Məhkəmə qərarları › İş №2-1(103)-1692/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1692/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1692/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,0245 ha torpaq sahəsinin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 057 saylı qərarına əsasən ona Bilgəh qəsəbəsi bağ massivində yerləşən bağın 2450 kv.m torpaq sahəsi dəyəri ödənilməklə verilmiş və bu qərar əsasında onunla bələdiyyə arasında onunla bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsinin alğı-satqısı ilə bağlı bələdiyyəyə ******* AZM məbləğində pul ödənilmişdir. Lakin, bu torpaq sahəsini 2005-ci ildən qanuni əsaslarla əldə etməsinə baxmayaraq, həmin torpaq sahəsinin kadastr və ölçü planının ona verilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdehə etmiş olduğu müraciətlər heç bir nəticə verməmişdir. Nəzərə çatdırır ki, torpaq sahəsi üçün hər il vaxtlı-vaxtıda vergiləri ödəmişdir. Sonuncu dəfə onun ərizəsini cavablandıran cavabdeh ona bildirmişdir ki, guya satılan torpaq sahəsi bələdiyyəyə ayrılmış ərazilərdən kənarda yerləşir və bu səbəbdən də, müraciətinin icrası mümkün olmamışdır. Halbuki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi bu torpaq sahəsinn bələdiyyə mülkiyyətində olması barədə ona dəfələrlə rəsmi cavab vermişdir. Bundan başqa torpaq sahəsinin ona ayrılması barədə qərar, bələdiyyə ilə onun arasında bağlanmış müqavilə qüvvədədir, hər hansı bir dövlət orqanı tərəfindən ləğv edilməmiş, bələdiyyə öz mülkiyyətində olan torpaq sahəsini ona satmış və onun bu torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdeh təşkilatın imtinasını heç bir hüquqi əsası yoxdur. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və alğı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 057 saylı, 22 aprel 2005-ci il tarixli qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,245 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 057 nömrəli “İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə” qərarın surətindən görünür ki, Bilgəh qəsəbəsi ərazisində bağ massivində yerləşən 2450 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə alğı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir - Torpaqların alğı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı Bilgəh Bələdiyyəsi ərazisində 2450 kv.m torpaq sahəsi satılması barədə 2005-ci il tarixli, 057 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara aəsasən ayrılmış torpaq sahəsinə dair torpaqların alğı-satqısına dair akt tərtib olunmuşdur. - notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 27 sentyabr 2006-cı il tarixli JN-12788J KOD – ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 057 nömrəli qərarı ilə 0.2450 ha ölçüdə torpaq sahəsi, Sabunçu rayonu, Bilgəh qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir - cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubun surətindən görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 057 saylı qərara əsasən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********31 nömrəli “Ünvana dair sənədin surətinin verilməsi barədə” məktubun surətindən görünür ki, JN-12788H, KOD – 00403384 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edilməsi haqqında məlumat aşkar edilməmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 01/5- 06/7392 nömrəli, 23 noyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən torpaq sahəsi səhmdar cəmiyyətin balansında olan hər hansı bir elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə verilmiş imtina məktubundan müəyyən edilir ki, imtinanın əsasları qismində aşağıdakılar çıxış edir:

1. Təqdim olunan torpaqların alğı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamış, iddiaçıya torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulduğundan artıq ayrılmışdır.

2. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir.

3. İddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisi qeyri-dəqiq olmaqla istinad məsafələri və ölçülər göstərilməmiş, konfiqurasiya tamamilə fərqlidir.

4. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin 13 metr hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.

5. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Bilgəh bağ massivində yerləşir. Birinci əsasla bağlı qeyd edilməlidir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008- ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Cavabdehin 1-ci dəlilinə və onun etirazında göstərilmiş 2-ci və 3-cü dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 27 sentyabr 2006-cı il tarixli JN-12788J KOD – ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə mövcuddur ki, həmin şəhadətnaməyə əsasən Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 057 nömrəli qərarı ilə 0.2450 ha ölçüdə torpaq sahəsi, Sabunçu rayonu, Bilgəh qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir və sözügedən şəhadətnamədə mübahisəli torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü dəqiq göstərilmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: “İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 057 saylı, 22 aprel 2005-ci il tarixli qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,245 ha torpaq sahəsi ayrılan zaman bələdiyyəyə ayrılmış ərazinin hüdudları daxilində yerləşmişdirmi?” Məhkəməyə təqdim edilmiş 10/3392 №-li ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki: “ Azərbaycan Respublikası Torpaq Məcəlləsini, “Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən tərtib olunmuş eskiz cizgisini, təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri Sabunçu rayonu X1 tərəfindən tərtib olunmuş cizginin üst-üstə düşdüyünü,o cümlədən Bakı şəhəri Sabunçu rayonu Bilgəh Qəsəbəsində yerləşən 0,245 ha torpaq sahəsinə dair JN-1788H KOD00403384 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair “Şəhadətnamənin” məlumatlarını nəzərə alaraq, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 057 saylı, 22 aprel 2005-ci il tarixli qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,245 ha torpaq sahəsinin ayrılan zaman bələdiyyəyə ayrılmış ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.” Göründüyü kimi ekspert rəyinin tədqiqat hissəsinə əsasən iddia tələbinin əsaslı olması müəyyən edilmiş və cavabdehin yuxarıda qeyd edilən dəlilləri təkzib edilmişdir. Cavabdehin 4-cü dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən halın araşdırılması məqsədilə məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu göndərilmiş, sonuncu tərəfindən daxil olmuş 01/xx-xx/7392 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, İddiaçı məxsus torpaq sahəsi səhmdar cəmiyyətin balansında olan hər hansı bir elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmir. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci və 8.0.5-ci maddələrində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslarla mülkiyyət hüquqları yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar