Məhkəmə qərarları › İş №2-1(103)-1682/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1682/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1682/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “pul tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2020 saylı, 11.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək 01.08.2002-01.02.2005-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, 01.07.2015-07.10.2017-ci il tarixləri üçün qatyarım məbləğin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: “...iddiaçı 06.05.1993-05.10.2017-ci il tarixlərdə Dövlət Təhlükəsizliyi Xidmətində (Prezident yanında Xüsusi İdarədə, Hərbi əkskəşfiyyat xidmətində, Milli Təhlükəsizlik Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində) xidmət etmiş, 05.10.2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (yaşa görə) əsasən xidmətdən ehtiyata buraxılmış (hərbi rütbəsi-mayor, yuxarı yaş həddi - 48 yaş) və 19.11.2017-ci il tarixdə DTX-nın şəxsi heyətinin siyahısından çıxarılmışdır. Ehtiyata buraxıldığı 05.10.2017-ci il tarixi də daxil olmaqla, 08.10.2017-ci il tarixədək xidmət yerində olaraq vəzifəsinin (baş əməliyyat müvəkkili) icrasını davam etdirmiş, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və məlumat daşıyıcıları ilə işləmişdir. O, 01.08.2002-01.02.2005-ci il tarixlərdə döyüş şəraitində olan DTX İİİ Bİ-nin (Hərbi Əks kəşfiyyat xidmətinin) N saylı briqada üzrə bölməsində xidmət etməklə hərbi hissənin Tərtər rayonunun Səhləbad kəndində yerləşən divizionuna, 01.07.2015-07.10.2017-ci il tarixlərdə İİİ Bİ İ İdarənin Artilleriya birləşmələri üzrə şöbəsində (Agcəbədi rayonu) xidmət etməklə döyüş mövqeyində yerləşən 922,N saylı hərbi hissələrə əməliyyat xidməti göstərmişdir. 01.08.2002-01.02.2005-ci il tarixlərdə N saylı hərbi hissənin hərbi qulluqçularına döyüş bölgəsində olduqlarına görə vəzifə və rütbəyə görə maaşa ikiqat (İİİ Bİ N saylı hərbi hissə üzrə bölmə əməkdaşlarına 01.08.2002-ci il tarixədək xidməti illər bir gün iki gün hesablanmış, eyni zamanda, vəzifə və rütbə maaşına ikiqat əlavə verilmişdir. 01.08.2002ci il tarixdə səbəbsiz olaraq DTX-MTN tərəfindən kəsilmişdir), N , N saylı hərbi hissələrin hərbi qulluqçularına vəzifə və rütbəyə görə maaşa qat yarım məbləğdə ödəniş aparılmışdır. Belə ki, həmin hərbi hissələrin divizzion və bölmələri ön müdafiə mövqelərində yerləşmişlər. Əməliyyat xidməti göstərərək həmin divizion və bölmələrə mütəmadi olaraq getmiş, əməliyyat xidməti göstərmişdir. İddiaçı, həmin tarixlər üçün ona döyüş bölgəsində xidmətinə görə müvafiq olaraq iki qat və qat yarım vəzifə və rütbə maaşının verilməsi üçün DTX-ya müraciət etmiş, lakin “müraciətinizdə qaldırdığınız məsələnin həlli cavabdeh tərəfindən mümkün sayılmır” cavabı verilmişdir. Cavabdan görünür ki, 01.07.2015-07.10.2017-ci il tarixləri üçün xidməti müddətinin bir günü gün yarım kimi hesablanmışdır. Lakin buna görə müvafiq oalarq qatyarım əlavə verilməyib. Əməliyyat xidməti göstərdiyi N və N saylı hərbi hissələrin şəxsi heyətinə, döyüş mövqelərində yerləşdiyi üçün bir gün, gün yarım kimi hesablanmış və o həmin hərbi hissələrlə birlikdə xidmət apardığı üçün bu güzəşt ona aid edilmişdir. Lakin, DTX-dan fərqli olaraq, N və N saylı hərbi hissələrinin şəxsi heyətinə vəzifə və hərbi rütbəyə qat yarım maaşı hesablanmış, ona isə müvafiq artım verilməmişdir. Döyüş bölgəsində xidmət etdiyi 01.08.2002-ci ildən 01.02.2005-ci il tarixədək bir günü üç gün (bir ay üç ay) hesablanmaqla güzəştli şərtlərlə xidmət illərinə aid edilməlidir. Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 05.08.2004-cü il tarixli Qanununun 20.1 maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların” statusu haqqında, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr tarixli 631 saylı 1992-ci il tarixli qərarının 01 iyul 2005-ci il tarixədək qüvvədə olmuş 2-ci bəndinin a yarımbəndinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq hərbi xidmət qulluqçularına, daxili işlər və ədliyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təmin olunması üçün xidmətin bir ayı üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir...” Cavabdeh məhkəməyə ünvanladığı 02 noyabr 2019-cu il tarixli və 14 mart 2020-ci il tarixli iddia iddia ərizəsinə etiraz məktubunda iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmiş və bu mövqeyini aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı arxiv sənədlərində həqiqi hərbi xidmətdə olduğu 2002 - 2005-ci il tarixlərində (keçmiş MTN-də 01.08.2004 - 14.09.2005-ci il tarixlərində vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi aparılmırdı) vəzifə və hərbi rütbəyə görə maaşların iki-qat məbləğdə ödənilməsi barədə müvafiq əmrlər olmadığından, 2015 - 2017-ci il tarixlərində isə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə (xidmət gününün bir günü gün yarım hesablanması istisna olmaqla) ödənilməsi barədə əmrlərdə adı qeyd edilmədiyindən həmin ödəniş ona aparılmamışdır. “MTN-in Hərbi əks-kəşfiyyat baş idarəsinin bəzi hərbi qulluqçularına güzəştlərin müəyyən olunması haqqında” keçmiş MTN-in 23 fevral 2006-cı il tarixli 049 nömrəli əmri (qüvvədən düşüb) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən müvafiq struktur bölmələrin siyahısına əsasən N nömrəli hərbi hissədə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü iki gün hesablanması nəzərdə tutulmuşdur. Lakin həmin əmrdə hərbi qulluqçulara 01 yanvar 2006-cı il tarixdən etibarən müəyyən edilmiş əlavə pul ödənişlərinin verilməsi nəzərdə tutulduğu üçün, V. Kərimovun 2002 - 2005-ci illərdə keçmiş HƏKX-də xidmət müddətinin bir günü iki gün kimi hesablanmamışdır. DTX-nin 31 may 2016-cı il tarixli 0151 nömrəli əmri (hazırda qüvvədədir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən DTX-nin aidiyyəti struktur bölmələrinin siyahısına əsasən 01 yanvar 2016-cı il tarixdən N və N nömrəli hərbi hissələrdə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü gün yarım hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunan əmrin 5.1-ci bəndində həmin struktur bölmələrin rəisləri tərəfindən, hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissə və bölmələrin əməliyyat təminatını həyata keçirən əməkdaşların xidmət günləri haqqında təqdim edilən aylıq raportlar əsasında hazırlanmış ümumiləşdirilmiş siyahılarının hər ayın 10-dan gec olmayaraq müvafiq müşayiətedici məktubla kadrlar aparatına təqdim edilməsi müəyyən olunmuşdur. Müşayiətedici məktub əsasında kadrlar aparatı tərəfindən müvafiq əmr layihəsi hazırlanaraq xidmət rəisi tərəfindən təsdiq olunur və bundan sonra hərbi qulluqçulara müəyyən edilmiş əlavə pul ödənişlərinin verilməsi həyata keçirilir. İddiaçı pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı onun 20.04.2015-05.09.2017-ci il tarixlərində DTX-nin müvafiq struktur bölməsində xidmət müddəti 01 yanvar 2016-cı il tarixindən etibarən bir günü gün yarım kimi hesablanmışdır. Həmin hərbi hissənin adı keçmiş MTN-in qüvvədən düşmüş 23 fevral 2006-cı il tarixli 049 nömrəli əmrində göstərilmədiyindən, əsaslı olaraq iddiaçının 20.04.2015-06.01.2016cı il tarixlərində olan xidmət dövrü güzəştli xidmətə daxil edilməmişdir. İddiaçının “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı” cədvəlinə əsasən onun xidmət etdiyi struktur bölmələr və xidmət müddəti barədə məlumatlar əks olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2020 saylı, 11.06.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin aşağıdakılar qeyd edilmişdir: Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 1-ci divizionunun hərbi qulluqçularına yuxarıda qeyd olunan güzəştlər, AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 Nli qərarına əsasən şamil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27.03.2004-cü il tarixli 43 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi haqqında” Əsasnaməyə əsasən Nazirliyin hərbi qulluqçuları “hərbi xidmət haqqında” və “hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Müdafiə Nazirliyin hərbi əks-kəşfiyyat orqanlarının hərbi qulluqçularına (yəni mənə) əks-kəşfiyyat təminatını həyata keçirdikləri Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi qulluqçularının imtiyaz və sair sosial-müdafiə xarakterli təminatları şamil edilir. Məhz bu qanunvericilik aktlarına görə də, MN N saylı hərbi hissənin 1-ci Divizionunda xidmətə başladığı 10.05.2002-ci il tarixdən ona xidmətinin bir günü iki gün hesablanmış və maaşına ikiqat əmək haqqı verilmişdir. Bakı İnzibati Məhkəməsinin sorğusu əsasında Müdafi Nazirlyinin Təşkilat-Səfərbərlik İdarəsindən alınmış və iddia işinə əlavə edilmiş 12/1080 saylı 29.04.2020-ci il tarixli məktubunda göstərilir. N saylı hərbi hissəsinin 1-ci divizionunun hərbi qulluqçularına, Müdafiə Nazirinin müvafıq əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilməklə, hərbi qulluqçularının xidmətinin bir günü iki gün kimi hesablanmış, vəzifə və rütbə maaşına ikiqat əlavə maaş verilmişdir. İşdə olan DTX-nin 23Y20-6786 saylı 02.11.2019-cu il tarixli məktubu da iddianı sübut edir. Məktubda göstərilir: “DTX rəisinin hal-hazırda qüvvədə olan 31.05.2016-cı il tarixli əmri ilə MN N və N saylı hərbi hissələrində xidmət edən əməkdaşlarının 01.01.2016cı il tarixdən hal-hazıradək bir günü günyarım kimi hesablanmışdır, yəni onun da xidmətinin bir günü gün yarım kimi hesablanmışdır. Həmin əmrin 5.1-ci maddəsinə əsasən, Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrin tabe olduğu şöbədən, yəni onun xidmət etdiyi Artilleriya Birləşmələri üzrə şöbəsindən (sonradan-İİİ Bİ İ İdarənin 3-cü şöbəsi) hər ay döyüş şəraitində xidmət edən əməkdaşların siyahısı, yəni onun adı da olmaqla, vəzifə və rütbəyə qatyarım əmək haqqının verilməsi üçün, şöbənin F-3 jurnalında qeydiyyatdan keçirilərək məxfi poçtla yuxarı idarəyə göndərilmişdir. Bu raportlar şöbədə hər ay onun tərəfindən yazılmışdır. Həmin raportların məhkəməyə təqdim olunması barədə DTX-ya sorğu göndərilməsi üçün vəsatətləri də əvvəlki vəsatətləri kimi məhkəmə hakimi tərəfindən təmin olunmamışdır. Məhkəmə işi ciddi prosessual pozuntulara yol verməklə aparmışdır. Protokol sənədləri və göndərilən sorğularda iddia tələbi tamamilə səhv: “veteran adının verilməsi” kimi göstərilib. Sənədlərin iddia tələbində olduğu kimi sənədləşdirilməsi və bu istiqamətdə aparılması üçün 05.03.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etsə də müvafiq düzəlişlər aparılmamışdır. Hakim iddiasında qeyd etdiyi müddətlərin güzəştli şərtlərlə hesablanması üçün digər zabitlər barəsində iddiaların təmin olunması ilə qəbul olunmuş məhkəmə qərarlarını belə sübut kimi qəbul etməmişdir. Əksinə, qanuni qüvvəyə minmiş həmin qərarların əksinə qərar qəbul etmişdir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1572/2020 12.11.2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-606/2021 saylı 30.03.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı qismən, “2015ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün vəzifə maaşının qatyarım məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar apelyasiya baxışına göndərilmişdir (Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır). Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlilərinə uyğun müdafiə edərək, baxılan hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası, iş materiallarını, Ali Məhkəmənin qeyd olunan qərarında qeyd edilən göstərişlər nəzərə alınmaqla, yenidən apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti baxılan hissədə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı, iddiaçının 01.07.2015- 07.10.2017 dövrü üçün pul tələbinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının 01.07.2015 - 07.10.2017-ci il tarixlərdə döyüş mövqeyində yerləşən 922, N saylı hərbi hissələrə əməliyyat xidməti göstərdiyi tərəflər arasında işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdeh iddia tələbinə qarşı etirazında onun 2015-2017-ci illərdə xidmət müddətinin bir gününün gün yarım hesablandığını təkzib etməmiş, əksinə təsdiq edərək aşağıdakıları bildirmişdir. “...DTX-nin 2016-cı il 31 may tarixli, 0151 nömrəli əmri (hazırda qüvvədədir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən DTX-nin aidiyyəti struktur bölmələrinin siyahısına əsasən 01 yanvar 2016-cı il tarixdən N və N nömrəli hərbi hissələrdə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü gün yarım hesablanması nəzərdə tutulmuşdur... İddiaçı pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı onun 2015-ci il 20 aprel - 2017-ci il 05 sentyabr tarixlərində DTX-nin müvafiq struktur bölməsində xidmət müddəti 2016-cı il 01 yanvar tarixdən etibarən bir günü gün yarım kimi hesablanmışdır ... Həmin hərbi hissənin adı keçmiş MTN-in qüvvədən düşmüş 23 fevral 2006-cı il tarixli 049 nömrəli əmrində göstərilmədiyindən, əsaslı olaraq iddiaçının 20.04.2015-06.01.2016cı il tarixlərində olan xidmət dövrü güzəştli xidmətə daxil edilməmişdir. İddiaçının “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı” cədvəlinə əsasən onun xidmət etdiyi struktur bölmələr və xidmət müddəti barədə məlumatlar əks olunmuşdur...” Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin 31 may tarixli, 0151 nömrəli əmri ilə təsdiq olunmuş Siyahıya əsasən N və N nömrəli hərbi hissələrdə xidmət edən əməkdaşlara hərbi xidmət müddətinin bir gününün gün yarım hesablanması nəzərdə tutulduğunu təsdiq edərək İddiaçı da 2016-cı il 01 yanvar tarixdən etibarən bir günü gün yarım kimi hesablandığını təsdiq edir. Lakin sonradan həmin hərbi hissənin adı keçmiş MTN-in qüvvədən düşmüş 23 fevral 2006-cı il tarixli 049 nömrəli əmrində göstərilmədiyindən, ona həmin əlavələrin ödənilmədiyini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçıya 01 yanvar 2016-cı il tarixdən hesablanmış əlavənin verilməməsi tamamilə əsassızdır. Birincisi ona görə ki, qüvvədə olan DTX-nin 2016-cı il 31 may tarixli, 0151 nömrəli əmri (hazırda qüvvədədir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən DTX-nin aidiyyəti struktur bölmələrinin Siyahı mövcud olduğu halda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin qüvvədən düşmüş olan 23 fevral 2006-cı il tarixli 049 nömrəli əmrinə istinad edərək qüvvədə olan əmrə əsasən hesablanmış əlavənin iddiaçıya ödənilməməsi əhəmiyyətsizdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 saylı “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarının 2-ci bəndinin “b” yarımbəndinin ikinci hissəsinə əsasən müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə xidmətin bir ayı ay yarım sayılmaqla, uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilir. İddiaçının işə əlavə olunemuş “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı”na əsasən isə müəyyən olunur ki, ona 2016-cı ilin yanvar ayından həmin 2017-ci ilin sentyabr ayına qədər onun bir günü bir gün yarım (1,5) hesablanmış, bir qatdan əlavə xidmət günlərin sayı göstərilmişdir. Cavabdehin iş materiallarında olan iddia ərizəsinə etirazı ilə əlaqəədar məhkəməyə ünvanladığı 02 noyabr 2019-cu il tarixli və 14 mart 2020-ci il tarixli məktublarına, eləcə də 27 avqust 2019-cu il tarixli iddiaçıya ünvanlanmış və 25 yanvar 2020-ci il tarixli məhkəməyə ünvanlanımış məktublarında iddiaçının 01.07.2015-07.10.2017-ci il tarixinədək döyüş mövqeyində yerləşən N və N saylı hərbi hissələrdə əməliyyat xidməti göstərdiyi və 05.10.2017-ci il tarixində isə onun ehtiyata buraxılması barədə əmr verildiyi və həmin əmr əsasında 19.11.2017-ci il tarixdə şəxsi heyət siyahısından çıxarıldığı işin mübahisələndirilməyən halıdır. Eyni zamanda, 01.07.2015-07.10.2017-ci illər üzrə xidmət dövründə bir qat məblğində vəzifə və rütbə maaşının hesablanıb ödənildiyi, qalan yarım qatın isə hesablansa da ödənilmədiyi işin mübahisələndirilməyən halıdır. Beləliklə də, mübahisələndirilən dövr üzrə cavabdeh tərəfindən vəzifə və rütbəyə görə maaşın yarım qatının iddiaçıya ödənilməsini zəruri edən faktiki şərtlərin mövcuddur. Lakin birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə qərar qəbul edərkən, yoxlanılan hissədə məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşıdırılmadığını, ciddi prosessual pozuntulara yol verildiyini mübahisələndirən dəlilləri ilə razılaşıır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2020 saylı, 11.06.2021-ci il tarixli qərarı - iddiaçının 01.07.2015-07.10.2017 dövrü üçün pul tələbinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, 1 yanvar 2016-cı il tarixdən 07 oktyabr 2017-ci il tarixinə kimi olan dövrü üzrə xidmətinin bür günü, birgün yarım (qat yarım) hesablanmaqla, İddiaçı vəzifə və rütbəyə görə maaşının ödənilməyən hissəsinin (yarım qatının) ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, qalan hissədə iddia rədd edilməlidir. Qeyd edilənlərə və İnzibati Prosessual Məcəllənin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2020 saylı, 11.06.2021-ci il tarixli qərarı, iddiaçının 01.07.2015-07.10.2017 dövrü üçün pul tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. 01.01.2016-cı il tarixindən 07.10.2017-ci il tarixinə kimi olan dövr üzrə hərbi xidmətinin bür günü, bir gün yarım (qat yarım) hesablanmaqla, İddiaçı vəzifə və rütbəyə görə maaşının ödənilməyən hissəsinin (yarım qatının) ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilsin. Qalan hissədə iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar