Məhkəmə qərarları › İş №2-1(103)-1693/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1693/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1693/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı “övladının soyadının dəyişdirilməsi üçün icazənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı “övladının soyadının dəyişdirilməsi üçün icazənin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13315/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ-İ 857123 qeydiyyat nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən İddiaçı və X3 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Bayramova” soyadı verilmişdir. Tərəflərin birgə nikahından 3 övladı var: xx.xx.2014-cü il təvəllüdlü Bayramova Leyli, xx.xx.2017-ci il təvəllüdlü Bayramov Anil və xx.xx.2022-ci il təvəllüdlü Bayramov Nail. İddiaçı onun hər üç övladının soyadının “Bayramov”dan “Şahzadə”yə dəyişdirilməsi arzusundadır. İddiaçının həyat yoldaşı X4 xx.xx.2023-cü il tarixli, **********403 nömrəli ərizədə övladlarının soyadlarının dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı hər üç övladının soyadının “Bayramov”dan “Şahzadə”yə dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Bakı şəhəri Cavabdeh2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Komissiya iddiaçının azyaşlı övladlarının dəyişmək istədiyi soyadlarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə zidd olduğundan məsələnin həllini məqsədəmüvafıq hesab etmir. Sözügedən məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, övladlarının hazırki “Bayramov” soyadlarının dəyişdirilərək “Şahzadə” soyadına keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Cavabdeh2 göstərilməklə, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X1 dəyişdirilib “Şahzadə” soyadı ilə əvəz olunması üçün icazə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir. İş üzrə Cavabdeh1 əsl olan cavabdeh Nəriman Rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş, iddia tələbi “xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X1 dəyişdirilib “Şahzadə” soyadı ilə əvəz olunması üçün icazə verilməsi” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının və həyat yoldaşı X2 razılığı ilə övladları xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X1 dəyişdirilərək “Şahzadə” olmaları üçün Cavabdeh2in YYÇİHMK-na müraciət etmişdir. Lakin müraciəti Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsi rəhbər tutularaq müsbət həll olunmamışdır. Cavabdehin etirazları: Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iddiaya dair yazılı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13315/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13315/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən, uşağın soyadının, valideynlərin (onlardan birinin) soyadı ilə müəyyən edildiyi, Qanunun tələblərinə əsasən isə hazırki iş üzrə yetkinlik yaşına çatmayan uşaqların soyadlarının dəyişdirilməsinə yol verilən halın, yəni valideynlərindən birinin soyadının dəyişdirilməsi halının baş vermədiyinə istinad etmiş, bununla da iddiaçının tələbini təmin etməmişdir. Hesab olunur ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Əvvəla, qeyd edilməlidir ki, Ailə Məcəlləsi normativ hüquqi qüvvəsinə görə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan üstündür. Ailə Məcəlləsinin 53.3-cü maddəsində uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyi təsbit olunmuşdur. Burada əsas diqqət yetirilməli məqam “bir qayda olaraq” ifadəsinin hüquqi mahiyyətidir. Bu ifadənin normativ kontekstdə tətbiqi o deməkdir ki, ümumi qəbul edilmiş bir praktika mövcuddur, lakin bu qaydadan istisnalar qanunvericilikdə tam istisna olunmamışdır. Başqa sözlə, qanunverici uşağın soyadının valideynlərin soyadına uyğun müəyyən edilməsini əsas prinsip kimi götürsə də, bu qaydanın mütləq və məcburi xarakter daşıması ilə bağlı hər hansı imperativ tələb irəli sürməmişdir. Normativ aktların məqsəd və məzmunu nəzərə alınmaqla belə nəticəyə gəlmək olar ki, müvafiq əsaslar olduqda uşağın soyadının valideynlərin soyadından fərqli şəkildə müəyyən edilməsi, məsələn, babasının adına uyğunlaşdırılması və ya başqa əsaslarla formalaşdırılması hüquqi baxımdan mümkündür. Nəticə etibarilə, uşağın soyadının valideynlərin soyadına uyğun müəyyən edilməsi ümumi prinsip olsa da, bu məsələdə alternativ yanaşmalara imkan verən hüquqi əsaslar mövcuddur. Qanunvericilikdə belə bir seçimə dair qadağa nəzərdə tutulmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Şəxs/ ad fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəs/ və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər”. Hüquqi yanaşma baxımından, uşaqların soyadının “Şahzadə” olaraq dəyişdirilməsi ilə bağlı hər hansı məhdudlaşdırıcı və ya qadağanedici norma mövcud deyil. İddiaçının təqdim etdiyi arqumentlərdən aydın olur ki, bu soyad uşaqların mənafeyinə zidd deyil, onların cinsinə uyğun olmayan və ya gülünc assosiasiyalar doğuran bir hal yaratmır. Üstəlik, “Şahzadə” adı iddiaçının atasının adı olub, ailənin soy-kökünə və tarixi bağlarına əsaslanan bir seçimdir. Soyadın dəyişdirilməsi məsələsində valideynlərin iradəsi xüsusi əhəmiyyət kəsb edir. Hüquqi və faktiki müstəvidə müəyyən edildiyi kimi, uşaqların anası da onların soyadının “Şahzadə” olaraq dəyişdirilməsini arzu etmiş, bu məsələdə valideynlər arasında hər hansı fikir ayrılığı yaranmamışdır. Belə olan halda, uşaqların mövcud soyadı olan “Bayramov”un “Şahzadə” ilə əvəz edilməsinə etiraz üçün nə hüquqi, nə də faktiki əsaslar mövcuddur. Bundan əlavə, məsələni beynəlxalq hüquq kontekstində də dəyərləndirmək vacibdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının qoşulduğu Uşaq Hüquqları Konvensiyası çərçivəsində hər bir uşağın adı və soyadı ilə tanınmaq hüququ qorunur. Bu sənədlərdə uşağın maraqlarının üstün tutulması əsas prinsip kimi təsbit olunub. Konkret halda, təqdim edilən soyadın uşaqların gələcək həyatına hər hansı mənfi təsir göstərmək ehtimalı müəyyən edilməmişdir. Başqa sözlə, bu soyad onların cəmiyyətdə hüquqlarının məhdudlaşdırılmasına məruz qalması üçün heç bir əsas yaratmır. Yuxarıda göstərilənlərə əsasən hesab olunur ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan, ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. Oxşar iş üzrə formalaşmış məhkəmə təcrübəsi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-2026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı əsas olaraq gətirilir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Cavabdeh2in nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X1 dəyişdirilib “Şahzadə” soyadı ilə əvəz olunması üçün icazə verilməsi öhdəliyinin Cavabdeh2ə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırki işdən müəyyən olunur ki, iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh qurumun imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixlidir. İddiaçı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə qeyd olunur ki, İddiaçı Cavabdeh2ə qarşı tələbi “xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X1 dəyişdirilib “Şahzadə” soyadı ilə əvəz olunması üçün icazə verilməsi”ndən ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qanunun tələblərinə əsasən hazırki iş üzrə yetkinlik yaşına çatmayan uşaqların soyadlarının dəyişdirilməsinə yol verilən hal, yəni valideynlərindən birinin soyadının dəyişdirilməsi halının baş verməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın məhkəmə tərəfindən təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı övladlarının soyadının “Şahzadə” soyadı ilə əvəz olunması üçün icazə verilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı iıə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 6.19-cu bəndinə əsasən ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. 1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçının soyadını dəyişdirmək istədiyi xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X8 valideynləri, atası- Anar Şahzadə oğlunun və anası- İlahə Cəbrayıl qızının hər ikisinin soyadı müvafiq olaraq Bayramov(a)dur. Belə olan halda məhkəmə kollegiyası X6, X9 və X1 dəyişdirilməsi üçün qanunla nəzərdə tutulan əsasların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilmiş hallarla eynilik təşkil etdiyindən qərarın ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13315/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13315/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar