Məhkəmə qərarları › İş №2-1(103)-1686/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1686/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1686/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərov və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “qərarın ləğv edilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6586/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 18 iyul 2023-cü il tarixli, 317-1/-A- 161525/2023 nömrəli artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında məktubun etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən pensiyanın yenidən hesablanmasının ləğv edilməsi və xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləğin geri qaytarılması barədə qərarın qəbul edilməsi” bаrədə qərar qəbul edilməsi barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İddiaçı xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə təyin edilmiş 3640 manat məbləğində əmək pensiyasının bərpa edilməsi, iddiaçıya xx.xx.2023-cü il tarixindən etibarən ödənilməmiş 3640 manat pensiya məbləğinin ödənilməsi və artıq ödənilmiş əmək pensiyası kimi müəyyən edilmiş 76669,86 manat məbləğin silinməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin 16 sentyabr 2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3- 14678/2023 saylı “artıq ödənilmiş pensiya məbləği haqqında” qərarın ləğv edilməsi, xx.xx.2008-ci il tarixində cavabdeh orqan tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləğin hesablanaraq iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 iyul 1974-cü il tarixindən əmək fəaliyyətinə başlamış, 1977-1979-cu illər Sovet Ordu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən gəldikdən sonra 16 iyul 1979-cu il tarixindən yaşa görə əmək pensiyasına çıxana qədər, dalğıc peşəsində çalışmışdır. Pensiya yaşına görə işdən çıxan zaman ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası təyin edilmişdir. 22 iyun 2023-cü il tarixində 3-17-1/2- A142874/2023-İİ nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaçıya "Əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət olunması" haqqında məktub daxil olmuşdur. Həmin məktubda "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsaslanaraq qeyd edilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Qanunun bu maddəsinə əsaslandıqda, İddiaçı Zaxaryeviçin 57 yaşı 2015ci il tarixində tamam olmuş, faktiki olaraq 25 il sığorta stajına malik olmuş və əmək pensiya hüququ yarandığı zaman qanunda göstərilmiş işlərdə çalışmışdır. 18 iyul 2023-cü il tarixində 3-17-1/2-A-161525/2023-İİ tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X6 Ramay Zakaryeviçə "artıq ödənilmiş pensiya məbləği haqqında" məktub daxil olmuşdur. Həmin məktuba əsasən iddiaçıya, ona ödənilmiş 76 669.86 (yetmiş altı min altı yüz altmış doqquz manat səksən altı qəpik) manat artıq pul vəsaitinin ödənildiyinin müəyyən edilməsi və həmin məbləğin pensiyasından tutularaq büdcəyə geri ödənilməsi təklif edilmişdir. İddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 31 il 10 ay 17 gün təşkil edib. Bütün bunlardan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin iddiaçının pensiyasından tutulmağa başladı. Bu tam qanunsuzdur. Belə ki, iddiaçı pensiya məbləğini özü-özünə təyin etməmişdir və həmin zaman qanunvericiliyin müəyyən etdiyi həddə ona pensiya təyin edilmişdir. Bundan başqa İddiaçı pensiyasından tutma həyata keçirilərkən Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanunun 39-cu maddəsinin tələbləri kobud pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, araşdırma zamanı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. Eyni zamanda, R.X2 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.1997-ci il tarixədək onun ümumi iş stajı 23 il 5 ay 17 gün (xx.xx.1973-xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975- xx.xx.1975-ci il, xx.xx.1975- 21,04.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1989- cu il, xx.xx.1989-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər), su altında iş müddəti 5663 saat 22 dəqiqə (dalğıc kitabçasına əsasən) təşkil edir. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 31 il 10 ay 17 gün (xx.xx.1973-xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975- xx.xx.1975-ci il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), su altında iş müddəti 8031 saat 12 dəqiqə (dalğıc kitabçasına əsasən) təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixədək adıçəkilən şəxsin iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 37,64 manat (31,88 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixə indeksləşdirilib 58,32 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11479,68 manat sığorta kapitalına uyğun 79,72 (11479,68:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixə 213,04 manat (58,32+79,72+75,00) (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 320,47 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Bununla əlaqədar olaraq, İddiaçı pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyi üçün işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 49177,20 manat sığorta kapitalına görə onun əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin və 45ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (49177,20 : 120 ay (63 il 6 ay- 59 il 3 ay=48 ay+(144 ay-72 ay))=409,81 manat) xx.xx.2017- ci il tarixli müraciətinə əsasən xx.xx.2018- ci il tarixdən yenidən hesablanaraq 320,47 manatdan 730,28 manata (320,47+409,81) (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 1177,87 manat) artırılıb. Qeyd olunanlara əsasən, son üç il üzrə İddiaçı 76669,86 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Bundan başqa, İddiaçı xx.xx.2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 51067,44 manat sığorta kapitalına görə onun əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (51067,44:72 ay (144 ay-72 ay)= 709,27 manat) həmin tarixdən yenidən hesablanarag 1177,87 manatdan 1887,14 manata (1177,87+709,27) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixə 2098,50 manat) artırılıb. Həmçinin, keçmiş müddət üçün ona ödənilməli olan 5512,72 manat pul vəsaiti hesablanıb. Göstərilənlərə əsasən bildiririk ki, iddiaçıya təyin edilən əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanmışdır. İddiaçının ona təyin edilən əmək pensiyasının yenidən hesablanması tələbi əsassızdır. Bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6586/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006- cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, sizə əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 31 il 10 ay 17 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 37,64 manat (31,88 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 58,32 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11479,68 manat sığorta kapitalına uyğun 79,72 (11479,68:144) manat və baza hissəsi (75,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 213,04 (58,32+79,72+75,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 320,47 manat). Eyni zamanda bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 il 6 ay) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2018-ci il tarixində iddiaçının işləyən əmək pensiyaçı olduğu dövrdə qazandığı 49177,20 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (49177,20 : 120 ay (63 il 6 ay – 59 il 3 ay=48 ay+(144 ay-72 ay))=409,81 manat) yenidən hesablanaraq 320,47 manatdan 730,28 manata artırılıb (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1177,87 manat (maddi yardım əlavə edilməklə)). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 7 iyul 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi bildirilib. Qeyd olunanlara əsasən, iddiaçının pensiyasının yenidən hesablanması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində onun iştirakı ilə 20 iyul 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 76669,86 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Bundan başqa, xx.xx.2023-cü il tarixində iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeyd alınmış 51067,44 manat sığorta kapitalına görə əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uğun qaydada (51067,44:72 ay (144 ay-72 ay)= 709,27 manat) həmin tarixdən yenidən hesablanaraq 1177,87 manatdan 1887,14 manata (1177,87+709,27) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2098,50 manat) artırılıb. Həmçinin, keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 5512,72 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş 76669,86 manat pul vəsaitindən, ödənilməli olan 5512,72 manat pul vəsaiti çıxılaraq, ona artıq ödənilmiş 71157,14 manat pul vəsaiti müəyyən edilib. Həmin 71157,14 manat pul vəsaitinin iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi bildirilib. Göründüyü kimi, tərəflərindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil3 ərizə ünvanlayaraq hava şəraiti ilə əlaqədar məhkəmə iclasına çata bilməyəcəyini bildirmiş, apellyasiya şikayətinin təmin olunmamasını, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçının mübahisələndirdiyi qərar xx.xx.2023-cü il tarixlidir, iddiaçı tərəfindən iddia xx.xx.2024-cü ildə qaldırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərarın iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya xx.xx.2010-cu ildə 50 yaşından xüsusi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir, sonradan cavabdeh inzibati orqan əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən sığorta kapitalına uyğun təyin edilməli olduğunu əsas götürərək xx.xx.2023-cü il tarixli qərarla iddiaçının pensiyasını yenidən hesablamış və artıq ödənilmiş pensiya məbləği hesablamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-14678/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 50-dən 52-yə çəkilməklə yenidən hesablanmışdır. Yenidən hesablama nəticəsində pensiyanın məbləği 1177 manat 87 qəpik müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbinin əsasını xx.xx.2008-ci il tarixində cavabdeh orqan tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermədən öncə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləğin hesablanaraq İddiaçı geri qaytarılması öhdəliyini cavabdehin üzərinə qoysa da, apellyasiya instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyasından tutulmalar həyata keçirilməmiş, əmək pensiyasının məbləği yenidən hesablama barədə qərara əsasən müvafiq olaraq azaldılmışdır, bununla bağlı cavabdehin nümayəndəsi tərəfindən X10 Sistemindən çıxarış məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndi üzrə 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır. Beləliklə, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə əsaslı hesab edir. Göründüyü kimi, cavabdeh inzibati orqan İnzibati icraat haqqında qanunun tələblərinə uyğun icraat apardığını və qanunsuz qərar ləğv edilməklə, qanuni qərar qəbul edildiyini iddia edir. Cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.1997-ci il tarixədək 1 nömrəli Siyahı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilərin güzəştli pensiya hüququ gözləntisi 50 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Məhkəmə qeyd edilən mövqeni qəbul etmir. Əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya həmçinin qeyd edir ki, iddiaçı ona pensiya təyin edilən zaman tələb olunan güzəştli və ümumi iş stajına malik olmuşdur. Həmçinin, apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi də izahatında güzəştli və ümumi iş stajı ilə bağlı mübahisə olmadığını bildirdi. Bundan əlavə, qeyd edilməlidir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənilir. Məhkəmə kollegiyası həmçinin, oxşar işlər üzrə məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur ( Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1573/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı) Cavabdeh qurum vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməli və iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Qanunvericiliyin tələblərindən aydın olduğu kimi, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq xx.xx.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə (20 ildən artıq ümümi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 50 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası hətta onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırki işdə əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə Ali Məhkəmənin 2-1(102)- 3135/2024 saylı, xx.xx.2024-cü il tarixli 3 ulduzlu qərarında da mövqe bu şəkildə əsaslandırılmışdır. Odur ki, həm maddi, həm də prosessual qanunvericiliyin tələbləri baxımından əmək pensiyasının yenidən hesablanaraq iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin azaldılması üçün əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı sonuncu dəfə iddia tələbini “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-14678/2023 saylı “artıq ödənilmiş pensiya məbləği haqqında” qərarın ləğv edilməsi, xx.xx.2008-ci il tarixində cavabdeh orqan tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləğin hesablanaraq iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” şəklində dəqiqləşdirmiş, (iş mat. Səh 72, ərizə xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir) birinci instansiya məhkəməsi də iddia tələbini o formada təmin edərək, qərarın nəticə hissəsində həmçinin xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının ləğv edilməsi öhdəliyini cavabdeh inzibati orqanın üzərinə qoymuşdur. Halbuki apellyasiya instansiya məhkəməsində icraat zamanı iş araşdırılarkən xx.xx.2023-cü il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qərarın mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sonuncu dəfə iddia tələbini mövcud olmayan inzibati aktın ləğvi şəklində dəqiqləşdirsə də, onun hüquqi marağı nəticə etibarilə xx.xx.2023-cü il tarixli, 3-17-1/3-14678/2023 saylı Əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilərək, ona əvvəl təyin edilmiş əmək pensiyası məbləğinin bərpa edilməsinə yönəldiyindən və birinci instansiya məhkəməsinin qərarı ilə mübahisələndirilən qərar ləğv edilərək xx.xx.2008-ci il tarixində cavabdeh orqan tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını bərpa edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərində qoyulduğundan, qərarda həmçinin “xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının ləğv edilməsi” şəklində gəlinən nəticə birinci instansiya məhkəməsinin qərarının mahiyyəti üzrə əsaslılığına təsir etməməklə, onun ləğvi üçün əsas ola bilməz. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar “xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləğin hesablanaraq İddiaçı geri qaytarılması” əvəzinə “xx.xx.2023-cü il tarixindən hazırkı iş üzrə qəbul edilən qərar qanuni qüvvəyə minənədək ödənilməmiş fərqin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun” qeyd edilməklə və “xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının ləğv edilməsi” sözləri çıxarılmaqla dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6586/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarı “xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləğin hesablanaraq İddiaçı geri qaytarılması” əvəzinə “xx.xx.2023-cü il tarixindən hazırkı iş üzrə qəbul edilən qərar qanuni qüvvəyə minənədək ödənilməmiş fərqin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun” qeyd edilməklə və “xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının ləğv edilməsi” sözləri çıxarılmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Namiq Cəfərov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar