Məhkəmə qərarları › İş №2-1(103)-1682/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1682/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1682/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" publik hüquqi şəxsə qarşı "ziyanın ödənilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-16024/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin qanunla üzərlərinə qoyulan istehlakçı hüquqlarının müdafiəsi vəzifələrinin icrasına məcbur edilməsi və Bakcell-in vurduğu 100 (yüz) manat maddi, 5000 (beş min) manat mənəvi ziyanın ödənilməsi, cavabdehlərin hər birindən 5 (beş) min manat, toplam 10 (on) min manat tutulub ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakcell MMC şəbəkə cinayəti ilə məşğuldur, onun və ailəsinin istifadəsində olan işləməyən, ikitərəfli bağlı 4 nömrəni eyni gündə inhisarçı mövqeyindən sui-istifadə edərək zorakı xidmətə qoşub, balansındakı bütün nömrələri silib. Nömrələrdən bağlı olduğundan istifadə etmədiyindən bu şəbəkə cinayətindən Bakcell tətbiqini quraşdırandan sonra məlumatlı olmuşdur. 3-cü aydır şikayət edir, Bakcell özbaşınalığını sürdürür, istehlakçı hüquqlarını pozur, müvafiq dövlət qurumları isə heç bir tədbir görmür. Ən yaxşı halda zərərvuran xidmət qurumunun saxta cavablarını təkrarlamaqla kifayətlənir. Bakcellin nömrələrini özündən xəbərsiz göstərilməyən zorakı xidmət adına balansının silinməsindən "Azad İstehlakçılar" İctimai Birliyinə şikayəti xx.xx.2024-cü ildə Antiinhisar və İstehlak Bazarına DX-ya göndərilib, lakin indiyədək heç bir cavab yoxdur. Eyni zamanda özü dəfələrlə bütün dövlət qurumlarına, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Rəqəmsal İnkişaf və Nəqliyyət Nazirliyinə, yanındakı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə şikayətlər etmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət DX yenə susub, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) isə xx.xx.2024 tarixli məktubla Bakcellin saxta cavabını təkrar etməklə, məhkəməyə müraciət etmək hüququnu izah etməklə üzərinə qoyulan vəzifəni "yerinə yetirdiyini" bildirib. Bu cavab Konstitusiyaya, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" , "Vətəndaşların müraciətləri haqqında" qanunlara ziddir. Belə cavabla istehlakçı hüquqları qorunmur, əksinə, istehlakçı hüququnun pozuntusu getdikcə daha da kəskinləşir. Belə özbaşınalığln nəticəsidir ki, Bakcell MMC saxta reklamla, zorakı "xidmətlə", şəbəkə cinayəti ilə istehlakçı hüquqlarını pozmaqda davam edir. Cavabdeh İKTA-nın cavabının qanunazidd olmasını sübut edən faktlar aşağıdakılardır: İKTA şikayətimi saxtalaşdırıb, Bakcellin şəbəkə cinayətindən şikayət edir, İKTA yazır ki, "yeni tarif paketləri barədə" müraciətinə baxılıb. xx.xx.2024-cü il tarixli cavab xx.xx.2024 tarixli, xx.xx.2024 tarixli Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə şikayətinə, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024 tarixli müraciətlərinə cavab kimi verilib. Bu isə, ən birincisi, “Vətəndaşların müraciətləri haqqında" qanunun kobud pozuntusunu ortaya qoyur. İKTA müraciətinə xx.xx.2024 tarixli cavabının 2-ci abzasında yazır ki, ********** nömrəsi xx.xx.2024-cü ildə "tərəfimdən" yenidən əldə edilmiş, xx.xx.2024-cü ildə ləğv olunan 13,29 manat balansa bərpa edilib. 4-cü abzasda isə yazıb ki, bu ********** nömrəsi adına rəsmiləşdirilmədiyindən etibarnamə təqdim edildiyi təqdirdə baxıla bilər. Bakcell cinayətkar dələduzluq edir, bəs İKTA-ya nə gəlib? İKTA bilmir ki, telefon rabitə vasitəsidir və ümumi istifadədədir? Bəyəm Bakcell və İKTA zəng edən nömrənin kimin adına olmasını yoxlayır, etibarnaməsiz danışıqları bloklayır? Absurd deyil? Rabitə xidməti üçün xidmət haqqının kimin ödəməsinin nə anlamı var? Xidmət qurumuna xidmət haqqı lazımdır, yoxsa haqqı ödəyənin kimliyi? ********** nömrəsindən bir gündə xx.xx.2024-cü ildə 19.99 və 9.99 manat , ********** nömrəsindən həmin gündəxx.xx.2024cü ildə 16.99 manat tutulmasını Bakcellin şəbəkə dələduzluğunu cavabdeh İKTA "texniki qüsur" kimi qələmə verib. Bir gündə bütün balans sıfırlanıb, toplam 50 manat silinib, bu "texniki qüsur"dur? Cavabdeh İKTA qanunvericiliyə uyğun olaraq istehlakçı, abonent hüququnun pozulmasına görə cərimə sanksiyası və s. tədbirlər görmək yerinə, məhkəmədə hüququmu müdafiə etmək yerinə, istehlakçı hüququnun kobud pozuntusunu "texniki qüsur" kimi qəbul edir. Halbuki bu "texniki qüsur"lar yenə də davam edir, Bakcell bərpa etdiyi vəsaiti növbəti ayda yenidən silir. Məhkəmələrə də qeyri-prosessual təzyiq edib, iddiama baxılmasına qoymur. Müvafiq inzibati icra hakimiyyəti orqanları isə qanuna zidd hərəkətlərlə, yaxud hərəkətsizliklə hüququnun bərpasını təmin etməkdən imtina edir. İnzibati icra hakimiyyəti orqanları olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və İnformasiya Kommunikasiya Texnologiyalar Agentliyinin istehlakçı hüququmun qorunması üçün qanuna zidd hərəkətindən, yaxud hərəkətsizliyindən inzibati məhkəmə qaydaslnda müdafiə olunmaq hüququm qanunla, Konstitusiya ilə təsbit olunub. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-16024/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadı (hakim A.Almazova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iş üzrə icraata başlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur, kobud qanun pozuntuları ilə, tərəflərin iştirakı olmadan çıxarılıb, Konstitusiyaya ziddir, mütləq ləğv olunmalıdır. 1-cisi, onun tələbi İPM-in 2.2.7 maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqındadır və bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılır. Cavabdeh İKTA və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə istehlakçıların hüquqlarını qorumağa dövlət tərəfindən təhkim edilən dövlət inzibati orqanları olsalar da, heç bir hərəkət etməmişlər. Yalnız İKTA "Vətəndaşların müraciətləri haqqında" qanuna zidd, istehlakçı hüququnu pozan Bakcellin saxtalığını təkrar edən cavabını təkrarlayıb, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə heç bir cavab verməyib. İKTA-nın xx.xx.2024 tarixli, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, 18.10. 2024 tarixli müraciətlərə xx.xx.2024-cü ildə "topdan" cavab verməsi qanunsuzdur, çünki hər bir müraciətə ayrı-ayrılıqda cavab verilməlidir. Eyni zamanda müraciətə ən geci 15 günə cavab verilməlidir. İKTA isə xx.xx.2024 tarixli müraciətə 3 aydan sonra xx.xx.2024-cü ildə cavab verib, Antiinhisar və İBN DX isə ümumiyyətlə cavab verməyib. Yəni onun hüququnun inzibati orqanlar tərəfindən pozulmasını təkcə elə bu fakt sübut edir. Məhkəmə isə cavabdeh(lər)in qanuna zidd cavabını yoxlamadan qərara alıb ki, cavabdeh iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə cavab verib. 2-cisi, məhkəmə müəyyən edib ki, cavabdehlər inzibati orqan olsa da, iddiaçı ilə Bakcell arasındakı mülki münasibətlərə cavabdehlik daşımır. Absurd müəyyən etmədir, yuxarıda qeyd etdiyi kimi, cavabdehlər dövlət tərəfindən istehlakçı hüquqlarını qorumağa təhkim edilib və bu onların vəzifə borcudur. Necə olur, hansısa market, məsələn, müştəriyə çek verməyəndə, piştaxtadakı qiymətlə kassadakı qiymət arasında 5 qəpik fərq olanda marketə minlərlə manat cərimə yazırlar, məhkəməyə verib, cəzalandırırlar, ancaq Bakcellin hüququnu pozmasına, bir gündə 100 manatını silməsinə, məhkəmə müdafiəsi hüququna da qadağa qoymasına susurlar və heç bir cavabdehlik daşımırlar? Məhkəmənin cavabdehləri qanunsuz müdafiə etməsi bəlli olur. 3-cüsü, məhkəmə qeyd edib ki, iddiaçının hazırkı tələblə məhkəmə müdafiəsi hüququ qanunvericliklə müəyyən edilməmişdir. Absurddur, Konstitusiyaya ziddir. Konstitusiyanın 60-cı maddəsinə görə, hər kəsin hüquqlarının və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə (h. A. Almazova) hüququnun qanunvericiliklə müəyyən olunmadığını iddia tələbinin cavabdehin üzərinə onun vəzifələrinə aid edilməyən öhdəliyin qoyulması ilə bağlı olması ilə əsaslandırıb. Bu əsaslandırmanın absurd olduğunu artıq izah edib və bir daha bildirir ki, onun tələbi cavabdeh inzibati orqanların üzərinə dövlət tərəfindən qoyulan vəzifə borcunu-istehlakçı hüququnu qorumaqdan imtina etməsi haqqındadır və bu iddialara inzibati məhkəmələr baxır. 4-cüsü, məhkəmə onun hazrkı iddia tələbilə iddia qaldırmaq üçün subyektiv hüququnun (hüquqi marağının) olmadığını qərar alıb və buna görə də hazırkı iddiaya inzibati məhkəmə icraatında baxılmasının yolverilməz olması qənaətinə gəlib. Bu qənaətin absurdluğunun sübuta ehtiyacı yoxdur. Onun subyektiv hüquqi marağı pozulmuş əlil-istehlakçı hüququnu məhkəmə yolu ilə də qorumağa borclu olan cavabdehlərin qanunsuz hərəkətlərinə, hərəkətsizliklərinə məhkəmə qaydasında qiymət verilməsidir. Cavabdehlər, yuxarıda vurğuladığı kimi, üzərlərinə qoyulan vəzifə borclarını icra etməkdən imtina edirlər, hərəkətsizlik edirlər və məhkəmə də bu hərəkətsizliyi mübahisəndirməyi yolverilməz sayır. Məhkəmənin İPM-in 13 və 48-ci maddələrinə əməl etmədən, yəni hüquqi yardım göstərmədən iddianı mümkün saymaması da qanunsuzdur. Ali Məhkəmə Plenumunun "İnzibati məhkəmə icraatında" iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli 5 N-li Qərarının 3.1-ci bəndinə görə, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi əsaslarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz sayıb. Bu İPM-ə, Ali Məhkəmə Plenumunun Qərarına ziddir. Birinci instansiya Ali Məhkəmə Plenumunun sözügedən Qərarının bilərəkdən tətbiq etməyib, özünə, qanunsuz qərardadına "əsas" olan bəndləri sadalamaqla kifayətlənib. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İclasa baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, xəstə və yataqda olduğundan iclasında iştirakının mümkün olmadığını bildirmiş, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Kollegiya qeyd edir ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1ci maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarında qeyd edilmişdir ki: -14. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. ... -Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. -Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə ünvanladığı, hazırkı iddia tələbinin əsasını təşkil edən müraciəti cavabdeh tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə cavablandırılmışdır. Bu hal iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə etdiyi işin materialları ilə öz təsdiqini tapır. Həmçinin qeyd olunmalıdır ki, cavabdehlər inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə Bakcell MMC arasında mülki münasibətlərindən irəli gəlir. Belə ki, cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" publik hüquqi şəxsin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki tələblə məhkəmə müdafiəsi hüququ qanunvericiliklə müəyyən edilməmişdir. Belə ki, iddia tələbi cavabdeh inzibati orqanın üzərinə onun vətəndaş müraciəti əsasında vəzifələrinə aid edilməyən öhdəliyin qoyulması ilə bağlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı öz hüquqi marağını (subyektiv hüququnu) əsaslandıra bilməmişdir, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım göstərərək izah edir ki, Bakcell MMCyə qarşı hüquq və azadlıqlarının pozulduğunu hesab etdiyi hallarla bağlı vurulmuş maddi və (və ya) mənəvi zərərin ödənilməsi tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ var. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.3-cü bəndində ifadə olunmuş hüquqi mövqeyə görə, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-16024/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar