Məhkəmə qərarları › İş №2-1(103)-1689/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1689/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1689/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi (direktoru) X5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əldən çıxmış fayda kimi maddi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7585/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdehin üzərinə İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı MMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi və müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110809,13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50.000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160.809,13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliklərinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən tikinti fəaliyyəti ilə məşğul olur. 30 dekabr 2018-ci il tarixdən digər müəssisələr müvafiq olaraq ƏDV depozit hesabına köçürmə edən zaman İnternet Vergi İdarəsində “Bu vergi ödəyicisi İddiaçı MMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısı qeyd edildiyi müəssisəyə bildirildi. Yazı hələ də olduğu kimi sistemdə ortaya çıxır və işgüzar nüfuzuna ciddi ziyan dəyir. Maliyyə itkilərinə məruz qalır. Qanunvericiliyə əsasən İnternet Vergi İdarəsinin fəaliyyətini Dövlət Vergi Xidməti həyata keçirir və cavabdehlik daşıyır. İddiaçı MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs olması faktının sübuta yetirilmədən və ya bu cür şübhənin olduğu təqdirdə müvafiq araşdırmanın aparılmaması, cinayət işinin başlanmaması bu cür məlumatın qeyd edilməsini qanunvericiliyə əsasən tamamilə yanlışdır və böhtan xarakeri daşıyır. Çünki, əmtəəsiz maliyyə əməliyyatları aparılması Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və bu faktın olması ehtimalı varsa, müvafiq qaydada cinayət işi başlanılmalı və araşdırılmalıdır. Lakin bu barədə heç bir qərar və sübut olmadığı halda vergi orqanı tərəfindən bu cür ittihamla təqsirləndirilmək özü məsuliyyətə səbəb olan haldır, qanunvericiliyin tələblərinin pozulmasını və qərəzli yanaşmanı sübut edir. Həmçinin, İddiaçı MMC-nin ƏDV sub-hesabında olan vəsaitin hərəkəti də qanunsuz olaraq məhdudlaşdırılmışdır ki, bu da qanunvericiliyə əsasən tamamilə qanunsuzdur. Müəssisənin ƏDV sub-hesabına məhdudiyyət yalnız qanunvericilikdə nəzərdə tutulduğu halların mövcud olması ilə həyata keçirilə bilər ki, bu da müvafiq qərar əsasında həyata keçirilir. Halbuki, bu cür qərar qəbul edilmədən müəssisənin ƏDV sub-hesabına məhdudiyyət qoyulmuşdur ki, bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları”na tamamilə ziddir. Bütün bunlar müəssisənin işgüzar nüfuzuna, fəaliyyətinə ciddi şəkildə ziyan vurur. Belə ki, hal-hazırda alqı-satqı etdiyi müəssisələr ƏDV sub-hesabına köçürmələr həyata keçirməkdən imtina edir, müəssisə ilə əməkdaşlıq etmək istəmirlər. Müəssisənin fəaliyyətində yaranmış bu problemlərə görə müəssisə əldə edə biləcəyi gəlirdən məhrum olur. Belə ki, müəssisənin 2018-ci il tarixində mənfəəti 92770,48 manat olmuşdur. Qeyd olunan qanunsuz əməllərdən sonra müəssisənin fəaliyyəti dayanmış, mənfəət əldə edə bilməmişdir və ƏDV sub-hesaba qoyulmuş məhdudiyyət və sistemdə ortaya çıxan əsassız yazının qeyd olunduğu 2018-ci ilin 30 dekabr tarixindən hazırkı dövrədək - 1 il 2 ay 10 gün müddətində müəssisə (14 x 7730,87) + 2576,95 = 110.809,13 manat əldə edə biləcəyi mənfəətdən məhrum edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7585/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərarı (hakim N.Abıyev) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir. Xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X6rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). Məhkəmə işi araşdırarkən sübutların yetərli olmamasına baxmayaraq, iddianı təmin etməmişdir. Məhkəmə sənədlərində və keçirilmiş ekspertizadan da aydın şəkildə görünür ki, cavabdeh tərəfindən məhdudiyyət tətbiq edilmiş, tələb olunan dövrdə də məhdudiyyət olmuşdur. Apellyasiya instansiyasının qanuni qüvvəyə minmiş qərarı da mövcuddur və indiyə qədər də icra olunmamışdır. Lakin hakim yalnız elə cavabdehin sorğuya öz xeyrinə verdiyi cavabı üstün tutmuş, məhkəmənin preyudisial qərarını sübut olaraq götürməmişdir. Həmçinin, məhkəməyə diskdə təqdim olunmuş sənədlərdən də aydın şəkildə müəyyən etmək olur ki, müəssisənin məhdudiyyət qoyulmamışdan əvvəlki dövrdə nə qədər mənfəəti mövcuddur. Bu mənfəət vergi orqanı tərəfindən də təsdiq olunmuşdur. Lakin hakim araşdırma apararkən bu xüsusatlara qiymət verməmişdir. Hazırkı işin faktiki və hüquqi hallarından göründüyü kimi iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) X9 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin halları ilə müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılaraq, İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 nömrəli qərardadı ilə “müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110.809,13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50.000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160.809,13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2087/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2022 saylı 03 mart 2022-ci il tarixli qərarı qismən, “iddiaçı “Manar-Qala MMC”-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddianın iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin edilməsi, digər şəxslər tərəfindən “Manar-Qala MMC”-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulması, qərarın qalan hissədə (birinci tələbə münasibətdə) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, № 2-1(103)- 638/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2522/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(103)-638/2023 nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1440/2024 qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 saylı qərardadının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1440/2024 qərardadında göstərilmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2522/2023 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) İddiaçı MMC-nin ƏDV subhesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı MMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi - öhdəliyin icrası haqqında iddia növünə aid, 2) Müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək 10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110.809,13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50.000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160.809,13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi - inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı iddia növünə aiddir. İddia tələbinin birinci hissəsi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi isə qərarı qismən, “iddiaçı “Manar-Qala MMC”-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv etmiş, həmin hissədə iddianın iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin etmiş, digər şəxslər tərəfindən “Manar-Qala MMC”-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi iddianın birinci hissəsi iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin edilmişdir. Apellyasiya məhkəməsi iddianın ikinci hissəsini mümkün saymamışdır. Həmin nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, subsidiarlıq yalnız İPM-in 36.4-cü maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia növü üçün nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab etmir. Belə ki, iddianın birinci hissəsinin öhdəliyin icrası haqqında iddia növünə aid olması işin mübahisəsiz halıdır. İPMin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Eyni zamanda, həmin Məcəllənin 37-ci maddəsində göstərilib ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi, hazırkı halda iddiaçının tələbi bir-biri ilə əlaqəlidir və bir cavabdehə qarşı yönəlib. Həmçinin, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına görə, öhdəliyin icrası haqqında iddialarda iddiaçı əsas tələbi ilə yanaşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hər iki tələbin bir icraat çərçivəsində baxılmasında hər hansısa bir prosessual maneə yoxdur. Məhkəmə Kollegiyası hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2522/2023 nömrəli qərarında iddianın mümkünlüyü ilə bağlı hüquqi mövqeyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 saylı qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir”. Dövlət Vergi Xidməti tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, № 2-1(103)-2087/2024 qərarının icrası ilə bağlı digər şəxslər tərəfindən "xxxx" MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar Qala MMC” VÖEN “**********1” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi təmin edilmişdir. "xxxx" MMC-nin ƏDV sub – hesabında əməliyyatlar aparılması ilə bağlı məhdudiyyətin mövcudluğu müəyyən edilməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, müəssisənin işləyə bilmədiyi müddətdən 10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110.809,13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50.000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160.809,13 manatın) ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi tmin edilməmiş və mövqeyi onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Maddi məsuliyyətin mövcudluğu üçün yuxarıda adıçəkilən müddəalardan da göründüyü kimi maddi zərərin mövcudluğu, yəni iddiaçının istinad etdiyi məbləğin maddi zərər altında vurulması real olaraq təqdim edilən sübutlarda öz əksini tapmalıdır. İddiaçı isə həmin halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (Mülki Məcəllənin 21.3-cü maddəsi). Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən zərər dedikdə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Başqa sözlə desək, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının iddia tələbinin maddi ziyanın ödənilməsi tələbinə aid hissədə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin hüquqazidd olması – ilk növbədə hüquqazidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 3) zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqazidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması. Maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları baxımından inzibati orqanın hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İddia tələbinin maddi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı qərarın 26-cı bəndində göstərilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı ona vurulmuş maddi zərər və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə real zərərin mövcudluğu öz təsdiqini tapmamışdır.” Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.” Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Ali Məhkəmənin formalaşmış təcrübəsindən də göründüyü kimi, qanunvericilik yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur ki, real zərərinin mövcudluğunu sübut etmək zərərin yaranmasını iddia edən şəxsin (iddiaçının) üzərinə düşür. İddiaçı isə heç bir sübut təqdim etmədən əldən çıxmış faydaya görə 110.809,13 manat məbləğində zərərin ona vurulduğunu qeyd edir ki, həmin məbləğin necə yarandığını sübut etmək iddiaçının vəzifəsi olmuşdur. Kollegiya iddia tələbinin işgüzar nüfuzuna dəymiş zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırkı işin halları ilə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi – zərər dəymə ilə cavabdeh inzibati orqanın hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilmir. Məhkəmə kollegiyası iddiaçının 110.809,13 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi tələbinə münasibətdə də həmçinin qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri ilə əldən çıxmş gəliri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, tələbini kifayət qədər əsaslandırmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7585/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar