Məhkəmə qərarları › İş №2-1(103)-1688/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1688/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1688/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı (xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(112)-218/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 22.07.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ukraynanın Milli Texniki Universiteti tərəfindən ona verilmiş B 18 seriyalı, 217491 saylı diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi (nostrifikasiyası) haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə Ukraynanın Milli Texniki Universitetinə daxil olmuşdur. 4 il müddətində həmin ali təhsil müəssisəsində bakalavr təhsil pilləsində “elektrik mühəndisliyi və elektrotexnika” ixtisası üzrə ali təhsil almış və 2018-ci ildə həmin universiteti bitirmişdir. Ona adıçəkilən universiteti bitirməyinə dair “B 18” seriyalı, “217491” saylı diplom verilmişdir. Tədris müddətində həmin ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə olmuş və ona tədris olunmuş fənlər üzrə keçirilən imtahanlarda iştirak etməklə müvəffəq qiymət almışdır. Həmin diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə tərəfindən cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh inzibati orqanın 01.07.2019-cu il tarixli cavab məktubunda müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın yuxarıda qeyd edilmiş məsələ ilə bağlı ərizənin icrasından imtinası tam olaraq əsassız və qanunsuzdur. Ona görə ki, o, tədris müddətində təhsil aldığı ölkədə olmuş və tədris dilini bilmə səviyyəsi qənaətbəxşdir. Bakı İnzibati Məhkəməsinin 18.10.2019-cu il tarixli, 2-1(82)-2909/2019 saylı qərardadı ilə (hakim X.İmanov) İddiaçı Abbas oğlunun cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə: X3 Milli Texniki Universiteti tərəfindən adına verilmiş 30.06.2018-ci il tarixli, B18 217491 nömrəli diplom üzrə ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsil Nazirliyinə təqdim edilməsi üçün İddiaçı Abbas oğluna 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 30.01.2020-ci il tarixli, 18-18-07/12 saylı məktubunda Məhkəmənin 18.10.2019-cu il tarixli, 2-1(82)-2909/2019 saylı qərardadının icra edildiyi və ekspert qrupu tərəfindən iddiaçı ilə yenidən müsahibə aparılaraq, ixtisasının tanınması ilə bağlı imtinanın qüvvədə saxlanıldığı qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(112)-218/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilmiş, Ukrayna Respublikası Mərkəzi Ukrayna Milli Texniki Universiteti tərəfindən İddiaçı verilmiş qeydiyyat nömrəsi B18 № 217491 olan 30.06.2018-ci il tarixli diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 06.05.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(112)-218/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tədris dili üzrə bilik səviyyəsinin aşağı olması onun aldığı təhsilin məzmununa uyğun hesab oluna bilməz və onun əldə etdiyi təhsilin keyfiyyətini şübhə altına almış olur. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3.-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - Ukrayna Respublikası Mərkəzi Ukrayna Milli Texniki Universiteti tərəfindən verilmiş qeydiyyat nömrəsi B18 № 217491 olan, 30.06.2018-ci il tarixli diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təhsil forması qiyabi, təhsil müddəti 4 il 10 ay (240,00 ECTS krediti), tədris dili rus dili və ukrayna dili olmaqla 2018-ci ildə Ukrayna Respublikası Mərkəzi Ukrayna Milli Texniki Universitetinin tam kursunu bitirmiş, elektrik mühəndisliyi və elektromexanika ixtisası üzrə bakalavr dərəcəsini qazanmışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış A-429/03-ANJ №-li, 01.07.2019-cu il tarixli məktubdan və ona əlavə olunmuş 18.06.2019-cu il tarixli sənəddən görünür ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, A78B840C2319963 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - Bakı Slavyan Universiteti Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov tərəfindən məhkəməyə ünvanlanan 26.11.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasının təhsil sahəsinə dair normativ-metodik sənədlərdə, eləcə beynəlxalq təhsil təcrübəsində hər hansı xarici dildə, o cümlədən rus dilində nitq fəaliyyətin üç səviyyəsi müəyyənləşdirilir: reseptiv, reproduktiv və produktiv. Özgə dildə nitqin reseptiv səviyyəsi dedikdə, danışan şəxsin yalnız həmin dildə nitqi dinləyib anlama, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməməsi qabiliyyəti nəzərdə tutulur. Reproduktiv nitq səviyyəsinə malik olan şəxs dinlədiyi, eləcə də oxuduğu mətnlərii yenidən canlandırır, ona mətnlə bağlı verilən sadə sualları anlaşıqlı şəkildə, dilin fonetik, leksik və qrammatik qaydalarına uyğun olaraq cavablandırır. Produktiv nitq qabiliyyətinə malik olan şəxs nəinki xarici dildə danışanı dinləyib başa düşür, onunla üsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olur. Produktiv səviyyə məhsuldar səviyyə hesab olunur. Bu səviyyə özünü mövcud iki - yazılı və şifahi - formada büruzə verir. İddiaçı özü və aldığı elektrik mühəndisliyi və elektrotexnika ixtisası ilə bağlı ona verilən ən müxtəlif suallara şifahi və yazılı formada cavab verir. Nitqində bəzi fonetik, orfoqrafik və qrammatik səhvlərə yol versə də, demək olar ki, fikrini düzgün ifadə edir. İddiaçı rus dilində lüğət ehtiyatı kifayət qədər zəngindir. “Elektrik mühəndisliyi və elektrotexnika” ixtisasına dair müxtəlif nitq situasiyalarını əks etdirən suallara dolğun cavablar onun bakalavr səviyyəsində yaxşı ali təhsil aldığına, rus dilində sərbəst surətdə dinləyib anlama, danışma, oxu və yazı bacarıqlarına, ixtisasına dair produktiv nitq səviyyəsinə malik olmasına əyani təzahürüdür. İddiaçı aldığı ixtisasa dair terminoloji söz və ifadələrdən yerində və düzgün istifadə etməyi bacarır, mühəndislik və elektrotexnikaya dair anlayışların izahını verə bilir, asanlıqla sərbəst nitq fəaliyyəti nümayiş etdirir. Hesab etmişdir ki, İddiaçı rus dilini təlim dili kimi bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən mövcud tələblərə tam cavab verir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Ukrayna Respublikası Mərkəzi Ukrayna Milli Texniki Universiteti tərəfindən İddiaçı verilmiş qeydiyyat nömrəsi B18 № 217491 olan, 30.06.2018-cı il tarixli diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən (ali təhsilə aid kvalifikasiyanın tanınmasından) cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, 01.03.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.28-ci bəndinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə X2 Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentiliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. Həmin Nizamnamənin 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tədris dilinin tam səviyyədə bilməməsi müəyyən edilmiş, bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir Məhkəmə Kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan maddələrin tələbləri belə nəticəyə gəlməyə əsas verir ki, qanunvericilikdə inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanı (diskresion səlahiyyətlər) verilmiş və bu səlahiyyətləri həyata keçirən zaman onların hədlərini, məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyini və vətəndaşların hüquq və azadlıqlarına əsassız şəkildə müdaxilənin yolverilməzliyi nəzərə alınmalıdır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunauyğun şəkildə həyata keçirilməməsi və bu zaman iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməsi ilə bağlı hər hansı halın mövcudluğu iş üzrə öz təsdiqini tapmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü və 24.4-cü maddələrinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyası iş materiallarında olan Bakı Slavyan Universitetinin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov tərəfindən verilmiş 26.11.2020-ci il tarixli mütəxəssis rəyinə tənqidi yanaşaraq qeyd edir ki, iş materiallarında həmin rəyin verilməsinə əsasən olmuş sənəd-sübut, disk mövcud deyildir. Eyni zamanda işin apellyasiya icraatı zamanı məhkəmə iclasında iddiaçıya oxuduğu universitet, ixtisasla bağlı suallar verilmiş, iddiaçı həmin sualları çətinliklə cavablandırmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı 2014-cü il tarixdə Universitetə qəbul olmasını və 4 il təhsil almasını qeyd etsə də, iş materiallarında olan diploma əlavədə onun 09.09.2013-30.06.2018-ci il tarixlərdə təhsil aldığı göstərilmişdir. Göründüyü kimi, qanunvericilikdə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olan inzibati orqan buna kifayət qədər əsaslar olduğu halda hüquqi yardım üçün digər qurumlara da müraciət etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz (73.3.1.). İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır (74). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(112)-218/2021 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(112)-218/2021 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “Ukraynanın Milli Texniki Universiteti tərəfindən ona verilmiş B 18 seriyalı, 217491 saylı diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi (nostrifikasiyası) haqqında şəhadətnamənin verilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar