Məhkəmə qərarları › İş №2-1(103)-1690/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1690/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1690/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1504/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 0082/Ş nömrəli, 14.02.2020-ci il tarixli inzibati aktının ləğv edilməsi və onun hərbi hissədə əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1504/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1504/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyyata buraxıldığı vaxtdan dəfələrlə yuxarı inzibati orqanlara müraciət etmişdir. Bu faktları təsdiq edən sübutlar iş materialına əlavə edilmişdir. Həmçinin iddiaçıya işdən çıxarılması barədə ərizə yazdırılmışdır. Bu hal iddiaçını şübhəli vəziyyətə salmışdır. Belə ki, iddiaçı bilməmişdir ki, o öz ərizəsi ilə çıxıb yoxsa cavabdeh tərəfindən barəsində əmr qəbul edilib. Göründüyü kimi, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçı hazırki mübahisə üzrə müddəti ötürmüşdür. Əgər cavabdeh tərəfindən iddiaçıya işdən çıxma barədə ərizə yazdırılmasaydı və əmr ona ətraflı izah olunsaydı iddiaçı müddət ötürmədən məhkəməyə müraciət edəcəkdi. İddiaçı uzun sürən müraciətlərdən sonra yalnız 31.05.2020-ci il tarixdə əmək kitabçasını ala bilmiş və əmin olmuşdur ki, cavabdeh tərəfindən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyyata buraxılmışdır. İddiaçı 08.06.2020-ci il tarixdə yuxarı inzibati orqan kimi Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Lakin bugünədək inzibati orqan tərəfindən inzibati şikayətə baxılmamışdır. Şikayət verildikdən 20 gün sonra iddiaçı Fövqəladə Hallar Nazirliyinə gedərək şikayətinə baxılmamasının səbəbini öyrənmək istəmiş, bildirilmişdir ki, koronavirus pandemiyası ilə əlaqədar işçilər evdən işləyir yaxın günlərdə baxılıb qərar veriləcəkdir. Bundan sonra iddiaçı bir neçə gün gözləmiş, hər dəfə maraqlandıqda eyni cavablar verilmişdir. Şikayətin nəticəsiz qaldığını görüb 17.08.2020-ci il tarixdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları araşdırmayaraq səhf nəticəyə gələrək hesab etmişdir ki, iddia müddəti üzürsüz səbəblərdən ötürülmüşdür. Halbuki müddətin ötürülməsində iddiaçının təqsiri olmamışdır, əksinə, buna səbəb cavabdehin qanunsuz əməlləri olmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinə izahat verməyi təklif edir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1504/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadının ləğv olunmasını, iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1504/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına olan yazılı sübutlara əsasən müəyyən edilmişdir ki, hərbi qulluqçu olan İddiaçı cavabdeh inzibati orqanın 14.02.2020-ci il tarixli, 0082/Ş nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmış və iddiaçı həmin əmrlə 17.02.2020-ci il tarixdə imza etməklə tanış edilmişdir. İddiaçı hərbi biletini 29.04.2020-ci il tarixdə, əmək kitabçasını isə 31.05.2020-ci il tarixdə aldığını ərizələrində qeyd etmişdir. İddiaçı qeyd olunan əmri (inzibati aktı) mübahisələndirərək 17.08.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi 25.08.2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 48, 72 və 73-cü maddələrini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1, 24.2, 24.4 və 38.1-ci maddələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndini, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 165-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının ərizəsində göstərilən hallar buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Ona görə də qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Odur ki, mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan 14.02.2020-ci il tarixli 0082/Ş nömrəli əmrdən çıxarışın surətinə əsasən müəyyən olunur ki, iddiaçı mübahisəli əmrlə 17.02.2020-ci il tarixdə imza edərək tanış olmuşdur. Bundan başqa iddiaçı şikayətdə göstərir ki, O, cavabdeh Nazirliyə 08.06.2020-ci il tarixdə müraciət etsə də, ona hələdə cavab verilməmişdir, lakin işin materiallarında olan, cavabdehin 19.06.2020-ci il tarixli məktubundan bəlli olur ki (bax i.v. 82), həmin məktubla iddiaçının müraciətinə növbəti dəfə cavab verilmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, mübahisələndirilən inzibati akt iddiaçıya 17.02.2020-ci ildə elan olunmuş, iddiaçı isə iddia qaldırmaq üçün müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. Sonradan buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddia verilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürüldüyünə və (ya) həmin müddətin bərpa edilməli olmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1504/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar