Məhkəmə qərarları › İş №2-1(103)-1690/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1690/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1690/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-734/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2012-ci tarixli 165 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2020 tarixlərdə məhkəmə iclasları keçirilmiş, cavabdehə sorğu məktubları göndərilmişdir. Həmin iclaslarda iddiaçı qismində “Haça Qaya” kiçik müəssisəsinin çıxış etməsi barədə söhbət getməmişdir. Halbuki, “Haça Qaya” kiçik müəssisəsinin təsisçisi və direktoru iddiaçıdır. Məhkəmə iclaslarında iddia tələbi dəyişdirilərək də məhkəmə prosesi davam etdirilə və qərar qəbul edilə bilərdi. Bundan əlavə, xx.xx.2020 və xx.xx.2020 tarixlərə məhkəmə iclasları təyin edilmiş və pandemiya ilə əlaqədar məhkəmə iclasları təxirə salınmışdır. Adıçəkilən qərardadda hüquqi yardımdan bəhs olunur, məhkəmə prosesinin gedişində iddia tələbini dəyişdirməklə, bəhs olunan məsələ öz həllini tapmış olardı. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub göndərilmiş, həmçinin xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məhkəmə iclaslarında iştirak edən iddiaçıya hüquqi yaradım göstərilərək mövcud qanunvericiliyin tələbləri izah edilmişdir. ... Göründüyü kimi iddiaçı iddia tələbini qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəqiqləşdirməmişdir. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı təyin olunmuş tarixədək (xx.xx.2020-ci il tarixədək) bu məsələyə dair hər hansı münasibət bildirməmişdirlər. Odur ki, məhkəmə Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxılmasını mümkün hesab etmişdir. ... Göründüyü kimi, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 165 saylı xx xxxxx 2012-ci tarixli Sərəncamın ləğv edilməsini tələb etsə də, həmin Sərəncamla İddiaçı deyil, “Haça-Qaya” kiçik müəssisəsinə ayrılmış torpaq sahəsinə dair Sərəncamın ləğv edilməsi qeyd edilmişdir. Odur ki, iddiaçı qismində “Haça-Qaya” kiçik müəssisəsi çıxış etməlidir. İPM-in 25.0.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərinzibati məhkəmə icraatında iştirak etmək hüququna malikdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. İlk olaraq, məhkəmə iclasının xx.xx.2020-ci il tarixdə keçirilməsi barədə iddiaçının rəsmi qaydada məlumatlandırılması iş materialları ilə təsdiqini tapmır. Halbuki, İPM-in 62.2-ci maddəsi ilə məhkəmələrdən tələb olunur ki, məhkəmə bildirişini şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim etsinlər. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdəhəyata keçirilməsi zəruri olan tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli Məlumatı ilə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələri, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarı, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyi nəzərə alınaraq, xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Goranboy, Göygöl, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər(qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirləri ilə bağlı məsələlər, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması tövsiyə edilmişdir. Ali Məhkəmənin adıçəkilən Məlumatında tövsiyə edildiyi kimi, iddiaçının xx.xx.2020ci il tarixdə keçirilən məhkəmə iclasında iştirakının ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar mümkün olmamasına və iddiaçının həmin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə açıq razılıq ifadə etməməsinə baxmayaraq, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borclu olduğu halda, iddiaçının iştirakını təmin etmədən və onu dinləmədən iddianın mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir (İPM-13). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 3.3-3.5, 16.4-16.6cı bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.4). Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5.). İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir (16.5). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Birinci instansiya məhkəməsinin öz qərardadında İPM-in 16.2-ci maddəsinə istinad etməsi də doğru olmamışdır. Çünki, sözügedən normada məhkəmənin mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən həll edə bilməsi üçün tərəflərin razılığı tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Bu kontekstdə, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, inzibati mühakimə icraatında iddianın mümkünlüyü məsələsi şəxsin konstitusion hüquqları arasında ən əhəmiyyətlilərindən sayılan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olduğu üçün, pandemiya ilə əlaqədar ölkə üzrə məhkəmə mübahisələrinə baxılmasının təxirə salındığı bir tarixdə məhkəmə iclasının keçirilməsinə razılığı, üstəlik bu barədə məlumatı olmayan tərəfin iştirakı olmadan, onun qaldırdığı iddiaya baxılması, adıkeçən hüququn pozulmasının təzahürüdür. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 80.3-cü maddəsinə görə, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Həmçinin, İPM-in 1.2-ci maddəsindən göndərişlə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qərardad qanunsuz olduğu üçün ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-734/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar