Məhkəmə qərarları › İş №2-1(103)-1693/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1693/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1693/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı «bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5201/2021 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 12 iyul 2019-cu il tarixli B19 212890 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 2013-cu ildə Ukrayna Respublikası Ukoopspika Ali Təhsil Müəssisəsinin Poltava İqtisadiyyat və Ticarət Universitetinin “Qazanılmış dərəcə” bakalavr dərəcəsinin tam kursunun Beynəlxalq İqtisadiyyat fakültəsinə daxil olmuşdur. 30 iyun 2017-cu il tarixində həmin kursu bitirmişdir. Həmin tarixli B17 seriyalı 207005 №li bakalavr diplomu verilmişdir. Sözügedən Universitetdə 2013-2017-ci illər olmaqla, əyani əsasla təhsil almışdır. Ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət etmişdir. Daha sonra ekspertlərin yoxlanışından sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarəsi ona tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması və tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında müvafiq ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə olan tədris yükünün yerinə yetirməyinin qeyri-mümkün olması səbəbindən imtina məktubu vermişdir. Təqdim etdiyi sənədlərdən də görünür ki, təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş, təhsil aldığı müddətdə universitetin tələbə ixtisasına müəyyən qədər yiyələnmişdir. Diplomunun tanınmasında heç bir qadağa olmadığı halda diplom üzrə aldığı ixtisasın tanınmaması beynəlxalq konvensiyaya ziddir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində (İ il- 3 ay 17 gün, İİ il-1 ay 20 gün, İİİ il-6 ay 8 gün, İV il - 6 ay 24 gün) tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması, habelə tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə, ona müvafiq sənədin verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5201/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Ukrayna Respublikası Ukoopspika Ali Təhsil Müəssisəsinin Poltava İqtisadiyyat və Ticarət Universiteti tərəfindən İddiaçı adına verilmiş 30 iyun 2017-ci il tarixli B17 № 207005 saylı bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək, müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, iddiaçının sənədləri araşıdırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçıya verilmiş diploma əlavədən müəyyən olunur ki, iddiaçı sözügedən Universitetdə bakalavr pilləsi üzrə 4 il müddətində əyani təhsil almışdır. İddiaçı təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. O, təhsil aldığı müddət ərzində, yəni 2013/2014-cü tədris ili üzrə cəmi 7 ay 6 gün, 2014/2015-ci tədris ili üzrə 6 ay 23 gün, 2015/2016-cı tədris ili üzrə 8 ay 19 gün, 2016/2017-ci tədris ili üzrə 1 ay 6 gün Rusiya Federasiyasında olmuşdur. İddiaçının təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə olma müddəti ilk 3 tədris ili üzrə normativlərə uyğun olsa da, sonuncu tədris ilində isə iddiaçının həmin ölkədə qısa müddət ərzində olması 2016/2017-ci tədris ili üzrə tədris yükünü mənimsəməsini qeyri-mümkün edir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Vl.l-ci maddəsinə əsasən Tərəflərə belə bir diskresion səlahiyyət verilir ki, ixtisasların tanınması zamanı əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. İddiaçının ixtisasının tanınmasına dair heç bir hüquqi əsas yoxdur və 1-ci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 73.3.1-ci maddəsinin tələblərini pozaraq iş üçün əhəmiyyətli olan faktları hərtərəfli araşdırmamış, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi halda iddiaçının tələbinə uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Muxtarova apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, iddiaçının təhsilini uğurla başa vurduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin 06 may 2022-ci il tarixli aralıq qərardadı ilə iddiaçının diplom üzrə ixtisasının tanınması barədə müraciətinə cavabdeh Agentliyinin müvafiq komissiyasında yenidən baxılması həvalə edilmiş, həmin qərardadın icrası ilə bağlı sonuncunun məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubunda və 27 may 2022-ci il tarixli ekspert rəyində bildirilmişdir ki, iddiaçıya Poltava İqtisadiyyat və Ticarət Universitetində əyani təhsil aldığı halda həmin ölkədə müddətlər ərzində olması və tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmaması əsası ilə müraciətin təmin olunmasından imtina edildiyi öildirilmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, İddiaçı 2013-cu ildə Ukrayna Respublikası Ukoopspika Ali Təhsil Müəssisəsinin Poltava İqtisadiyyat və Ticarət Universitetinin “Qazanılmış dərəcə” bakalavr dərəcəsinin tam kursunun Beynəlxalq İqtisadiyyat fakültəsinə daxil olmuş, 30 iyun 2017-cu il tarixində həmin kursu bitirmiş və ona B17 seriyalı 207005 №li bakalavr diplomu verilmişdir. İşdən görünür ki, iddiaçıya verilən həmin diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən A-40939-17 nömrə ilə xx.xx.2017-cu il tarixdə Haaqa Konvensiyasına (xx.xx.1961-ci il tarixli) əsaslanan “apostil” möhürü ilə leqallaşdırılmışdır. İşə əlavə olunmuş həmin diplomun əlavəsindən görünür ki, iddiaçı universitetin normativi üzrə əyani təhsilalma formasında 3 il 10 ay müddətində oxumuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, universitet rəhbərliyi tərəfindən ona təhsil müddətində qramota və təşkkürnamə verilmiş, elmi konfenrensiyaların iştirakçısı kimi İİ dərəcə diploma layiq görülmüşdür. Lakin iş materiallarından görünür ki, iddiaçının müraciətinə baxılarkən iddiaçının xeyrinə olan həmin hallar isə cavabdeh tərəfindən aparılmış inzibati araşırma zamanı nəzərə alınmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbində isə göstərilir ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ saylı №-li Qanunu ilə təsdiq edilmiş Ukrayna və Azərbaycan hökumətləri arasında bağlanmış ikitərəfli Sazişin 5-ci maddəsi də nəzərdə tutur ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Sazişin qeyd oluan tələblərindən göründüyü kimi, diplomun tanınmasında təhsilin yalnız müddəti və məzmunu nəzərə alınır. Yəni, konkret halda, cavabdeh tərəfindən yoxlanılmalı olan iddiaçının bilik, o cümlədən, təris dilini bilmə səviyyəsi deyil, onun aldığı təhsilin yalnız müddətinə və məzmununa dair tələblərin uyğunluğu təşkil etməlidir. Təhsilin müddətinə və məzmununa gəldikdə isə Sazişin Tərəfi olan dövlət - Ukrayna Respublikası konkret halda, məzun İddiaçı verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir. İstinad olunan “Qaydalar”ın 1.6-cı bəndinin 2-ci hissəsindən isə görünür ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən “Qaydalar” ın 3.6 və 3.7-ci bəndlərinə istinadən ekspertin rəyini əsas tutaraq, iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina olunması əsassızdır. İPM-in 74-cü maddəsinin tələbinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, iddiaçının qısa müddət ərzində təhsil aldığı ölkədə olduğunu və tədris dilini bilmə səvimyyəsinin qənaətbəxş olmadığını əsas tutaraq birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5201/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5201/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar