Məhkəmə qərarları › İş №2-1(103)-169/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-169/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-169/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki pensiyasının dövlət qulluğu pensiyası bərpa olunmaqla və sonrakı artımlar nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4446/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1 sentyabr 2019-cu il tarixdən tarixdən artımın onun pensiyasının üzərinə gəlinməsini, həmin tarixdən bu günədək fərq məbləğinin ona ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... 2010-cu ildə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət etmişdir. Şöbə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına əsaslanaraq, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında şöbə müdirinin müavini vəzifəsini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatında mövcud olan təminedici şöbə müdirinin müavini vəzifəsi ilə eyniləşdirərək ona 7 il 9 ay iş stajına görə dövlət qulluğu pensiyası təyin etmişdir. Ötən illər pensiya müvafiq artımlar nəzərə alınmaqla 696 manat məbləğinə çatdırılmışdır. 2019-cu ilin iyun ayında ölkə başçısının müvafiq sərəncamı dərc edilmiş və həmin ilin sentyabr ayında dövlət qulluqçularının pensiyasının 26 faiz artırılması qeyd olunmuşdur. Lakin 2019-cu ilin sentyabr ayı üzrə onun pensiyası 110 manat azalmışdır. Bununla bağlı DSMF Bakı şəhəri Pirallahı rayon şöbəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq şöbənin 22 avqust 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, onun Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi X4 müdiri işlədiyi vəzifə hal-hazırda Naxçıvan MR Nazirlər Kabineti Aparatında təminedici şöbənin müdir müavini vəzifəsinə uyğunlaşdırılmışdır. Həmin vəzifədə işləyənlərin vəzifə maaşı 1 mart 2018-ci il tarixdən hər ay 875 manat olduğu halda, ona hesablanan pensiya səhvən 1.065 manatla hesablanmışdır. Ona görə də pensiyada hesablama düzgün aparılmamışdır. Nəzərə alınmalıdır ki, 2019-cu ilin sentyabr ayında pensiya alınanda məlum oldu ki, pensiya məbləği yenə də 200 manat azaldılmışdır. Onun bununla bağlı müraciəti DSMF Bakı şəhəri Pirallahı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə belə cavablandırıldı ki, onun pensiyassı dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyən edilməsi haqqında “Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən 7 il 9 ay iş stajına görə 1 sentyabr 2019-cu il tarixdən 26% artaraq 718,11 manat təşkil etmişdir. Onun toxunulmamış pensiyası 696 manat təşkil etmişdir. 310 manat kəsildikdən sonra artan pensiyası 698 manat olmuşdur. Beləliklə, dövlət qulluqçularının 26% artan pensiya məbləği onun pensiyasında müsbət 2 manat fərq etmişdir. Fevral ayında da pensiyanın məbləğinin 20 manat azaldılmasını artıq özbaşınalığın son həddi hesablamaq olar. Pensiya məbləğində artım nəzərə alınmamışdır. Verilən 718 manat, kəsilmiş məbləğin ödənişidir, artım deyil. Bunları eyniləşdirmək olmaz. Onun müvafiq müraciəti cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli məktubla Pensiya məbləğinin 26% artımı 2 manat fərqlə nəticələnə bilməz…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4446/2020 saylı, xx.xx.2020-ci tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçının əmək pensiyası Mərkəzi Filial tərəfindən yenidən hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 720,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi- 72,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 103,97 manat olmaqla orta aylıq əmək haqqı 895,97 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası 7 il 9 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (895,97 manat) 49 faizi - 439,03 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 795,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi-79,50 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 114,79 manat olmaqla orta aylıq əmək haqqı 989,29 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası 7 il 9 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (989,29 manat) 49 faizi-484,75 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası'nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 7 il 9 ay dövlət qulluğu stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 25,83 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 875,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 87,50 manat və mükafatlarla müavinətlərə görə əlavə 126,35 manat olmaqla orta aylıq əmək haqqısı 1088,85 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci 25 iyun il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının (989,29 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1088,85 manat) arasındakı fərq məbləğinin (99,56 manat) 25,83 faizi- 25,72 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (484,75 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 510,47 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1315,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 131,50 manat və mükafatlarla müavinətlərə görə əlavə 189,88 manat olmaqla orta aylıq əmək haqqısı 1636,38 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci 25 iyun il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (1088,85 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1636,38 manat) arasındakı fərq məbləğinin (547,53 manat) 25,83 faizi-141,43 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (510,47 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 651,90 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019- xx.xx.2020-ci il tarixləri ərzində ona hər ay 718.11 manat pensiya ödənilmişdir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1419/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4446/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Həmin qərardan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-600/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş , iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə qərarında hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi özündə hərtərəfli araşdırmanın nəticəsini əks etdirmir. Belə ki, məhkəmə qərarında iddiaçının əmək pensiyasının 651,90 manat müəyyən edildiyi, 01 sentyabr 2019–31 oktyabr 2020-ci il tarixləri ərzində isə ona hər ay 718,11 manat pensiya ödənildiyi qeyd edilsə də, həmin məbləğlərin hansı formada hesablanması qərarda öz əksini tapmamışdır. Bu hal isə mübahisənin həllində mühüm əhəmiyyət kəsb edir. Cavabdeh inzibati orqan tərəfindən hesablamanın düzgün aparılması, bununla da iddia tələbinin əsaslı olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən yuxarıda qeyd edilən pensiya məbləğlərinin hansı formada hesablandığı müəyyən edilməli, daha sonra bu hesablamanın Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olub-olmadığına qiymət verilməli idi (b.b25-26)” İşə təkrar apellyasiya qaydasında baxılarkən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə təqdim edərək ona təyin edilmiş 718 manat pensiya mbləğinin bərpa edilməsini, 2019-cu ilin avqust ayından 110 manat, həmin ilin sentyabr ayında 200 manat, 2020-ci ilin fnevral ayında 20 manat, həmin ilin noyabr ayında 67 manat, 2021-ci ilin iyun ayında 45 manat, cəmi 442 manat qeyri-qanuni tutulmuş məbləğin 2019-cu ilin 1 avqust tarixindən məhkəmə qərarı qanuni qüvvəyə minənədək 2019-cu ilin sentyabr ayında 2626 faiz artım və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı isə onunla razılaşmamış, dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verərək tələbinə uyğun qərar çıxarılmasını məkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, Ali Məhkəmənin qərarından irəli gələn hüquqi mövqeyini İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında nəzərə alaraq iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb və iddiaçının dəqiqləşdirilmiş iddia tələbini də nəzərə alıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının pensiya işi üzrə sənədlər üzrə ona təyin olunmuş pensiyanın və pensiyasında nəzərə alınan sonrakı artımların xronoloji ardıcıllığı ilə araşdırıldıqda aşağıdakılar müəyyən olunmuşdur.

1. İddiaçının xx.xx.2010-cu il tarixində ərizəsinə əsasən əlillik pensiyasından yaşa görə pensiya növünə keçmiş və ona DSMF-nin Xəzər rayon şöbəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə dövlət qullluqusu kimi 7 il 9 ay stajına görə xx.xx.2010-cu il tarixdən 472,58 manat məbləğində yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir (İşin mübahisələndirilməyən halıdır).

2. Bundan sonra, “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 dekabr tarixli 135 nömrəli sərəncamının icrası ilə əlaqədar pensiya təyinedicisi tərəfindən xx.xx.2014-cü il tarixli sərəncamla iddiaçının əmək pensiyası xx.xx.2013-cü il tarixindən yenidən hesablanaraq onun pensiyası 661,18 manat məbləğində müəyyən edilmişdir.

3. Daha sonra, “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar onun əmək pensiyası pensiya təyinedicisinin sərəncamına əsasən xx.xx.2018-ci il tarixdən yenidən hesablanaraq 696,06 manat müəyyən edilmişdir (1349,35x10%=134,94x50 %=67,47:15=4,50x7,75=34,88+661,18= 696,06)

3. Lakin pensiya təyinedicisi, onun həmin 696,06 manat məbləğində pensiyasını sonrakı sərəncamı ilə xx.xx.2019-cu il tarixdən 605,57 manata endirmiş və həmin məbləğin tərkibinin hansı kəmiyyətlərdən ibarət olumasını həsablama ilə əsaslandırmamış və hazırkı mərəhələdə də həmin vaxta münasibətdə müvafiq hesablamanı ehtiva edən sənədi məhkəməyə təqdim edə bilməmişdir.

4. Daha sonra isə pensiya təyindecisi pensiyanın azıldılmış həmin 605,57 manat məbləği üzərinə, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” 18 iyun 2019-cu il tarixli Sərəncamının icrası qaydasında xx.xx.2019-cu il tarixli sərəncamı ilə xx.xx.2019-cu il tarixindən 112.54 manat məbləğində əlavə hesablamaqa, onun pensiyasını 718,11 manat məbləğində müəyyənləşdirilmişdir. Halbuki, həmin 112.54 manat məbləğində əlavə, Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamına müvafiq hesablanaraq xx.xx.2018-ci il tarixindən ödənilməsinə başlanılmış 696,06 manat pensiya məbləğinin üzərinə əlavə edilmiş olsaydı, iddiaçının əmək pensiyası 808,60 (696,06 +112,54) manat təşkil etmiş olurdu. Beləliklə də, iddiaçının bərpa edilməsini tələb etdiyi əvvəli pensiya məbləği əslində, 718,11 manat deyil, Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamına uyğun hesablanmış 696,06 manat pensiya məbləği təşkil edir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının - DSMF-nin Xəzər rayon şöbəsinin “472,58 manat məbləğində pensiya təyin olunması barədə xx.xx.2010-cu il tarixli qərarına və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 dekabr tarixli sərəncamının icrasından irəli gələrək xx.xx.2013-cü il tarixindən onun pensiyasının 661,18 manat, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamına əsasən xx.xx.2018-ci il tarixindən pensiyasının 696,06 manat məbləğində yenidən hesablanması barədə sərəncamlarına göstərdiyi qanunla qorunan etimadını pozmuşdur. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçının isə Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verdiyi müəyyən olunmur və bununla bağlı cavabdehin hər hansı bir əsaslandırıcı dəlili də mövcud deyildir. Dolayısı ilə iddiaçının sadlanan hallara yol verilmədiyiişin işin mübahisələndirilməyən halıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «…Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir… İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamına müvafiq olaraq xx.xx.2018-ci il tarixindən hesablanmış 696,06 manat məbləğində pensiyasının xx.xx.2019-ci il tarixdən əsassız olaraq 605,57 manata azaltdığı, bundan sonrakı artımların isə 696,06 manat məbləğindən deyil, məhz azaldılmış 605,57 manat pensiya məbləği nəzərə alıınmaqla hesablanması və bu əsasla iddiaçıının pensiyasından tutulmalar edilməsinin qanunsuz olduğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən 696,06 manatdan hesablanıb ona ödənilməyə başlanılmış pensiyası bərpa edilməli və bundan sonra onunun pensiyasından tutulmuş bütün məbləğlər ona geri qaytarılmalıdır. Bundan əlavə xx.xx.1918-ci il tarixdən ona ödənilməsi 696,06 manat məbləğinə münasibətdə sonrakı artımlar üzrə də yenidən hesablama aparılmaqla, yaranmış fərq məbləği iddiaçıya ödənilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən Bu Qanunun 20.1.1-20.1.17-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır (Bu Qanunun 20.11-ci maddəsi dövlət qulluqçularına pensiyasına əlaəvləri nəzərdə tutur) Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi) artırıldıqda yenidən hesablanır. Qaydanın 2.2.3-cü bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: PMA = ƏHA x (FD x 50% / 15), burada: PMA – pensiyanın artım məbləği; ƏHA – orta aylıq əməkhaqqının artım məbləği; FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür. Göründüyü kimi, dövlət qulluğunda sözügedən artım 5 ildən artıq 15 ildən az stajı olan bütün əmək pensiyaçılarına şamil olunmalıdır. Konkret halda isə iddiaçı Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş Siyahının 1.5-ci bəndinə müvafiq olaraq uyğunlaşdırıldığı “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında təminedici şöbə müdirinin müavini” vəzifəsində 5 ildən yuxarı(7 il 9 ay 15 ügün) iş stajı mövcuddur. Digər tərəfdən, dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə AR Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 18 iyun 2019-cu il tarixli 1268 nömrəli digər bir Sərəncamı da qəbul edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya AR Prezidentini sözügedən fərmanı və sərəncamından irəli gələn göstərişləri qaydasında xx.xx.2018-ci il tarixindən ödənilən 696,06 manat əmək pensiyası nəzərə alınmaqla, onun pensiayası yenidən hesablanaraq, yaranmış fərq məbləği ona ödənilməlidir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə iddianı təmin etsə də, gəldiyi nəticə üçün yetərincə əhəmiyyətli sübutları araşıdırıb onlara hüquqi qiymət verməmiş, qəbul etdiyi qərar işin halları, maddi və prosessual hüquq normaları baxımından əsaslandırılmamışdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə birinci instansiya məhkəməsi tərəfindən işin prosessual hüquq normalarının tələbləri qaydasında hərtərəfli araşıdırlmadığını, gəldiyi nəticənin sübuta yetirilmədiyini mübahisələndirən hissəsində razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4446/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının dəqiqləşdirilmiş iddia tələbi qismən təmin olunmalı və onun xx.xx.2018-ci il tarixindən ödənilən 696,06 manat məğləbində əmək pensiyası bərpa edilməklə, bundan sonrakı dövr üzrə onun pensiyasından tutulmuş bütün məbləğlərin geri qaytarılması və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı və 18 iyun 2019-cu il tarixli 1268 nömrəli Sərəncamından irəli gələn artımlar nəzərə alınmaqla, pensiyasının yenidən hesablanaraq 696,06 manat məbləğində pensiyasına əlavələrin edilməsi və yaranmış fərq məbləğinin ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, qalan hissədə iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4446/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçının dəqiqləşdirilmiş iddia tələbi qismən təmin olunsun. İddiaçı xx.xx.2018-ci il tarixindən ödənilən 696,06 manat məğləbində əmək pensiyası bərpa edilməklə, bundan sonrakı dövr üzrə pensiyasından tutulmuş bütün pensiya məbləğlərinin geri qaytarılması və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanından və 18 iyun 2019-cu il tarixli 1268 nömrəli Sərəncamından irəli gələn artımlar nəzərə alınmaqla, pensiyasının yenidən hesablanaraq 696,06 manat məbləğində pensiyasına əlavələrin edilməsi və yaranmış fərq məbləğinin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar