Məhkəmə qərarları › İş №2-1(103)-1696/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1696/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1696/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanda qeydiyyatdadır, faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yaşayır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxslər - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sabirabad Rayon Mərkəzi Xəstəxanası) “əlilliyin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(112)-1455/2021 nömrəli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 20.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sabirabad Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində cəlb olunmaqla “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyinin təyinat tarixinin 19.07.2019-cu il tarixdən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 15.10.2007-ci il tarixdə Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 08.03.2008-ci il tarixdə hərbi xidmət dövründə travma almışdır. 09.07.2008-ci il tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profili hərbi-həkim komissiyası tərəfindən şəhadətnamə verilməsi zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Sol gözün qüzehli qişasının zədədən sonrakı kolobaması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1.0 və M5.5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla” travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən olunmuşdur. Daha sonra 2019-cu ildə əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün tərəfindən müraciət olunmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli, 586 nömrəli qərarı əsasında “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır.” Eyni zamanda MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir. Lakin əlilliyin səbəb əlaqəsi dəyişdirilsə də, ƏƏSMN-yi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən qanunsuz və əsassız olaraq əlilliyinin təyinat tarixi 22.01.2020-ci il tarixinə təyin edilmişdir. Halbuki AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir və əlillik səbəbinin dəyişdirilməsi Nazirlər Kabinetinin yuxarıdakı qərarında qeyd olunduğu kimi əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması olmuşdur. Daha sonra əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün müraciət etdiyində həmin iş daha da ətraflı araşdırılmış və Tərtər Hərbi Prokurorluğunun 20.06.2019-cu il tarixli ** HP ***2 nömrəli məktubu, Sabirabad rayon SHXÇDX-nin 08.07.2019-cu il tarixli 725 nömrəli göndərişi, 08.07.2019-cu il tarixli 130 nömrəli arayışı və digər məlumatlar əsasında AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli 586 nömrəli Qərarı əsasında əliliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Buna görə iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(112)-1455/2021 saylı qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyinat tarixinin 19.07.2019-cu il tarixdən hesab edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. 08.05.2021-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti 15.08.2008-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş və “hərbi xidmət dövrü ilə əlaqədar əlillik - gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik səbəbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən yenidən araşdırılmış və 19.07.2019-cu il tarixli 586 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1,0 və M5,5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən olunmuşdur. Eləcə də həmin qərarla MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir. 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Əlillik səbəbinin dəyişdirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0311003AAM99 saylı göndəriş əsasında iddiaçının əlillik vəziyyəti 02.12.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Sonuncu dəfə əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0311003AANQF saylı göndərişi əsasında 22.01.2020-ci il tarixdə qiymətləndirilmiş və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.3cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.1.2-ci bəndinə görə “göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda” əlillik səbəbi Xidmət tərəfindən dəyişdirilir. 2008-ci ildə əlillik səbəbi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş “travmanın səbəb əlaqəsi haqqında” 09.07.2008-ci il tarixli qərarı əsasında düzgün təyin olunmuşdur. TSEK tərəfindən əlillik səbəbinin yanlış təyin olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması, həmçinin əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması halları olmamışdır. Buna görə də “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyinat tarixi 22.01.2020-ci ildən hesab edilir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı 31.08.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin elektron poçt ünvanına məktub yazaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası nümayəndənin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlarla müəyyən edilir ki, 09 iyul 2008-ci il tarixli Mərkəzi Hərbi Klinik Hospitalı tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnaməyə əsasən “iddiaçının müayinəsi zamanı “sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1,0 D və M5,5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla”, travmadır, hərbi xidmət dövründə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli 586 nömrəli qərarından görünür ki, iddiaçının “sol gözün qüzehli qişasının zədədən sonrakı koloboması və qeyri düzgün astiqmatizmi, oxlar Hm 1,0 və M5,5 D nəticəsində görmə itiliyinin 0,08-ə qədər (korreksiya olunmur) azalması, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən olunmuşdur. Həmin qərarla Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın səbəb əlaqəsi haqqında 09.07.2008-ci il tarixli qərarı ləğv edilmişdir. X2 Adına Milli Oftalmoligiya Mərkəzinin 15.01.2020-ci il tarixli 240 saylı tibbi rəyindən görünür ki, iddiaçının müayinəsi zamanı gözündə xəstəliklər müəyyən edilmişdir. İddiaçıya məxsus olan AO seriyalı ******* nömrəli hərbi biletə əsasən iddiaçı 23 iyul 2008-ci il tarixdə Müdafiə Nazirliyinin 14.03.2008-ci il tarixli 123 nömrəli əsasında əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı 07.05.2020-ci il tarixli **********7 saylı və 22.05.2020-ci il tarixli **********5 saylı məktublardan görünür ki, əlilliyin müəyyən edilməsi tarixinin dəyişdirilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən 16 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na və digər normativ hüquqi aktlara istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 16 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.1ci bəndinə əsasən əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh əlilliyin səbəbinin dəyişdirilməsinin tarixini həmin səbəbin müəyyən edildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.07.2019-cu il tarixli 586 nömrəli qərarının tarixindən deyil, əlilliyinin təyin edilməsi barədə qərar qəbul etdiyi 22.01.2020-ci il tarixdən hesablamalı idi. Bu səbəbdən Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(112)-1455/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar