Məhkəmə qərarları › İş №2-1(103)-1689/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1689/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1689/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Həmidov Həmid Üzeyir oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə. İddiaçının cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2-1(112)-1337/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2-1(112)-1337/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, 11-ci Nərimanov döngəsində yerləşən şəxsi mülkiyyətində olan 156,9 kv.m torpaq sahəsinə görə əlavə 20 faiz ödənişlə birlikdə ona 625187,506 (altı yüz iyirmi beş min yüz səksən yeddi) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06.08.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Nərimanov döngəsi, 22 saylı ev onun xüsusi mülkiyyətində olmuşdur. Həmin ev eyni zamanda xüsusi mükiyyətində olan torpaq sahəsinin üzərində yerləşmişdir. Torpaq sahəsi ümumilikdə 156,9 kv.m. təşkil etmişdir. Ev və köməkçi sahələr isə birlikdə 130 kvm. təşkil etmişdir. Evlə birlikdə torpaq sahəsi də onun istifadəsində və sərəncamda olmuşdur. Cavabdeh Yasamal rayonu, 11-ci Nərimanov döngəsi, ev 22 ünvanında yerləşən yaşayış evinə görə 28.11.2018-ci il tarixdə ünvan 1ntorunda onunla alqı-satqı müqaviləsi bağlayaraq ona 228.493 (iki yüz iyirmi səkkiz min dörd yüz doxsan üç) manat kompensasiya ödəmişdir. Lakin Cavabdeh bu günki günə kimi ona qanunsuz olaraq evinin yerləşdiyi torpaq sahəsinə görə ayrıca kompensasiya ödəməmişdir. Dəfələrlə Yasamal RİH-nə torpaq sahəsinə görə kompensasiya almaq üçün müraciət etsə də əsassız olaraq imtina cavabı almışdır. Bundan əlavə torpaq sahəsinin hər bir kv.metri Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onlara verilmiş torpaq sahəsinin qaiməsində (sertifikatında) 3320.52 AZN məbləğində qiymətləndirilmişdir. Qeyd edilən sənəd X5 Kitabında 05.07.2011-ci il tarixdə, 26928 nömrə ilə uçota alınmışdır. Hətta hal-hazırda həmin ərazinin bazar dəyəri isə hər kv.m. üçün 4500-5000 manat arasında təşkil edir. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh tərəfindən ona həmin torpağın 1 kv.m. dəyəri ən az 3320,52 manat hesablanmaqla 156,9 kv.m. torpaq sahəsinə görə 520989,588 manat kompensasiya ödənilməlidir. Həmçinin qanunvericiliyə uyğun olaraq 20 faiz əlavə (104197,918 manat) hesablanmaqla ümumilikdə 625187,506 (altı yüz iyirmi beş min yüz səksən yeddi) manat kompensasiya ödənilməlidir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və cavabdehin nümayəndəsinin izahatı: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Nərimanov döngəsi, 22 saylı ev onun xüsusi mülkiyyətində olmuşdur. Həmin ev eyni zamanda xüsusi mükiyyətində olan torpaq sahəsinin üzərində yerləşmişdir. Torpaq sahəsi ümumilikdə 156,9 kv.m. təşkil etmişdir. Ev və köməkçi sahələr isə birlikdə 130 kvm. təşkil etmişdir. Evlə birlikdə torpaq sahəsi də onun istifadəsində və sərəncamda olmuşdur. Cavabdeh Yasamal rayonu, 11-ci Nərimanov döngəsi, ev 22 ünvanında yerləşən yaşayış evinə görə 28.11.2018-ci il tarixdə ünvan 1ntorunda onunla alqı-satqı müqaviləsi bağlayaraq ona 228.493 (iki yüz iyirmi səkkiz min dörd yüz doxsan üç) manat kompensasiya ödəmişdir. Lakin Cavabdeh bu günki günə kimi ona qanunsuz olaraq evinin yerləşdiyi torpaq sahəsinə görə ayrıca kompensasiya ödəməmişdir. Dəfələrlə Yasamal RİH-nə torpaq sahəsinə görə kompensasiya almaq üçün müraciət etsə də əsassız olaraq imtina cavabı almışdır. Bundan əlavə torpaq sahəsinin hər bir kv.metri Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onlara verilmiş torpaq sahəsinin qaiməsində (sertifikatında) 3320.52 AZN məbləğində qiymətləndirilmişdir. Qeyd edilən sənəd X5 Kitabında 05.07.2011-ci il tarixdə, 26928 nömrə ilə uçota alınmışdır. Hətta hal-hazırda həmin ərazinin bazar dəyəri isə hər kv.m. üçün 4500-5000 manat arasında təşkil edir. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh tərəfindən ona həmin torpağın 1 kv.m. dəyəri ən az 3320,52 manat hesablanmaqla 156,9 kv.m. torpaq sahəsinə görə 520989,588 manat kompensasiya ödənilməlidir. Həmçinin qanunvericiliyə uyğun olaraq 20 faiz əlavə (104197,918 manat) hesablanmaqla ümumilikdə 625187,506 (altı yüz iyirmi beş min yüz səksən yeddi) manat kompensasiya ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi sadalanan faktlara nəinki düzgün qiymət verməyərək,ümumiyyətlə diqqət yetirməyərək kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 20.11.2018-ci il tarixdə İddiaçı qızma verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi (vahid daşınmaz əmlak obyekt) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, 16.02.2018-ci il tarixli qərarının təsiri altına düşdüyündən daşınmaz əmlakı dövlət ehtiyacları üçün alan orqan kimi müəyyən edilən cavabdehlə iddiaçı arasında həmin əmlakın alqı-satqısına dair notariat qaydasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya 228493 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçıya ödənilmiş kompensasiya məbləği hesablanarkən iddiaçının mülkiyyətində olan 156,9 kv.metr torpaq sahəsi üçün 78450 manat da nəzərə alınmışdır. Hazırda iddiaçı mülkiyyətində olan torpaq sahəsinə görə ona ayrıca kompensasiya ödənilmədiyini iddia edərək həmin torpaq sahəsinə görə kompensasiya tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı və cavabdehin iradə ifadəsini əks etdirən həmin alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir və hazırkı vaxtadək qüvvədədir. Lakin məhkəmənin nəzərə almadığı həmin 28.11.2018-ci il tarixli alqı-satqı müqaviləsinin sadəcə olaraq ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka yəni fərdi yaşayış evinə münasibətdə bağlandığıdır. Həmçinin həmin müqavilənin predmeti olan daşınmaz əmlak AR ƏMDK DƏDRX tərəfindən 20.11.2018-ci il tarixdə **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda da fərdi yaşayış evi kimi qeyd olunmuşdur. Yəni müqavilənin alq-satqı müqaviləsinin predmeti sadəcə həmin fərdi yaşayış evi olmuş və kompensasiya yalnız həmin yaşayış evinə münasibətdə mənə ödənilmişdir. Həmçinin həmin yaşayış evi ilə birlikdə torpaq sahəsinin real bazar dəyəri də mənə verilən kompensasiyadan qat-qat çəxdur. Alqı-satqı müqaviləsi bağladığı zaman həmin kompensasiyanın sadəcə evə münasibətdə iddiaçıya verildiyi bildirilmişdi. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı, iddiaçının vəkili Vəkil və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı, iddiaçının vəkili və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı, iddiaçının vəkili və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA0382908 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı, ******* №-li, 20.11.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv.m. daşınmaz əmlak və həmin əmlakın yerləşdiyi 0,01569 ha ölçüsü olan torpaq sahəsi İddiaçının xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********86-10301 №-li, 19.11.2018-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən hüquq subyekti İddiaçına məxsusdur. Sənəd üzrə torpaq sahəsi (ha) 0.01569, faktiki sahə (ha) 0.01569, tikinti altı sahə (ha) 0.00818, digər sahələr (ha) 0.00751-dır. Yaşayış sahəsi “A” və “B” tikililərindən ibarətdir. “A” tikilisinin ümumi sahəsi 27,1 kv.m., “B” tikilisinin ümumi sahəsi 23,6 kv.m.-dir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 357676 №-li, 05.07.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.04.2008-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarış ilə İddiaçına məxsus Bakı şəhəri, Yasamal rayonu, 11-ci Nərimanov döngəsi, 22 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi 156,9 kv.m.-dir. Torpaq sahəsinin kadastr göstəriciləri 140,7 kv.m.-dir, torpaq sahəsinin zonası 5, torpaq sahəsinin normativ qiyməti 3320,52 manatdır. - "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən Bakı şəhəri, Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınan, ünvan 3 ünvanında yerləşən (64-520 və 520 a şərti kodu ilə işarələnmiş) «İddiaçı»-na məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikasinin Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla) torpaq sahəsi 156,9 kv.m. 78450 manata, əsas sahə 67,19 kv.m. 100785 manata, köməkçi sahə 18,82 kv.m. 28230 manata, xidməti giriş 21,86 kv.m. 17488 manata, şkaf 0,74 kv.m. 148 manat, sanitar qovşaq 2,99 kv.m. 2392 manata, 2 aylıq kirayə haqqı 1000 manata, ümümilikdə 228493 manata qiymətləndirilmişdir. - 06.11.2018-ci il tarixli daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə protokolun surətindən görünür ki, Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçına məxsus ünvan 2 ünvanında yerləşən köməkçi sahə 86,01 kv.m., digər sahəsi 25,59 kv.m. olan daşınmaz əmlak 150043 manat məbləğində qiymətləndirilmiş və İddiaçı bu məbləğlə razılaşmışdır. - 23.11.2018-ci il tarixli daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə protokolun surətindən görünür ki, Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçına məxsus ünvan 2 ünvanında yerləşən 156,90 kv.m. torpaq sahəsi 78450 manat manat məbləğində qiymətləndirilmiş və İddiaçı bu məbləğlə razılaşmışdır. - AN-İ ******* №-li, 28.11.2018-ci il tarixli satıcı İddiaçı ilə alıcı Bakı şəhər Cavabdeh adından X3 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 2 ünvanında yerləşən ümümi sahəsi 50,7 kv.m. olan fərdi yaşayış evini 228493 manata alıcı Bakı şəhəri, Cavabdeh mülkiyyətinə vermişdir. - Bakı şəhər Cavabdehnə İddiaçı tərəfindən ünvanlanmış 14.01.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin (bəyannamənin) surətindən görünür ki, ünvan 2 ünvanında yaşayış obyekti dövlət ehtiyacları üçün alınandək onun sahibi olan İddiaçı bəyan etmişdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86,01 kv.m. olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə görə ona 228493 manat məbləğində kompensasiya ödənilmişdir. Qeyd olunan yaşayış obyektinə görə ona ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyindən kömək məqsədilə ona kompensasiya məbləğinə əlavə olaraq maddi yardım ödənilməsini xahiş etmişdir. Dövlət ehtiyacları üçün alınanadək sahibi olduğu yaşayış obyekti ilə bağlı Cavabdeh tərəfindən ona təklif edilən 21601 manat məbləğində maddi yardımı qəbul edir. Ona təklif edilən 21601 manat məbləğində maddi yardım müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabına onun adına köçürüldüyü andan etibarən ünvan 2 ünvanında yerləşən və dövlət ehtiyacları üçün alınandək sahib olduğu yaşayış obyekti ilə əlaqədar hər hansı digər tələbi olmayacağı, həmin obyektlə bağlı məhkəmələrdə və dövlət qurumlar qarşısında hər hansı iddia qaldırmayacağını və bununla bağlı dövlət orqanlarına, mətbu orqanlarına (KİV), qeyrihökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətinin olmayacağı və müraciət etməyəcəyi barədə öhdəlik götürmüşdür. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan İ-74-152 №-li, 16.07.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Satınalma "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu, 11-ci Nərimanov döngəsi, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinin, həmçinin torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı onunla Cavabdeh arasında razılıq əldə olunmuş və müvafiq kompensasiya, eyni zamanda maddi yardım ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış DX-03/03-03-1156 №-li, 12.10.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin yenilənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə Yasamal rayonunun keçmiş “Sovetski" adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında alan orqan kimi müəyyən edilmiş Cavabdeh tərəfindən müvafiq qaydada təşkil edilmiş “Daşınmaz əmlakın alınması qrupu” vasitəsi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Cavabdeh cəlb etdiyi qiymətləndirici şirkət "xxxx" MMC-nin rəhbərliyinin təqdim etdiyi məlumata əsasən, sorğuda qeyd olunan ünvanda yerləşən vətəndaş İddiaçına məxsus 156,90 kv. metr torpaq sahəsinə görə hesablanan kompensasiya mövcud qaydalara uyğun olaraq qiymətləndirilmiş və 1 kv.metr üçün 500 manat, ümumilikdə 78450,0 manat məbləğində qiymətləndirilərək ödənilmişdir. - "xxxx" MMC-nin 451 №-li, 06.11.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, İddiaçına məxsus 0,01569 ha torpaq sahəsinin orta bazar qiyməti 536600 manat təşkil edir. Qeyd: Bakı şəhəri, Yasamal rayonu, 11-ci Nərimanov döngəsi ətrafında yerləşən torpaq sahəsinin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 16.02.2018-ci il tarixli, 51 nömərli Qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar İddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış, torpaq sahəsi 78450 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış 28.11.2018-ci il tarixli daşınmaz əmlakın alqısatqısına dair müqaviləyə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 20.11.2018-ci il tarixdə İddiaçına verilmiş **********86-10301 reyest nömrəli, ********** qeydiyyat nömərli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 228493 manat məbləğində Cavabdeh tərəfindən alınmışdır. 14.01.2020-ci il tarixdə iddiaçının müraciətinə əsasən Bakı şəhəri Cavabdeh tərəfindən sonuncuya 21601 manat məbləğində kompensasiya ödənilmişdir. Hazırda İddiaçı mülkiyyətində olmuş 156,9 kv.m. torpaq sahəsinə görə kompensasiya ödənilmədiyini iddia edərək həmin torpaq sahəsinə görə 20 faiz əlavə ödənişlə birlikdə ona 625187,506 (altı yüz iyirmi beş min yüz səksən yeddi) manat məbləğində kompensasiya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.9-cu madəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. - 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. - 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. - 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. - 246.7-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. - 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər - 6.1-ci maddəsinə əsasən Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. - 30.1-ci maddəsinə əsasən alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alqı-satqı) yolu ilə əldə edə bilər. - 35.1-ci maddəsinə əsasən torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 20.11.2018-ci il tarixdə İddiaçına verilmiş **********86-10301 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi (vahid daşınmaz əmlak obyekt) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, 16.02.2018-ci il tarixli qərarının təsiri altına düşdüyündən daşınmaz əmlakı dövlət ehtiyacları üçün alan orqan kimi müəyyən edilən cavabdehlə iddiaçı arasında həmin əmlakın alqı-satqısına dair notariat qaydasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya 228493 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçıya ödənilmiş kompensasiya məbləği hesablanarkən iddiaçının mülkiyyətində olan 156,9 kv.metr torpaq sahəsi üçün 78450 manat da nəzərə alınmışdır. Hazırda iddiaçı mülkiyyətində olan torpaq sahəsinə görə ona ayrıca kompensasiya ödənilmədiyini iddia edərək həmin torpaq sahəsinə görə kompensasiya tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı və cavabdehin iradə ifadəsini əks etdirən həmin alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir və hazırkı vaxtadək qüvvədədir. “Litqoi və başqaları Böyük Britaniyaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə görə, kompensasiyasız 1-ci maddə əmlak hüququnun “xəyali və səmərəsiz” müdafiəsini təmin etmiş olardı. Məhkəmə qeyd etmişdir ki, müxtəlif səbəblərdən kompensasiya əmlakın real bazar dəyəri səviyyəsindən aşağı ola bilər. Özgəninkiləşdirilən mülkiyyətin məbləği ilə əvəzi ödənilən məbləğ ağlabatan dərəcədə tarazlaşdırılmalıdır. Avropa Məhkəməsinin təcrübəsində dəfələrlə qeyd olunmuşdur ki, 1 saylı Protokolun 1-ci maddəsi özgəninkiləşdirilən əmlakın faktiki dəyərinin ödənilməsini nəzərdə tutmur. Burada əsas meyar kimi ədalətli tarazlıq, yəni ictimai maraqlarla mülkiyyətçinin təminat verilən hüquqları arasındakı ədalətli tarazlıq gözlənilməlidir. Avropa Məhkəməsi ədalətli tarazlığı konkretləşdirərək göstərmişdir ki, iqtisadi islahatlar və ya ümumi sosial ədalətə nail olmaq məqsədi üçün cəmiyyətin maraqlarının qanuni məqsədi əmlakın bazar dəyərindən aşağı məbləğdə əvəzinin ödənilməsinə yol verir. İctimai maraqlarla fərdin mülkiyyət hüququna müdaxilə arasında tarazlığa nail olmaq mülkiyyətçiyə müvafiq pul kompensasiyası verilməsi ilə təmin olunur. Beləliklə, ədalətli tarazlıq prinsipi dövlətə təkcə əmlakın məcburi qaydada özgəninkiləşdirilməsinə yol verilməsinin hüdudlarını deyil, həm də əmlak özgəninkiləşdirilən zaman ədalətli əvəzinin məbləğinin müəyyənləşdirilməsinə geniş imkan verir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıya mülkiyyətində olan torpaq sahəsinə görə cavabdeh inzibati orqan tərəfindən kompensasiya hesablanmış, iddiaçı həmin məbləğlə razılaşaraq alqı-satqı müqaviləsi bağlamış, kompensasiya məbləğini qəbul etmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olmuş torpaq sahəsinə görə yenidən kompensasiya tələb etməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2-1(112)-1337/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Həmid Həmidov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar