Məhkəmə qərarları › İş №2-1(103)-1690/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1690/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1690/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5828/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı keçirmədən yazılı qaydada baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında **********145000 nömrəli və Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********697200 nömrəli qərarlarının ləğv edilməsinə” dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3002/2023 qərardadı ilə AZEMİS portalına əsasən iddiaçının ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən olunaraq, İPM-n 8.1.2-ci maddəsinə istinadən iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5828/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İPM-nin 8.1.2-ci maddəsinə əsasən iddiaçının yaşayış yerinin (qeydiyyatda olduğu) yerləşdiyi yerin deyil, 8.1.4-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olduğu mübahisələndirilərək ərazi aidiyyəti üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər; İddiaçının qeyd olunan mübahisləndirmə haqqında iddia tələbindən görünür ki, həmin tələbini cavabdehlər qismində həm Dövlət Vergi Xidmətinə, həm də həmin Xidmətin 9 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı irəli sürsə də, onun yalnız bir tələbi var, sonuncu (“2-ci cavabdeh”) tərəfindən onun barəsində qəbul edilmiş əlverişsiz inzibati aktının ləğv edilməsini tələb etmişdir. Başqa sözlə, Xidmətin özünə qarşı onun tələbi mövcud deyil, deməli, onu cavabdeh qismində tələbində göstərməsi formal xarakter daşıyır. Konkret halda cavabdeh qismində ola bilməz, həm də ona görə ki, iddiaçının şikayət instansiyası olan 1-ci cavabdeh Xidmətə ünvanladığı 2-ci cavabdeh 9 saylı Ərazi Vergilər Baş İdarəsinin qeyd olunan qərarından şikayəti Xidmətin xx.xx.2023-cü il tarixli **********145000 nömrəli qərarı ilə tərəfindən təmin edilməmiş, 9 saylı Ərazi Vergilər Baş İdarəsinin iddia tələbində qeyd olunan qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Deməli, Məcəllənin qeyd olunan 32.2.2-ci maddəsinin tələbi baxımından hazırkı iddianın predmetini yalnız 2-ci cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********697200 nömrəli qərarının ləğv edilməsi tələbi təşkil edə bilər. İş materiaları üzrə araşdırma aparıldıqda isə müəyyən olunur ki, iddiaçı S.Bəkirovanın ünvanı ünvan 2ay rayonu, Əli Kərim küçəsi 112/a ünvanıdır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddənin birinci cümləsinin mənası baxımından araşdırma aparıldıqda konkret halda, iddiaçının inzibati aktı qəbul edən 2-ci cavabdeh 9 saylı Ərazi Vergilər Baş İdarəsi - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli **********003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamenti”nin 1.8.2-ci bəndinin 9-cu yarımbəndinə əsasən AZ 2300, ünvan 4 ünvanında yerləşir və iddiaçının yaşadığı Ucar rayonu da həmin idarənin yurisdiksiyasına daxildir. Qeyd olunan normanın 2-ci cümləsindən yanaşdıqda isə Göyçay şəhərində yerləşən 2-ci cavabdeh tərəfindən Ucar rayonunda yaşayan iddiaçı barəsində qəbul etdiyi inzibati akt (qərar) birdən çox inzibati məhkəmənin yurisdiksiyasına deyil, yalnız Şəki İnzibati Məhkəməsinə aiddir. Belə ki, həm İddiaçı yaşadığı Ucar rayonu, həm də 2-ci cavabdeh 9 saylı Vergilər Baş İdarəsinin yerləşdiyi Göyçay rayonu Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»na (müvafiq olaraq 19.11-ci və 19.4-cü bəndlərinə) əsasən Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Qeyd olunanlardan göründüyü kimi, hazırkı inzibati mübahisə, İPM-in 8.1.2-ci maddəsinin istər 1-ci, istərsə də 2-ci cümləsi baxımından Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, Şəki İnzibati Məhkəməsi ərazi aidiyyəti məsələsinə baxarkən, işin halları baxımından həmin maddənin təfsirində, Bakı İnzibati Məhkəməsi isə baxmayaraq ki, işə Şəki İnzibati Məhkəməsində baxılmasında israrlıdır, bu mövqeyini Məcəllənin 8.1.4-cü maddəsinə istinadən əsaslandırdığından, prosessual hüquq normasının tətbiqində səhvə yol verir. Beləliklə də, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iş ərazi üzrə məhkəmə aidiyyətinə görə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 8, 80, 83, 87 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş baxılması üçün ərazi üzrə məhkəmə adiyyətinə görə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar