Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1685/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Sadıqov Vahid Nəriman oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə. İddiaçı cavabdeh Penitensiar Xidmətinin Həbsxanasının rəhbərliyinə qarşı «müəyyən hərəkətləri etməkdən çəkinmə və s.» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2696/2020 saylı, 08 iyun 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinin onun gəzintidə təmiz hava almasına müdaxilə edərək onun sağlamlığını təhlükə altına qoyan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Penitensiar Xidmətin Qobustan Həbsxanasının rəhbərliyinin belə cinayətləri etməkdən çəkindirməyə (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair) qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2696/2020 saylı, 08 iyun 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə iddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1383/2020 saylı 27 avqust 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 8 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X3-məruzəçi, X1 və X2) AR Ali Məhkəməsinin İK-nın 2-1(102)-82/2021 saylı 21 aprel 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1383/2020 saylı 27 avqust 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmamışdır Belə ki, iddiaçı cəza çəkdiyi müəssisədə cavabdehin onun gəzintidə təmiz hava almasına müdaxilə edərək sağlamlığını təhlükə altına qoyan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia ərizəsində qeyd edilən cavabdeh inzibati orqan deyildir və “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatında 2.1.8-ci bənddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları inzibati orqanların adı kimi göstərilmişdir. İddiaçı cavabdehin onun gəzinti hüququna müdaxilə etdiyini bildirib cavabdehin hərəkətini mübahisələndirməklə hazırkı vəziyyətdə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilir. AR Ali Məhkəmənin 10 aprel 2015-ci il tarixli 4 saylı Plenum qərarına istinad edən məhkəmə kollegiyası vurğulayır ki, ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən biri olan cavabdeh “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan hesab edilir. Odur ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda, iddiaçı iddia ərizəsində cavabdeh kimi həbsxananın rəhbərliyini göstərmişdir. İPM-ə görə inzibati orqanın rəhbərliyi deyil, inzibati orqan məhkəmə icraatının iştirakçısı sayılır. Odur ki, işə yenidən baxılarkən qaldırılan iddiada yol verilən formal xətanın aradan qaldırılmasında iddiaçıya yardım edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2696/2020 saylı 08.06.2020-ci il tarixli qərardadı ləğv edilməli, iş inzibati məhkəmə icraatın davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2696/2020 saylı, 08 iyun 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş inzibati məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vahid Sadıqov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1685/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1685/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver