Məhkəmə qərarları › İş №2-1(103)-1686/2019

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1686/2019

27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1686/2019 27.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X12 və X4 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və “xxxxxxxxxxxxxxxxxx” QSC-ə qarşı (üçüncü şəxs AR Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair 1 saylı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-20/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinin və "xxxxxxxxxxxxxxxxxx” QSC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə 1.878.900 manat kompensasiyanın və vurulmuş zərər olan 500.000 manat pulun, cəmi 2.378.900 manat məbləğində pulun cavabdeh olan inzibati orqandan alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyana görə 2.585.300 manat kompensasiyanın və vurulmuş zərərə olan 500.000 manat pulun, cəmi - 3.085.300 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, mülkiyyətində olmuş qeyriyaşayış sahəsinin qanunsuz sökülməsinə görə 2.585.300 manat, həmin obyektin yerləşdiyi torpaq sahəsində istifadə hüququndan qanunsuz məhrum etməyə görə 1.000.000 manat, sərbəst mülki dövriyyədə həmin obyektdən istifadə nəticəsində əldə edəcəyi mənfəətə (əldən çıxmış fayda) görə 500.000 manat, cəmi 4.085.300 manat məbləğində vurulmuş ziyanın cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-20/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşmiş İddiaçı mülkiyyətində olmuş 358,3 kv.m. qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 360.000 manat məbləğində pulun İddiaçı ödənilməsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmiş, digər hissədə iddia təmin edilməmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-20/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarından İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv eidlməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi verildikdən sonra iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, xx xxxxxx 2016-cı il tarixdə “X8” İctimai Birliyi tərəfindən ekspert rəyi verilmişdir. Bundan sonra məhkəmə təkrar əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X13 tapşırılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X17 ekspert kimi rəy verməmiş, mühəndis-qiymətləndirici mütəxəssis kimi heç bir normativ akta əsaslanmadan “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olaraq öz mülahizələrinə uyğun rəy vermişdir. Bu rəy reallığı əks etdirmir. Belə ki, iddiaçı, mülkiyyətində, sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsini qiymətləndirmək üçün “MAK CONSULTANCY LTD” birgə müəssisəsi ilə müqavilə bağlamışdır. Mütəxəssislərin verdiyi rəyə əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın-tikilinin hər kvadrat metrinin qiyməti 3600 - 4000 manat olmaqla, xx xxxxxx 2007-ci il tarifinə bazar qiyməti 1.878.900 manat müəyyən edilmişdir. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiçının istifadəsində olmuşdur. Lakin torpaq sahəsinin dəyəri də nəzərə alınmaqla əmlakın ümumi dəyəri 2.585.300 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizası üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X17 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 064-01 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyə əsasən, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən, 358,3 kv. metr qeyri-yaşayış sahəsinin bazar dəyəri 362000 manat təşkil edir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış şahəsi və torpaq sahəsi 2008-ci ilin mart ayında Binəqədi rayonu 6-cı mikrorayon S.Məmmədov küçəsində metronun “Nəsimi” stansiyasının tikintisi zamanı Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq tamam sökülmüş, iddiaçı qanunsuz olaraq mülkiyyətindən məhrum edilmişdir. İddiaçı sökülməsi nəzərdə tutulmuş mülkiyyətiində olan qeyri-yaşayış sahəsinin əvəzinə iddiaçıya həmin qeyri-yaşayış sahəsinə uyğun digər qeyri-yaşayış sahəsinin və ya bunun müqabilində qanuna uyğun olaraq kompensasiya verilməsini tələb etdikdə, cavabdehlər bildirmişdilər ki, metronun “Nəsimi” stansiyası istifadəyə verildikdən sonra həmin ərazidə iddiaçıya torpaq sahəsi ayrılacaq, yeni layihə smeta sənədləri tərtib ediləcək və qeyri-yaşayış sahəsini tikib ona təhvil verəcəklər. Lakin metronun “Nəsimi” stansiyası istifadəyə verildikdən sonra cavabdehlər iddiaçıya heç nə verməmiş və əmlakdan qanunsuz məhrum etməyə görə kompensasiya ödəməmişlər. Cavabdehin iddiaçıya kompensasiya ödəmədən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı qanunsuz olaraq sökməsi nəticəsində iddiaçının Azərbaycan Respublikası Konstitusiyası, Mülki Məcəlləsi və digər qanunlarla qorunan mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Həmçinin, qərardan Cavabdeh1 apelyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddianın qeyri-mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarına əsasən Binəqədi Rayon İcra Hakimiyyətindən 360.000,0 manat məbləğində kompensasiya tutulması barədə qərar qəbul etmişdir. Halbu ki, bütün məhkəmə proseslərində, təqdim edilmiş sənədlərdə və hətta yerində belə görünür ki, iddiaçının iddia etdiyi yerdə “Nəsimi” metrostansiyası mövcuddur. Belə olan halda dəymiş zərər kimi kompensasiyanın rayon icra hakimiyyətinin üzərinə qoyulması bir absurddur. Vətəndaşın çoxsaylı müraciətləri əsasında narazılığına səbəb olan məsələnin aradan qaldırılması məqsədi ilə rayon icra hakimiyyəti tərəfindən aidiyyatı üzrə xxxxxxxxxxxxxxxxxxnin rəhbərliyinə rəsmi müraciətlər edilmişdir. İddiaçıya məxsus olmuş qeyri-yaşayış obyektinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməməsini vətəndaş özüdə bildirməklə çoxsaylı müraciətləri ünvanlamış, RİH tərəfindən vətəndaşın müraciətləri aidiyyatı təşkilatlara ünvanlamış və bu hal bütün sənədlərdə sübuta yetirilir. - Birinci fakt Bakı Şəhər Xalq X3 Komitəsinin xx.xx.1986-cı il tarixli 20/943 saylı qərarına əsasən Binəqədi rayonunun şimal hissəsində İİİ növbəli metro stansiyasının yerüstü tikintisinin aparılması qərara alınmışdır. Qərarın 12.3.2-ci bəndində Kirov Rayonu İcraiyyə Komitəsinə tikinti altına düşən sakinlərin siyahısının dəqiqləşdirilməsi tapşırılmışdır. Qərarın 12.3.3-cü bəndində tikinti smetasına tikililərin sökülməsi və ərazinin təmizlənməsi xərclərinin salınması tapşırılmışdır. Qərarın 12.4- cü bəndində Kirov Rayonu İcraiyyə Komitəsinə tikinti altına düşən sakinlərin köçürülməsi tapşırlmışdır. Qərarın 12.4-cü bəndinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən icra olunmamasından, yəni sakinlərin köçürülmə prosesi aparılmadığına görə 2008-ci ildə vətəndaş İ.O.Yusifova qarşı xxxxxxxxxxxxxxxxxx tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması barədə xx.xx.2008-ci il tarixli məktubla Azərbavcan Respublikası Prezidentinin İcra Aparatına məlumat verilir. Artıq bu fakt olaraq təsdiq edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti sakinlərin köçürməsi prosesini aparmamışdır. Lakin, iddiaçı “xxxxxxxxxxxxxxxxxx” QSC vətəndaş İ.O.Yusifova qarşı Binəqədi Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsindən heç bir səbəb göstərmədən imtina edərək sənədləri geri götürmüşdür (məhkəmənin 2(001)- 1225/2008 saylı xx.xx.2008-ci il tarixli qərardadı). Həmçinin, iddiaçı “xxxxxxxxxxxxxxxxxx” QSC analoji iş üzrə yəni eyni ünvanda mövcud olmuş digər qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar vətəndaş C.İ.Cəfərova qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq DƏDRX-nin verdiyi mülkiyyət hüququ haqqında Şəhadətnamənin ləğv edilməsini, qeyri-yaşayış sahəsinin sökülməsini və torpaq sahəsinin xxxxxxxxxxxxxxxxxxnin istifadəsinə verilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)1241/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və tərəflər qətnaməni mübahisələndirməmişlər. İkinci bir fakt xxxxxxxxxxxxxxxxxx vətəndaş İ.O.Yusifova xx.xx.2008-ci il tarixli 40 -10/5- 311 saylı məktubla bildirir ki, S.Məmmədova küçəsindəki metro stansiyasının tikintisi başa çatdıqdan sonra həmin ərazi Bakı Şəhəri və Binəqədi rayon İcra Hakimiyyətlərinin razılığı əsasında geri qaytarıla bilər. Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.2008-ci il tarixdə məktubla Azərbaycan Respublikasının Baş Nazirinin müavininə müraciət edərək 6-cı mkr, S.Məmmədova küçəsindəki "Nəsimi" metro stansiyasının tikintisi ilə əlaqədar iddiaçının və digərlərinin obyektləri xxxxxxxxxxxxxxxxxx tərəfindən söküldüyünü, obyekt sahiblərinə Binəqədi şossesində və Baksol ərazisində yer təklif olunsa da imtina etdiklərini və bununla əlaqədar çoxsaylı müraciətləri nəzərə alaraq kompensasiya ayrılması məqsədilə komissiyanın yaradılmasını xahiş etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2009-cı il tarixdə, 12/375 saylı məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək 6-cı mkr. S.Məmmədova küçəsindəki "Nəsimi" metro stansiyasının tikinintisinin başa çatdığını, həmin ərazidə 1616,5 m torpaq sahəsinin olduğunu və həmin ərazidə obyektləri sökülmüş şəxslərin iddiaçı və digərlərinin obyektlərinin yenidən tikilməsinə razılıq verilməsini xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.2009-cu il tarixdə 12/375 saylı məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, 6-cı mkr, S.Məmmədova küçəsindəki "Nəsimi" metro stansiyasmm tikintisinin başa çatdığının, həmin ərazidə 1616,5 m torpaq sahəsinin olduğunu və həmin ərazidə sökülmüş obyektlərin yerləşdirilməsinin texniki cəhətdən mümkün olduğunu, xxxxxxxxxxxxxxxxxx tərəfindən obyektlərin tikilməsinə etraz etmədiklərini, bununla əlaqədar İddiaçı qeyri-yaşayış obyektinin yenidən tikilməsinə etiraz olunmadığını və səlahiyyətlərinə aid olduğu üçün münasibət bildirilməsini xahiş etmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi X10-Planlaşdırma idarəsi xx.xx.2011-ci il tarixli, 18/08-8/751 saylı məktubla İddiaçı 6-cı mkr, S.Məmmədova küçəsindəki ikitərəfli yol zolağına çıxacağını nəzərə alaraq tikilməsi nəzərdə tutulan obyektin tikilməsini məqsədə uyğun hesab etməmişdir. İddiaçının xx.xx.2013-cü il tarixli müraciəti Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı üzrə xxxxxxxxxxxxxxxxxxnin rəhbərliyinə ünvanlanmışdır. Məktuba münasibət bildirilməmişdir. İddiaçının Azərbaycan Respublikası Prezident Aparatlığına ünvanladığı məktubtu xxxxxxxxxxxxxxxxxx tərəfindən xx.xx.2013-cü il tarixli 40 N-10/5- 1 10 saylı məktubla cavablandıraraq 6-cı mkr, S.Məmmədova küçəsində mövcud olmuş iddiaçıya məxsus obyektin bir hissəsinin "Nəsimi" metro stansiyasının tikintisi üçün istifadə olunduğu, Binəqədi rayon İcra Hakimiyyəti tikintinin aparılmaısna etiraz etmədiyini, xxxxxxxxxxxxxxxxxx xx.xx.2008-ci il tarixli məktubu ilə texniki şərt verdiyini, 2013-cü ilə kimi iddiaçı, tərəfindən xxxxxxxxxxxxxxxxxxnə tələb və təklif daxil olmadığı bildirilmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, söküntüdə xxxxxxxxxxxxxxxxxxnin texnikası və fəhlələri iştirak edirdilər. Binəqədi rayon İcra Hakimiyyəti iddiaçının və digər şəxslərin yaranmış problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Baş Nazirinin müavininə müraciət edərək iddiaçının və digərlərinin obyektlərinin xxxxxxxxxxxxxxxxxx tərəfindən söküldüyünü, obyekt sahiblərinə Binəqədi şosesində və Baksol ərazisində yerlər təklif olunsa da imtina etdiklərini və bununla əlaqədar çoxsaylı müraciətləri nəzərə alaraq kompensasiya ayrılması məqsədilə komissiyanın yaradılmasını, Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək "Nəsimi" metro stansiyasının tikintisinin başa çatdığını, həmin ərazidə obyektləri sökülmüş şəxslərin iddiaçı və digərlərinin obyektlərinin yenidən tikilməsinə razılıq verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1961/2018 nömrəli xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(81)-20/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan İddiaçı və Cavabdeh1 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-1201/19 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(103)-1961/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin qeyri-mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İşdən məlum olur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon S.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsini almış, həmin sahəyə onun mülkiyyət hüququ qanuna müvafiq olaraq dövlət reyestrində qeydə alınmış və ona Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X11 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx xxxxx 2003-cü ildə 000420 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş və həmin vaxtdan o, bu qeyri-yaşayış sahəsini avtomobillərin təmir sexi kimi istifadə etmişdir. İşdə olan X1 tərəfindən verilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportuna əsasən, həmin qeyri-yaşayış sahəsinin tikintialtı sahəsi 387,9 kv.m, ümumi sahəsi 358,3 kv.m, əsas sahə 358,3 kv.m-dir. İddiaçının mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi 2008-ci ilin mart ayında Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində metronun “Nəsimi” stansiyasının tikintisi zamanı sökülmüşdür. Kollegiya ilk növbədə cavabdehin apelyasiya şikayətində qeyd etdiyi Binəqədi rayon İcra Hakimiyyətinin iş üzrə cavabdeh qismində çıxış etmədiyi, söküntü işləri ilə bağlı əsl cavabdehin “xxxxxxxxxxxxxxxxxx” QSC olduğu, buna görə də icra hakimiyyətinə münasibətdə iddianın qeyri-mümkün hesab edilməli olması ilə bağlı mövqeyinə münasibətdə aşağıdakıları qeyd edir. İşdə olan xx.xx.2008-ci il tarixli Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, “Nəsimi” metrostansiyası ilə “Azadlıq” metrostansiyası arasındakı tunelin tikintisi başa çatdıqdan sonra müraciətinə yenidən baxıla bilər. Bakı şəhər Xalq X3 Komitəsinin xx xxxxxx 1986-cı il tarixli 20/943 saylı qərarı ilə müəyyən olunur ki, xxxxxxxxxxxxxxxxxxnin İİİ növbəsinin Şimal hissəsinin tikintisi ilə bağlı tikinti sahəsinə düşən fərdi yaşayış və qeyri-yaşayış binalarının köçürülməsi müvafiq olaraq Nəsimi və Binəqədi rayon İcraiyyə Komitələrinə həvalə edilmişdir. İşdə olan xxxxxxxxxxxxxxxxxx tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2008-ci il tarixli məktubun surətindən görünür ki, xxxxxxxxxxxxxxxxxxnin İİİ növbəsinin Şimal hissəsinin tikintisi, Bakı şəhər Xalq X3 Komitəsinin xx xxxxxx 1986-cı il tarixli 20/943 saylı qərarı əsasında Nəsimi və Binəqədi rayonlarının ərazisində ayrılmış torpaq sahəsində aparılır. Tikinti-quraşdırma işlərinə 1988-ci ildə başlanmışdır. İddiaçı məxsus olan ərazi, tunellərin açıq üsulla tikilən yerüstü sahəsinə düşür. Hal-hazırda həmin ərazidə “Bakıdövlətlayihə” və “Bakımetrolayihə” İnstitutlarının layihəsi əsasında şəhərin gələcək perspektiv İnkişaf planı nəzərə alınmaqla tunellərin tikintisi və abadlıq işlərinin aparılması üçün hazırlıq işləri yerinə yetirilir. Göstərilən qərara əsasən tikinti sahəsinə düşən tərdi yaşayış və qeyriyaşayış binalarının köçürülməsi Nəsimi və Binəqədi rayon İcraiyyə Komitələrinə həvalə edilmişdir. xxxxxxxxxxxxxxxxxx tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur, lakin bu vaxta kimi heç bir tədbirlər görülməmişdir. Həmin məsələnin həlli tapılmadığına görə, xxxxxxxxxxxxxxxxxx Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Baş Nazirinə ünvanlanmış 7-309/2 nömrəli, xx xxxxxx 2008-ci il tarixli məktubun surətindən görünür ki, Metropolitenin “Azadlıq” və “Nəsimi” metro stansiyalarının tikintisinin vaxtında başa çatdırılmasına maneəçilik törədən bütün obyektlərinin (tikililərin) ən qısa müddət ərzində köçürülməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə tərəflərindən Binəqədi rayon İcra Hakimiyyətinə tapşırıq verilmişdir. Nəhayət, kollegiya qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)- 20/18 saylı, xx xxxxx 2018-ci il tarixli qərardadı ilə İddiaçı kompensasiya ödənilməsi barədə tələbi cavabdeh “xxxxxxxxxxxxxxxxxx” QSC-yə münasibətdə qeyri mümkün hesab edilmiş, həmin qərardan cavabdeh Binəqədi İcra Hakimiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1961/18 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-20/18 saylı, xx xxxxx 2018-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Eləcə də, Azərbacan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1201/19 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə Binəqədi İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1961/18 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Beləliklə, işin sadalanan hallarına əsasən hazırki halda mübahisəli əmlakın sökülməsi ilə bağlı kompensasiya ödənilməsi məsələsi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin məsuliyyət dairəsinə aid olduğundan iddia cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı mümkündür. Kollegiya hazırki iş üzrə işin mübahisəli halı olan ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı məsələyə baxılmazdan öncə kassasiya məhkəməsinin qərarında qeyd edilən iddianın mümkünlüyü ilə bağlı məsələnin yoxlanılmasını da zəruri hesab edir. Belə ki, kassasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə işə baxan apelyasiya instansiya məhkəməsi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana (Binəqədi rayon İcra Hakimiyyətinə) müraciət etməsi məsələsini yoxlamadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk öncə iddianın mümkünlük şərtlərini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarında göstərilənlərə müvafiq olaraq yoxlamalı, iddianın mümkünlük şərtləri ödənildiyi halda iddiaçının mülkiyyətində olan sahənin dəyərinin düzgün hesablanması ilə bağlı əlavə araşdırma aparmalı, iddiaçını ədalətli kompensasiyanın ödənilməsi ilə təmin etməlidir. Kollegiya kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq aşağıdakıları müəyyən etmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qanunun tələbindən göründüyü kimi, ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın verilməsi üçün məhkəməyə müraciət etməzdən öncə müvafiq inzibati orqana müraciət olunmalıdır. Yəni, inzibati orqan müvafiq kompensasiyanın ödənilməsindən rəsmi şəkildə imtina etdiyi halda iddiaçının həmin qərardan məhkəməyə müraciət etmək hüququ yaranır. İşdən müəyyən olunur ki, iddiaçının nümayəndəsi Ə.H.Mehtiyev qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi ərizəsi ilə “xxxxxxxxxxxxxxxxxx” QSC-yə və Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin ərizələrin xx.xx.2015-ci il tarixdə göndərilməsinə dair “xxxxxxxx” MMC-nin möhürü ilə təsdiq edilmiş ********* nömrəli qəbz iş materiallarına əlavə edilmişdir (cild 1, iş vər səh 14, xəbərnamə SS238554971AZ). Beləliklə, iddiaçının bu növ iddialar üzrə kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə ilkin olaraq inzibati orqana müraciət etməsi öz təsdiqini tapmışdır. Bu əsasdan iddia mümkün sayılmalıdır. İddianın mahiyyətinə gəlincə kollegiya qeyd edir ki, iddiaçı, mülkiyyətində, sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsini qiymətləndirmək üçün "MAK CONSULTANCY LTD” birgə müəssisəsi ilə müqavilə bağlamış, mütəxəssislərin verdiyi rəyə əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın - tikilinin hər kvadrat metrinin qiyməti 3600 - 4000 manat olmaqla, xx xxxxxx 2007-ci il tarifinə bazar qiyməti 1.878.900 manat müəyyən edilmiş, qeyri yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin dəyəri də nəzərə alınmaqla əmlakın ümumi dəyəri 2.585.300 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli 2-1(81)-3781/2015 saylı qərardadla Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahələrinin 1 kv.metrinin bazar dəyərinin nə qədər təşkil edilməsi ilə bağlı ekspertiza aparılması qərar alınmış, ekspertizanın aparılması "X7” İctimai Birliyinə həvalə olunmuş, "X9” İctimai Birliyinin təqdim etdiyi ekpert rəyində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahələrinin 1 kv.metrinin bazar dəyəri xx xxxxxx 2016-cı il tarixinə 3600-4000 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli 2-1(81)-321/2016 saylı qərardadla "xxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsinin vəsatətinə əsasən yenidən ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X13 həvalə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X17nin xx.xx.2016-cı il tarixli 064-01 saylı qiymətləndirmə hesabatına görə sözügedən qeyri-yaşayış sahəsinin xx xxxx 2016-cı il tarixinə bazar dəyəri 362.000 manat məbləğində müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X17 tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşmiş qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair rəyə müvafiq olaraq iddia tələbi qeyri-yaşayış sahəsinə görə kompensasiya ödənilməsi hissəsində mahiyyətinə və xarakterinə görə əsaslı olsa da, tələb olunan pul məbləğinin həqiqi həcminə görə tam əsaslı deyildir. Bundan əlavə, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən 500 kv.m. torpaq sahəsi Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 154 nömrəli, xx xxxx 2003-cü il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti üçün İddiaçı istifadəsinə ayrılmışdır, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları yoxdur. Buna görə həmin hissədə iddia tələbi təmin edilməməlidir. Eləcə də, iddiaçı sərbəst mülki dövriyyədə həmin obyektlərdən istifadə nəticəsində əldə edəcəyi mənfəətə (əldən çıxmış fayda) görə 500000 manat məbləğində vurulmuş ziyanın ödənilməsini tələb etsə də, buna dair heç bir mötəbər sübut məhkəməyə təqdim etmədiyindən, iddia həmin hissədə də əsassızdır. Kassasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsinin qərarını ləğv edərkən ona istinad etmişdir ki, əmlakın dəyəri ilə bağlı dəqiq məbləğ müəyyənləşdirilməmiş, apelyasiya instansiya məhkəməsi də öz qərarında qeyri-yaşayış sahəsini ən aşağı məbləğlə qiymətləndirərək Dövlət Reyestr Xidmətinin Bakı X17nin ekspert rəyini əsas götürmüş, digər ekpert rəylərinə heç bir münasibət bildirməmişdir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəylərinin mötəbərliyi ilə bağlı heç bir araşdırma aparmadan və heç bir əsas və ya açıqlama vermədən onlardan birini üstün hesab etmişdir. İşə təkrar baxan apelyasiya instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan sahənin dəyərinin düzgün hesablanması ilə bağlı əlavə araşdırma aparmalı, iddiaçını ədalətli kompensasiyanın ödənilməsi ilə təmin etməlidir. Kollegiya kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq işin obyektiv həlli üçün xx xxxx 2019-cu il tarixli qərardadı ilə mübahisəli əmlakın yenidən qiymətləndirməsini təyin etmiş, qiymətləndirilmənin keçirilməsini "X2 Company" MMC-yə həvalə etmişdir. Qiymətləndiricinin qarşısında aşağıdakı sual qoyulmuşdur: - Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşmiş İddiaçı məxsus olmuş 359,3 kv.m. qeyri-yaşayış sahəsinin (avtomobillərin təmir sexi kimi istifadə etdiyi) bazar dəyəri nə qədərdir? "X2 Company" MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində 358,3 kv.m sahədə yerləşmiş olan və avtomobillərin təmiri sexi kimi faəliyyət göstərmiş qeyri-yaşayış sahəsinin hər kvadrat metrinin orta bazar qiyməti təxminən 2.400 manat müəyyən edilmişdir. Beləliklə, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində 358,3 kv.m sahədə yerləşmiş olan və avtomobillərin təmiri sexi kimi faəliyyət göstərmiş qeyri-yaşayış sahəsinin mövcud orta bazar dəyəri təxmini olaraq 860.000 manat məbləğində müəyyən olunur. Həmçinin, təkrar apelyasiya icraatı zamanı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində 358,3 kv.m qeyri-yaşayış sahəsinin dəyər qiymətinin müəyyən edilməsi barədə “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi təqdim etmişdir. Həmin mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşmiş İddiaçı məxsus olmuş 359,3 kv.m. qeyri-yaşayış sahəsinin X1 tərəfindən verilmiş Texniki pasportunda göstərilən Baş Plana əsasən xərc yanaşması metodu ilə dəyərinin ümumi məbləği 348.743,00 manat təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşmiş İddiaçı məxsus olmuş 359,3 kv.m. qeyri-yaşayış sahəsinin xərc yanaşması metodu ilə dəyərinin ümumi məbləği 2008-ci ili əhatə edən dövr üçün 226.500,00 manat olması müəyyənləşdirilmişdir. Beləliklə, işin sadalanan hallarından göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi ilə bağlı bir neçə ekspert rəyi mövcuddur və həmin ekspert rəyləri ilə müəyyən edilmiş bazar qiymətləri arasında kəskin fərqlər var. Həmçinin, onu da qeyd etmək lazımdır ki, mübahisəli daşınmaz əmlakla bağlı qiymətləndirmələrin heç biri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakı ilə keçirilməmişdir. Bu əsasdan kollegiya hesab edir ki, iş üzrə əldə olunmuş qiymətləndirmə rəyləri əmlakın real dəyəri ilə bağlı vahid fikrə gəlməyə imkan vermədiyindən əmlakın sökülməsinə görə kompensasiya Bakı şəhəri üzrə aparılmış söküntü işləri ilə bağlı qəbul olunmuş ümumi qiymətlər əsasında hesablanmalıdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 76 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əldə olunmuş razılığa və Səməd Vurğun, Şəmsi Bədəlbəyli, M.Füzuli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X14, Mirzə İbrahimov küçələrində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2011-ci il tarixli, **********27 saylı məktubunda göstərilən ünvanlarda yerləşən mülkiyyətçilərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat məbləğində müəyyən edilmişdir. Kollegiyanın qənaətinə görə Bakı şəhərinin mərkəzi küçələrində yerləşən qeyriyaşayış sahələrinin köçürülməsi üçün hər kv.m üçün 1500 manatdan hesablandığı halda hazırki mübahisələndirilən obyektin sökülməsi müqabilində qeyri-yaşayış sahəsinin hər kv.m üçün həmin məbləğdə kompensasiya hesablanması ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. İşdə olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X11 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx xxxxx 2003-cü ildə 000420 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsi 358,3 kv.m olduğu halda kollegiya həmin sahəyə 537.450 (358,3x1500=537.450) manat dəyərində kompensasiya ödənilməsi nəticəsinə gəlir. Kollegiya iddia tələbinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə görə kompensasiya ödənilməsi hissəsi ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyacı hesab olunur. Sadalanan normalara əsasən mülkiyyətdən məhrum etmə zamanı əmlakın bazar dəyəri miqdarında əvəzi ödənilməlidir. İşdən müəyyən olunur ki, sözügedən qeyri yaşayış-sahəsinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 154 saylı qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə istifadəsinə ayrılmışdır. Həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda mülkiyyət hüququ olmayan əmlaka dair kompensasiyanın tələb edilməsi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin digər hissəsi ilə kollegiya razılaşmayaraq hesab edir ki, iddiaçının qeyri-yaşayış sahəsindən istifadə nəticəsində əldə edəcəyi mənfəətə (əldən çıxmış faydaya) görə 500.000 manat məbləğində vurulmuş ziyanla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmədyindən həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddianın apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, cavabdehdən 537.450 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə təmin edilməməli, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, mütəxəssis tədqiqatına görə xərc iddiaçı və cavabdehdən müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-20/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşmiş İddiaçı mülkiyyətində olmuş 358,3 kv.m. qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 537.450 (beş yüz otuz yeddi min dörd yüz əlli) manat məbləğində pulun İddiaçı ödənilməsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. İddia tələbi digər hissələrdə təmin edilməsin. Cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Mütəxəssis tədqiqatının dəyəri olan 300 manat xərc İddiaçı və Cavabdeh1ndən müştərək qaydada tutularaq "X2 Company" MMC-nin hesabına (ABB-nın Mətbuat şöbəsi, Kodu: 805142, VÖEN: **********, Müx. Hesab: AZ03NABZ********************, S.W.İ.F.T: İBAZAZ2Х, Adı: "X2 Company" MMC, Hesab №: AZ90İBAZ********************, VÖEN: **********) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar