Məhkəmə qərarları › İş №2-1(103)-1691/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1691/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1691/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Aida Hüseyn Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2- 1(112)-1421/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-1421/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 30.05.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu tarixdən, yəni 30.05.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, xx.xx.1961-ci ildə Ermənistanın Ararat rayonunda doğulmuşdur. 1976-cı ildən 1978-ci ilə qədər Ermənistan SSR Ararat rayonu, Aralez kəndi “Lenin yolu” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuş, 01.09.1978-ci ildən 06.03.1980-ci ilə qədər Bakı şəhəri, 87 nömrəli Texniki məktəbində Elektrovozun maşinist köməkçisi ixtisası üzrə təhsil almış, 04.05.1980-ci ildən 11.05.1982ci ilə qədər Sovet ordu sıralarında xidmət etmişdir. 01.02.1983-cü ildən 30.04.1985-ci ilə qədər və 01.06.1985-ci ildən 01.10.1988-ci ilə qədər Ermənistan SSR Ararat rayonu, Aralez kənd kolxozunda kolxozçu, 10.05.1989-cu ildən 24.11.1989-cu ilə qədər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Tikinti Quraşdırma trestində 2-ci dərəcəli elektrik, 24.11.1989-cu ildən 27.12.1993-cü ilə qədər Əl ilə qaynaq aparan elektrik qaynaqçısı, 15.04.1994-cü ildən 20.08.2003-cü ilə qədər “xxxx Dövlət Şirkətinin 518 nömrəli tikinti quraşdırma qatarında əl ilə qaynaq aparan elektrik qaynaqçısı, 20.08.2003cü ildən 07.01.2006-cı ilə qədər teplovoz maşinisti köməkçisi, 01.06.2006-cı ildən 15.03.2007-ci ilə qədər “xxxx” MMC-də sürücü, 16.07.2007-ci ildən 16.01.2008-ci ilə qədər “xxxx” MMC-də sürücü, 17.01.2008-ci ildən 15.07.2010-cu ilə qədər “H.Z.Tağıyev adına” NQÇİdə qaldırıcı maşinisti, 16.07.2010-cu ildən 31.07.2014-cü ilə qədər Azneft istehsalat birliyi nəqliyyat departamentində qaldırıcının maşinisti vəzifəsində işləmişdir. 01.08.2014cü ildən hal-hazırkı vaxta qədər ARDNŞ nəqliyyat idarəsi 5 saylı texnoloji nəqliyyat departamentində avtomobil sürücüsü və qaldırıcının maşinisti vəzifəsində işləyir. 01.01.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 27 il 5 ay 14 gün ümumi iş stajı, 15 il 9 ay 19 gün zərərli iş stajını tamamlamışdır. 57 yaşı tamam olan tarixdən, yəni 30.05.2018-ci il il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 07.07.2020-ci il tarixli, **********0 №-li imtina məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. İstər hazıda qüvvədə olan “Əmək pensiyaları” haqqında Qanunda, istərsə də 01.01.2006-cı ilə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda hərbi xidmət dövrü ümumi iş stajı sayılırdı. Təhsil aldığı və kolxozda işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 67-ci maddəsinin İ hissəsinə əsasən üzvlük əsasında kolxozda işlədiyi dövr ümumi iş stajı kimi nəzərə alınırdı. İddia ərizəsinə əlavə etdiyi kolxozçunun üzvlük kitabçası, təhsil alması barədə atestat, hərbi xidmət keçmə barədə arayış, əmək kitabçalarının surəti və iş stajını təsdiq edən arayışdan görünür ki, ümumi iş stajı 25 ildən çoxdur. İşlədiyi «əl ilə qaynaq aparan qaynaqçılar» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 35-ci Bölməsinin «əl ilə qaynaq aparan elektrik qaynaqçıları», “elektrovoz maşinist köməkçisi” isə həmin siyahının 21.4-cü bölməsinin “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə uyğundur. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi Nurani Rüstəmli izahatında göstərmişdir ki, iddiaçının 2006-cı il 1 yanvar tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Belə ki, Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti 518 saylı Tikinti Quraşdırma Qatarı tərəfindən verilmiş 15 fevral 2006-cı il tarixli arayışda İddiaçı 15.04.1994-cü il tarixində “xxxx” Dövlət Şirkətinin 518 nömrəli Tikinti Quraşdırma Qatarına əl- elektrik qaynaqçısı qəbul edildiyi, 20.08.2003-cü il tarixində teplovoz maşinisti köməkçisi işinə keçirildiyi, 07.01.2006-cı il tarixində isə işdən azad edildiyi qeyd edilmişdir. Buna baxmayaraq arayışda qeyd edilən həmin dövrlər İddiaçı məxsus ******* nömrəli əmək kitabçasında öz əksini tapmamışdır. Sözügedən əmək kitabçasının birinci qeydində İddiaçı 01.06.2006-cı ildə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işə başladığı qeyd edilmişdir. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi 01.02.1983-cü ildən 30.04.1985-ci ilə qədər və 01.06.1985-ci ildən 01.10.1988-ci ilə qədər Ermənistan SSRİ Ararat rayonu, Aralez kənd kolxozunda kolxozçu, 10.05.1989-cu ildən 27.12.1993-cü ilə qədər Azərbaycan SSRİ Avtomobil Nəqliyyat Nazirliyinin Tikinti Quraşdırma İdarəsində əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifələri də İddiaçı məxsus ******* nömrəli əmək kitabçasında qeyd edilməmişdir. Odur ki, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Ermənistan SSR Ararat rayonunda doğulmuşdur. - 06.03.1980-cı il tarixli, 389 №-li attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1978-ci ildən 06.03.1980-cı ilə qədər Bakı şəhəri 87 №-li texniki məktəbdə elektrovozun maşinist köməkçisi ixtisası üzrə təhsil almışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə övlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 25.02.2020-ci il tarixli, 197 №-li arayışından görünür ki, İddiaçı 04.05.1980-ci il tarixdən 11.05.1982-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. - İddiaçı məxsus kolxozçunun üzvlük kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1976-cı ildən 1978-ci ilə qədər Ermənistan SSR Ararat rayonu, Aralez kəndi “Lenin yolu” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01.02.1983-cü ildən 30.04.1985-ci ilə qədər və 01.06.1985-ci ildən 01.10.1988-ci ilə qədər Ermənistan SSR Ararat rayonu, Aralez kənd kolxozunda kolxozçu, 10.05.1989- cu ildən 24.11.1989-cu ilə qədər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Tikinti Quraşdırma trestində 2ci dərəcəli elektrik, 24.11.1989-cu ildən 27.12.1993-cü ilə qədər əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası “xxxx” ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarı tərəfindən verilmiş 02 №-li ,15.02.2006-cı il tarixli arayışdan, məhkəmənin sorğusuna verilmiş 03 №-li 23.12.2020-ci il tarixli məktuba əlavə edilmiş 15.04.1994-cü il tarixli 54/k, 20.08.2003-cü il tarixli 28/k və 07.01.2006-cı il tarxili 03/k №-li əmrlərdən çıxarışlardan görünür ki, İddiaçı həqiqətən 15.04.1994-cü il tarixədək 54/k saylı əmrlə “xxxx” Dövlət Şirkətinin 518 nömrəli Tikinti Quraşdırma Qatarına əl-elktrik qaynaqçısı qəbul edilmişdir. 20.08.2003-cü il tarixdə 28/k saylı əmrə əsasən teplovoz maşinisti köməkçisi işinə keçirilmişdir. 07.01.2006-cı il tarixdə 03/k saylı əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 №-li, 16.07.1998-ci il tarixli Sərəncamı ilə “xxxx” Dövlət Şirkəti “xxxx” X4 Cəmiyyətə çevrilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 05.11.2020-ci il tarixli **********020200 №-li məktubuna əlavə edilmiş təsis sənədlərindən görünür ki, xxxx” ATSC-nin Nizamnaməsi 22.12.2000-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. Həmin Nizamnamənin 1-ci maddəsinə əsasən Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 851 №-li 16.07.1998-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996- cı il 29 noyabr tarixli qanunu ilə təsdiq edilmiş “dövlət müəssisəninin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq yaradılmışdır. Həmin Nizamnamənin 2.4cü maddəsinə əsasən Cəmiyyət ləğv edilmiş “xxxx dövlət Şirkətinin bu Nizamnaməyə əlavədə göstərilən 9 müəssisəsinin bazasında yaradılır, onların hüquq və öhdəliklərinin varisidir. - Əmək kitabçasının işəgötürən tərəfindən təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.06.2006-cı ildən 15.03.2007-ci ilə qədər “xxxx” MMC-də sürücü, 16.07.2007ci ildən 16.01.2008-ci ilə qədər “xxxx” MMC-də sürücü, 17.01.2008-ci ildən 15.07.2010-cu ilə qədər H.Z.Tağıyev adına NQÇİ-də qaldırıcı maşinisti, 16.07.2010-cu ildən 31.07.2014cü ilə qədər Azneft istehsalat birliyi nəqliyyat departamentində qaldırıcının maşinisti vəzifəsində işləmişdir. 01.08.2014-cü ildən halhazırkı vaxta qədər ARDNŞ nəqliyyat idarəsi 5 saylı texnoloji nəqliyyat departamentində avtomobil sürücüsü və qaldırıcının maşinisti vəzifəsində işləyir. - Filialın iddiaçının 23.06.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 07.07.2020-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi səbəbindən ona pensiya təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 27 il 5 ay 14 gün (təhsil müddəti – 1 il 6 ay 5 gün, hərbi xidmət 2 il 0 ay 7 gün, kolxozçu – 7 il 6 ay 29 gün, elektrik 0 il 6 ay 14 gün, qaynaqçı – 13 il 5 ay 8 gün, teplovoz maşinisti – 2 il 4 ay 11 gün) ümumi və 15 il 9 ay 19 gün (qaynaqçı – 13 il 5 ay 8 gün, teplovoz maşinisti – 2 il 4 ay 11 gün) güzəştli iş stajı mövcuddur. Güzəştli iş stajına dair məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi «əl ilə qaynaq aparan qaynaqçılar» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr” adlanan 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”, “elektrovoz maşinist köməkçisi” isə həmin siyahının 21.4-cü bölməsinin “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə uyğundur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 30.05.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Bundan əlavə «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. İddiaçının işlədiyi müəssisələr tərəfindən MDSS haqqları ödənilməmiş olsa belə, qanunvericiliklə həmin müəssisələr də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borcları 01.04.2018-ci il tarixdən silinmişdir. Bu hal isə iddiaçının pensiya hüququnun təmin olunmasına şərait yaradır. Bundan əlavə 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Həmçinin qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Cavabdeh inzibati orqan həm iddia ərizəsinə yazılı etirazda, həm də imtina məktubunda iddiaçının işlədiyi dövrü qəbul etməsə də, bunun əksini sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-1421/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar