Məhkəmə qərarları › İş №2-1(103)-1682/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1682/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1682/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Oruczadə Aytən Pənah qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının prosessual hüquq varisi X1, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)- 2613/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “artıq hesablanmış əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci tarixli **********4 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəi Filialının direktoru Şahin Əliyev tərəfindən xx.xx.2021-ci il tarixli **********4№-li “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar qəbul olunmuşdur. Qərara əsasən iddiaçıdan xx.xx.2006-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 61222,40 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayonu, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi tələb olunmuşdur. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********4 №-li Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixində sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırmaya əsasən İddiaçı xx.xx.2006xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 61222,40 manat məbləğində artıq ödənilmiş məbləğin geri tələb olunması zərurəti ortaya çıxmışdır. İddiaçı artıq ödənilmiş, ümumilikdə, 61222,40 manat pul vəsait onun "xxxx" ASC-də olan kart hesabına köçürülmüşdür. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Bundan başqa qərarda sosial təminat sahəsindəki münasibətlərə dair ümumi mülahizələr sadalanmış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun bəzi müddəaları göstərilmişdir. Qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Yuxarıda göstərilənlərə əsaslanan inzibati orqan sözügedən qərarda iddiaçıdan 61222,40 manat vəsaitinin tutulmasına dair nəticəyə gəlmişdir. İnzibati orqan, həm sosial təminat hüququna dair qanunvericiliyin müddəalarına, həm də inzibatı icraatı tənzimləyən qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. Ona görə də mübahisələndirilən qərar iddiaçıya münasibətdə əlverişsiz (yükləyici) olmaqla qanunsuz və əsassızdır. Hazırki iddia tələbi ilə ləğvi xahiş olunan qərarın - inzibati qərarın qəbul edilməsinə faktiki və hüquqi əsaslar olmadığı halda, cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əsassız olaraq belə qərar qəbul olunmuş, bununla iddiaçıdan pul tutulmasına dair üzərinə vəzifə qoyulmaqla qanuni maraq və mənafeləri pozulmuşdur. İddiaçının hazırda 73 yaşı var, 2-ci qrup ömürlük əlildir, uzun müddətdir ki, ağır şəkər xəstəsidir, ayaq barmağı amputasiya olunub, 3 ay əvvəl evdə yıxılaraq bud çanağı sınmışdır, əməliyyat olunması həyati təhlükəli olduğundan həkimlər əməliyyat etmirlər, buna görə də yataq xəstəsi olmuşdur. Özünü idarə edə bilmir, kənar şəxslərin köməyilə yaşayır. Aldığı pensiya məbləği dərmanlarına belə çatmır. Həyat yoldaşı da yaşlı və xəstədir, iddiaçının pensiya məbləği həyat yoldaşının dava-dərmanına çatmır. 2021-ci ilin əvvəlindən, cavabdeh orqanın iddiaçıya qarşı əsassız tələbləri, pensiya məbləğinin azaldılmasına dair xəbərdarlıqlar və s. bu kimi qanunsuz hərəkətləri ilə cavabdeh orqan səhhətinə ciddi ziyan vurmuş, aldığı pensiya məbləğini azaltmış, əlavə olaraq da qanunsuz qərar qəbul etməklə iddiaçıdan pul tələb etmişdir. Dövlət orqanının ödənilmiş pensiya məbləğinin iddiaçıdan geri tələb olunması iddiaçının Qanunun 67.5-ci maddəsində təsbit olunan etimadın qanunla qorunması hüququnu da pozur. Bütün yuxarıda göstərilənlərə əsasən, hesab etmişdir ki, mübahisələndirilən inzibatı qərarın ləğvi xahişi ilə məhkəməyə müraciəti haqlı, qanuni və əsaslıdır, cavabdeh inzibati orqanın qərarı ləğv edilməklə pozulmuş hüququ bərpa olunmalıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh inzibati orqan iddia ərizəsinə yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı 27 yanvar 2021-ci il tarixində ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində ona Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 14 aprel 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 14 aprel 2006-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 356,00 manat və qulluq stajına görə əlavəsi 25,81 manat olmaqla orta aylıq əmək haqqı 381,81 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3-cü maddəsinə əsasən 10 il 6 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (381,81 manat) 55 faizi- 210,00 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı hər ay 383,50 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1659,82 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 fevral 2007-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 445,00 manat və qulluq stajına görə əlavəsi 32,26 manat olmaqla orta aylıq əmək haqqı 477,26 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 10 il 6 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (477,26 manat) 55 faizi-262,49 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2007 - xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 477,88 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 3661,63 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 660,00 manat və qulluq stajına görə əlavəsi 47,85 manat olmaqla orta aylıq əmək haqqı 707,85 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 10 il 6 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (707,85 manat) 55 faizi-389,32 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2008xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində hər ay 704,38 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində İddiaçı 20478,90 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 890,00 manat və qulluq stajına görə əlavəsi 64,53 manat olmaqla orta aylıq əmək haqqı 954,53 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 10 il 6 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (954,53 manat) 55 faizi-524,99 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 904,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 19370,31 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2017- ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017- ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 10 il 6 ay 5 gün dövlət qulluğu stajına görə əmək pensiyanın hesablanılması üçün iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 35 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 980,00 manat və qulluq stajına görə əlavəsi 71,05 manat olmaqla orta aylıq əmək haqqı 1051,05 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (954,53 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1051,05 manat) arasındakı fərq məbləğinin (96,52 manat) 35 faizi-33,78 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyası (524,99 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 558,77 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 968,64 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində İddiaçı 7377,66 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat və qulluq stajına görə əlavəsi 106,58 manat olmaqla orta aylıq əmək haqqı 1576,58 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1051,05 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1576,58 manat) arasındakı fərq məbləğinin (525,53 manat) 35 faizi-183,94 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyasının (558,77 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 742,71 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində vətəndaşa hər ay 1284,84 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 8674,08 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2006-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 61222,40 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Beləliklə, artıq ödənilmiş 61222,40 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Eləcə də, həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İddiaçının iddia tələbində qeyd etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələblərinin pozulması barədə bilidirilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər dedikdə, qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi nəzərdə tutulur. Hazırkı halda, Mərkəzi Filial artıq ödənilmiş pul məbləğinin tələb edilməsi barədə inzibati qərar qəbul etməklə öz diskresion səlahiyyətlərindən istifadə etmişdir. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı ildə, “İnzibati icraat haqqında” Qanunun isə xx.xx.2011-ci ildə qüvvəyə mindiyini nəzərə alınmaqla həmin Qanunun tələblərinə uyğun qaydada tərtib olunmuş inzibati qərarın qanunauyğunluğunun iddiaçı tərəfindən mübahisələndirilməsi əsassızdır. Həmin Qanunun 81.5-ci maddəsinin tələbinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunanlarla razılaşmamış, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********4 nömrəli inzibati qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)- 2613/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı X2 məhkəməyə ərizə ünvanlayaraq, hazırkı iş üzrə iddiaçı qismində keçən atası İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, atasından miras əmlakının qalmadığını,ailə üzvlərindən heç birinin atasının qaldırdığı iddianı davam etdirmək istəmədiyini, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 6 saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən verilmiş AZ-İİ № 263508 ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 142 № ilə qeyd edilmişdir. İşin apellyasiya icraatı zamanı X2 İddiaçı iş üzrə prosessual hüquq varisi olaraq cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə X2 yenidən məhkəməyə ərizə ünvanlayaraq, atası tərəfindən verilmiş iddia üzrə işin davam etdirilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının prosessual hüquq varisi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)- 2613/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan sənədlər müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə müraciət etmiş, xx.xx.2006-cı il tarixdə iddiaçıya ömürlük yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərar qəbul edilmişdir. - xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” qərarından görünür ki, xx.xx.1948-cü il tarixində anadan olmuş ünvan 4 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2006-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 61222,40 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş “Pul tələbinin icraya yönəldilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarının (icra sənədi) icraya yönəldilməsi, qərarın məcburi qaydada icra edilməsi üçün borclunun yaşayış yeri üzrə (ünvan 4) Xətai rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********8 saylı məktubundan görünür ki, artıq ödənilmiş 61222,40 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Göstərilən qanun normasının məzmunundan müəyyən edilir ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında iddiaçının artıq ödənilmiş məbləğin pensiyadan tutulmasına dair razılığının olmasını təsdiq edən hər hansı sənədsübut olmadığından cavabdehin hərəkətləri qanunazidd olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsinin tələb olunmaması ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur. Belə olan halda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2021- ci il tarixli qərarı qanunsuz olmuş və məhkəmə haqlı olaraq həmin qərarı ləğv etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili əsassızdır və qərarın ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)- 2613/2022 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)- 2613/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar