Məhkəmə qərarları › İş №2-1(103)-1684/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1684/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1684/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi”nə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9583/2024 saylı 28 noyabr 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “T.Ş.Mehdiyevin adına olan torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 756 nömrəli Sərəncamına əsasən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1006 saylı sərəncamı ilə T.Ş.Mehdiyevə ayrılmış 600 kv.m-lik torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının “T.Ş.Mehdiyevin fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə” 1006 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ləğv edilmişdir. Torpaq sahəsi ayrılarkən iddiaçıya torpaq sahəsinin yerləşməsini müəyyən edən cizgi verilmədiyindən İddiaçı ona ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 756 №-li Sərəncamı ilə İddiaçı adına rəsmiləşdirilmiş torpaq sahəsinə dair istinad planlarının təqdim edilməməsi koordinatların müəyyən edilməsini və bununla da döngə nöqtələrinin dəqiqləşdirilməsini mümkünsüz edir. Bundan sonra İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-16/1-x-9-112/24 saylı imtinasının əsassız hesab edilməsi və İddiaçı Nizami Rayonu İcra Hakimiyyətinin 756 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə ayrılan 600 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi öhdəliyinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu İcra Hakmiyyyəti Başçısının 21 dekabr 2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində, 4085-ci məhəllənin qərbində yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. İddiaçıya torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənəd (cizgini, planı, ayrıc aktını) həmin sərəncama əlavə edilməmişdir. Buna görə də, həmin torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi barədə xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən ərizə Nizami İcra Hakimiyyətinə müraciət edilmişdir. İcra hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-16/1-x-9-112/24 sayılı məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası isə torpaq sahəsinin istinad planlarının təqdim edilməməsi olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvandakı torpaq sahəsi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1006 saylı sərəncamı ilə T.Ş.Mehdiyevin adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsi Rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2000-ci li tarixli, 756 saylı sərəncamı ilə İddiaçı adına rəsmiləşdirilmişdir. Torpağın cizgisi ilk dəfə sənədləşdirilərkən tərtib edilir və vətəndaşa təqdim olunur. Eyni torpaq sahəsinin 2-ci dəfə cizgisinin çəkilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığından müraciət müəllifinə imtina cavabı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646- VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi başa düşülür. Bu kateqoriyadan olan işlərlə əlaqədar vətəndaşlar istifadələrində olan torpaq sahələrini mülkiyyətlərinə keçirmək məqsədilə yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətləri zamanı torpağın ilkin plan və ölçüsünün hazırki plan-ölçü ilə uyğun gəlməməsi (bitişik torpaqların qanunsuz zəbt edilməsi və s.) səbəbindən onlara Dövlət Xidməti tərəfindən imtina cavabları verilir. Vətəndaşlar da, qanunsuz zəbt etdikləri torpaq sahəsinə hüquqi sənəd əldə etmək üçün yeni plan-ölçünün tərtib olunmasını tələb edirlər. Bütün bunlar isə, yuxarıda göstərilən qanunvericiliyin tələblərinə zidd olduğundan, əsaslı olaraq Rayon İcra Hakimiyyəti tərəfindən imtina cavabları verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9583/2024 saylı 28 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 756 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış 600 kv.m. olan torpaq sahəsinə dair cizginin verilməsi barədə öhdəliyin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən rayon ərazisində olan torpaqların koordinatlarının rayon icra hakimiyyətində deyil, Əmlak Məsələləri Dövlət Xidmətində olmasına diqqət etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646- VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi başa düşülür. Nəzərinizə çatdırılır ki, bu kateqoriyadan olan işlərlə əlaqədar vətəndaşlar istifadələrində olan torpaq sahələrini mülkiyyətlərinə keçirmək məqsədilə yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətləri zamanı torpağın ilkin plan və ölçüsünün hazırki plan-ölçü ilə uyğun gəlməməsi (bitişik torpaqların qanunsuz zəbt edilməsi və s.) səbəbindən onlara Dövlət Xidməti tərəfindən imtina cavabları verilir. Vətəndaşlar da, qanunsuz zəbt etdikləri torpaq sahəsinə hüquqi sənəd əldə etmək üçün yeni plan-ölçünün tərtib olunmasını tələb edirlər. Bütün bunlar isə, yuxarıda göstərilən qanunvericiliyin tələblərinə zidd olduğundan, əsaslı olaraq Rayon İcra Hakimiyyəti tərəfindən imtina cavabları verilmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 756 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış 600 kv.m. olan torpaq sahəsinə dair cizginin verilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə həmin iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin: 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. 10-cu maddəsinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. 73-cü maddəsinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində kooperativ qaraj tikintisi üçün torpaqlar Qaraj-tikinti kooperativləri üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə kooperativin üzvlərinin şəxsi avtomobillərinin, digər nəqliyyat vasitələrinin saxlanılması üçün verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 756 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində, 4085-ci məhəllənin qərbində yerləşən 600 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır. Lakin araşdırma zamanı müəyyən olundu ki, torpaq sahəsi ayrılarkən iddiaçıya torpaq sahəsinin yerləşməsini müəyyən edən cizgi verilməmişdir. Bu fakt birinci instansiya məhkəməsinin verdiyi sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının göndərdiyi sənədlərlə də təsdiq olunur. Belə ki, həmin sənədlər sırasında adı çəkilən torpaq sahəsinin cizgisinin mövcud olmadığı müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 756 nömrəli Sərəncamı hazırda qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi Cavabdeh ərazisinin hüdudları daxilində olmaqla, hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda həmin torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 756 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış 600 kv.m. olan torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin torpağı ayıran orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olub, qəbul edilməməklə yanaşı, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün də heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 9583/2024 saylı 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9583/2024 saylı 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X4 Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar