənzili yaşayış üçün yararsız hala düşmüş vətəndaşlara; b) bütün tipdən olan təhsil müəssisələrini bitirən, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı qüvvələri sıralarından buraxılan, azadlıqdan məhrumedilmə müəssisələrindən azad olunan, əvvəllər mənzil sahəsi olmayan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahəsinə köçmək mümkün olmadıqda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, onların arasından olan şəxslərə, qəyyumluqda (himayədə) olan uşaqlara; v) aspiranturanı, klinik ordinaturanı, ali, orta ixtisas, texniki peşə məktəblərini və digər tədris müəssisələrini bitirən və təyinat əsasında başqa yerə köçməklə əlaqədar olan işə göndərilən şəxslərə; q) qanunsuz məhkum edilmiş və sonralar təmizə çıxarılmış vətəndaşlara — əvvəlki yaşayış sahəsini qaytarmaq mümkün olmadıqda; d) SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda; e) İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə; ə) ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni xidmət yerinə göndərilən əməkdaşlarına. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması, onlarla sosial kirayə müqavilələrinin bağlanması və mənzil növbəsinə götürülməsi qaydaları həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin, həmçinin də Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaların müddəalarında əks olunmuşdur. Qüvvədə olan Mənzil Məcəlləsinin və əilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edən, bu sahədə münasibətləri tənzimləyən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşın mənzillə təmin olunması iki qaydada həyata keçirilir: növbəli və növbədənkənar. Növbəli qaydadan fərqli olaraq vətəndaşların növbədənkənar qaydada mənzillə təmin olunmaları müvafiq əsaslar olduğu halda mümkündür ki, qüvvədə olan qanunvericilik bu əsasların mövcudluğunun imperativ qaydada nəzərdə tutmuşdur. Növbədənkənar mənzillə təmin olunan vətəndaşlar (əlilliyi müəyyən edilən şəxslər də daxil olmaqla) aşağıda göstərilən vətəndaşların kriteriyalarına malik olmalıdır: - yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; - bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. İddiaçı ikinci qrup əlil olduğundan, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi imtiyazlı mənzil növbəsində dayanması onun növbədənkənar qaydada mənzil ilə təmin olunmasına əsas vermir. Belə ki, əlilliyi müəyyən edilən şəxslərin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edildiyindən və iddiaçı nəinki Mənzil Məcəlləsinin 56.2-ci maddəsində nəzərdə tutulan şəxslərin, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1-ci maddəsində nəzərdə tutulan şəxslərin əhatə dairəsinə düşmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş və apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin olunmasına əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə qərarında iddiaçının tələbinin hüquqi əsasının olmaması mövqeyini və dəyərləndirməsini əsaslı və qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Qərardan da göründüyü kimi, məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab etməklə, iş üçün əhəmiyyəti olan digər məsələləri tam aydınlaşdırmaqla, onlara tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verib. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6).
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12478/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə