Məhkəmə qərarları › İş №2-1(103)-1692/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1692/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1692/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “nəqliyyat vasitələrinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə məxsus **-JK-*** dövlət qeydiyyat nişanlı dartıcı və **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun saz vəziyyətdə geri təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar başlanandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müraciəti əsasında "xxxx" MMC-yə məxsus 10 ədəd yük avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sərəncamına verilmişdir. Sonradan buraxılış ili 2010-cu il olan ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və buraxılış ili 2008-ci il olan ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinə, Müdafiə Nazirliyinin 286 saylı Hərbi Hissəsinə, daha sonra isə Dövlət Sərhəd Xidmətinin (DSX) sərəncamına verilmişdir. Hazırda İddiaçı MMC-yə məxsus qeyd olunan dartıcı və yarımqoşqu 44 günlük Vətən müharibəsinin bitməsinə baxmayaraq hələ də Dövlət Sərhəd Xidmətinin sərəncamındadır. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Fərman ilə ölkə ərazisində elan edilmiş hərbi vəziyyət ləğv edilmişdir. Buna görə də Vətən müharibəsi dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilmiş dartıcı və yarımqoşqu İddiaçı MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyində təşkilatlara məxsus nəqliyyat vasitələrinin dinc dövrdə dəyərinin ödənilərək dövlətin xeyrinə saxlanılması məsələsi nəzərdə tutulmamışdır. AR DSX tərəfindən xx.xx.2021-ci il tarixli, 9/845 nömrəli məktubla bildirilmişdir ki, təhvil alınmış nəqliyyat vasitələrinin bir qisminin DSX-da saxlanılması üçün Nazirlər Kabineti tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir. AR qanunverciliyində təşkilatlara və ya vətəndaşlara məxsus nəqliyyat vasitələrinin dinc dövrdə dəyərinin ödənilərək dövlətin xeyrinə saxlanılması məsələsi nəzərdə tutulmamışdır. Nəqliyyat vasitələrinin onların iradəsinə zidd dövlətin xeyrinə saxlanılması Azərbaycan Respublikasının Konstitusiyasına və tərəfdar çıxdığı beynəlxalq konvensiyalara ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3443/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin AR Dövlət Sərhəd Xidmətinin hazırkı iddiaya cavab verməli olan orqan olmaması əsas götürülərək iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2772/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3443/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Cavabdeh AR Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı MMC-nin müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyinin 6-cı Ordu Korpusuna təhvil verilmiş nəqliyyat vasitələri təhvil-təslim zamanı Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyası tərəfindən təhvil alınmış və bunlardan bir qisminin Dövlət Sərhəd Xidmətində saxlanılması üçün Nazirlər Kabineti tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir. Dövlət Sərhəd Xidmətində saxlanılması planlaşdırılan nəqliyyat vasitələrindən 1 ədəd DAF markalı **-JK-*** dövlət qeydiyyat nömrə nişanlı yəhərli dartıcı və 1 ədəd **-ZX-*** dövlət qeydiyyat nömrə nişanlı qoşqunun İddiaçı MMC-yə məxsus olmasının nəzərə alınması xahiş edilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsi tərəfindən təqdim edilən hərbi nəqliyyat vasitələrinin siyahısından görünür ki, buraxılış ili 2010-cu il olan ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və buraxılış ili 2008-ci il olan ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinə, N hərbi hissəyə verilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, DİN Baş X1 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "DAF FTCF 85.410 YÜK" markalı **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən və "KRONE SDP27 yarımqoşqu" markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 23 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, **-JK-*** dövlət qeydiyyat nişanlı dartıcı və yarımqoşqunun Dövlət Sərhəd Xidmətində sərhəd bölmələri tərəfindən dövlət sərhəddinin fasiləsiz mühafizəsi və müdafiəsi məqsədilə saxlanılır və həmin avtomobil texnikalarının qaytarılması xidməti-döyüş fəaliyyətinin təşkilini mümkünsüz edəcəkdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə hərbinəqliyyat vəzifəsi müəyyən edilir. -11.2-ci maddəsinə əsasən hərbi-nəqliyyat vəzifəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına, təşkilatlara, o cümlədən gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurub-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin (təmir və s.) edən təşkilatlara, habelə nəqliyyat vasitələrinin mülkiyyətçisi olan vətəndaşlara şamil edilir. -11.3-cü maddəsinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” barədə Azərbaycan Respublikası Prezidentinin 275 nömrəli 9 avqust 2005-ci il Fərmanının 1.7-ci bəndində həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi qaydası müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 1-ci bəndində gösətrilmişdir ki, bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.17-ci bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır. Həmin Qaydanın: -2-ci bəndinə əsasən təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələri və digər əmlak ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb oluna bilər. -3-cü bəndinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin edilir. -5-ci bəndinə əsasən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində təşkilatlara və vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır. Göründüyü kimi ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin təhvil alınmasının mümkünlüyü müəyyən edilmişdir ki, hazırkı işin faktiki halları ilə də öz təsdiqini tapır. Mübahisəli nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təhvil alınmış, daha sonra xidməti zərurətlə əlaqədar Dövlət Sərhəd Xidmətinin balansına verilmişdir. Lakin işin məhkəmə tərəfindən həmin müəyyən edilmiş halı cavabdehi avtonəqliyyat vasitəsinin qaytarılmasında və ya pulunun ödənilməsində səlahiyyətli inzibati orqan kimi müəyyən etmir, o cümlədən həmin nəqliyyat vasitəsinin iddiaçıdan təhvil alınıb Dövlət Sərhəd Xidmətinin balansına verilməsi həmin cavabdeh üzərində hər hansı öhdəlik müəyyən etmir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbi konkretdir və hazırkı işin faktiki hallarına münasibətdə konkret tənzimləmə müəyyən etmişdir. Belə ki, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən müəyyən ediləcək və ödənilməsi üçün tədbirlər görüləcəkdir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarından da göründüyü kimi həmin Komissiya yaradılmış və ödənişlərin edilməsinə yönələn tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin məbləğinin hesablanması və s ilə bağlı səlahiyyətli qurum qismində Komissiya çıxış edir. Komissiyanın tərkibinə hazırkı iş üzrə cavabdeh və üçüncü şəxsin səlahiyyətli şəxslərinin iştirakı onların özünün öhdəlik daşıması mənasını ehtiva etmədiyindən hazırkı iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən iş üzrə məbləği ödəməsi və ya nəqliyyat vasitələrinin geri qaytarmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar