Məhkəmə qərarları › İş №2-1(103)-1684/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1684/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1684/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı (xx xxxx 1989-cu il təvəllüdlü Əfqanıstan İslam Respublikasının vətəndaşı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(112)-4011/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 Murtuza xx xxxx 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-293/2 nömrəli xx.xx.2019-cu il tarixli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı xx xxxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək X4 Murtaza və ailə üzvünə (qardaşı xx.xx.2002-ci il təvəllüdlü X3) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, işin faktları ərizəçinin ərizə-anketində qeyd edilib. Həmin faktları olduğu kimi qəbul edir. İddiaçı Əfqanıstan vətəndaşı və etnik olaraq həzaradır. O, Bamyan vilayəti sakini olub (daha sonra İrana gedib), daha sonra uzun müddət İranda yaşayıb. Ərizəçi və ailəsi onlara məxsus torpaq sahəsinə görə bəzi həmyerliləri ilə mübahisədə olub. Bu mübahisə zəminində ərizəçinin bəzi ailə üzvləri qətlə yetirilib. Ərizəçinin ailə üzvləri polisə şikayət versələr də lazımi araşdırma aparılmayıb. Bundan əlavə, ərizəçi həzara olduğuna görə anti-həzara silahlı qruplaşmaları tərəfindən təqib riski altındadır. İddiaçı xx xxxxxxxx 2019-cu ildə Azərbaycana gəlib. xx xxxxxxx 2019cu ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçıyla müsahibə aparıb. İddiaçı bildirib ki, o torpaq mübahisəsinə görə bəzi həmyerliləri tərəfindən zorakılığa və təqibə məruz qalacağına görə Əfqanıstana geri qayıtmaq istəmir. xx xxxxxx 2019-cu ildə DMX İQ-293/2 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin əsaslı təqib qorxusu mövcud deyil. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 55 saylı xx.xx.2020-ci il tarixli qərarla inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olması ilə (ümumi və qeyri-müəyyən sözlərlə) əsaslandırıb. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4011/2020 nömrəli qərardadı ilə iddia “ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-293/2 nömrəli xx.xx.2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4011/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti (apellyasiya şikayəti iddiaçının nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) tərəfindən imzalanmışdır) verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4011/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - 3030-2019 №-li Qaçqın statusunun verilməsi haqqında Vəsatət (ərizə-anket) əsasən X2 Zada xx.xx.1368-ci il (xx xxxxxx 1989-cu il) İran, İsfahan əyalət, Nəcəfabad şəhristanı (pasportda: Bamyan) anadan olmuşdur, vətəndaşlığı Əfqanıstan İslam Respublikası, milliyəti – Həzarə, dini etiqadı – İslam, ana dili – fars (dəri) dili, adı əvvəl Qəzənfər olub, İrandan Əfqanıstana qayıdarkən atası adını dəyişib Murtuza yazdırmışdır. Anketə əsasən, o, məktəbi 8-ci sinifə qədər İranda Nəcəfabad şəhristanında oxumuş, 9-cu sinifə keçdikdən sonra ailə üzvləri ilə birlikdə Əfqanıstana qayıtdıqlarını bildirmişdir. Həmçinin, o, Azərbaycana gəlmə səbəblərinin təhdid olduğunu, həyatları üçün təhlükə olduğunu, Bir tərəfdən Seyid Ələvi və oğlanları, digər tərəfdən isə Eğbalın oğlanlarının onları təhdid etdiklərini, qardaşı oğurlanandan sonra 13-cü nahiyyədən 16-cı nahiyyəyə köçdüklərini, 13-cü nahiyyə Kabilin qərbində olduğunu, 16-cı nahiyyənin şərqdə olduğunu, atası qətlə yetirilən gün özünün də yaralandığını, xəstəxanada 3 gün qaldığını, atasını qətlə yetirənlərin iki nəfər olduğunu, kimin öldürməsi haqqında məlumatı olmadığını, atasının xəstəxanaya aparılmadığını, yerindəcə vəfat etdiyini, polisə şikayət yazanda heç kimdən şübhələnmədiklərini dediklərini, polisin kağız vermədiyini, polisə atasına borclu olan şəxs və torpaq mübahisəsinin olduğunu demədiklərini, hadisənin çox da yadında olmadığını, 10-11 il əvvəl baş verdiyini, fikrincə 3 nəfər olduqlarını, torpaq mübahisəsi edərkən məhkəməyə müraciət etdiklərini, məhkəmənin son qərarı verəcəyini, atasının öldürülməmişdən bir gün əvvəl cibindən sənədləri götürdüklərini, sənəd olmadıqda da heç kimə nəsə sübut edə bilmədiklərini, qardaşı Məhdinin təkrar məhkəməyə müracit etdiyini, hakimin ona yenidən məntəqə ağsaqqalları ilə məsləhətləşməli olduqlarını dediyini, məhkəmədə qardaşına bütün dosyenin itdiyini dediklərini, qardaşının itkin düşməsi ilə bağlı sənədlərinin olmadığını,atasının açdığı borc pul mübahisəsi ilə bağlı sənədlərinin olduqlarını bunu da atasından naməlum şəxslərin Bamyada götürdüklərini özünün heç vaxt bu işin dalıyca düşmədiyini, atasının öldürüldüyünü, özünün bıçaqlandığını, bir qardaşının yaralandığını, böyük qardaşının itdiyini, təhdid olmasa idi, o ölkədə təhlükəli vəziyyətə baxmayaraq, kasıblığa baxmayaraq yaşadıqlarını, maşınla Məzara, Məzardan maşınla Özbəkistana, Özbəkistandan isə təyyarə Azərbaycana gəldiklərini qeyd etmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın X1 verdiyi arayışa – müvəqqəti şəhadətnaməyə əsasən iddiaçı xx xxxx 1989-cu il təvəllüdlü Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin İQ-293/2 nömrəli, xx.xx.2019-cu il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 55 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin İQ 293/2 saylı xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli ***-**** nömrəli vəsatətin (ərizə-anket) 1 №-li əlavəsi olan müsahibə zamanı müəyyən еdilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İş materiallarında olan məhkəməyə təqdim edilmiş mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı torpaq mübahisəsi ilə bağlı olaraq atasının öldürüldüyünü, qardaşının itkin düşdüyünü, həzara olduğundan dövlət idarələrinin müraciətinə baxmamasını bildirsə də, əldə olunmuş nəticələr təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçının qaçqın statusunun verilməsi haqqında vəsatəti əsaslı olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4011/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4011/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar