Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-169/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2-1(112)-3710/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi müddətin ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya huququ verdiyinə görə pensiyaya çıxmaq huququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-cı ildə anadan olmuşdur. 11.11.1979-cu ildə Əli Bayramlı Ərazi X3 əmək fəaliyyətinə başlamışdır. 02.12.1980-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 30.10.1982-ci ildə həqiqi hərbi xidmətdən təxris olunmuş, 16.01.1982-ci ildə əvvəlki iş yerinə təyin edilmişdir. 20.03.1984-cü ildə işdən azad edilmişdir. 06.04.1984-cu ildən 15 nömrəli X6 işə götürülmüşdür. 02.10.2000-ci ildə 34 saylı Yol İstismar İdarəsinə keçirilmiş və həmin təşkilatda bu günə kimi yol ustası, iş icraçısı işləmişdir. Onun yol ustası və iş icraçısı işində işləməyi 22 il təşkil edir. Azərbaycan Respublikası Nazirllər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya huququ verən, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə 23.01.2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsinin “b” bəndinə əsasən ustalar və iş icraçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Onun 25.05.2019-cu ildə 57 yaşı tamam olduğu üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən ötrü sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etmişdir. Oradan aldığı 30.10.2019-cu il tarixli, **********2 saylı məktubla ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının 57 yaşı 25.05.2019-cu il tarixində, yəni 01.07.2017-ci il tarixindən sonra tamam olduğundan, ona Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəyə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün 01.01.2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamış olması tələb olunurdu. İddiaçı isə müvafiq güzəştli iş stajını (12 il 6 ay) qeyd olunan tarixədək toplamamışdır. İddiaçının Azərbaycan Avtomobil X1 "xxxx" MMC-də işlədiyi yol ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2-1(112)-3710/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 57 yaşı 25.05.2019-cu il tarixində, yəni 01.07.2017-ci il tarixindən sonra tamam olduğundan, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün 01.01.2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamış olması tələb olunurdu. İddiaçı isə müvafiq güzəştli iş stajını (12 il 6 ay) qeyd olunan tarixədək toplamamışdır. İddiaçının Azərbaycan Avtomobil X1 "xxxx" MMC-də işlədiyi yol ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən isə həmin peşə 2290000b-23419 kodu altındakı yeni tikinti və quraşdırma işlərinin ustaları peşəsinə uyğunlaşdırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin vəkili X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, ya güzəştli, ya da izahlı arayış verilməlidir. Hər hansı yolun yenidən tikilməsi daha çətindir, nəinki təmir edilməsi. Siyahıda yeni sözü yazılıb. İddiaçı yol ustası olaraq işləyib. Siyahıya uyğun deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. 09.07.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun işlədiyi müddət nəzərə alınmaqla pensiya hüququnun yarandığı, yəni 57 yaşının tamam olduğu 25.05.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə 16.07.2021-ci il tarixli 2-1(103)- 169/2021 saylı qərardadla icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Hər şeydən öncə kollegiya qeyd edir ki, işdən müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasına nail olmaqdır. Lakin iddiaçının ilkin tələbindən görünür ki, iddiaçı pensiyanın təyin edilməsini xahiş edərkən, pensiyanın hansı tarixdən hesablanaraq ödənilməsini göstərməmiş və bu hal birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən 01.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilərək tələbini dəqiqləşdirmək təklif edilmiş və iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək yuxarıda qeyd edilən tələbi irəli sürmüşdür. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, 27.10.1980-ci ildən 29.10.1982-ci ilə qədər həqiqi hərbi xidmət keçmiş, 11.11.1979-cu ildən 02.12.1980-cı ilə qədər Əli Bayramlı Ərazi X3 çilingər, 16.11.1982-ci ildən 17.02.1983-cü ilədək həmin birlikdə çilingər, 12.12.1983-cu ildən 20.03.1984-cü ilə qədər həmin birlikdə nəqliyyat üzrə avtomototəmirçi, 06.04.1984-cü ildən 07.05.1984-cü ilə qədər 15 nömrəli Yol-İstismar Sahəsində təmirçi, 07.05.1984-cü ildən 01.10.1988-ci ilə kimi 15 nömrəli Yol-İstismar Sahəsində yol ustası, 01.10.1988-ci ildən 21.02.2000-ci ilə qədər 30 nömrəli Yol Sahəsində yol ustası, 21.02.2000-ci il tarixdən 07.10.2011-ci ilə qədər 34 saylı Yol İstismarı İdarəsində yol ustası, 07.10.2011-ci il tarixindən hal-hazıra kimi 33 nömrəli X8 Məsuliyyətli Cəmiyyətində iş icraçısı vəzifəsində işləyir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş və cavabdeh iddiaçının müraciətinə verilən 30.10.2019-cu il tarixli imtina məktubunda göstərmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə müvafiq güzəştli iş stajını (12 il 6 ay) qeyd olunan tarixədək toplamamışdır. İddiaçının Azərbaycan Avtomobil X1 "xxxx" MMC-də işlədiyi yol ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında nəzərdə tutulmamışdır. Bu səbəbdən güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin birinci instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının 01.01.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajının mövcud olması ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır və həmin iş dövrləri cavabdeh tərəfindən mübahisələndirilmir. Başqa sözlə iddiaçının əmək kitabçası ilə təsdiqini tapan ümumi iş stajı 25 ildən artıqdır və bu hal tərəflər arasında mübahisələndirilmir. Hazırkı işin mübahisələndirilən yeganə halı iddiaçının işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 12 il 06 ay güzəştli iş stajı olmalıdır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 33 №-li Yol İstismarı MMC-nin 02.10.2019-cu il tarixli, 01/85 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 06.04.1984cü il tarixindən (əmr № 55.n. 06.04.1984) 07.05.1984-cü il tarixinə kimi Şirvan 33 №li Yol İstismarı MMC-nin (Əli-Bayramlı 15 №li X6 1-ci dərəcəli təmirçi, 07.05.1984-cü il tarixindən (əmr № 66, 07.05.1984) 26.10.1988-ci il tarixinə kimi Şirvan 33 №li Yol İstismarı MMC-nin (Əli-Bayramlı 15 №li X4) nəzdində olan xidmət etdikləri asfaltbeton örtüklü avtomobil yollarında aparılan təmir, tikinti və yolun saxlanması işlərinin aparılması əsasında asfaltbeton örtükdə əmələ gəlmiş xırda və iri çatların bitumla bitumlanması, xırda və iri çalaların asfaltbeton qarşığı ilə doldurulması və müəyyən hissələrdə yol örtüyünün sıradan çıxmış hissələrinin yeni a/beton qarşığı ilə yenilənməsi və sair işlərin aparılması üzrə yol ustası, 26.10.1988-ci il tarixindən (əmr № 70/k, 26.10.1988) 26.02.2000-ci il tarixinə qədər Şirvan 33 №li Yİ MMC-nin (Əli-Bayramlı 30 №li Yol Sahəsinin) nəzdində olan xidmət etdikləri a/beton örtükdə əmələ gəlmiş çatların, çalaların bitumla doldurulması, yolun altından keçən süni qurğuların, su boruların a/dayanacaqlarin təmir edilməsi və sair işlərin aparılması üzrə yol ustası, 21.02.2000-ci il tarixdən (əmr № 01/k, 21.02.2000) 07.10.2011ci il tarixinə qədər Şirvan 33 №li Yİ MMC (Əli-Bayramlı 34 saylı Yol İ. İdarəsində) nəzdində olan xidmət etdikləri asfaltbeton örtüklü avtomobil yollarında sıradan çıxmış a/beton örtüyünün təmiri, yenilənməsi, sıradan çıxmış hissələrin təmizlənməsi və yeni a/betonun döşənilməsindən əvvəl həmin hissələrin bitumla bitumlanması və yeni a/betonun vurulması, körpülərdə və sel sularının axıdılması üçün beton boruların sıradan çıxmış hissələrinin betonlanması bitumlanması, avtodayanacaqlarin təmir edilməsi və sair işlərin aparılması üzrə yol ustası, 07.10.2011-ci il tarixindən (əmr № 27/k, 07.10.2011) Şirvan 33 №li Yİ MMC-nin asfaltbeton zavoduna iş icraçısı vəzifəsinə keçirilib və bu günə kimi həmin vəzifədə çalışır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə Qərarının 29-cu maddəsinin “b” bəndinə əsasən ustalar və iş icraçıları, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 33 №-li Yol İstismarı MMC-nin 22.06.2020-ci il tarixli, 01/62 saylı məktubundan görünür ki, yol ustası - təhkim olduğu asfaltbeton örtüklü avtomobil yollarının saxlanması, tikintisi, təmiri, yol tərtibatı və ləvazimati avadanlıqlarının quraşdırılması (siqnal dirəklərinin basdırılması, yol kənarında mühafizə üçün yeni əyrixətli tirlərin quraşdırılması, yol nişanlarının basdırılması) sahəsində görülən işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsini, avtomobil yollarının saxlanması, əsaslı və cari təmir işləri əsasında asfaltbeton örtükdə əmələ gəlmiş xırda və iri çatların bitumla bitumlanması, iri və xırda çalaların asfaltbeton qarışığı ilə doldurulması yol örtüyünün sıradan çıxmış hissələrinin yeni asfaltbeton qarışığı ilə yenilənməsi, yolun altından keçən süni qurğuların, su borularının, körpülərdə məhcərlərin və sel sularının axıdılması üçün beton boruların sıradan çıxmış hissələrinin quraşdırılması, betonlanması, avtodayanacaqların tikintisi və təmir edilməsi işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi işlərini təmin edir, fəhlələrin yerləşdirilməsini təmin edir, texnoloji proseslərin nəzərə alınmasına nəzarət edir, görülən işin keyfiyyətini yoxlayır. İstehsalın vaxtında hazırlığını, fəhlələrin və briqadanın yerləşdirilməsini təmin edir, texnoloji proseslərin nəzərə alınmasına nəzarət edir, onların pozulması səbəblərini operativ üzə çıxarır və aradan qaldırır. Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirılməsində iştirak edir. Buraxılmış məhsulun və ya yerinə yetirilmiş işin keyfiyyətini yoxlayır, zay məhsulun qarşısını almaq və məhsulun, işin, xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirlər həyata keçirir. Sahənin yenidən qurulması üçün tamamlanmış işlərin, texnoloji avadanlığın təmiri, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak edir. Əməyin mütərəqqi üsulları və metodlarının tətbiqi, çoxdəzgahlı və çoxaqreqatlı xidməti, attestasiyam və iş yerlərinin səmərələşdirilməsi və peşələrin əvəz olunmasını təşkil edir. Fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil edir. Eyni zamanda onlara riayət olunmasına nəzarət edir. Fəhlələrin bir neçə peşəyə yiyələnmələrinə, xidmət sahələrinin genişlənməsinə kömək edir. İstehsal ehtiyatlarının üzə çıxarılması işlərinin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması üçün tədbirlərin hazırlamasında, istehsalat mədəniyyətinin inkişafında, iş vaxtından səmərəli istifadə edilməsində iştirak edir. Fəhlələr tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsal və əmək intizamı, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir. İstehsalat qabaqcıllarının mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların cəzalandırılması üçün təkliflər hazırlayır. Fəhlə və briqadirlərin ixtisas və peşə ustalığının artırılması işini, onların ikinci peşəyə yiyələnməsini təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 33 №-li Yol İstismarı MMC-yə ünvanlanmış sorğuya 01/47 saylı, 20 aprel 2020-ci il tarixli cavab məktubunda 02.10.2019-cu il tarixli, 01/85 saylı arayışında qeyd olunanlar öz əksini tapmış, eyni zamanda göstərilmişdir ki, İddiaçı işlədiyi “yol ustası" və “iş icraçısı” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’Yıın 2290000b bəndində 23419 və 24441 kodları ilə nəzərdə tutulmuş yeni tikinti və quraşdırma işlərinin ustaları və iş icraçıları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “b” bəndində nəzərdə tutulmuş tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları peşələrinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın kod 22900000, Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlanan XXVİİ bölməsinin kod - 2290000a a) fəhlələr, kod ******* b) rəhbərlər və mütəxəssislər, kod -2290000b—23419 - yeni tikinti və quraşdırma işlərinin ustaları, kod 2290000b— 24441 - iş icraçıları göstərilmişdir və iddiaçının işlədiyi peşələr həmin siyahıda göstərilənlərə uyğundur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmirinə aid olan 29-cu bölməsinin “a)” bəndində də fəhlələr, “b)” bəndində mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları qeyd olunmuşdur. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifəsi təsbit edilmişdir. İstər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə iddiaçının vaxtilə işləmiş olduğu vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr olaraq müəyyən edilmişdir. Beləliklə də, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 25.05.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir; 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir; 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli 03/2020 saylı Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı işlədiyi müddət nəzərə alınmaqla pensiya hüququnun yarandığı, yəni 57 yaşının tamam olduğu 25.05.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2-1(112)-3710/2020 saylı qərarı dəyişdirilsin. İddiaçı işlədiyi müddət nəzərə alınmaqla pensiya hüququnun yarandığı, yəni 57 yaşının tamam olduğu 25.05.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-169/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-169/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver