Məhkəmə qərarları › İş №2-1(103)-1691/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1691/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1691/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1121/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona aid əlillik dərəcəsinin təyin edilməsi barədə imtinası əsassız sayılması, ona peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi və əmək qabiliyyətinin ən azı 60 faiz itirilməsinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2017ci il tarixədək "xxxx" QSC-də müxtəlif vəzifələrdə işləmişdir. 2010-cu ilin dekabr ayından başlayaraq iddiaçının sağ işlək əlində qıcolmalar başlamış və bununla əlaqədar 2011-ci ilin yanvar ayında həkimə müraciət etmişdir. Aparılmış müayinələr nəticəsində iddiaçıya “yazı spazmı” diaqnozu qoyulmuşdur. Bu xəstəliyi iddiaçı bankda işlədiyi müddətdə qazanmışdır. Belə ki, “yazı spazmı” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na daxildir. Həmin qərarda yazı spazmı xəstəliyinə səbəb kimi yüksək hərəkət koordinasiyası, sürətlə yerinə yetirilən eyni tipli hərəkətlərlə əlaqəli işlər göstərilmişdir. 2009-cu ilin may ayından 2011-ci ilin yanvar ayına kimi iddiaçı 404 kredit işi icra etmiş, 2011-ci ilin fevral ayında verilmiş həkim məsləhəti ilə bankda iddiaçının vəzifəsi dəyişdirilərək yazı əlaqəsi az olan işə keçirilsə də, “yazı spazmı” xəstəliyi davam etmişdir və hazırda da davam etməkdədir. İddiaçının xəstəliyinin yaranmasına səbəb bank tərəfindən qoyulan aylıq iş planlarının fiziki (əzələ) və psixoemosional (stress) gərginlik yaratması və qeyd olunmayan iş saatlarından əlavə işləməyi olmuşdur. 2011-ci ilin yanvar ayından indiyə kimi iddiaçının müxtəlif (dövlət, özəl, ölkəxarici) tibb müəssisələrində müayinə və müalicə olunmağına baxmayaraq, iddiaçının sağ - işlək əlində sağalma müşahidə olunmamış və təyin olunmuş “yazı spazmı” diaqnozunun xroniki peşə xəstəliyi olduğu müəyyən edilmişdir. Qanunvericiliyə uyğun (işçinin əmək şəraitinin sanitariya-gigiyenik xasiyyətnaməsi və digər) sənədləri topladıqdan sonra iddiaçı peşə xəstəliyilə əlaqədar əlillik dərəcəsinin və əmək qabiliyyətini itirmə faizinin təyin olunması ilə bağlı Abşeron rayon Poliklinikasına müraciət etmişdir. Poliklinikanın göndərişi ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək V.Axundov adına X1 İnstitutunun Peşə xəstəlikləri klinikasında stasionar müalicə almış və “yazı spazmı” (Xəstəliklərin beynəlxalq təsnifatı kodu - F 48.8 (Yazı spazmı daxil olmaqla peşə nevrozu)) diaqnozu və ağırlaşması kimi “nevrasteniya" (XBT kodu - F 48.0) xəstəliyi təsdiq edilmişdir, “yazı spazmı” xəstəliyinin peşə yönümlü olması barədə rəy verilmişdir. xx.xx.2020-ci il tarixdən iddiaçı Abşeron rayon Poliklinikasında ambulator müalicəni davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Poliklinikasının göndərişi ilə Psixi Sağlamlıq Mərkəzi tərəfindən müayinə olunaraq “nevrasteniya yazı spazmı ilə” diaqnozu barədə rəy almışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı Abşeron rayon Poliklinikasının göndərişi ilə Sumqayıt şəhər Psixatriya Xəstəxanası tərəfindən müayinə olunaraq “nevrasteniya yazı spazmı ilə” diaqnozu barədə rəy almışdır. Koronavirus pandemiyası ilə əlaqədar xəstəxanalara göndəriş verilməsi mümkün olmadığı üçün iddiaçı xx.xx.2020-ci il tarixədək Abşeron rayon Poliklinikasında ambulator müalicəni davam etdirmiş, Abşeron rayon Poliklinikasının göndərişi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Peşə xəstəlikləri klinikasında stasionar müalicə almış və yenidən peşə xəstəliyi təsdiqlənmiş, xx.xx.2020-ci il tarixədək ambulator müalicəni Abşeron rayon Poliklinikasında davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə hazırda iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən cavabdehə peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün yazılı sorğu göndərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və əmək qabiliyyətini itirmə faizinin təyin olunması ilə bağlı lazımi məlumatlar Abşeron rayon Poliklinikası tərəfindən 0215003AABHZ nömrəli göndəriş (Forma 88) ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X8 ötürülmüşdür, həmin gün imtina cavabı verilmişdir. İmtina səbəbi kimi iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmaması göstərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının məlumatları 26 saylı identifikasiya nömrəsi ilə Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrinə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının məlumatları təkrarən (2-ci dəfə) poliklinika tərəfindən yenilənərək 0215003AABQJ nömrəli göndəriş ilə Azərbaycan Respublikası ƏƏSMN MİS TSERAS-a ötürülmüşdür. Ordan isə həmin gün təkrarən imtina cavabı verilmişdir. İmtina səbəbi kimi yenidən iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmaması göstərilmişdir. Bununla bağlı iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının TSERAS-dan 0215003AABQJ nömrəli göndərişinə xx.xx.2020-ci il qiymətləndirmə tarixli imtina cavabı verilmiş, imtina səbəbi kimi əlavə müalicəyə ehtiyac olması və Psixatriya Xəstəxanasında müayinə və müalicə məsləhəti qeyd olunmuşdur. Abşeron rayon Poliklinikasının göndərişi ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhər Psixatriya Xəstəxanasında nevrasteniya və yazı spazmına görə stasionar müalicə almışdır. Daha sonra Abşeron rayon Poliklinikasında iddiaçı ambulator müalicə almış və hal-hazırda da davam edir. xx.xx.2021-ci il tarixdə iddiaçının məlumatları üçüncü dəfə poliklinika tərəfindən yenilənərək 0215003AAB3W nömrəli göndəriş ilə ƏƏSMN MİS TSERAS-a ötürülmüş, xx.xx.2021-ci il tarixdə yenidən imtina cavabı verilmişdir. İmtina səbəbi kimi xəstəlik (bülleten) vərəqələrinin günlərinin reyestrdə tam göstərilməməsi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının məlumatları dördüncü dəfə poliklinika tərəfindən yenilənərək 0215003AACBK nömrəli göndəriş ilə ƏƏSMN MİS TSERAS-a ötürülmüşdür. Oradan isə aidiyyəti quruma cavabın 15 iş günündən çox gecikməsi (Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4. bəndi) ilə bağlı şikayət müraciətindən sonra xx.xx.2021-ci il tarixdə yenidən imtina cavabı verilmişdir. İmtina səbəbi kimi yenə əlavə müalicəyə ehtiyac olması və Psixatriya Xəstəxanasında müayinə və müalicə məsləhəti qeyd olunmuşdur. Hal-hazırda 450 günə (15 ay) yaxındır ki, iddiaçı bülletendədir. Yuxarıda göstərilən dövr ərzində peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və əmək qabiliyyətini itirmə faizinin təyin olunması ilə bağlı lazımi məlumatları Abşeron rayon Poliklinikası tərəfindən 4 dəfə yenilənərək cavabdeh quruma göndəriş (Forma 88) əsasında ötürülsə də, dəfələrlə əsassız (qanunsuz) olaraq iddiaçıya imtina olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2017-ci il tarixli 2712003AACN8 saylı göndərişi ilə qiymətləndirilmiş və generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, İdiopatik epilepsiya, tonik-klonik generalize olunmuş qıc olma tutmaları diaqnozu ilə göndərişin natamam doldurulması, xəstə hesab edilən illər ərzində diaqnozun ağırlaşmasının heç bir tibbi sənədlərlə təsdiq olunmaması əsası ilə imtina verilmişdir. Xəstəxananın xx.xx.2017-ci il tarixli 2712003AACRC saylı göndərişi əsasında qiymətləndirilmiş və generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, İdiopatik epilepsiya, tonik-klonik generalizə olunmuş qıcolma tutmaları ilə (ayda 10-12 dəfə). Qıcolma və spazm, Tez-tez baş verən qıcolma tutmaları (ayda 10-12 dəfə), sağ əlin İV-V barmağlarında ağrı və qıcolma. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, İdiopatik epilepsiya, tonikklonik generalizə olunmuş qıcolma tutmaları ilə (ayda 10-12 dəfə); Meyar: 2.2 İkinci dərəcə əlillik => epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) əsası ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən qərar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin. 10.2019-cu il tarixli xx/xx-8692 nömrəli məktubuna əsasən 47 nəfərin sənədində aşkar edilmiş uyğunsuzluqlar nəticəsində xx.xx.2019-cu il tarixdən etibarsız hesab edilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0215003AABQJ saylı göndərişi əsasında qiymətləndirilmiş və digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, nevrotik pozğunluqlar yazı spazmı diaqnozu ilə əlavə müalicəyə ehtiyacın olması, müayinələri, diaqnoz və ağırlaşmaları əlillik təyin etməyə imkan vermir, psixatriya xəstəxanasında müayinə və müalicə məsləhətdir əsası ilə imtina verilmişdir. Mərkəzi Xəstəxananın xx.xx.2021-ci il tarixli 0215003AAB3W saylı göndərişi əsasında qiymətləndirilmiş, digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, nevrotik pozğunluqlar yazı spazmı, ağırlaşma F48.0 nevrasteniya, yazı spazmı ilə. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya. Nevrasteniya. Yanaşı xəstəliklər 11.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [yi], arterial hipertenziya İ dərəcə diaqnozu ilə, göndərişin natamam doldurulması, xəstənin adına əmək müqaviləsi oldugu halda. Xəstəlik vərəqələrinin günlərinin reystrdə tam göstərilməməsi, dəqiqləşdirilməsi əsası ilə imtina verilmişdir. xx.xx.2021-ci il tarixli 0215003AACBK saylı göndərişi əsasında qiymətləndirilmiş və nevrotik pozğunluqlar yazı spazmı. eniyə yazı spazmı ilə. Arterial hipertenziya İ dərəcə. Nevrasteniya diaqnozu ilə, əlavə müalicəyə ehtiyacın olması, Psixatriya xəstəxanasında müayinə və müalicə olunması tövsiyə olunur əsası ilə imtina verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1121/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının Forma 88 arayışında qeyd edilən klinik və instrumental müayinələr norma daxilindədir, bundan əlavə arterial hipertenziya haqqında məlumat qeyd edilməmişdir, əsas diaqnoz kimi qeyd edilən “Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, nevrotik pozğunluqlar yazı spazmı” AR Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik əlaməti təyin etmir. İddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına, AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının tələbi ona 3-cü dərəcə əlilliyin təyin edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iddia həm ümumi həm də xüsusi mümkünlük şərtlərinə cavab verir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi müddətinə əməl olunmuşdur. İddianın mahiyyəti üzrə Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsində göstərilir: ” Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Göndərişin rəsmiləşdirildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilmişdir: “1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbisosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.” Həmin Əsasnamənin 2-ci hissəsinin 2.3.-cü bəndinə əsasən, üçüncü dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:.. 2.3.9-cu bəndinə əsasən uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). 2.4.4.emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79). 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından görünür ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişləri əsasında bir neçə dəfə qiymətləndirilmiş və göndərişin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması, psixatriya xəstəxanasında müalicə və müayinənin məsləhət görülməsi səbəbindən əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Sonuncu dəfə isə Abşeron Rayon Mərkəzi Xəstəxanasının 0215003AACBK nömrəli göndərişi (Forma 088) əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması, psixatriya xəstəxanasında müalicə və müayinə olunmasının tövsiyə olunması səbəbilə iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. İşin apellyasiya baxışı zamanı məhkəmənin müvafiq sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş məktubundan görünür ki, İddiaçı dair göndərişdə, tibbi sənədlərində qeyd edilən xəstəliklər (Nevrotik pozuntular, yazı spazmı. Arterial hipertenziya, 1-ci dərəcə.Nevrasteniya) həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci iltarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlillik təyininə əsas vermir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası TƏBİB PHŞ V.Y.Axundov adına ET X5 PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Rafık oğlu V.Y.Axundov adına ET X2 Peşə xəstəlikləri klinikasında (xx.xx.2020 - xx.xx.2020 tarixlərdə) müayinədən keçirilmiş, “Nevrasteniya yazı spazmı ilə" (XBT Nevrasteniya F48.0, Yazı spazmı F48.8) diaqnozu, təqdim edilən sənədlərə əsasən peşə fəaliyyəti ilə bağlıdır, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3.9-cu bəndində F48.0, F48.8. ’’Nevrasteniya” “Yazı spazmı” diaqnozuna uyğundur və uzun müddət dekompensasiya vəziyyətində olan psixopatiyalara aiddir (uzun müddət dekompensasiya (6 aydan çox) vəziyyətində olan səxsiyyət pozuntuları və psixopatiyalar, “Nevrasteniya yazı spazmı ilə” diaqnozu, Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3 bəndinə uyğun olaraq “Üçüncü dərəcə əlillik” kimi qiymətləndirilir. Həmçinin işə baxan birinci instansiya məhkəməsi iddiaçıda hal-hazırda olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan tam əsaslı olaraq iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsini zəruri hesab etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 275/MEŞ saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı Rafik oğlunun “Nevrasteniya yazı spazmı ilə” (XBT Nevrasteniya F48.0, Yazı spazmı F48.8) diaqnozu peşə fəaliyyəti ilə bağlıdır və bu diaqnoz Azərbaycan Respublikası Naziriər Kabinetinin 7 nömrəli “Qərar”ının (“İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında”, Bakı şəhəri, 14 yanvar 2002-ci il) 16-cı bəndinə uyğun olduğundan peşə xəstəliyi hesab edilir, “Nevrasteniya yazı spazmı ilə” diaqnozu, Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3 bəndinə uyğun olaraq “Üçüncü dərəcə əlillik” kimi qiymətləndirilməsi və itirilmiş əmək qabiliyyətinin itirilmə faizinin təyin olunması qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətli nümayəndələri tərəfindən təyin olunur. Göründüyü kimi ixtisaslaşdırılmış tibb müəssisəsinin və iş üzrə keçirilmiş tibbi ekspertizanın rəyləri ilə iddiaçıya təyin edilmiş “Nevrasteniya yazı spazmı ilə” (XBT Nevrasteniya F48.0, Yazı spazmı F48.8) diaqnozunun peşə fəaliyyəti ilə bağlı olduğu və bu diaqnozun Azərbaycan Respublikası Naziriər Kabinetinin 7 nömrəli “Qərar”ının (“İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında”, Bakı şəhəri, 14 yanvar 2002-ci il) 16-cı bəndinə uyğun olduğundan peşə xəstəliyi hesab edildiyi qeyd edilmişdir. Belə olan halda diaqnozun üçüncü dərəcə əlilliyin təyininə əsas verdiyi müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1121/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1121/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar