Məhkəmə qərarları › İş №2-1(103)-1692/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1692/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1692/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(112)- 451/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon filialına (bundan sonra DSMF-nin Bakı şəhəri Nərimanov rayon filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1973-1976-cı illərdə keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu dövrlərin, 15.01.1977-ci ildən 17.08.1977ci ilə qədər Masallı rayon Qaz İdarəsində 3-cü dərəcəli çilingər peşəsində, 01.12.1977-ci ildən 07.06.1999-cu ilə qədər Bakı Ət Kombinatında 4-cü dərəcəli çilingər və 07.06.1999-cu ildən 07.12.1999-cu ilə qədər “Zərif-Mahud” səhmdar cəmiyyətində müvəkkil peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(112)-451/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(112)-451/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 01.12.1977-ci ildən 07.06.1999-cu ilə qədər Bakı Ət Kombinatında 4-cü dərəcəli çilingər, 07.06.1999-cu ildən 07.12.1999-cu ilə qədər “Zərif-Mahud” Səhmdar Cəmiyyətində müvəkkil peşəsində işləməsi və əmək haqqı alması (işə qəbul olması, işdən azad edilməsi, həmin əməkhaqqıdan məcburi dövlət sosial sığorta haqlarının tutulması və s.) ilə bağlı heç bir arxiv sənədi aşkar olunmamışdır. Adıçəkilən müəssisələrin dövlət qeydiyyatına alınması iddiaçının həmin müəssisələrdə işləyib əmək haqqı alması kimi tövsif oluna bilməz. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(112)-451/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2- 1(112)-451/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - 23.02.2008-ci il tarixdə Bakı Nərimanov RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Masallı rayonunda doğulmuşdur; - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, iddiaçı 16.05.1973-cü il tarixdən 17.06.1976-cı il tarixə qədər hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ИТ-İ ******* saylı 15.01.1977-ci il tarixdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, iddiaçı 15.01.1977ci ildən (əmr № 08, 15.01.1977) 17.08.1977-ci ilə qədər (əmr № 75, 17.08.1977) Masallı rayon Qaz İdarəsində 3-cü dərəcəli çilingər, 01.12.1977-ci ildən (əmr № 243-k, 05.12.1997) 07.06.1999-cu ilə qədər (əmr № 31-k, 07.06.1999) Bakı Ət Kombinatında 4cü dərəcəli təmirçi - çilingər, 07.06.1999-cu ildən (əmr № 24, 07.06.1999) 07.12.1999-cu ilə qədər (əmr № 58, 04.12.1999) “Zərif-Mahud” Səhmdar Cəmiyyətində təchizat üzrə müvəkkil peşələrində çalışmışdır. - DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin iddiaçıya ünvanladığı 08.04.2019cu il tarixli **********6 saylı cavab məktubundan görünür ki, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizəsinə əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanununa 01.01.2019-cu il tarixə qüvvəyə minmiş dəyişikliklərə uyğun olaraq “Əmək pensiyası haqqında” Qanunun Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2.2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla aşağıdakı qaydada hesablanır: 22-1.2.1.2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. - İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı şəhər filialının 05 oktyabr 2020-ci il tarixli 723 saylı məktubundan görünür ki, iddiaçının 01.12.1977ci il - 07.06.1999-cu illərdə işlədiyi “Bakı Ət Kombinatı”nın və 07.06.1999-cu il – 07.12.1999cu illərdə işlədiyi “Zərif-Mahud” səhmdar cəmiyyətinin 1999-cu ilə dair arxiv sənədləri Dövlət Arxinin Bakı filialına təhvil verilməmişdir. - İş materiallarında olan Masallı Rayon Dövlət Arxivinin 13 oktyabr 2020- ci il M-376 saylı məktubundan görünür ki, Masallı rayonu Qaz idarəsinin sənədləri Masallı rayon Dövlər Arxivinə təhvil verilmədiyindən İddiaçı 15.01.1977- ci ildə işə girməsi və 17.08.1977-ci ildə işdən çıxması barədəki əmrlərin təsdiq olunmuş surətlərinin, eləcə də aldığı əmək haqları barədə məlumatların təqdim olunması imkan xaricindədir. - İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 12.10.2020-ci il tarixli **********504900 saylı məktubundan görünür ki, 12.10.2020-ci il tarixə olan vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) 05.03.1998-ci il tarixdən dövlət qeydiyyatına alınması və hazırda fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Hüquqi şəxsin fəaliyyət növləri “İpək parçaların istehsalı (13204)”, “Pambıq parçaların istehsalı (13201)” və “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi (68200) kimi qeyd olunmuşdur. - İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 25.11.2020-ci il tarixli, **********533000 saylı məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) 05.03.1998-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır. Kommersiya hüquqi şəxslərin dövlət reyestrində “Bakı Ət Kombinatı” adlı hüquqi şəxs aşkar edilməmişdir. -“Azəriqaz” X2 İdarəsinin 27.11.2020-ci il tarixli SOCAR**********30560046X06713 saylı və 23.12.2020-ci il tarixli SOCAR**********30560046X07272 saylı məktublarından görünür ki, 2015-ci ildə X5 İstismarı İdarəsi yaradıldıqda X6 Kontoru üzrə 1977-ci il üzrə əmək haqqı cədvəlləri tapılmadığından Lənkəran RQİİ-nin arxivinə təhvil verilməmişdir. Lakin Lənkəran RQİİ-nin arxivində X6 Kontoruna aid əmr kitabında İddiaçı 19.01.1977-ci il 08 saylı əmrlə 15.01.1977-ci il tarixindən 3-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilməsi və 17.08.1977-ci il 75 saylı əmrlə daşıdığı vəzifədən azad edilməsi barədə məlumatlar öz əksini tapmışdır. İşə girmə və işdən azad olunma barədə əmrlərin sürəti məktuba əlavə olunur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 21 yanvar 2021ci il tarixli, **********275600 saylı məktubundan görünür ki, idarədə olan reyestrdə “Bakı Ət Kombinatı” adlı hüquqi şəxs aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 03.02.2021-ci il tarixli 05/10-08-23-213 saylı məktubundan görünür ki, Nazirliyin arxivində aparılan araşdırmaya əsasən X7 Komitəsinin 1991 -ci il 22 aprel tarixli 336 nömrəli əmri, Kənd Təsərrüfatı Nazirliyinin 1992-ci il 13 yanvar tarixli 2401 nömrəli əmri və İddiaçı Bakı Ət Kombinatında işləməsi (işə qəbul, işdən azad olunması) ilə bağlı sənəd aşkar edilməmişdir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin 2002-ci il tarixinədək olan əsas fəaliyyət üzrə əmrləri mühafizə olunmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05.02.2021-ci il tarixli **********575800 saylı məktubundan görünür ki, arxiv sənədlərinə əsasən ilkin dövlət qeydiyyat tarixinin müəyyən edilməsi mümkün olmayan Bakı Ət Emalı Kombinatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 08 iyun 293 saylı qərarı ilə "xxxx" Dövlət Şirkətinin tabeçiliyinə verilmiş və bu fakt dövlət reyestrində 04.09.1995-ci il tarixdə D-684 nömrə ilə qeydə alınmışdır. Həmçinin dövlət reystrindən 26.10.2011-ci il tarixdə Bakı Ət Kombinatının “Xırdalan Ət” açıq səhmdar cəmiyyətinə (VÖEN **********) çevrilməsi barədə məlumat mövcuddur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəmə sərəncamın icrası ilə əlaqədar məhkəmə daxil olmuş 26.12.2021-ci il tarixli **********7 saylı məktubundan və həmin məktubun qoşmasında görünür ki, 1 iyul 2018-ci il tarixindən 30 iyun 2019-cu il tarixinə qədər pensiya təyin edilməsi üçün tələb olunan yaş 64 olmuşdur və iddiaçının da tələb olunan yaşı 26.03.2019-cu il tarixində tamamlandığından onun yaşa görə əmək pensiyası almaq hüququ 26.03.2019-cu il tarixində yaranmışdır. Həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, iddiaçının pensiya kapitalı 160,0 manat məbləğində minimum əmək pensiyasının təyin edilməsinə imkan verməlidir. Başqa sözlə, həmin tarixdə tələb olunan minimum pensiya kapitalı 23.040 manat təşkil etmişdir. İddiaçının inzibati icraat aparan orqana təqdim etdiyi sənədlərə əsasən, iddia etdiyi ümumi iş stajı 25 il 8 ay 9 gündür: Hərbi xidmət dövrü (3 il 1 ay 1 gün); 16.05.197317.06.1976. Əmək kitabçasında qeyd edilən dövrlər ( 22 il 7 ay 8 gün): 15.01.1977; 17.08.1977; 01.12.1977- 07.06.1999; 07.06.1999-07.12.1999. İddiaçının fərdi hesabına baxış zamanı məlum olur ki, 2019-cu il sentyabr ayından 2020-ci il sentyabr ayınadək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 943.49 manat təşkil etmişdir. (1 il sosial sığorta stajı). Deməli, iddiaçının: 2006-cı il tarixədək iddia etdiyi ümumi iş stajı 25 il 8 ay 9 gündür; 2006-cı il tarixdən, 2018-ci il iyul ayınadək ümumi iş stajı yoxdur; 2018-ci il iyul ayından sonra, 1 il sosial sığorta stajı vardır. Birinci instansiya məhkəməsi işin hallarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2, 7, 21.1, 21.2, 21.2.3, 22-1.2, 22-1.2.1-ci maddələrini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1, 3.2-ci bəndlərini, «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1, 13.3-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 2-ci maddəsinin 6-cı bəndinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, işə əlavə edilmiş hərbi bilet və əmək kitabçası əmək fəaliyyətini təsdiq edən əsas sənəd kimi qəbul edilməklə iddiaçının 64 yaşının tamam olduğu 26.03.2019-cu il tarixə 25 ildən artıq iş stajının olması ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Ona görə də iddia təmin edilməli, İddiaçı 1973-1976-cı illərdə keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu dövrlərin, 15.01.1977-ci ildən 17.08.1977-ci ilə qədər Masallı rayon Qaz İdarəsində 3-cü dərəcəli çilingər peşəsində, 01.12.1977-ci ildən 07.06.1999-cu ilə qədər Bakı Ət Kombinatında 4-cü dərəcəli çilingər və 07.06.1999-cu ildən 07.12.1999-cu ilə qədər “ZərifMahud” səhmdar cəmiyyətində müvəkkil peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Göründüyü kimi iş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətində iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən əmək stajı öz təsdiqini tapmışdır. Əmək kitabçasına əsasən iddiaçı 16.05.1973-cü il tarixdən 17.06.1976-cı il tarixə qədər hərbi xidmətdə olmuşdur. 15.01.1977-ci ildən (əmr № 08, 15.01.1977) 17.08.1977-ci ilə qədər (əmr № 75, 17.08.1977) Masallı rayon Qaz İdarəsində 3-cü dərəcəli çilingər, 01.12.1977-ci ildən (əmr № 243-k, 05.12.1997) 07.06.1999-cu ilə qədər (əmr № 31-k, 07.06.1999) Bakı Ət Kombinatında 4-cü dərəcəli təmirçi - çilingər, 07.06.1999-cu ildən ( əmr № 24, 07.06.1999) 07.12.1999-cu ilə qədər (əmr № 58, 04.12.1999) “Zərif-Mahud” Səhmdar Cəmiyyətində təchizat üzrə müvəkkil peşələrində çalışmışdır. İddiaçının cəmi 25 ildən çox iş stajı var. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(112)-451/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar