Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1690/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-596/2022 saylı 07 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. 013893 saylı xx.xx.2018-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı ikinci qrup əlildir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1980-cı il tarixli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1985-ci ildə “Azərelektoişıq” İB-nin lüminesset lampaların yığılma sexinə montaj aparatını sazlayan fəhlə şagirdi qəbul edilmiş, xx.xx.1985-ci ildə lüminesset lampaların yığılma sexinə 3-cü dərəcəli montaj s/aparatını sazlayan fəhlə dərəcəsi verilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1987-ci ildə 4 nömrəli anbara ekspeditor vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə əmtəəşünas vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə 4 nömrəli anbara ekspeditor vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə 4 nömrəli yeməkxanaya anbardar vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə həmin yeməkxanada müdir və anbardar vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Bakı mal-qara tədarükü və emalı istehsalat elm birliyində əməyin və əmək haqqının təşkili şöbəsinə müvəqqəti əmək üzrə 2-ci dərəcəli iqtisadçı təyin olunmuş, xx.xx.1993-cü ildə işdən azad olunmuş, xx.xx.1993-cü ildə “Paklıq” ictimai, siyasi, ədəbi və hüquq qəzetində müxbir vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad olunmuş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 avtomobil dəstəsinə maşın ehtiyat hissələri anbarına anbardar vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü ildə işdən azad olunmuşdur. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı 21 dekabr 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci və 1.0.18-ci maddələrinə istinad olunaraq iddiaçının təqdim etdiyi xx.xx.1980-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajının xx.xx.2006-cı il tarixinə kimi 13 il 11 ay olmasına baxmayaraq, xx.xx.2006cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1925,07 manat tələb olunan pensiya kapitalından (14301,20 manatdan) azdır. Həmçinin iddiaçıya ünvanlanmış xx.xx.2021ci il tarixli məktubun məzmunundan aydın olur ki, Dövlət Sosial Müdafiə Fondunun Monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 2701 nömrəli Avtomobil dəstəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün xx.xx.1994-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrləri sığorta stajına əlavə etmək qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən bildirir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, 2009-cu il tarixdə İran İslam Respublikasında açıq ürək əməliyyatı keçirmiş, üç ürək damarını dəyişmişlər, lakin əməliyyat uğursuz olduğundan və qanaxmanı durdura bilmədiklərindən həmin gün yenidən əməliyyat olmuş, bir gündə iki dəfə əməliyyata məruz qalmışdır. Bu da iddiaçının səhətini artıq tam yararsız hala salmışdır. İddiaçı hipertoniya xəstəsi olmuş, yüksək təziklə və təngənəfəslik, ürək çırpıntıları ilə yaşayır. 2017-ci ilin oktyabr ayında yüksək təzikdən infarkt keçirmiş, aldığı müalicələr səhhətində heç bir irəliləyişə səbəb olmadığından, həkimlərin qərarı ilə həmin ilin noyabr ayında X3 yenidən açıq ürək əməliyyatı keçirmiş və yenidən ürək damarlarını dəyişmişlər. Əməliyyata alınmazdan öncə təzyiq və ürək çatışmamazlığı ilə bərabər həm də, şəkərli diabetə də tutulduğu aşkar olunmuşdur. 2-ci qrup şəkər xəstəsidir, keçirdiyi əməliyyatlar və mübtela olduğu xəstəliklərdən sonra əmək qabiliyyətini itirmişdir. Halhazırda beş müxtəlif növdə ömürlük dərmanlar qəbul edir, dərmanların qiyməti 150-200 manat təşkil edir. Hər iki aydan bir müayinəyə gedir, onlara vəsait tələb olunur və özü də, kirayə mənzildə yaşayır. Həm maddi, həm mənəvi sıxıntıları var. Maddi durumunun olmaması həyat şəraitinə də öz təsirini göstərir. 09 avqust 2018-ci il tarixdən 2-ci qrup əlildir. xx.xx.2018-ci il tarixdən ona 2-ci qrup əlillik sosial müavinət 61 manat ayrılmışdır. Bundan əlavə əmək müavinəti ala biləcəyi ümüdü ilə Suraxanı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi idarəsinə dəfələrlə müraciət etmiş, ona əmək müavinəti təyin edilməsini xahiş etmişdir. Müdiriyyət onu get-gələ salmış, incitmişlər. 2000-ci ildən bu günə kimi DSM-nə təqribi pul ödənişləri olmuş və hal-hazırda aylar üzrə ödəmələr davam edir. Dəfələrlə Azərbaycan Pespublikasının Prezidentinə həm müxtəlif şikayət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə isə 3 dəfə poçt vasitəsi ilə, 2 dəfə elektron vasitəsi ilə müraciətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna rəsmi ərizə ilə müraciət etmişdir ki, 09 avqust 2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə əmək qabiliyyətini itirdiyinə görə, ona pensiya təyin edilməsini xahiş etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassız hesab olunmalıdır. Göründüyü kimi, ona qarşı qərəzlilik və ədalətsizlik açıq aydın nümayiş olunur. Belə ki, yaşı 56, stajı 2006-cı ilə qədər 24 ildir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsində 09 avqust 2018-ci il tarixdə əlil statusu aldığını, onun qanunla tələb edilən sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olduğunu iddia etmiş və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - TSEK”) xx.xx.2018-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə (xx.xx.2023) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Daha sonra İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına İmkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən 2 şərtə uyğun gəlməsi tələb olunur. 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaqdır. İşin mübahisələndirilərı halı iki hissədən ibarətdir. İddiaçı sosial sığorta stajı, İddiaçı fərdi hesabının sığorta hissəsinə müvafiq olan pensiya kapitalı. “Əmək pensiyaları haqqında” Qanunun 6- 1 -ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı 56 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yas dövrü) = 41 il (əmək qabiliyyətli yaş dövrü), 41 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 164 ay, 164 ay: 12 ay = 13 il 06 ay təşkil edir. Qeyd edilən hesablamadan da göründüyü kimi, İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 13 il 06 aydır. İş materiallarına əlavə edilən İddiaçı məxsus ******* saylı əmək kitabçasından göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 23 il 11 aydır. İddiaçı sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilməyən halları xx.xx.1979-xx.xx.1980, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1987-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993-cü illər ərzində işlədiyi dövrlərdir. İddiaçı mübahisələndirilməvən sosial sığorta stajı ümumilikdə 13 il 21 gündür. İddiaçı sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilən halı İddiaçı xx.xx.1994 - xx.xx.2003-cü illər ərzində "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobiol Dəstəsi”ndə işlədiyi dövrdür. Belə ki, işin mübahisələndirilən halı ilə bağlı lazımi qurumlara müvafiq sorğularla müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi vanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş X4 Dövlət Qeydiyyat İdarəsinin 08 iyul 2021-ci il tarixli məktubunda İdarədə olan reyestrdə “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobiol Dəstəsi” adlı kommersiya qurumu aşkar edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 10 iyul 2021-ci il tarixli məktubunda İddiaçı 1994 - 2003-cü illərdə işlədiyi ‘‘Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobiol Dəstəsi”nin sənədləri nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdrəsinin 08 iyul 2021-ci il tarixli məktubunda ‘‘Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobiol Dəstəsi”nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçı mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 09 il 11 ay 20 gündür. İddiaçı Ə.Əhmədova münasibətdə tələb olunan aylıq pensiya ödənişi məbləği, 56 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yas dövrü) = 41 il (əmək qabiliyyətli yaş dövrü), 41 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) = 164 ay, tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 164/192=0,85416667, Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,85416667 x144=123, Pensiya sığorta kapitalı (PSK=11566,8) alınmış rəqəmə bölünərək (11566,8 : 123 =94,0390244 (95) manat) pensiyanın məbləği 95 manat məbləğində müəyyən edilir. Göründüyü kimi İddiaçı təyin olunan aylıq pensiya ödənişi 95 manatdır ki, bu da ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (2018-ci il 1 yanvar tarixindən 116 manat məbləğindən) aşağıdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı əlillik xx.xx.2018-ci il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları xx.xx.2018-ci il tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİ dərəcəli əlil kimi əmək pensiyası hüququnun yaranıb-yaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə görə qiymət verilməlidir. İddiaçı əlillik statusunu xx.xx.2018-ci il tarixində “qazanmışdır”. Belə ki, 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, iddiaçıya İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması qanunaziddir. Əlilliyin səbəbini TSEK-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. Eyni zamanda, İddiaçı münasibətdə TSEK-in xx.xx.2018-ci il tarixli qərarında həmin qərarın Qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-596/2022 saylı 07 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı əmək pensiyası hüququnun yarandığı, yəni 09 avqust 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövrə görə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin məzmunu iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etirazın məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq gööstərilmişdir ki, birinci instansiya məhkəməsi işdə olan maddi hüquq və inzibati prosessual normalara düzgün qiymət verməklə iddia tələbini təmin etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 04 iyul 2022-ci il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. İmtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallaından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi, “ona xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlərin sığorta stajına əlavə edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi və pensiya kapitalının kifayət qədər olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının əlilliyə görə pensiya təyin edilməsi üçün tələb edilən 13 il 06 ay sosial sığorta stajına malik olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqında” Qanunun 12.1-ci maddəsinin tələbinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.3.1-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 12.1-ci maddəsinə görə hazırki iddianın təmin olunması üçün iki şərt- 1) iddiaçının əlil olması və 2) iddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir. Bu şərtlər əsasında işin halları araşdırıldıqda müəyyən olunur ki, iddiaçının ikinci dərəcəli əlil sayılması işin mübahisəsiz halıdır. Yəni, Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş birinci şərt mövcuddur. İkinci şərtə gəldikdə isə, cavabdeh iddiaçıya əlilliyə görə pensiya təyin olunmasını mümkünsüz edən hal kimi onun zəruri sosial sığorta stajına malik olmadığını bildirir. İddianın təmin olunması üçün tələb olunan sosial sığorta stajı isə 13 il 06 ay (56 – 15 = 41 x 4 = 164 : 12 = 13 il 6 ay) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1.-ci bəndinə görə sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1979xx.xx.1980, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1987-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993-cü illər ərzində işlədiyi dövlərin sosial sığorta stajına daxil edilməklə ümumilikdə 13 il 21 gün təşkil etməsi mübahisələndirilmir. Cavabdeh inzibati orqan iddiaçının yetəri qədər sığorta stajına malik olmasını və ya pensiya kapitalının kifayət qədər olmasını mübahisələndirir, sonradan isə əmək kitabçasında qeyd olunan xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək olan dövrün (Azərbaycan Respublikası Nəqliyyat nazirliyinin 2701 saylı Avtomobil dəstəsində işlədiyi dövrün) şübhə doğurduğunu qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci madəsinə əsasən məhkəmə tərəfindən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bununla bağlı birinci instansiya məhkəməsinin verdiyi sorğulara cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********474500 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestrində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 avtomobil dəstəsi adlı hüquqi şəxsin qeydiyyatı barədə məlumat mövcud deyildir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən təhvil götürülmüş kommersiya qurumlarının arxiv sənədləri arasında həmin hüquqi şəxsə aid qovluq aşkar edilməmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1-6-118/6498-21 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi 2701 saylı Avtodəstə vaxtilə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin və “Azəravtonəqliyyat” Dövlət Konserninin struktur müəssisəsi olmuşdur. Həmin müəssisənin şəxsi heyət üzrə 1972-ci ildən sonrakı dövrlərin sənədləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv sənədinin verilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə, sadalanan hallardan görünür ki, iddiaçının işlədiyi müəssisə həmin dövrdə mövcud olmuş və iddiaçı əmək kitabçasındakı qeydlərə əsasən həmin müəssisədə işləmişdir. Bu halın əksini təsdiq edə biləcək hər hansı sübutu cavabdeh təqdim edə bilməmişdir. Cavabdehin istinad etdiyi hal- iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi ilə bağlıdır ki, bu barədə də məhkəmə kollegiyası qeyd edir ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. O ki qaldı cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda, iddiaya dair yazılı etirazında və apellyasiya şikayıtində qeyd etdiyi “iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” barədə cavabdehin dəlilinə, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından (i.v.51) müəyyən olunur ki, iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği 14650.0 manat olduğu halda, onun xx.xx.2006-cı il tarixədək sığorta hissəsi 16952.38 manat təşkil etmişdir. Həmçinin apellyasiya baxışı zamanı təqdim edilmiş pensiya alt sistemindən çıxarışdan da görünür ki, iddiaçının pensiya kapitalı 14301,21 manata qarşı 16742,88 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Belə olan halda iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 13 il 06 ay sosial sığorta stajına, eləcə də kifayət qədər pensiya kapitalına malik olduğuna görə ona əmək pensiyası hüququnun yarandığı, yəni 09 avqust 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməli və onun əvvəllər əlilliyi ilə bağlı aldığı müavinətlə (İİ qrup əlillik dərəcəsi i.v.11-ə əsasən xx.xx.2018-dən müəyyən edilmişdir) hazırda xx.xx.2018-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiya məbləği arasındakı fərq xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaya dair yazılı etirazla eynilik təşkil etməklə formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-596/2022 saylı 07 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-596/2022 saylı 07 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1690/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1690/2022
04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver