Məhkəmə qərarları › İş №2-1(103)-1686/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1686/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1686/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxs X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6 və X7) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13787/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6 və X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və onun qızı X3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanındakı yaşayış sahəsinin 1/5 hissəsinə istifadə hüquqları olmayan şəxslər hesab olunmaları və onların qeydiyyatdan çıxarılmasının Nəsimi Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və X3 mülkiyyətlərində olan ünvan 1 ünvanından qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla üçüncü şəxs X8 ilə aralarında bağlanmış bağışlama müqaviləsinə əsasən ünvan 2 ünvandakı yaşayış sahəsi 7/40 hissə ilə ona bağışlanmışdır və o, həmin müqaviləyə uyğun olaraq 17 may 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin çıxarışda göstərildiyi kimi, o, xx.xx.2023-cü il tarixdən qeyd olunan ünvanın əvvəl özünə məxsus olmuş 3/5 hissəsindən əlavə 1/5 hissəsini də əldə etmiş, ümumilikdə həmin yaşayış sahəsinin 4/5 hissəsinin mülkiyyətçisi olmuşdur. Onun adına reyestrdən çıxarış verilənədək üçüncü şəxslərin onun mülkiyyətində olan həmin ünvanda 1/5 (7/40 hissə) hissədən qeydiyyatdan çıxmalı olmaları barədə öz aralarında şifahi razılığa gəlmişlər. Artıq onun reyestrdən çıxarış aldığı vaxtdan 4 aya yaxın müddət keçsə də, üçüncü şəxslərin sözügedən ünvana heç bir hüquqları qalmadığına baxmayaraq, oradan qeydiyyatdan çıxmırlar. Üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxmaları barədə cavabdeh orqana müraciət edilsə də, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-13787/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, X6 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilmişdir. Həmin qərardan üçüncü şəxslər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, X8 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehə həvalə edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs X8 ilə arasında bağlanmış bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvandakı yaşayış sahəsi 7/40 hissə ilə iddiaçıya bağışlanmış və iddiaçı həmin müqaviləyə uyğun olaraq 17 may 2023-cü il tarixdə müvafiq çıxarışı almışdır. Həmin çıxarışda göstərildiyi kimi iddiaçı xx.xx.2023-cü il tarixdən göstərilən ünvandakı yaşayış sahəsinin əvvəl özünə məxsus olmuş 3/5 hissəsindən əlavə 1/5 hissəsini də əldə etmiş, ümumilikdə həmin yaşayış sahəsinin 4/5 hissəsinin mülkiyyətçisi olmuşdur. İddiaçının adına reyestrdən çıxarış verilənədək üçüncü şəxslərin onun mülkiyyətində olan ünvan 1 ünvanda olan 1/5 (7/40 hissə) hissədən qeydiyyatdan çıxmalı olmaları barədə öz aralarında şifahi razılığa gəlmişlər. Lakin iddiaçının reyestrdən çıxarış aldığından 4 aya yaxın müddət ötsə də, üçüncü şəxslərin həmin ünvana heç bir hüquqlarının qalmadığına baxmayaraq, qeydiyyatdan çıxmırlar. İddiaçı üçüncü şəxslərin mülkiyyətindəki yaşayış sahəsinin qeydiyyatından çıxarılmaları barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müvafiq şöbəsinə ərizə ilə müraciət etsə də, həmin şöbə iddiaçıya rəsmi qaydada xx.xx.2023-cü il tarixli cavab vermiş, həmin cavabda üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda olmalarını iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməsini qeyd etmiş və iddiaçının iddiası təmin olunmuşdur. Tərəflər arasında bağlanmış bağışlanma müqaviləsinin əvəzi olaraq iddiaçı üçüncü şəxsə 25 min manat məbləğində pul verməli və üçüncü şəxs həmin pulun müqavilində yaşayış evi almalı idi. İddiaçı bunu icra etməmiş və onlar arasında qeydiyyatda çıxma ilə bağlı hər hansı bir sövdələşmə olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (elektron) surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 18 saylı evin 23 saylı mənzilinə xüsusi mülkiyyət hüququ 1/5 hissə İddiaçı2, 4/5 hissə İddiaçı1 adlarına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X7 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X6 xx.xx.2022-ci ildən, X7 xx.xx.2016-cı ildən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeydiyyata əsas verən sənədlərin saxlanma müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin Sizə təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 və X3 ünvan 1 ünvanı üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan reyestrdə 4Ə-644 nömrə ilə qeyd edilmiş notariat işində olan xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən X6 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.2 kv.m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus 7/40 hissəsini qardaşı oğlu olan hədiyyə alan İddiaçı1 mülkiyyətinə vermişdir. Həmin notariat işində olan X7 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin X5 məxsus olan 7/40 hissəsinin bağışlanmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 18 saylı evin 23 saylı mənzili iddiaçılar İddiaçı2 (1/5 hissə) və İddiaçı1 (4/5 hissə) xüsusi mülkiyyətindədir. Üçüncü şəxs X6 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.2 kv.m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus 7/40 hissəsini qardaşı oğlu olan İddiaçı1 mülkiyyətinə vermişdir. Digər üçüncü şəxs X7 isə qeydiyyatda olduğu həmin mənzilin bağışlanmasına etiraz etməmişdir. İddiaçı üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, üçüncü şəxslər hazırda həmin ünvanda qeydiyyatda olsalar da, orada yaşamırlar. Üçüncü şəxslər iddiaçıya məxsus ünvanda formal qeydiyyatdadırlar. Üçüncü şəxslərin mübahisəli mənzilə hər hansı hüququnun, o cümlədən istifadə hüququnun olması və həmin mənzildə yaşaması müəyyən edilmir. Üçüncü şəxslərin iddiaçıların mülkiyyətində olan ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçıların mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxslər X6 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13787/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar