Məhkəmə qərarları › İş №2-1(103)-1693/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1693/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1693/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X19 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X15) “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11787/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X22 İcrayyə Komitəsinin 7/386 saylı, xx.xx.1990-cı il tarixli qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 195 saylı, xx.xx.1988-ci il tarixli sərəncamına uyğun olaraq atası X25 bağ massivində 145 saylı Bağ tikinti kooperativinin nəzdində olan bağ sahəsinin ayrılması haqqında qərara əsasən Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 2 saylı, xx.xx.1990-cı il tarixli orderində göstərilən Ləhiş bağlar sahəsindəki 145 saylı kooperativin nəzdində olan 0,12 ha-dan ibarət 3136a saylı bağ sahəsi üzərində mərhum atası X9 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-11787/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 2 saylı, xx.xx.1990-cı il tarixli orderində göstərilən Ləhiş bağlar sahəsindəki 145 saylı kooperativin nəzdində olan 0,12 ha-dan ibarət 3136a saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun X12 məxsus olması haqqında arayışın onun varisi İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər X22 İcrayyə Komitəsinin 7/386 saylı, xx.xx.1990-cı il tarixli qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 195 saylı, xx.xx.1988-ci il tarixli sərəncamına uyğun olaraq atası X25 bağ massivində 145 saylı Bağ tikinti kooperativinin nəzdində olan bağ sahəsinin ayrılması haqqında qərara əsasən Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 2 saylı, xx.xx.1990-cı il tarixli orderində göstərilən Ləhiş bağlar sahəsindəki 145 saylı kooperativin nəzdində olan 0,12 ha-dan ibarət 3136a saylı bağ sahəsi üzərində mərhum atası X9 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə dövlət reyestrindən arayışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddianın təmin edilməsi, Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 2 saylı, xx.xx.1990-cı il tarixli orderində göstərilən Ləhiş bağlar sahəsindəki 145 saylı kooperativin nəzdində olan 0,12 ha-dan ibarət 3136a saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun X12 məxsus olması haqqında arayışın onun varisi İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İdarənin arxivində mərhumun adına Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Məhkəmə tərəfindən torpaq sahəsinin qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı ətraflı araşdırılma aparılmamışdır. İddiaçı tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd edilir: İddiaçı Rafiq oğlunun iddiası təmin edilərək Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 2 saylı, xx.xx.1990-cı il tarixli orderində göstərilən Ləhiş bağlar sahəsindəki 145 saylı kooperativin nəzdində olan 0,12 ha-dan ibarət 3136a saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun X12 məxsus olması haqqında arayışın onun varisi İddiaçı verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti tamamilə əsassızdır və təmin edilə bilməz. Belə ki, iş materilları ilə də müəyyən olunur ki, İddiaçı, X16 və X10 xx.xx.2014-ci ildə vəfat etmiş X9 vərəsələridir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı təqdim edilmiş, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 7/386 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından aydın görünür ki, Ləhiş bağ massivindən Rafik Zeynalova 145 saylı BTK nəzdində bağ sahəsinin ayrılması qərara alınmışdır. Həmçinin Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.1990-cı il tarixli 2 nömrəli orderindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/386 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 145 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3136A nömrəli bağ X12 ayrılmışdır. Cavabdehin imtinasının, birinci instansiya məhkəməsində iddiaya qarşı etirazının, apellyasiya şikayətinə münasibətdə isə şikayətinin əsasını təşkil edən orderin cavabdehin arxivində aşkar olunmaması dəlili tamamilə əsassız olmaqla formal xarakter daşıyır. Belə ki, dövlət qurumu tərəfindən təqdim olunan arxiv arayışından, orderin əslindən və digər mötəbər sübutlardan aydın görünür ki, sözügedən bağ sahəsi həqiqətən də iddiaçının atası X12 qanuni əsaslarla verilmişdir. Orderin nüsxəsinin cavabdehin arxivində tapılmaması vətəndaşın günahı kimi qiymətləndirilib onun tələbinin təmin olunmasından imtinaya səbəb olmamalıdır. Belə ki, vətəndaş öz məsuliyyətini dərk edərək nəinki özündə olan sənədin əslini təqdim edir, həmçinin arxiv tərəfindən təsdiqlənmiş məlumatı da təqdim edir. Cavabdehin arxivində orderin olmaması iddiaçının məsuliyyətinə aid olmayan məsələ olmaqla onun konstitusion hüquqlarının pozulması ilə nəticələnə bilməz. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Apellyasiya şikayətinin prosessual normaların pozulmasına dair dəlilinə münasibətdə isə qeyd edilir ki, bu hissədə də şikayət tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədləri məhkəmə prosessual qanunvericiliyin tələblərinə müvafiq araşdırmış, bütün sübutları mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. İddiaçı tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinə etiraza əlavədə qeyd edilir: Cavabdehin həmin torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşməsi dəlili də tamamilə əsassız olmaqla iddiaçının tələblərinin təmin olunmamasına səbəb ola bilməz. Belə ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ torpaq sahəsi yalnız onun atasına ayrılmış, həmin bağ atasının, ümumilikdə onların ailəsinin, o cümlədən iddiaçının faktiki istifadəsində olmuşdur və hal-hazırda da istifadələrindədir. Əvvəllər bir hasar daxilində olsa da, həmin şəxslərin iddiaçının mərhum atasına və iddiaçıya qarşı həmin torpaq sahəsi ilə bağlı hər hansı tələbi olmayıb. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilənlərə uyğun olaraq iddiaçı qonşu bağ sahəsi ilə arasında öz hesabına hasar inşa etmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə eyni xahişlə təkrar müraciət etmişdir. Lakin cavabdeh tərəfindən yenidən imtina cavabı verilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlər mötəbər sübutlar olmaqla həmin sənədlər ləğv edilməmiş, etibarsız hesab edilməmişdir və hazırda qüvvədədir. Həmin sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunurlar. Göründüyü kimi, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməməklə, iddiaçının tələblərindən əsassız olaraq imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmaması, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-1693/2024 nömrəli qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X15 izahatında bildirdi ki, iddiaçı onun dayısıdır. Onların torpaqları qonşu torpaqdır və hazırda aralarında hasar çəkilmişdir. Torpaqlarının bir-birinin üzərinə düşən hissəsi yoxdur, ayrıayrı torpaqlardır. Aralarında torpaqla bağlı mübahisə yoxdur. Apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Hüquq sahibi X6 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3136a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə baxılmışdır. İdarənin arxivində hüquq sahibinin adına Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi aşkar edilmədi. Bundan əfavə, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı tərəfinizdən göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Yuxarıda qeyd olunarılar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3136a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli təkrar müraciətinizə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı Sizə xx.xx.2023-ci il tarixli **********22 nömrəli məktubla ətraflı cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 07 fevral 2023-ci il tarixli məktubla təqdim olunmuş Bakı şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli, 7/386 nömrəli qərarının arxiv çıxarışının təsdiq edilmiş surətidən görünür ki, həmin qərara əsasən X27 bağ massivi 145 nömrəli bağ tikinti kooperativində bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X17 bağlar sahəsindəki 145 saylı Kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 2 saylı Orderdən görünür ki, X12 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/386 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 145 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 3136 A №-li bağ ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü ildə verilmiş AZ-İ seriyalı 698885 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2014-cü ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 765 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq Ərazi İdarəsinə ünvanlanmış 461 №-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2014-ci ildə vəfat etmiş - X9 vərəsələri İddiaçı, X7 və X3 yazılı müraciətinə əsasən mərhumun adına vərəsəlik işi açılmışdır. Məlumat məqsədilə nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi, Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Yəni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət nüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1ci maddəsinə uyğun olaraq X12 məxsus Ləhiş bağ sahəsində 145 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3136A nömrəli bağın çıxarışının sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri 53 saylı notariat ofisinə göndərilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X17 bağlar sahəsindəki 145 saylı Kooperativi tərəfindən verilmiş B/s saylı Orderin surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, X13 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/517 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 145 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 3137 A №-li bağ ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin müvafiq Ərazi İdarəsinə ünvanlanmış 1862 №-li, xx.xx.2023-cü il tarixli məktubda (əslinə baxış keçirilmişdir) qeyd olunmuşdur ki, X8 irs qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 43 saylı notariat ofisinə nəvəsi X15 tərəfindən müraciət olunmuşdur. X11 xx.xx.2002-cı il tarixdə vəfat etməsi ilə əlaqədar X4 ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. X1 xx.xx.1938-ci ildə doğulmuş X11 vərəsəsidir. Bununla əlaqədar Az.SSR Bakı şəhər icrayyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismsrı birliyi Ləhiş bağlar sahəsindəki 145 №li kooperativ B/S №li Orderə əsasən X13 Bakı Şəhər İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/517 №li qərarına əsasən ayrılmış Ləhiş bağlar sahəsində 145 №li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3137a №li bağa X11 adına DƏDR-dən Çıxarış verilməsi xahiş olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar və orderlər qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, Bakı şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/386 saylı qərarına və Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X17 bağlar sahəsindəki 145 saylı Kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 2 saylı Orderə əsasən Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 3136 A nömrəli bağ sahəsi X9 istifadəsinə verilmişdir. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2014-ci ildə vəfat etmiş - X9 vərəsəsidir və onun yazılı müraciətinə əsasən mərhumun adına vərəsəlik işi açılmışdır, X12 məxsus Ləhiş bağ sahəsində 145 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3136A nömrəli bağın çıxarışının Bakı şəhəri 53 saylı notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. Göründüyü kimi, iddiaçının mərhum atası qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir. İddiaçının atası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinə mülkiyyət hüququnun atasına məxsus olması barədə arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orderin arxiv nüsxəsinin İdarənin arxivində aşkar edilmədiyini qeyd etsə də, bu, imtina üçün əsas hesab edilmir. Belə ki, sənədlərin arxivə verilməsi və arxivdə saxlanılması hallarına görə iddiaçı cavabdehlik daşımır. Bundan başqa, orderin verilməsinə əsas olan qərarın arxiv çıxarışı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmişdir. Həmçinin, orderin əsli iddiaçıdadır və hazırda da iddiaçı qeyd olunan qərara və orderə əsasən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara və orderə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Eyni zamanda cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi qeyd olunsa da, bununla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X17 bağlar sahəsindəki 145 saylı Kooperativi tərəfindən verilmiş B/s saylı Orderə əsasən Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 3137 A №-li bağ sahəsi X11 istifadəsinə verilmişdir. Eyni zamanda Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubunda qeyd olunmuşdur ki, X11 xx.xx.2002-cı il tarixdə vəfat etməsi ilə əlaqədar X4 ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. X1 xx.xx.1938-ci ildə doğulmuş, X11 vərəsəsidir. X15 hazırki inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icaraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı və üçüncü şəxsin verdikləri izahatlardan da müəyyən olunur ki, onların torpaq sahələri hasarla ayrılmışdır, üst-üstə düşən hissələri yoxdur, torpaqla bağlı onların arasında hər hansı mübahisə mövcud deyildir. Bu səbəbdən də cavabdehin qeyd etdiyi dəlillər əsassız hesab edilməlidir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11787/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar