Məhkəmə qərarları › İş №2-1(103)-1685/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1685/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1685/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “əmrin ləğv edilməsi və işə bərpa edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərov və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X5 və X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11384/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkəmənin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli zəruri məlumatların təqdim edilməsi haqqında məktubda İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin Təminat sektorunda qulluq keçdiyi baş məsləhətçi vəzifəsindən azad olunması barədə ərizəsinin və ona müvafiq olaraq verilmiş əmrin təsdiq edilmiş surətləri təqdim edilmişdir:

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024- cü il tarixli 3-17/3-4-485/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmrə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər idarəsinin Təminat sektorunda baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı öz arzusu ilə 14 iyun 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilsin və onunla 01 dekabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, bağlanılmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 33.1.1ci maddəsinə əsasən öz arzusu ilə Nazirliyin 14 iyun 2024-cü il tarixli müvafiq əmri ilə xitam verilmişdir Qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən dövlət orqanlarında, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna qəbul müsabiqə yolu ilə həyata keçirilir. 5 ildən çox dövlət qulluğu stajına malik olduğundan həmin Qanununun 29.2-ci maddəsinə əsasən dövlət orqanlarında mövcud vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan ümumi müsahibələrdə iştirak edə bilər. Dövlət qulluğuna qəbul qaydaları, imtahanlarda iştirak, həmçinin dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə elan edilmiş müsahibələr haqqında ətraflı məlumatları X4 rəsmi internet səhifəsindən (http://dim.gov.az) əldə edə bilər. Əlavə olaraq qeyd edilmişdir ki, Nazirliyin tabeliyində olan publik hüquqi şəxslərdə ixtisasına uyğun münasib işlə təmin olunmaq üçün müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondunun Elektron ünvan 1, Sosial Xidmətlər Agentliyinin Elektron ünvan 2, X2 Elektron ünvan 3, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Elektron ünvan 4 elektron poçt ünvanlarına müraciət etməyi və Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində, o cümlədən DOST Mərkəzlərində vakant vəzifələrə işə qəbul qaydaları haqqında məlumatları DOST Agentliyinin rəsmi internet saytından (http://dost.gov.az) əldə etməyi tövsiyyə olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

4. İddiaçı məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 tərəfindən İddiaçı Bəkir qızının öz xahişi ilə işdən çıxarılması barədə əmrinin ləğv edilməsi, işə bərpa olunmağı və qanunsuz işdən çıxarılmağına görə cavabdehdən işdən çıxarıldığı günün əmək haqqı və həmin günün sonrakı günündən, yəni 15 iyun 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının və əmək haqqına əlavələrin, mükafatların ödənilməsi hesablanaraq ödənilməsi, həmçinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naizirliyi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının işə bərpa və məcburi iş buraxma günləri üçün aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin ödənilməsinə dair xx.xx.2020-ci il tarixli 2-1(102)- 2004/2020 saylı qərarının tam icra edilməsini, eyni zamanda qanunsuz hərəkətlərə yol verdiklərinə görə İnzibati Orqanın vəzifəli şəxslərinin inzibati qaydada cəzalandırılmaları barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı öz xahişi ilə işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması” kimi dəyişdirilmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Bəkir qızı 08.05. 1998-cı ildən xx.xx.2016-cı il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək kitabçasında qeyd olunan müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış və heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Kollektivlə münasibəti həmişə yaxşı olmuşdur, lakin insanlarin ona qarşı ləyaqətimi ləkələyən, nüfuzdan salan yalan məlumatlar yayaraq ona şər və böhtan atmaları səbəbindən rəhbərlik xx.xx.2016-cı il tarixdə onu əsassız olaraq işdən azad etmişdir. İşdən çıxarılmağına dair əmrin ləğv edilməsi və işə bərpa olunmağı barədə məhkəmədə qaldırdığı iddia tələbi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-1824/2019 saylı 09 dekabr 2019-cu il tarixli Qətnaməsi ilə təmin edilmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin barəmdə işdən çıxarmaya dair 19 fevral 2016-cı il tarixli, 09/12-55 saylı əmri qanunsuz və əsassız hesab edilərək həmin əmrin ləğv edilməsi və İddiaçı Bəkir qızının işə bərpa olunmasını qət etmişdir. Qətnamədən cavabdeh tərəf apelyasiya və kassasiya şikayətləri vermişdir. Apellyasiya və kassasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının barəsində çıxardığı xx.xx.2020-ci il tarixli 2-1(102)- 2004/2020 saylı qərar qüvvəyə mindikdən sonra icra edilmiş və 01 dekabr 2022-ci il tarixdə işə bərpa olunmuşdur. Lakin işə bərpa və məcburi iş buraxma günləri üçün aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, mükafatların, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsa da bu günə kimi məhkəmə qərarı tam icra edilməmiş qalmışdır. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının işə bərpa və məcburi iş buraxma günləri üçün aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin ödənilməsinə dair xx.xx.2020-ci il tarixli 2-1(102)-2004/2020 saylı qərarı qismən icra edilmiş, xx.xx.2020-ci il tarixədən xx.xx.2022-ci il tarixədək ödənilməli olan məbləğ isə bu günə kimi ödənilməmişdir. Həmçinin işə bərpa edilməklə bağlı məhkəmənin qərarında göstərilənlərə əməl edilməyərək əvvəllər işlədiyi nazirlikdə dövlət qulluğuna deyil, 01 dekabr 2022-ci il tarixdə Nazirlik yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin Təminat sektorunda dövlət qulluqlunun 5-ci təsnifatından 7-ci təsnifatına aşağı əmək haqqı ilə baş məsləhətçi vəzifəsinə işə götürülmüşdür. Həmin vəzifədə 1 il 5 ay 14 gün işlədikdən sonra 14 iyun 2024-cü il tarixdə Qurban bayramı ərəfəsində iş saatı qurtarana yaxın saat 17:15 radələrində kadrlar şöbəsinin müdiri onu yanına çağıraraq işdən çıxmağı barədə təcili ərizə yazmağını tələb etdi. Əks halda hədəqorxu gələrək özləri fəaliyyətinə xitam verəcəkləri və belə olan halda əmək kitabçanın korlanacağı barədə ona xəbərdarlıq etdi və ona nazirlik 15 dəqiqə vaxt verib dedi: nazirliyin göstərişidir. Kadrlar şöbəsinin müdiri başının üstündə durub tələm-tələsik iş vaxtının qurtarmasına 10-15 dəqiqə qalmış hədə-qorxu gələrək ərizəni yazdırdı (otaqdan çıxmağına belə imkan vermədi) və elə həmin gün də işdən azad olunmağı barədə əmr verildi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində göstərilmişdir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Vəzifəli şəxslərin belə ədalətsiz və qanunsuz olaraq insan hüquqlarını kobud surətdə pozan göstərişləri barədə nazirə şikayət etdi və telegram da vurmuşdur. Lakin bu günə kimi heç bir nəticəsi olmamış, şikayətlərinə belə cavab verilməmişdir. Bildirilmişdir ki, ailəyə yeganə qazanc gətirən iddiaçıdır. Himayəsində 97 yaşlı qoca, xəstə qadın var. Həyat yoldaşı ürək xəstəsidir, heç yerdə işləmir. Özünün də ödənilməmiş bank kreditləri var.

7. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı 1 dekabr 2022-ci il tarixindən Nazirlik yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin Təminat sektorunda baş məsləhətçi vəzifəsində dövlət qulluğuna başlamış, 14 iyun 2024-cü il tarixində ərizə ilə müraciət edərək 1 ay xəbərdarlıq müddəti gözlənilmədən öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun dövlət qulluğuna xx.xx.2024-cü il tarixli 33-17/3-4- 485/2024 nömrəli əmrlə xitam verilmişdir (ərizə və əmrin surəti əlavə olunur).

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11384/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 14 iyun 2024-cü il tarixdə öz ərizəsi ilə işəgötürənə müraciət edərək 1 ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Bu halda işəgötürən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsində qeyd edilən hüququndan istifadə etməmiş və ərizədə qeyd edilən gün İddiaçı əmək müqaviləsinə xitam vermişdir.

10. Ərizənin iddiaçı tərəfindən şəxsən tərtib olunaraq imzalanması işin mübahisəsiz halıdır. Lakin iddiaçı həmin ərizəni təzyiq və hədə-qorxu altında, öz iradəsinə zidd olaraq tərtib edib edib imzaladığını bildirir. Yazı vərdişlərinə görə şəxsin güclü ruhi və emosional vəziyyətdə olmasını müəyyən etmək üçün istifadə edilən elm qrafologiya və ya kriminalistika qrafologiyası adlanır. Bu elm, yazı nümunələrinin təhlili vasitəsilə insanın emosional vəziyyətini, şəxsiyyət xüsusiyyətlərini və hətta ruhi-psixoloji vəziyyətini müəyyən etməyə çalışır.

11. Məhkəmə məhz qeyd edilən əlamətlər əsasında iddiaçı tərəfindən təqdim edilən ərizəni nəzərdən keçirdikdə xüsusi bilik tələb etmədən belə müəyyən etmək mümkündür ki, İddiaçı vəzifədən azad edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəsi ümumi yazı üslubu, qrammatik quruluşu, səliqəli tərtibatı, stilistik baxımından yüksək yazı vərdişlərini özündə əks etdirir. Belə ki, yazıda xətlərin qeyri-bərabərliyi və titrəməsi, yazı təzyiqinin dəyişməsi, şriftin ölçü və formasında dəyişikliklər, sətirlərin və hərflərin meylinin dəyişməsi müşahidə edilməməklə sözlər və hərflər arasındakı aralıqlar nizamlıdır, hətta mətnin oxunaqlığını artıqmaq üçün yazılı mətnin quruluşunda istifadə edilən abzaslar belə, eyni boşluqla tətbiq edilmişdir. Odur ki, məhkəmə ərizənin güclü emosional vəziyyətdə, emosional gərginlik və ya stress nəticəsində yazıldığı qənaətində deyil.

12. Digər tərəfdən kadrlar şöbəsinin müdiri iddiaçının bilavasitə işlədiyi şöbənin müdiri olmadığından onunla iddiaçı arasında hər hansı xidməti asılılıq mövcud olmamışdır. Belə olan təqdirdə, xidməti asılılığı olmayan şəxsin (kadrlar şöbəsinin müdirinin) iddiaçıya təzyiq və hədə-qorxu gəlməsi nəticəsində iddiaçının işdən çıxmasına dair ərizə yazması inandırıcılıq keyfiyyəti baxımından yetərli hesab edilə bilməz.

13. Odur ki, təqdim edilən ərizənin iddiaçı tərəfindən könüllü şəkildə və iradəsinə uyğun yazıldığına dair məhkəmədə şübhə yoxdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11384/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə razı deyil və hesab edir ki, məhkəmə tərəfindən işin halları hərtərəfli və obyektiv araşdırılmamış, məhkəmə öz mülahizələrinə əsasən qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Kadrlar şöbəsinin müdiri başının üstündə durub tələm-tələsik iş vaxtının qurtarmasına 10-15 dəqiqə qalmış hədə-qorxu gələrək ərizəni yazdırdı, otaqdan çıxmağına belə imkan vermədi. Çünki o otaqdan çıxıb kimləsə məsləhətləşə bilər, onun dediyini etməyə bilərdi və belə olan halda da onların iddiaçını işdən çıxartması üçün başqa bəhanə tapmaları həm çətin olardı, həm də əlavə vaxt aparardı. Ona görə də elə həmin 15 dəqiqə ərzində onu təsir altına salıb ərizəni yazdırdı və o dəqiqə də işdən azad olunmağı barədə əmr verildi. İşdən çıxma barədə iş gününün sonu yazdırdıqları ərizəyə 15 dəqiqəyə baxıb əmr verilməsi də ağlabatan deyil, çünki başqa vaxt hər hansı ərizəni yazanda günlərlə ərizəyə cavab verilmir. Göründüyü kimi cavabdeh inzibati orqan illərdir işlədiyi təşkilat olsa da, ona qarşı qərəzli mövqe sərgiləmişdir ki, bu da əvvəlki məhkəmə qərarları ilə öz təsdiqini tapır. Belə ki, cavabdehin əvvəl də onu işdən çıxartması qanunsuz, əsassız və qərəzli olmuşdur ki, məhkəmə tərəfindən, işin halları hərtərəfli və obyektiv araşdırılandan sonra, hər üç instansiya məhkəməsi tərəfindən qanunun aliliyi ədalətli formada tətbiq edilərək iddiaçı işə bərpa olunmuşdu. Lakin cavabdeh inzibati orqan məhkəmə qərarını düzgün və tam icra etməyərək həm onu aşağı vəzifəyə işə götürmüş, həm də məhkəmə qərarı ilə ona ödənilməsi öhdəlik kimi üzərlərinə qoyulmuş məbləği indiyə kimi ödəməməklə məhkəmə qərarının icrasından yayınmışlar. Ona görə də təsadüfi deyil ki, cavabdeh inzibati orqan iddiaçıya qarşı yenə qərəzli niyyətlə çıxış edərək, onun işdən azad olunmağı üçün məcburən guya öz xahişi ilə işdən azad olmağı üçün ərizə yazdırdılar. Məhkəmə isə bütün bunları nəzərə almayaraq ona məcburi ərizə yazdırmalarını inandırıcılıq keyfiyyəti baxımından yetərli hesab etmir. Halbuki məhkəmə nəzərə almamışdır ki, illərdir cavabdehlə aralarında məhkəmə çəkişməsi olmuş və iddiaçı haqlı çıxaraq işə bərpa olsa da, məcbur qalıb onların daha aşağı vəzifəyə təyin etmələrinə razı olmağa məcbur olmuş və ödəməli olduqları ödəmələrini də ödəməmişlər və o da iş yerində poblemlər yaratmamaları üçün onların həm aşağı işlə təmin etməyinə razı olmuş, həm də ödəməli olduqları məbləğə görə səsini çıxartmamışdır. Çünki işləməyə ehtiyacı var və maddi cəhətdən vəziyyəti çox ağırdır. Cavabdeh inzibati orqan (yəni rəhbərlik və ona tabe olan kadrlar şöbəsi) da bilir ki, o qorxudan səsini çıxara bilmir, ona görə belə oyun oynayaraq tələm-tələsik, təsir altında qoyaraq belə bir ərizə yazdırdılar. Bundan başqa məhkəmə qeyd edir ki, mütəxəssis və ya ekspert rəyinə ehtiyac «olmadan guya özü gözləri ilə müəyyən etmişdir ki, ərizəni çox rahat, çox səliqəli və ürək açıqlığı ilə yazmışdır. Bununla bağlı qeyd edir ki, iddiaçı ümumiyyətlə tələskən insan deyil, təmkinlidir və onsuz da səliqəlidir və qarammatik cəhətdən düzgün yazır. Məcbur ərizə yazdırırlar deyə mütləq vərəqdə qaralama və ya səhvlər etməli olduğunu bilmirdi. Bundan başqa kadrlar şöbəsinin müdiri başının üstündə dayanıb sözbəsöz deyib ki, dediyim kimi yaz. O da məcbur onun dediyi kimi yazıb. Amma iddiaçının o sözləri hansı hislər altında, hansı gərginlik və streslə, necə əzabla yazmağını məhkəmə heç vaxt öz gözləri ilə vərəqə baxıb müəyyən edə bilməzdi. Bundan başqa məhkəmə onun daha əvvəl rahat və xoşbəxt vəziyyətdə yazdığı hər hansı ərizəni görüb onunla müqayisə etmişdirmi ki, bu ərizənin də eyni hislər altında yazıldığını qeyd edir! Təbii ki, belə hal olmamışdır. Ona görə də hesab edir ki, məhkəmə bunu müəyyən etmək üçün ekspertiza təyin etməli idi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası:

Maddə 35 . Əmək hüququ: İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular:

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyanı yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;

22. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında Əsasnamə”: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 5.6. Xidmətin aparatının və yerli orqanlarının inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı 14 iyun 2024-cü il tarixdə öz ərizəsi ilə işəgötürənə müraciət edərək 1 ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Bu halda işəgötürən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsində qeyd edilən hüququndan istifadə etməmiş və ərizədə qeyd edilən gün İddiaçı əmək müqaviləsinə xitam vermişdir.

28. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin Təminat sektorunda qulluq keçdiyi baş məsləhətçi vəzifəsində işlədiyindən ona münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir.

29. Beləliklə, müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024- cü il tarixli 3-17/3-4-485/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmrə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər idarəsinin Təminat sektorunda baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı öz arzusu ilə 14 iyun 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla 01 dekabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

30. Lakin iddiaçı həmin ərizəni təzyiq və hədə-qorxu altında, öz iradəsinə zidd olaraq tərtib edib edib imzaladığını bildirir.

31. Apellyasiya şikayətinin dəlilləri də iddia ərizəsinin dəlilləri ilə oxşar olmuşdur və odur ki, apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(103)-1685/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və işin icraatı ekspertiza rəyi alınanadək dayandırılmışdır. 15 iyul 2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2025-ci il tarixli, 4/830 saylı Rəyi daxil olmuşdur.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2025-ci il tarixli, 4/830 saylı ekspert Rəyində rəyə gəlinmişdir ki: Ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan xx.xx.2024-cü il tarixli ərizənin mətnində və həmin ərizədə “xx.xx.2024” rəqəmlərindən yuxarıdakı imzada - yazının və imzanın qeyri-adi psixofizioloji vəziyyətdə (təzyiq, stress, həyəcanlı vəziyyətdə, psixi və fiziki təsir və s. icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.

36. Belə ki, o da qeyd edilməlidir ki, kadrlar şöbəsinin müdiri iddiaçının bilavasitə işlədiyi şöbənin müdiri olmadığından onunla iddiaçı arasında hər hansı xidməti asılılıq mövcud olmamışdır. Belə olan təqdirdə, xidməti asılılığı olmayan şəxsin (kadrlar şöbəsinin müdirinin) iddiaçıya təzyiq və hədə-qorxu gəlməsi nəticəsində iddiaçının işdən çıxmasına dair ərizə yazması inandırıcılıq keyfiyyəti baxımından yetərli hesab edilə bilməz.

37. Odur ki, iddiaçının işəgötürənə müraciət edərək 1 ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad olunması barədə 14 iyun 2024-cü il tarixli ərizənin iddiaçı tərəfindən könüllü şəkildə və iradəsinə uyğun yazıldığına dair məhkəmədə şübhə yoxdur.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11384/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11384/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar