Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1693/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1955-ci il tarixində Ermənistanın Masisi rayonunun Zəhmət kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2- 1(112)-944/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 13.05.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 64 yaşı tamam olduğu dövrdən yəni, 02.05.2019-cu il tarixdən əmək stajına görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə müraciət edərək ona əmək stajına görə pensiya təyin olunmasını xahiş etmişdir. DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən 27.06.2019-cu il tarixli, **********6 saylı məktubla müraciətinə imtina verilmişdir. Təkrarən 03.03.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinə elektron qaydada müraciət edərək ona əmək stajına görə pensiya təyin olunmasını xahiş etmişdir. DSMF-nin 1 saylı Bakı ərazi şöbəsi tərəfindən 10.03.2020-ci il tarixli, **********6 saylı məktubla müraciətinə təkrarən imtina verilmişdir. O, 07 iyul 1972-ci ildən 01 fevral 2001-ci ilədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuş, 29 il əmək stajına malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 61 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. O, cavabdeh orqana müraciət edən zaman, yəni 02 may 2019-cu il tarixdə onun 64 yaşı tamam olmuş və 29 il əmək stajına malik olmuşdur. Lakin cavabdeh orqan qanunsuz olaraq iki dəfə müxtəlif əsaslarla ona əmək stajına görə pensiya təyin olunmasına dair imtina məktubları ünvanlamışdır. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-944/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi qismən təmin edilmiş, iddiaçı İddiaçı 64 yaşı tamam olduğu dövrdən, yəni 02.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə həvalə edilmiş, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. İddiaçı qərarla razılaşaraq, iddia tələbinin rədd olunmuş hissəsindən apellyasiya şikayəti verməmişdir. Qərardan narazı qalan cavabdeh 08.05.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-944/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçasındakı qeydlərin mötəbərliliyinə şübhələr yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin qüvvədə olduğu tarixdə işdən azad edilmə zamanı əsas kimi Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsi göstərilmiş və qeydlər rus dilində aparılmışdır. İddiaçı 02.05.2019-cu il tarixdə pensiya yaşına çatsa da, 25 il sığorta stajına malik olmadığından və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. 08.09.2021-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə apellyasiya şikayətinə dair etiraz daxil olmuş, etirazda Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-944/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 4 saylı Vəkil Bürosu) apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı (ümumiyyətlə heç bir məhkəmə iclasında iştirak etməmişdir), onun nümayəndəsi və vəkili məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən iddia tələbinin təmin olunmamış hissəsindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə qərarı iddia tələbinin təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)- 944/2021 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Ermənistan, Masisi rayonu, Zəhmət kəndində doğulmuşdur. - İddiaçıya məxsus 1972-ci il tarixində açılmış ilk əmək kitabçasının əslinə əsasən görünür ki, İddiaçı 07.07.1972-ci ildən 03.05.1975-ci ilə qədər Zəhmət kənd sovxozunda fəhlə, 10.07.1975-ci ildən 13.07.1976-cı ilə qədər forma sexində şagird, 01.09.1976-cı ildən 16.07.1977-ci ilə qədər Zəhmət kənd orta məktəbində işçi, 04.08.1977-ci ildən 23.11.1977-ci ilə qədər qaynaqçı, 14.02.1978-ci ildən 01.04.1978-ci ilə qədər Zəhmət orta məktəbində ocaqçı vəzifələrində işləmişdir (Армянский язык-1972 г.) - PT-İ seriyalı, ******* nömrəli, 07.08.1985-ci il tarixində doldurulmuş əmək kitabçasının əslinə əsasən görünür ki, 11.04.1978-ci ildən 30.01.1989-cü il tarixə qədər Zəhmət sovxozunda işçi və briqadir, 03.04.1989-cu ildən 25.08.1989-cu ilə qədər P.Montin adına zavodda elektrik və 2-ci dərəcəli elektrik, 09.10.1989-cu ildən 08.01.1998ci il tarixə qədər Nizami rayon Ərzaq Ticarət İdarəsinin 2 №-li Universamında, 18 №-li mağazasında, 50 №-li mağazasında işçi, 24.08.1998-ci ildən 30.12.1998-ci il tarixə qədər Nizami rayon Ticarət və İctimai İaşə İdarəsinin 50 №-li mağazasında direktor, 01.01.1999ci ildən 01.02.2001-ci il tarixə qədər “Adil M.F” firmasında direktor (02 il 01 ay) vəzifələrində işləmişdir (Гознак. 1974. Армянский яз.) - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan **********6 №-li, 10.03.2020-ci il tarixli bildirişdən görünür ki, yaşa görə əmək pensiyası təyin olunmasının şərtləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən aşağıdakı kimi tənzimlənir: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 61 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Nəzərinə çatdırılır ki, tələb olunan azı 25 il sığorta stajı və ya fərdi hesabı sığorta hissəsində qeyd alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Qeyd: 01.01.1999-cu ildən 01.02.2001-ci ilədək “Adil M.F” firmasında işlədiyi dövrün düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün olmadığından və həmin dövrdə aldığı əmək haqqlarından məcburi dövlət sığorta ayırmaları tutulması öz təsdiqini tapmadığından sığorta stajına daxil edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********366300 №-li, 11.11.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş nizamnamədən görünür ki, "xxxx" M.F Firması 04.12.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" M.F. firması 30.10.1998-ci il tarixli Təsis müqaviləsi əsasında yaradılmış və Azərbaycan Respublikasının 01.07.1994-cu il tarixli “Müəssisələr haqqında” Qanunla müvafiq olaraq fəaliyyət göstərir. - NZ seriyalı, ******* nömrəli 06.05.1974-cü il tarixində verilmiş hərbi biletin surətindən görünür ki, iddiaçı Masis Rayon Hərbi Komissarlığının nəzdində Çağırış Komissiyası tərəfindən 06.05.1974-cü il tarixdə sülh dövründə yararsız hesab olunub, hərbi dövrdə sıradan kənar xidmətə yararlı hesab olunmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçının 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq sosial sığorta stajının olması müəyyən edilir. Göründüyü kimi, İddiaçı 25 ildən artıq sığorta stajına malik olmuş və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin “ona 64 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi” hissəsində təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının sonuncu iş yeri kimi “Adil M.F” firmasından Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta ödəmələrinin daxil olmaması ilə bağlı qeyd edir ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Eyni zamanda iddiaçıya məxsus 1972-ci ildə açılmış ilk əmək kitabçasında mövcud olan möhürlərin ölçülərinin 1985-ci il tarixdə açılmış əmək kitabçasında mövcud olan möhürlərin ölçüləri ilə fərqlilik təşkil etməsi vizual baxışdan görünsə də, cavabdehin nümayəndəsi möhürlərin hansı səbəbdən fərqlilik təşkil etdiyini və hansı tarixdən dəyişdirildiyini əsaslandırmadığından iş üzrə sənədlərin məhkəmətexniki ekspertizasının keçirilməsi məhkəmə tərəfindən lüzum görülməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-944/2021 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-944/2021 nömrəli qərarı mübahisələndirilən (iddia tələbinin təmin edilmiş) hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1693/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1693/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver