Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1688/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1995-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 2 №-li X9 sanitar, xx.xx.1995-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də elektrik çilingəri və akkumlyatorçu peşəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" ASC-də paltaryuyan peşəsində işləmişdir. Həmçinin 2 №-li X5 57 saylı xx.xx.1995-ci il tarixli arayışının surətindən görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 2 №-li X9 sanitar işləmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-01824-2021 sylı 05 may 2021-ci il tarixli Arxiv Arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı şəhər Baş Səhiyyə İdarəsinin Xətai rayon 2 №-li X5 arxiv sənədlərinin 1993-1994-cü illərə dair əmək haqqı cədvəllərində İddiaçı əmək haqqı hesablanması barədə bəzi məlumatlar mövcuddur. Mövcud dövrlərə dair tərtib edilmiş arxiv arayışı əmək haqqı cədvəlindən görünür ki, G.Əliyev 1993-cü ilin sentyabr ayından 1994-cü ilin dekabr ayınadək (dekabr ayıda daxil olmaqla) əmək haqqı almışdır. "xxxx" MMC-nin arayışından görünür ki, iddiaçının həmin MMC-də elektrik çilingəri və akkumlyatorçu peşələrində işlədiyi xx.xx.1995-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddət yəni 13 il 09 ay 3 gün əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı hesab olunur. Beləliklə, iddiaçıya yuxarıda qeyd olunan sənədlər əsas götürülməklə xx.xx.2017-ci il tarixjən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, lakin sonradan onun pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bu məsələnin araşdırılması məqsədilə iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Pensiya ödənişinin dayandırılması haqqında” **********2 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına uyğun olaraq) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı sizə vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyiniz 26 dekabr 1995-ci il tarixli İT-l seriyalı ******* saylı əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun ümümi iş stajı 20 ildən az (19 il 1 ay 3 gün) (1 yanvar 2006-cı il tarixinədək 10 il 3 ay 3 gün, 1 yanvar 2006-cı il tarixindən pensiya təyin edildiyi xx.xx.2017-ci il tarixinədək 8 il 10 ay) olduğu müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə X6 departamenti tərəfindən sizə xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8544,45 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması xahiş edilmişdir. Əks halda sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. İddiaçı cavabdeh inzibati orqanın adı çəkilən məktubu ilə razılaşmayaraq ona təyin edilmiş pensiyanın bərpa edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 2 saylı X7 xadimə vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də elektirk çilingəri və akkumlyatorçu vəzifəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" ASC-də paltaryuyan vəzifəsində işləmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də işlədiyi elektrik çilingəri və akkumlyatorçu vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlər pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”sı üzrə güzəştli şərtlələrlə pensiya hüququ verən vəzifələrdir. Hal-hazıradək 21 ildən çox ümumi və 13 ildən çox xüsusi əmək stajı vardır. xx.xx.2017-ci il tarixdə ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin xx.xx.2021-ci il tarixdə əmək pensiyası dayandırılmışdır. Əmək pensiyasının hansı səbəblərə görə dayandırılması və əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. “İnzibati icraat haqqında” Azırbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən, İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər, 67.8-ci maddəsinə əsasən isə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 departamenti tərəfindən araşdırılmışdır. Həmin Qanunun, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına uyğun olaraq) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi 26 dekabr 1995-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən ümümi iş stajı 20 ildən az (19 il 1 ay 3 gün) (1 yanvar 2006-cı il tarixinədək 10 il 3 ay 3 gün, 1 yanvar 2006-cı il tarixindən pensiya təyin edildiyi xx.xx.2017-ci il tarixinədək 8 il 10 ay) olduğu müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə X6 departamenti tərəfindən iddiaçıya xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8544.45 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona xx.xx.2021-ci il tarixli **********2 saylı və xx.xx.2021-ci il tarixli **********8 saylıməktublarla artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması bildirilmiş, əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı güzəştli şərtlərlə (52 yaşdan) əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 2 №-li X9 sanitar işlədiyi qeyd olunsa da, bu fakt iddiaçıya məxsus əmək kitabçasında öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçının 52 yaşı tamam olduğu vaxt qüvvədə olan normalara əsasən onun tələb olunan 20 il ümumi sığorta stajı olmamışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddia tələbi təmin edilərək cavabdehin üzərinə iddiaçıya güzəştli şərtlərlə (52 yaşdan) əmək pensiyasının bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu əsaslandırmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayəti qərəzli və əsassız olmaqla onun qanunla qorunan hüuquqlarını pozur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ona qanunla şamil edilmişdir. Cavabdeh inzibati orqan haqsız və ədalətsiz olaraq onun qanuni və ədalətli haqqını inkar edir, etirazını bildirir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “əmək pensiyasının bərpa edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının ümumi iş stajının 25 ildən, xüsusi iş stajının isə 10 ildən artıq olmasına istinad edərək, onun 52 yaşının tamam olduğu yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasına istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında qeyd olunanlarla razılaşaraq aşağıdakıların da diqqətə çəkilməsini zəruri hesab edir. İşdə olan iddiaçıya aid 042513 saylı pensiyaçının uçot vərəqəsindən görünür k, İddiaçı xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa pensiya təyin edilmişdir. "xxxx" MMC-nin iyun 2017-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC "xxxx" MMC-də elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri, elektrik sexində akkumlyatorçu vəzifəsində işləmiş, əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 23 il 09 ay 03 gün təşkil edir. Cavabdehin xx.xx.2021-ci il tarixli (iş v.4) məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır və buna səbəb kimi aparılan araşdırma zamanı iddiaçının ümumi iş stajının olmaması göstərilmişdir. Qeyd olunan məktubun məzmununa görə təyin edilmiş pensiyanın dayandırılma əsası kimi cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Departamenti tərəfindən aparılan araşdırmalara istinad etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqanın “pensiya ödənişinin dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli məktubun məzmunundan (i.v.4) məlum olur ki, İddiaçı əmək pensiyasının ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Departamenti tərəfindən aparılan araşdırma nəticəsində dayandırılmış, bu barədə həmin Departamentin məktubunun olduğu barədə qeyd iddiaçının X10 Sistemindən çıxarışda da aparılmışdır. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçı barəsində olan X10 Sistemindən çıxarışdan məlum olur ki, iddiaçıya xx.xx.2017-ci il tarixli qərarla təyin edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya xx.xx.2021ci il tarixdən dayandırılmışdır. Əmək pensiyasının dayandırılması haqqında qərar isə xx.xx.2021-ci il tarixlidir. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2017-ci tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsiiddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərarı qəbul etmiş, bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində əvvəlcə pensiya alt sistemindən çıxarışa əsasən iddiaçıya təyin edilmiş pensiyanı xx.xx.2021-ci il tarixdə dayandırmaqla, sonradan xx.xx.2021-ci il tarixli qərarla əmək pensiyasının dayandırılması haqqında qərar qəbul etməklə, daha sonra isə bu barədə iddiaçıya vaxtında heç bir məlumat vermədiyi halda yalnız xx.xx.2021-ci il tarixli məktubla pensiya ödənişinin dayandırıldığını bildirərək artıq ödənilmiş pulların geri qaytarılmasını tələb edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixli “pensiya ödənişinin dayandırılması haqqında” məktubunda iddiaçının ümumi stajının 20 ildən az (19 il 1 ay 3 gün (xx.xx.2006-cı il tarixədək 10 il 3 ay 3 gün, xx.xx.2006-cı il tarixdən pensiya təyin edildiyi tarixədək (xx.xx.2017-ci il tarixədək) 8 il 10 ay) təşkil etməsi ilə bağlı onun güzəştli pensiya hüququnun olmamasına istinad etməklə kifayətlənmişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçıya ünvanlanmış “pensiya ödənişinin dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli məktub əslində, iddiaçı barəsində qanun çərçivəsində həyata keçirilə bilən inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati aktla bağlı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə göndərilə biləcək “tələbnamə” qismində çıxış edir, çünki həmin məktub “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “inzibati akt” anlayışına və meyarlarına cavab vermir. Digər tərəfdən, qeyd olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021ci il tarixli məktubla iddiaçının pensiya ödənişinin dayandırılması nəzərə çatdırılmaqla yanaşı, həm də artıq ödənilmiş məbləğin geri qaytarılması tələb olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunan hər iki məsələnin iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati akta yönəlik məsələ olduğunu nəzərə alaraq hesab edir ki, hər iki məsələ barədə ayrıayrılıqda inzibati akt qəbul edilməli idi. Lakin göründüyü kimi, cavabdeh inzibati orqan hər iki məsələ ilə bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli məktub ünvanlamaqla kifayətlənmiş, pensiyanın dayandırılması barədə qəbul etdiyi inzibati aktı alt sistemdə pensiya ödənişi dayandırıldıqdan sonra qəbul etməklə, həmin inzibati aktı iddiaçıya göndərməmiş, bu barədə ona məlumat verməmiş və tələb olunan 8544.45 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını da əsaslandırmamışdır. Bundan başqa, X10 Sistemindən çıxarış məlumatına əsasən iddiaçıya xx.xx.2021ci il tarixdə pensiya ödənişi dayandırıldığı halda, bu barədə sözügedən xx.xx.2021-ci il tarixli məktub bundan 1 aya yaxın müddət keçdikdən sonra göndərilmiş, həmin məktubun hansı tarixdə iddiaçıya göndərilməsi, bu artıq ödəmənin qaytarılmasına sonuncunun razı olub-olmadığını bildirmək üçün ona vaxtın verildiyi kimi hallar da cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dayandırılmış pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Bu barədə Kollegiya onu da qeyd edir ki, məhkəmə qərarının nəticə hissəsində iddiaçının pensiya ödənişinin hansı tarixdən bərpa olunması məsələsi göstərilməsə də, bu hal kobud pozuntu kimi qiymətləndirilmədiyi üçün qərarın ləğvi üçün də əsas yaratmır. Buna görə də məhkəmə qərarı iddiaçıya pensiya ödənişinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya pensiya ödənişinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarı İddiaçı pensiya ödənişinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1688/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1688/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver