Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1694/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi” ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invantarizasiya və qiymətləndirilməsinə aid Pasport”a əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi olaraq qeyd olunmuşdur. Pasporta əsasən həyətin ümumi sahəsi 351.3 kv.m. olaraq (bütün həyət tikililərinin və hasarın sahəsi 90.6 kv.m.) göstərilmişdir.
2. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli “qeyd olunan ünvana dair müvafiq sənədlərin surətlərinin verilməsi barədə” məktubda qeyd olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib olunmuş texniki pasport haqqında idarənin arxivində məlumat aşkar edilməmişdir.
3. xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunur: Torpaq sahəsi 3 tərəf qonşu, 1 tərəf yoldur. Yaşayış evinə bitişik əlavə S.t.a =54.8 kv.m sahə, 26.6 kv.m yardımcı sahə inşa olunmuş və 48.0 kv.m talvar quraşdırılmışdır. Torpaq sahəsinin qismən konfiqurasiya fərqi vardır, təqdim edilmiş texniki pasportda 351.3 kvşm qeyd olunub, faktiki 359.4 kv.m-dir. Torpaq sahəsinin yaxınlığından və daxilindən yerüstü kommunikasiya xətləri keçmir, baş plan tərtib edilmiş, koordinatlar əlavə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, ev 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakda qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı torpağı 1989-cu ildə almışdır. Sahəsi 0.04 ha. 1991-ci ildə həmin torpağa çıxarış almaq üçün Azərbaycan Sovet Sosialist Respublikası İcraiyyə Komitəsinin X4 müraciət edib 30/1012 saylı 17 iyun 1991-ci il tarixli çıxarış almışdır. Rəsmi qaydada torpağa çıxarış verilib. Lakin bir neçə il əvvəl bankdan pul götürmək üçün müraciət etdikdə bildiriblər ki, torpağa aid belə bir sənəd mövcud deyil. Əmlak Komitəsinə müraciətlərdən sonra bildirirlər ki, ona 1991-ci ildə verilən sənəd saxta imiş. Halbuki 1989-cu ildə torpağı alıb, orda ev tikib yaşayır. Bütün kommunal ödənişlərin hamısı adınadır. Bələdiyyəyə illik torpaq pulu da ödəyir. Ona verilən sənəd dövlət orqanı tərəfindən verilib və o, bunun saxta olmağını 30 il sonra bilmişdir. Əmlaka aid olan bütün sənədlər o cümlədən texniki pasporta kimi sənədləri mövcuddur. Sonradan bütün sənədlərini 1 saylı Əmlak İdarəsinə təqdim etmiş, vətəndaş olaraq onun bu işdə günahı olmadığını, dövlət orqanının belə bir səhv etməsini bildirsə də, nəticə olaraq torpağa çıxarış ala bilməmişdir. İddiaçının "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması" ilə bağlı müraciətinə imtina cavabı gəlmişdi. Belə ki, hər dəfə fərqli-fərqli cavablar gəlir. Sonuncu bəhanə olaraq guya ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ilə texniki pasportda qeyd edilən torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olmağı göstərilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, iddiaçı Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, ev 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi deyil, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, “2q” saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində iddiaçı tərəfindən təqdim edilən xx.xx.1991-ci il tarixli, 30/1012 nömrəli qeydiyyat vəsiqəsi barədə məlumat aşkar olunmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ilə təqdim edilən texniki pasportda qeyd edilən torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u verən orqan - Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu həmin dövrdə səlahiyyətli orqan olmuşdur. Belə olan halda iddiaçı fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
9. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin arxivində iddiaçı tərəfindən təqdim edilən xx.xx.1991-ci il tarixli, 30/1012 nömrəli qeydiyyat vəsiqəsi və “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invantarizasiya və qiymətləndirilməsinə aid Pasport” barədə məlumat aşkar olunmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ilə təqdim edilən texniki pasportda qeyd edilən torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bakı İnzibati Məhkəməsi iddiaçı tərəfindən təqdim edilən sənədlərin İdarənin arxivində aşkar edilməməsini nəzərə almamış, bununla bağlı ətraflı araşdırılma aparılmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
12. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
16. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .....
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
18. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır.
24. Belə ki, tətbiq edilən normaların birgə təhlilindən görünür ki, Bakı şəhəri və respublikanın digər yaşayış məntəqələrində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və əhaliyə kommunal xidmətin yaxşılaşdırılması məqsədilə “Bakı şəhərində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 140 saylı 28 aprel 1984-cü il tarixli qərarına müvafiq olaraq Kommunal Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yerləşən təşkilatları, o cümlədən Bakı şəhər Texniki İnventarlaşdırma Bürosu eksperiment şəklində birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verilmişdir. 1987- ci ildən başlayaraq yerli kommunal təsərrüfatı orqanlarının tərkibində toplanmış arxiv materiallarının bazasında rayonlararası texniki inventarlaşdırma büroları yaradılmağa başlamışdır.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Fərmanın qeyd edilən bəndinin tələbinə uyğun olaraq İddiaçı adına Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcuddur. Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən həyətin ümumi sahəsi 351.3 kv.m. (bütün həyət tikililərinin və hasarın sahəsi 90.6 kv.m.) olaraq göstərilmişdir.
26. Hazırkı işdə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, İddiaçı adına rəsmiləşdirilməsini iddia etdiyi torpaq sahəsi ona Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir.
27. Göründüyü kimi, iddiaçıya “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u verən orqan - Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu həmin dövrdə səlahiyyətli orqan olmuşdur. Belə olan halda iddiaçı fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur.
28. Cavabdeh tərəfindən qeyd olunan ünvan ilə bağlı İddiaçı adına ilkin texniki pasportun tərtib edilməsinə dair məlumat (sənəd) aşkar edilmədiyi qeyd olunsa da, Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən sənədin əslinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir.Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və sənəddə torpaq sahəsinin ölçüləri barədə məlumat qeyd edilməklə iddiaçının faktiki sahibliyində olduğundan və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından cavabdeh orqan tərəfindən sənədin arxiv nüsxəsinin mövcudluğunun müəyyən olunmaması daşınmaz əmlakın İddiaçı xüsusi mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün maneə hesab edilə bilməz.
29. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən sənəd təqdim edilmişdir.
30. Lakin apellyasiya baxışı zamanı əslinə baxış keçirilərək iddiaçının nümayəndəsinə qaytarılmış “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invantarizasiya və qiymətləndirilməsinə aid Pasport”a əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi olaraq qeyd olunmuşdur. Pasporta əsasən həyətin ümumi sahəsi 351.3 kv.m. olaraq (bütün həyət tikililərinin və hasarın sahəsi 90.6 kv.m.) göstərilmişdir.
31. Həmçinin, xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunur: Torpaq sahəsi 3 tərəf qonşu, 1 tərəf yoldur. Yaşayış evinə bitişik əlavə S.t.a =54.8 kv.m sahə, 26.6 kv.m yardımcı sahə inşa olunmuş və 48.0 kv.m talvar quraşdırılmışdır. Torpaq sahəsinin qismən konfiqurasiya fərqi vardır, təqdim edilmiş texniki pasportda 351.3 kvşm qeyd olunub, faktiki 359.4 kv.m-dir. Torpaq sahəsinin yaxınlığından və daxilindən yerüstü kommunikasiya xətləri keçmir, baş plan tərtib edilmiş, koordinatlar əlavə olunmuşdur.
32. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi torpağın istifadəsində olmasına əsaslanaraq torpağın faktiki ölçüsünə görə çıxarış tələb edildiyini bildirilmişdir.
33. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının tələbinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndi (2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) təşkil edir.
34. Lakin məhkəmə Kollegiyası qeyd edir ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invantarizasiya və qiymətləndirilməsinə aid Pasport”a əsasən həyətin ümumi sahəsi 351.3 kv.m. olaraq göstərilmişdir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab olunaraq, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invantarizasiya və qiymətləndirilməsinə aid Pasport”da nəzərdə tutulmayan 48,7 kv.m torpaq sahəsinə çıxarış verilməsi hissəsində ləğv edilməli, qərar digər hissədə- ünvan 3 ünvanında yerləşən 351.3 kv.m. torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən-“Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invantarizasiya və qiymətləndirilməsinə aid Pasport”da nəzərdə tutulmayan 48,7 kv.m torpaq sahəsinə çıxarış verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı digər hissədə- ünvan 3 ünvanında yerləşən 351.3 kv.m. torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.