Məhkəmə qərarları › İş №2-1(103)-1692/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1692/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1692/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1144/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia qaldıraraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən - 27 dekabr 2020-ci il tarixdən (60 yaş) başlayaraq pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.(İPM m.33.1.). İddianın əsaslarına görə xx.xx.1960-cı il təvəllüdlü iddiaçının 60 yaşı xx.xx.2020-ci ildə tamam olmuşdur. O, 1978-1979-cu illərdə peşə təhsili almış (1 il) xx.xx.1979xx.xx.1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuş (02 il 21 gün). Əmək fəaliyyətinə 1981-ci ildə “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma sahəsində başlayaraq xx.xx.1981-ci il tarixdə həmin müəssisədə quraşdırıcı-çilingər və qazla-kəsici (qazorezçik) kimi işə qəbul olmuş, xx.xx.1997-ci il tarixdə (əmr 78k, xx.xx.1997-ci il) öz xahişi ilə işdən azad olunmuşdur (16 il 2 ay). xx.xx.1997- xx.xx.1998-də “Azərenerji" ASC-də 6-cı dərəcəli çilingər vəzifəsində işləmişdir (07 ay 06 gün). Bundan sonra, əmək fəaliyyətimi "xxxx" birgə müəssisəsində davam etdirmişdir. xx.xx.2003-xx.xx.2008-ci illərdə həmin müəssisənin layihələrində quraşdırıcı, boru formeni və usta vəzifələrində (05 il, 09 ay, 08 gün), xx.xx.2010 - xx.xx.2013-cü illərdə eyni müəssisənin Azf-081 layihəsində usta vəzifəsində (02 il, 05 ay 29 gün), xx.xx.2014-xx.xx.2017-ci illərdə Azf-086 layihəsində metal konstruksiya üzrə usta, quraşdırma işləri üzrə nəzarətçi, quraşdırıcı ustası vəzifəsində (03 il, 02 ay, 22 gün), xx.xx.2019-cu ildən hal hazıradək Azf-100 layihəsində quraşdırıcı ustası, sahə nəzarətçisi, quraşdırma işləri üzrə nəzarətçi vəzifəsində (01 il, 04 ay, 10 gün) olmaqla (cəmi 12 il 10 ay 09 gün) çalışmışdır. İşlədiyi həmin peşələrin əksər hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli. 12 saylı Qərarının 29-cu maddəsində «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş «Polad və dəmir- beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» bəndinə və «Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş mütəxəssislər bölməsində «tikinti və quraşdırma işləri üzrə ustalar», “boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcı” bəndlərinə uyğun olan zərərli peşələr olmaqla, onun Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərlə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 27 dekabr 2020-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin sonuncu 28 aprel 2021-ci il tarixli, **********5 saylı məktubu ilə ona pensiya təyin olunmasından imtina etmiş və bunu onunla əsaslandırılmışdır ki, “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin ona dair 8 fevral 2021-ci il tarixli 02 nömrəli güzəştli arayışında xx.xx.1981-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində quraşdırıcıçilingər, bundan başqa, onun quraşdırma işləri üzrə nəzarətçi vəzifəsləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli. 12 saylı Qərarı ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanladığı imtina məktubunda qeyd olunan eyni əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6084/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən - 27 dekabr 2020-ci il tarixdən başlayaraq pensiyanın təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı əsassızdır. Daha sonra cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 1.0.8-ci maddələrinə istinadən qeyd olunmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin ona dair 8 fevral 2021-ci il tarixli 02 nömrəli güzəştli arayışına əsasən işlədiyi xx.xx.1981-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjiquraşdırma”trestinin Mingəçevir quraşdırma idarəsində quraşdırıcı-çilingər, bundan başqa onun Filiala təqdim etdiyi 28 sentyabr 1981-ci il tarixli HTİ1329982 nömrəli əmək kitabçasında və "xxxx" Birgə Müəssisəsinin ona dair 3 dekabr 2020-ci il tarixli AZF- 2020/33-K nömrəli arayışında xx.xx.2004-18.01,2007-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işçi usta, xx.xx.2007-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində boru formeni və xx.xx.2019-cu il tarixindən bugünədək quraşdırma işləri üzə nəzarətçi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli. 12 saylı Qərarı ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmamış, onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 5 ay 2 gün) təşkil dir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının 26.05 və xx.xx.2022-ci il tarixdə keçirilən iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının vəkili Nümayəndə cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, iddiaçının polad konstrksiyaların quraşdırılmasında, dəmir beton boruların çəkilməsində və onun metalların əl ilə qazla kəsilməsində işlədiyi peşələrin güzəştli olduğunu, bu barədə məhkəməyə arayış təqdim edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddia tələbindən göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 27 dekabr 2020-ci il tarixdən (60 yaş) yaşa görə əmək pensiyası təyin edilməsini tələb edir. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: - kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün: şəxsin azı 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı və pensiya təminatına, yəni minimum pensiya məbləğində ödəniş aparılmasına imkan verən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olmalı və o, 60 yaş həddinə çatmalıdır. İddiaçıya münasibətdə həmin şərtlər ödənilir. Birincisi, cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və onun apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının 60 yaşına malik olduğu, onun 25 il ümumi stajının və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalının mövcud olduğu mübahisələndirilmir. Hər bir halda, iş materiallarına (0******* nömrəli şəxsiyyət vəsiqəsinə, əmək kitabçasının surətinə və hazırkı mərhələdə əldə olunmuş “X5 Sistemi”ndən çıxarışa) əsasən müəyyən olunur ki, iddiaçının 60 yaşı xx.xx.2020-ci il tarixində tamam olmuş, həmin tarixə onun 32 il 4 ay iş stajı və fərdi hesabında 107066,75 manat pensiya kapitalı mövcuddur ki, bunun da aylıq məbləği 524,84 (107066,75:204) manat təşkil edir. Yəni, pensiyanın 2020-ci ildə ödənilən minimum məbləğindən (200 manat) artıqdır. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və onun hazırda araşdırılan apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının güzəştli stajının 12 il 6 aydan az olduğu mübahisələndirilir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, birincisi, iddiaçının xx.xx.1981-ci ildən doldurulmasına başlanılan İT-İ 129982 nömrəli tamlığı pozulmayan əmək kitabçasının, qarlamarsız və səlist yazılara malik qeydlərinə əsasən, habelə, Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2021-ci il tarixli 02 nömrəli “Güzəştli” arayışına və hazırkı mərhələdə Bakı Apellyasiya məhkəməsinə təqdim olunmuş xx.xx.2022-ci il tarixli 14 nömrəli məktubuna əsasən müəyyən olunur ki, İddiaçı “Qafqazenerji-quraşdırma" trestinin Mingəçevir quraşdırma idarəsində xx.xx.1981xx.xx.1997-ci illərdə “çilingər quraşdırıcı”, çilingər boru çəkən və qazla-kəsici kimi işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri” Siyahısının “29-cu - “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində, bundan əvvəl qüvvədə olan AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş 2 N-li Siyahının isə “eyni adlı” bölməsində nəzərdə tutulmuşdur. Mingəçevir Enerjiquraşdırma ATSC-nin Bakı Apellyasiya Məhkəməsininə ünvanlanmış qeyd edilən xx.xx.2022-ci il tarixli 14 nömrəli məktubunda həmçinin bildirilir ki, AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş Siyahıda (№) olan “2290000a-14612 kodunda olan “polad və dəmir-beton konstruksiyaların quraşdırıcıları” həmin kod üzrə “sənaye dəmir-beton boruların boruçəkənləri peşələrinin funksiyaları eynidir. ATSC-nin həmin məktubda eyni zamanda qeyd olunur ki, “X1 qeyd edilən tarixlərdə “Qafqazenerjiquraşdırma” Mingəçevir Quraşdırma sahəsində işlədiyi 8 saatlıq iş günü ərzində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların daxilində legirli polad boruların (konstruksiyaların) quraşdırılmasında, dəmir-beton boruların çəkilməsində bilavasitə iştirak etmişdir. Yüksəklik şəraitində qapalı sahələrdə, yəni 2000,0 kub m həcmli mazut çənlərində boru və metalları kəsilərək qaynaq işlərinə hazırlanması, metalların əl ilə qazla kəsilməsində iştirak etmiş və daxili əmrlə ümumi əmək haqqının 10 faizi həcmində ona əlavə əmək haqqı almış, bu səbəbdən ona güzəştli arayış verilmişir. Trest “Qafqazenerjiquraşdırma” Mingəçevir Quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə Mingəçevir Enerjiquraşdırma ATSC olub” Qeyd olunmalıdır ki, iddiaçının ATSC-də təkcə xx.xx.1983-xx.xx.1997-ci illərdə metal konstruksiyaların quraşdırıcısı kimi işlədiyi müddət 14 ildən də çoxdur. Bundan əlavə, iddiaçının işlədəyi “AZFEN B.M.” birgə müəssisəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli Güzəştli Arayışından və həmin güzəştli arayışa xx.xx.2021-ci il tarixli Əlavəsindən görünür ki, iddiaçı “İddiaçı "xxxx" Birgə Müəssisəsinin layihələrində: xx.xx.2003–xx.xx.2008-ci illərdə quraşdırıcı, boru formeni və usta vəzifəsində 05 il 09 ay 08 gün; xx.xx.2010 - xx.xx.2013-cü illərdə usta vəzifəsində 02 il 05 ay 29 gün, xx.xx.2014 – xx.xx/2017-ci illərdə metal konstruksiya üzrə usta, quraşdırma işləri üzrə nəzarətçi, quraşdırıcı ustası vəzifəsində 03 il 02 ay 22 gün, xx.xx.2019-cu ildən quraşdırıcı ustası, sahə nəzarətçisi, quraşdırma işləri üzrə nəzarətçi vəzifəsində 01 il 04 ay 10 gün - cəmi: 12 il 10 ay 9 gün güzəştli peşə və vəzifələrdə çalışmışdır Həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29-cu «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında bölməsində a) fəhlələr bölməsinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndlərində nəzərdə tutulmuşdur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının qeyd edilən iki müəssisədə təkcə, polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı və tikinti və quraşdırma işləri üzrə usta kimi güzəştli iş stajı 12 il 6 aydan da iki dəfə də çoxdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, iddia ərizəsində istinad etdiyi kimi, iddiaçının Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərlə 60 yaşının tamam olduğu 27 dekabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının 12 il 6 ay güzəştli stajının olmaması əsası ilə ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtna olunması qanunsuz olmuş, qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianın təmin olunması barədə işdə olan sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1144/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1144/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar