Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1689/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs X3 və Baş Dövlət Yol Polis İdarəsi) “gömrük bəyannamələri və gömrük vəsiqələrinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(112)-593/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı məhkəməyə müraciət edərək gömrük rəsmiləşdirilməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin qərardadı ilə nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və xüsusi dayanacağa yerləşdirilməsi qərara alınmışdır. Daha sonra həmin qərardad ləğv olunsa da mübahisə davam etmiş, nəqliyyat vasitələri həbsdən azad edilmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən isə görünür ki, üçüncü şəxsə mübahisəli nəqliyyat vasitələrinin həbsdə olması əvvəlcədən məlumatlı olmuşdur. Həbsdə olan nəqliyyat vasitələrindən 5 ədədi həbsdə olmasına baxmayaraq, həbsdə olduğu müddətdə qanunsuz olaraq üçüncü şəxsin adına rəsmiləşdirilmişdir. Halbuki, həmin nəqliyyat vasitələri xüsusi dayanacaqda olmuşdur. Cavabdeh qeyd etmişdir ki, həmin nəqliyyat vasitələrinin keçirilməsinə əsas gömrük vəsiqələri olmuşdur. Halbuki, həmin nəqliyyat vasitələri heç vaxt üçüncü şəxsin istifadəsində olmamışdır və hal-hazırda da onlara məxsus dayanacaqda saxlanılır. İddiaçı hesab edir ki, sənədləşmə saxta sənədlər əsasında qanunvericiliyin tələblərinə zidd olaraq əmlak həbsdə olan müddətdə aparılmışdır. Sonradan iddiaçı tərəfindən dəqiqləşmə ərizələri vermişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “gömrük vəsiqələrinin və gömrük bəyannamələrinin ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(112)-593/2023 saylı qərardadı ilə (hakim O.Həsənov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(112)-593/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, əmlakın 20 ildən çox müddətdə iddiaçının faktiki istifadəsində olması həmin əmlaklara münasibətdə hər bir halda subyektiv hüququn movcudluğu hesab edilməlidir. Belə ki, subyektiv hüquq dedikdə qonunla qorunmalı olan hüquq başa düşülür ki, mübahisəli əmlak üzrə iddiaçının qanunla qorunan əmlaka sahiblik və istifadə hüquqlarının mülkiyyət hüququnun əsas elementlərindən olduğunu məhkəmə nəzərə almamışdır. Hesab edirlər ki, hazırkı halda nəqliyyat vasitələrinə iddia edən üçüncü şəxs əmlakın qanunsuz sahiblikdən azad edilməsi barədə iddia qaldırmalı olsa da, başqa şəxsin sahibliyində olan, ona məxsus olmayan nəqliyyat vasitələrini qanunsuz yolla özgəninkiləşdirməyə çalışmışdır. İddiaçı MMC-nin adından bu şirkətə heç bir bağlılığı olmayan şəxslərin Tatyana Dimitriyeva, Emin Mirzəyev, Şirinov Nəsimi və Vidadi adlı şəxslər Gömrük və Polis əməkdaşlarının vasitəsi ilə və ya onları aldadaraq, saxta sənədlər əsasında, cinayətkarcasına əlbir olaraq cəmiyyətə məxsus əmlakları ələ keçirməyə çalışdıqları üçün, onların bu cinayətkar əməllərinə hüquqi qiymət verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət edilmiş və şikayət üzrə Qaradağ Rayon Prokurorluğunda AR CM-nin 320.2-ci maddəsi ilə cinayət işi açılmış və ********* nömrəli cinayət işi hazırda Qaradağ Rayon Prokurorluğunun icraatındadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə, üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin, üçüncü şəxslərin nümayəndəsi və vəkilinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İş materiallarında olan Nizami Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, üçüncü şəxs ona məxsus nəqliyyat vasitələrinin yanlışlıqla həbsdə olduğunu əsaslandıraraq 5 ədəd nəqliyyat vasitələrinə qoyulmuş həbsin götürülməsini xahiş edir. İş materiallarında olan 24 oktyabr 2019-cu il tarixli qərardadından görünür ki, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən 5 ədəd nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinə əsas olan sənədlər, o cümlədən bəyannamələr və malların sərhədkeçmə məlumatları məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə verilmiş iddia ərizəsinin subyektiv hüquqi baxımından mümkünlük şərtinin ödənilib-ödənilməməsi və bundan sonra işə mahiyyəti üzrə baxılması, gömrük orqanının rəsmiləşdirmə ilə bağlı hərəkətlərinin qanuniliyinə qiymət verilməsi zərurəti müəyyən edilmişdir ki, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı subyektiv hüququn mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iş materiallarında iddiaçıya əmlakların məxsusluğunun dəlili kimi qeyd edilmişdir ki, həmin əmlaklar iddiaçıya məxsusdur, onun istifadəsindədir, məhkəmə qərardadı ilə nəqliyyat vasitələrinə həbs qoyulan zaman da üçüncü şəxsin məhkəməyə ərizəsi ilə həmin faktiki hal da təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əmlakın iddiaçının faktiki istifadəsində olması həmin əmlaklara münasibətdə hər bir halda subyektiv hüququn movcudluğu hesab edilməməlidir. Belə ki, subyektiv hüquq dedikdə qonunla qorunmalı olan hüquq başa düşülür ki, mübahisəli əmlak üzrə iddiaçının qanunla qorunan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının mövcudluğu təsdiq edə biləcək heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, məhkəmənin aidiyyəti orqanlara sorğuları ilə də iddia olunan nəqliyyat vasitələri barəsində heç bir məlumatı əldə etmək mümkün olmamışdır. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən iddiaçının istifadəsində olan nəqliyyat vasitələrin siyahısı məhkəməyə təqdim edilmişdir ki, həmin bitkin siyahıdan da görünür ki, iddia olunan nəqliyyat vasitələri barədə hər hansı məlumat həmin siyahıda mövcud olmamışdır. Üçüncü şəxs və cavabdeh tərəfindən 5 nəqliyyat vasitəsinə dair sərhədkeçmə məlumatları, gömrük rəsmiləşdirilməsinə əsas olan bəyannamələr təqdim edilsə də, iddiaçı həmin əmlakların sərhədkeçmə məlumatları, aidiyyəti qurumlarda rəsmiləşdirilməsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmiş, məhkəmə araşdırması zamanı təqdim etdiyi sənədlərin-texniki pasportların isə həmin 5 nəqliyyat vasitəsi ilə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının nəqliyyat vasitələri üzərində sahibliyi faktiki sahiblik olmaqla qanuni sahiblik üçün əsas yaratmır. Faktiki sahiblik isə qanunilik meyarına malik olmadığı təqdirdə hüquqdan, dolayısı ilə də hüququn müdafiəsi vasitəsi kimi məhkəməyə müraciət etmək hüququndan, nəticədə isə iddia verilməsi üçün subyektiv hüququn movcudluğundan söhbət gedə bilməz. İddiaçı tərəfin subyektiv hüququn mövcud olmasına istinad edə biləcəyi hüquqmüəyyənedici sənəd mövcud deyil. Adından da göründüyü kimi hüququ müəyyən edən sənəd yoxdursa, deməli hüquq da mövcud deyil. Üçüncü şəxsin rayon məhkəməsinə ərizəsi də həmin hüququn yaranmasına səbəb olmur. Belə ki, həmin qərardaddan da görünür ki, həbs qoyulmalı olan əmlakların rekvizitləri bəllidir. 5 ədəd nəqliyyat vasitəsi digər əmlaklardır və üçüncü şəxs də məhz əmlak üzərinə səhv həbs qoyulması səbəbindən məhkəməyə müraciət etmiş, həmin 5 nəqliyyat vasitəsinin həbs qoyulmalı olan nəqliyyat vasitəsinə aid olması barədə heç bir məlumata istinad etməmiş, onun sahibliyində olmalı olan, lakin iddiaçının qarajında faktiki istifadəsində olan nəqliyyat vasitələrinin geri qaytarılmasını xahiş etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən əmlakların saxlanıldığı qarajda yerləşən nəqliyyat vasitələrinə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitələrinin qanuni sahibliyində olmasına dair heç bir məlumatın əldə edilməsi mümkün olmamış, iddiaçı tərəf də bununla bağlı hər hansı sənədi təqdim edə bilməmişdir. İPM-in 35.1-ci maddəsi prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(112)-593/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Kamran Əkbərov Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2-1(103)-1689/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1689/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver