Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1684/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1359/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni 27.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. 01.09.1978-ci il tarixdən 16.07.1981-ci il tarixədək təhsil almış, 21.07.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 25.04.1982-ci il tarixdən 19.06.1984-cü il tarixədək hərbi xidmətdə olmuş, 19.07.1984-cü il tarixdən yenidən əmək fəaliyyətinə davam etmiş və hal-hazıradək çalışır. Əmək fəaliyyəti dövründə uzun müddət qaynaqçı vəzifəsində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda öz əksini tapmışdır. 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi stajı vardır. Filiala müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Filial güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Filialın qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi stajı, o cümlədən 12 il 6 aydan çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 25 mart 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında 15.02.1993-01.01.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşə güzəştli Siyahi üzrə nəzərdə tutulan peşələrə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (1 il 10 ay 2 gün (21.07.1981-16.04.1982-ci il, 19.07.198401.07.1985-ci il və 17.07.1985-12.09.1985-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyu kimı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyın tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)-1359/2022 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi 25 mart 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 15.02.1993-01.01.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşə yuxarıda qeyd olunan Siyahi üzrə nəzərdə tutulan peşələrə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (1 il 10 ay 2 gün (21.07.1981- 16.04.1982-ci il, 19.07.1984-01.07.1985-ci il və 17.07.1985- 12.09.1985-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının tələbi 57 yaşdan, yəni 27.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İnzibati orqanın imtina, etiraz və apellyasiya şikayətindəki dəlillərin əsasını iddiaçının 15.02.1993-01.01.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işlədiyi qaynaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) nəzərdə tutulan peşələrə uyğun olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi təşkil edir. 01.01.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, 01.01.2006cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları 01.01.2006-cı il tarixədək mövcud olmalı. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, yuxarıda sadalanan şərtlər iddiaçıya münasibətdə ödənilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. - İş materiallarında olan İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 25.04.1982-ci ildən 15.06.1984-cü ilə qədər (2 il 1 ay 21 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan SSR X7 Təhsili Komitəsinin 813071 №-li, 12.07.1981ci il tarixli diplomunun surətindən görünür ki, İddiaçı 01.09.1978-ci ildə orta texniki peşə məktəbinə daxil olmuş və 16.07.1981-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil alımışdır. İmtahan komissiyasının qərarı ilə İddiaçı 3 (üçüncü) dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə ixtisas verilmişdir. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1978-ci ildən 16.07.1981-ci ilə qədər Azərbaycan SSR X7 məktəbində oxumuş (2 il 10 ay 16 gün), 21.07.1981ci il tarixindən 16.04.1982-ci ilə qədər İstehsalat sexində qaynaqçı (08 ay 26 gün), 19.07.1984-cü ildən 01.07.1985-ci ilə qədər “Bakı fəhləsi” adına Maşınqayırma zavodunda 3-cü dərəcəli elektrik-qaynaqçı (11 ay 13 gün), 17.07.1985-ci ildən 12.09.1985-ci ilə qədər Komerov adına Elektrik stansiyasında 3cü dərəcəli elektrik-qaynaqçı (01 ay 26 gün), 04.10.1985-ci ildən 13.11.1985-ci il qədər Komerov Tramvay-Trolleybus İdarəsində 3-cü dərəcəli elektrik-qaynaqçı (1 ay 9 gün), 13.11.1985-ci ildən 05.06.1986-cı ilə (6 ay 23 gün) qədər trolleybus sürücüsü kursunda təhsil almış, 05.06.1986-cı ildən 13.08.1987-ci ilə qədər Komerov Tramvay-Trolleybus İdarəsində trollebyus sürücüsü (1 il 2 ay 9 gün), 24.09.1987-ci ildən 08.04.1991-ci ilə qədər Trolleybus parkında 3-cü dərəcəli trolleybus sürücü (03 il 06 ay 15 gün), 15.04.1991-ci ildən 04.07.1991-ci ilə qədər “Fəqan” Koorperativində elektik (02 ay 20 gün), 16.08.1991-ci ildən 01.07.1992-ci ilə qədər Suraxanı rayon PSU-da 2-ci dərəcəli işçi (10 ay 16 gün), 13.07.1992-ci ildən 26.03.1993cu ilə qədər 1 №-li Trolleybus Parkında sürücü (08 ay 14 gün), 01.04.1993-cü ildən 15.12.1993-cü ilə qədər Kalinin adına Bakı Tkinti Materialları Kombinatında çilingərsazlayıcı, 15.12.1993-cü ildən 01.03.2008-ci ilə qədər (Kalinin adına Bakı Tkinti Materialları Kombinatında) "xxxx" ASC-də qaynaqçı (14 il 11 ay 01 gün), 01.04.2008-ci ildən 03.01.2014-cü ilə qədər "xxxx" MMC-də qaynaqçı (05 il 09 ay 03 gün), 18.11.2014-cü ildən 05.01.2016-cı ilə qədər "xxxx" ASC-də elektrikqaynaqçı (01 il 01 ay 18 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası “Bakı Fəhləsi” Maşınqayırma zavodu” MMC tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli, 01/A002 №-li arayışdan görünür ki, "xxxx" MMC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən İddiaçı haqqında aşağıdakı qeydlər aparılmışdır: 19.07.1984cü ildən Metalkonstruksiya sexində 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. Əmr: № 79/k, 19.07.1984-cü il. 27.03.1985-ci ildən Aqreqat sahəsində 3-cü dərəcəli elektrik qaynaqçısı işləmişdir. Əmr № 08/k, 27.03.1985-ci il. 01.07.1985-ci ildə Bakı şəhərindən getməsi ilə əlaqədar işdən azad edilmişdir. Əmr: № 55/k, 02.07.1985-ci il. Arayış şəxsi vərəqə (T2) müvafiq tərtib edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli, BA-00828-2021 №-li arxiv arayışından görünür ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Qazan Mexaniki zavodunun arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı 22.07.1981-ci il tarixli, 95/k saylı əmrlə Texniki peşə məktəbindən buraxıldıqdan sonra 21.07.1981-ci il tarixdən 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunması, 15.04.1982-ci il tarixli, 70/k saylı əmrlə hərbi xidmətə çağırışla əlaqədar olaraq 16.04.1982-ci il tarixdən işdən azad olunması və 1981, 1982-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. - Azərbaycan Respublikası "xxxx" X8 Cəmiyyəti tərəfindən verilmiş 22.09.2020-ci il tarixli, 98 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən 01.04.1993-cü ildən 65 saylı əmrə əsasən M.İ.Kalinin adına "xxxx" Kombinatında işə qəbul olunmuşdur. 15.12.1993-cü ildən 254 saylı əmrə əsasən 01.03.2008-ci il tarixinə qədər qaynaqçı vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası İqtidasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlə Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********321600 №-li, 04.10.2021-ci il tarixli və Azərbaycan Respublikası İqtidasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********612100 №-li, 06.10.2021-ci il tarixli məktublardan görünür ki, "xxxx" ASC 28.11.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC-nin nizamnaməsi təsdiqlənmişdir. - "xxxx" X8 Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 17 №-li, 06.10.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Bakı Tikinti Materialları Kombinatının 17.12.1993-cü il tarixli 254 saylı əmrə əsasən kombinatın keramzit və qəlibləmə sexində 4-cü dərəcəli qaynaqçı peşəsində işləyib. "xxxx" ASC-nin 01.03.2008-ci il tarixli 08 saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azad olunana qədər cəmiyyətin qaynaqçı peşəsində işləmişdir. Beləliklə, iddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İddiaçının xx.xx.1963-cü il təvəllüdlü olmaqla 57 yaşı 27.05.2020-ci il tarixdə tamamlamışdır. Həmçinin, inzibati iş üzrə məhkəmə araşdırılması zamanı iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və əmək kitabçası üzrə işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı ilədək ümumi iş stajının 26 il 09 ay 29 gün təşkil etməsi müəyyən edilmişdir. İşin mübahisəli halı güzəştli iş stajının 01.01.2006-cı il tarixədək 12 il 6 aydan az olması ilə bağlıdır. Əvvəla Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış fərqli imtina məktubları əlavə edilmişdir. Bir halda cavabdeh inzibati orqan iddiaçının 01.01.2006-cı ilədək güzəştli iş stajının 1 il 10 ay 2 gün olduğunu, digər imtina məktubunda 1 il 11 ay 11 gün, başqa bir imtina məktubunda isə bu müddətin 8 il 10 ay 24 gün olduğu nəticəsinə gəlmişdir. Apelyasiya şikayətinin güzəştli iş stajının az olması dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İlk öncə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qaynaqçı vəzifəsində işlədiyi 15.02.1993-01.01.2006-ci illərdə müasir texnoloji imkanlardan fərqli olaraq, kontaktsız qaynaq edilməsi imkanı mövcud olmamışdır. Belə ki, həmin dövr üçün qaynaqçı peşəsi hər bir halda əl əməyi ilə icra edilən peşə növünə aid olmuşdur. Digər tərəfdən, iş materiallarında olan "xxxx" X8 Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “İddiaçı 17.12.1993-cü ildən 01.03.2008-ci il tarixədək əl ilə qaynaq işləri aparılan elektrik qaynaqçı vəzifəsində işləmişdir.” Hər bir halda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı işlədiyi və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 21.07.1981-16.04.1982-ci il, 19.07.1984-01.07.1985-ci il, 17.07.1985-12.09.1985-ci il tarixlər arasındakı 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifələri və cavabdeh inzibati orqan tərəfindən qəbul edilməyən 04.10.1985-13.11.1985-ci ilədəki 3-cü dərəcəli elektrik qaynaqçısı və 15.12.1993-cü ildən 01.03.2008-ci ilədək 4-cü dərəcəli elektrik qaynaqçısı peşələri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının Ümumi peşələr adlanan 33-cü bölməsinin 23200000—19906 şifrinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr" adlanan 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”peşəsinə uyğun olmaqla sonuncunun 01.01.2006-cı ilə qədər 14 il güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası bu mənada cavabdehin apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1359/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1359/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1684/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1684/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver