Məhkəmə qərarları › İş №2-1(103)-1687/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1687/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1687/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı (digər iddiaçıların qanuni nümayəndəsi) İddiaçı1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətə cavab verilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1551/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 07.12.2020-ci il tarixli və 07.06.2021-ci il tarixli şikayət ərizələrinə dair cavabdeh tərəfindən nümayiş etdiyi hərəkətsizliyin qanunsuz hesab edilməsi, “Koronavirus (Covid 19) pandemiya dövründə xüsusi karantin rejiminin 2020-ci il aprel, may, iyun, iyul aylarında tətbiqi olunması ilə əlaqədar, 1-ci Qarabağ müharibəsi qazisi İddiaçı1 yetkinlik yaşına çatmamış övladlarına vurulmuş 2040 manat məbləğində maddi ziyanın cavabdeh tərəfindən ödənilməsi, 1-ci Qarabağ müharibə iştirakçısının yetkinlik yaşına çatmamış övladlarının hüquqlarının pozulması və onlara qarşı nümayiş olunan qanunsuz hərəkətsizlik zəminində, aylıq hər bir uşağa 170 manat birdəfəlik ödəmə edilməməsi nəticəsində İddiaçı1 yetkinlik yaşına çatmamış övladlarına 300 manat məbləğində vurulmuş mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxxx 1962-ci il təvəllüdlü ehtiyatda olan zabitdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmışdır. Qarabağ müharibə veteranıdır. Yetkinlik yaşına çatmayan üç övladının müraciətinə cavabdeh tərəfindən baxaraq müraciət tarixinə himayədə olan şəxs olduqları üçün (18 yaşları tamam olmadığı üçün), onlara 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. ”Koronavirus COVİD-19)” pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar o və onun yetkinlik yaşına çatmayan üç övladı çətin maddi duruma düşmüşdür. 2020-ci il üçün Dövlət tərəfindən bir uşağın saxlanmasına 170 manat minimumu müəyyənləşdirilmişdi. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Koronavirus (COVİD-19)” pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi olunması ilə əlaqədar o valideyn borcunu uşaqlara qarşı yerinə yetirə bilmədiyindən yetkinlik yaşına çatmayan uşaqlara ziyan vurularaq hüquqların pozulması ilə nəticələnmişdir. Bu barədə o, 07 dekabr 2020-ci il tarixli şikayət ərizəsi ilə cavabdehə müraciət edərək məlumat vermişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən hərəkətsizliyə yol verilmiş və ona qarşı Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsindən irəli gələn “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun tələbləri pozulmuşdur. 07 iyun 2021-ci il tarixdə yenidən cavabdehə müraciət edib şikayətinin həll edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1551/2022 saylı, 16 fevral 2022-ci il qərardadı (hakim Ş.Həsənova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Koronavirus (COVİD-19) pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar o valideyn borcunu uşaqlara qarşı yerinə yetirə bilmədiyindən yetkinlik yaşına çatmayan uşaqlara ziyan vurularaq hüquqların pozulması ilə nəticələnmişdir. Bu barədə o, 07 dekabr 2020-ci il tarixli və sonradan 07 iyun 2021-ci il tarixli şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək məlumat vermişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hərəkətsizliyə yol verilmiş və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsindən irəli gələn “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun tələbləri pozulmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. İş materiallarından göründüyü kimi, iddiaçı karantin rejiminin tətbiq olunduğu dövr ərzində çətin maddi duruma düşdüyünü qeyd etsə də, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində onun və uşaqlarının hüquqlarının pozulması hallarını aydınlaşdırmamış və bu hallar da iş materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçılar şikayət ərizələrində Koronavirus (COVİD-19)” pandemiya dövründə xüsusi karantin rejiminin 2020-ci ilin aprel, may, iyun, iyul aylarında tətbiq olunması ilə əlaqədar yetkinlik yaşına çatmayan üç uşağına 2040 manat və valideynə 760 manat məbləğində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş etmişlər. İddiaçıların 07.12.2020-ci il tarixli müraciətləri cavabdeh inzibati orqan tərəfindən 10.12.2020-ci il tarixdə poçt vasitəsilə qəbul edilmiş, aidiyyəti üzrə nazirliyin tabeliyində X1 4 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən 21 yanvar 2021-ci il tarixli, **********2 nömrəli məktubla cavablandırılmış, qeyd olunan məktub poçt vasitəsi ilə iddiaçıların ünvanına göndərilmişdir. 07 iyun 2021-ci il tarixli müraciətin isə 11.06.2021-ci il tarixdə poçt vasitəsilə qəbul edilməsi barədə poçt zərfində qeydiyyat aparılsa da cavabdeh inzibati orqan tərəfindən araşdırma zamanı həmin müraciətin qeydə alınmaması müəyyən edilmişdir. Lakin apellyasiya baxışında iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının 07.06.2021-ci il tarixdəki müraciəti 07.12.2020-ci il tarixli müraciəti ilə eyni məzmunlu olmuşdur. Həmçinin, iddiaçı məhkəmə araşdırması zamanı onun ilkin müraciətinə elektron formada cavab verildiyini, lakin kağız daşıyıcı da cavab gəlmədiyini bildirmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.0.2-ci maddəsinə əsasən müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. - 3.0.11-ci maddəsinə əsasən yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciətdir. - 6.2-ci maddəsinə görə yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. - 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. - 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. - 7.4-cü maddəsinə görə vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. - 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. - 8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Göründüyü kimi, iddiaçıların subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarının pozulması faktı müəyyən edilmir. Plenum qərarında həmçinin qeyd edilir : Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa Məhkəmə kollegiyası maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, “Koronavirus (Covid 19) pandemiya dövründə xüsusi karantin rejiminin” Azərbaycan Respublikası ərazisində tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Lakin iddiaçıların tələbi “Koronavirus (Covid 19) pandemiya dövründə xüsusi karantin rejiminin 2020-ci il aprel, may, iyun, iyul aylarında tətbiqi olunması ilə əlaqədar İddiaçı1 yetkinlik yaşına çatmamış uşaqlarına vurulmuş 2040 manat məbləğində maddi ziyanın, yetkinlik yaşına çatmamış uşaqların hüquqlarının pozulması və onlara qarşı nümayiş olunan qanunsuz hərəkətsizlik zəminində, aylıq hər bir uşağa 170 manat birdəfəlik ödəmə edilməməsi nəticəsində İddiaçı1 yetkinlik yaşına çatmamış övladlarına 300 manat məbləğində vurulmuş mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi ilə bağlıdır. Göründüyü kimi xüsusi karantin rejiminin tətbiqi ilə bağlı digər hallarda, konkret olaraq yetkinlik yaşına çatmamış uşaqların müdafiəsi ilə bağlı ödəmələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər hansı cavabdehlik daşımır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1551/2022 saylı, 16 fevral 2022-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar