Məhkəmə qərarları › İş №2-1(103)-1686/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1686/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1686/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “aldığı xəsarətin səbəb əlaqəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “aldığı xəsarətin səbəb əlaqəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-989/2020 saylı 14 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin" 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən onun 30.07.2012-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə daxil olmuş və 2012-ci ildə zabit hazırlıq kursunu bitirərək, zabit kimi leytenant hərbi rütbəsində N nömrəli hərbi hissədə xidmətə başlamış, 07.07.2013-cü ildə ehtiyata tərxis olunmuşdur. Zabit kimi xidmətini Qazax rayonu ərazisində döyüş tapşırığı yerinə yetirən N nömrəli hərbi hissənin tərkibində keçmiş, xidmət etdiyi hərbi hissə düşmənlə üz-üzə yaxın bir məsafədə, döyüş tapşırığını yerinə yetirmiş, o da hərbi hissənin idarə heyyətində, leytenant hərbi rütbəsində xidmət etmişdir. 30.07.2012-ci il tarixdə gecə saat təxminən 05:00 radələrində tağımın dayaq məntəqəsində yerləşən, hərbi hissə komandirinin şəxsi tapşırığına əsasən yoxlanılması ona tapşırılan tağımın döyüş postlarını yoxlayarkən, döyüş tapşırığını yerinə yetirərkən, döyüş postlarına gedən yolun sıldırım, çınqıllı və sürüşkən olması səbəbindən yıxılaraq “sağ yanağın qançırı, sol əlin ovuc səthinin sıyrılmış yarası, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, xəsarətini almışdır. Travma ilə əlaqədar olaraq səhər saat 10:00 radələrində hərbi hissənin tibb məntəqəsinə gətirilərək tibbi yardım göstərildikdən sonra növbəti günü öz xidməti yerinə qayıtmışdır. Aldığı travma barədə 24.09.2019-cu il tarixdə N №-li hərbi hissənin komandirinə müraciət etmişdir. N №-li hərbi hissənin komandiri, döyüş tapşırığını yerinə yetirəkən travma almağı barədə hərbi hissənin tibb məntəqəsində olan zədələnmələr kitabından çıxarış edərək 24.09.2019-cu il tarixli 910 №- li arayışı ona təqdim etmişdir. Döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən, xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi məqsədilə, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin 13.02.2020-ci il tarixli, 5 nömrəli göndərişinə əsasən onun sənədləri Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmiş, lakin cavabdeh xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsindən imtina etmişdir. Həmin imtina məktubu ona SHXÇDX-nin Şərur rayon idarəsi tərəfindən 27 aprel 2020-ci il tarixdə, 423 nömrəli arayışla təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-989/2021 saylı 14 aprel 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması, müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-989/2021 saylı 14 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın tamamilə rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı qanunsuz və əsassızdır. Apellyasiya şikayətinə etirazın dəlillləri Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının nüməyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1989-cu il təvəllüdlüdür. AZ seriyalı ******* saylı 06.11.2011-ci il tarixli hərbi biletin 21-ci bəndindən görünür ki, onun hansısa yara və kantusiya alması qeydi edilməmişdir. 910 saylı 24.09.2019-cu il tarixli arayışda iddiaçının 30.07.2012-ci il tarixdə döyüş postlarını yoxlayan zaman xəsarət alması qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin" 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən onun 30.07.2012-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qərar verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbi təmin edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın 854 saylı 16.04.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçın hərbi xidmət dövründə 30.07.2012-ci il tarixdə hərbi hissənin ərazisində yıxılması nəticəsində kəllə beyin travması alması tibb müəssisəsindən verilmiş çıxarış epikrizi ilə təsdiq edilməmiş, hərbi hissə komandiri tərəfindən verilmiş 24.04.2019-cu il tarixli arayışda iddiaçıya kəllə beyin travması doqnozu stasionar şəraitdə qoyulmamış, heç bir həkim nevropotoloq tərəfindən müayinə edilmədən əsassız yazılmışdır. Qeyd olunan imtina məktubu ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. 69/MEŞ saylı 12.02.2021-ci il tarixli ekspert rəyində iddiaçıya 30.07.2012-ci il tarixdə qoyulmuş diaqnozun öz təsdiqini tapması qeyd edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması qərara alınmış və bu zaman məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.3 və 73.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən qənaətə gələrkən qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin “Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı” adlanan 73-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuşdu ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin maddənin 2-ci bəndinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin maddənin 3-cü bəndinə görə isə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsi məcburetmə haqqında iddiaya dair məhkəmə qərarının hansı hallarda qəbul edilməsi ilə bağlı müddəaları özündə əks etdirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının müraciətinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilməmiş, əksinə müvafiq araşdırma aparılaraq inzibati akt qəbul edilmiş, yəni müvafiq məktubla imtina olunduğu üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının müraciətinə münasibət bildirilib imtina verildiyi halda, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoymuşdur. Bu zaman məhkəmə istinad etdiyi İPM-nin 73.2-ci və 73.3.3cü maddələri baxımından iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmadığını, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsinin zəruri olduğunu, məhkəmə tərəfindən müstəqil şəkildə belə araşdırmanın həyata keçirilməsinin mümkün olmadığını öz qərarında əsaslandırmamış və inzibati orqanın üzərinə məhkəmənin qərarında göstərilən hansı hüquqi mövqeyini nəzərə almaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini deyil, məhz iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən münasibət bildirilmədiyi halda məhkəmə həmin müraciətə münasibət bildirmək məqsədilə İPM-nin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada aralıq məhkəmə aktı qəbul edə, cavabdeh inzibati orqana müddət təyin edə bilərdi ki, bu müddət ərzində də inzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməli idi. Lakin yuxarıda da qeyd olunduğu kimi, hazırki işdə cavabdeh inzibati orqanın iddiaçının müraciətinə münasibəti olduğu üçün hüquqi vəziyyət dəyişir. Buna görə də işə baxan məhkəmə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması qənaətinə gəldiyi halda, bunun İPM-nin 33-cü maddəsi ilə tənzimləndiyini nəzərə almamış və qərarını İPM-nin 73-cü maddəsi ilə əsaslandıraraq nəticədə qanunvericiliyin normasını düzgün tətbiq etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 14.04.2021-ci il tarixli qərar ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşə birinci instansiya qaydasında yenidən baxılarkən qeyd olunanlarla yanaşı, həmçinin məhkəmə tərəfindən iddiaçının hüquqi marağının nədən ibarət olması, hüquqi marağının iddia tələbinə uyğun olub-olmaması, iddiaçının hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı hərbi hissənin tibb məntəqəsində olan zədələnmələr kitabında aparılan qeyddə həmin xəsarətlərin səbəbli əlaqəsinin iddiaçı tərəfindən keçən müddət ərzində mübahisələndirilib-mübahisələndirilmədiyi, hazırda iddiaçının qeyd olunan səbəb əlaqəsinin dəyişdirilməsi üçün nə kimi əsaslarının mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-989/2020 saylı 14 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar