Məhkəmə qərarları › İş №2-1(103)-1696/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1696/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1696/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(112)-1556/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********421200 saylı vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, **********421200 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral olaraq şəxsi hesab vərəqəsinə 2020-ci il mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral hesablanmış mənfəət vergisi əsassız olaraq hesablanmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli, **********421200 saylı vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən 99325.72 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Hesablamaya əsas olaraq vergi orqanı həmin qərarın bəyannamədə və ya hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində “Tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi sətrində rəqəm göstərməyinə baxmayaraq Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır” kimi göstərilmişdir. Bildirmişdir ki, tərəflərindən xx.xx.2021-ci il tarixində 2020-ci il üçün X3 vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli, **********190100 nömrəli məktubla kameral uyğunsuzluq olduğu bildirilmişdir. Məktubda vergi orqanı göstərmişdir ki, tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsi Bakı şəhərı Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatları, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır: Tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi” sətrində rəqəm göstərməyinə baxmayaraq, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan sənədlərdən əlavə müvafıq dövr üzrə bank hesablarından çıxarışlar, kassa çekləri, yaranmış kənarlaşmalarla bağlı ətraflı izahat məktubunun və müvafıq təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsi bildirilmişdir. Lakin qeyd olunan kənarlaşmalar faktiki sənədlərlə araşdırılmamış, kameral vergi yoxlamasının keçirilməsi barədə vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Bütün bunlara baxmayaraq 2020-ci il vergi dövrü üzrə X3nə kameral vergi yoxlaması keçirilməsi üçün tələb olunan sənədlər vergi orqanına təqdim edilmişdir. Vergi orqanı isə öz növbəsində mənbəyi bəlli olmayan məlumatlara əsasən hesablama aparmış və 2020-ci il vergi dövrü üzrə əsassız və qanunsuz olaraq əlavə mənfəət vergisi hesablamışdır. xx.xx.2021-ci il tarixində vergi orqanına məktubla müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********190100 nömrəli uyğunsuzluq məktubuna cavab olaraq bildirmişdir ki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş şəxslərə güzəştlərin verilməsi ilə əlaqədar 222.4-cü və 222.5-ci maddələrinə müvafıq olaraq müəssisə güzəştin aid olub-olmaması ilə əlaqəli müvafiq vergi orqanına xx.xx.2020-ci il tarixində Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət ərizəsi vasitəsilə müraciət edilmişdir. xx.xx.2020-ci il tarixində Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciət ərizəsinə baxılmış və müəssisəsinin fəaliyyəti pandemiyada zərər çəkmiş fəaliyyət növləri siyahısında mövcud olduğundan ərizəsi təmin edilmiş və müəssisəsi Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş şəxs kimi tanınaraq Maliyyə Nazirliyinin DXA tərəfindən maliyyə yardımı edilmişdir. 2020-ci il ərzində 1-ci dəfə xx.xx.2020-ci il tarixində 13435.00 manat, 2-ci dəfə xx.xx.2020-ci il tarixində 13435.00 manat, 3-cü dəfə xx.xx.2020ci il tarixində 17306.25 manat, 4-cü dəfə xx.xx.2020-ci il tarixində 17306.25 manat olmaqla cəmi 60223.85 manat məbləğində pul vəsaiti pandemiyadan zərərçəkmiş muzdlu işçilərin əmək haqları təyinatı altında hissə-hissə müəssisənin bank hesabına köçürülmüşdür. Pandemiyadan zərərçəkmiş şəxslərə güzəştlərin verilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 222.4 və 222.5-ci maddələrinin 222.5-222.9-cu bəndi əsas götürülərək X1 5 nömrəli əlavəsinin 2-ci hissəsində 34. VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətinin 75 faizi sətrində göstərilmişdir. Həmçinin 60223.85 manat pul vəsaiti təqdim etdiyi X1 Gəlirlər hissəsində 217. Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində də əks etdirilmişdir. Əlavə olaraq təsdiqedici sənəd Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət ərizəsi və Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında bildirişi vergi orqanına göndərərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişlər. Lakin vergi orqanı tərəfindən müraciəti araşdırılmamış və müvafıq tədbirlər görülməmişdir. Daha sonra xx.xx.2021-ci il tarixində bir daha yazaraq vergi orqanının nəzərinə çatdırmışdır ki, Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş şəxslərə güzəştlərin verilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 222.4-cü və 222.5-ci maddələrinə müvafıq olaraq müəssisəyə güzəştin aid olub-olmaması ilə əlaqədar müvafıq vergi orqanına xx.xx.2020-ci il tarixində Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə ərizə vasitəsilə müraciət edilmişdir. xx.xx.2020-ci il tarixində isə Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciət ərizəsinə baxılmış və müəssisənin fəaliyyəti pandemiyadan zərər çəkmiş fəaliyyət növləri siyahısında mövcud olduğundan ərizəsi təmin edilmiş və müəssisə Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş şəxs kimi tanınaraq Maliyyə Nazirliyinin DXA tərəfındən müvafıq maliyyə yardımı edilmişdir. 60223.85 manat məbləğində pul vəsaiti pandemiyadan zərərçəkmiş muzdlu işçilərin əmək haqları təyinatı adı altında hissə-hissə müəssisənin bank hesabına köçürülmüşdür. Pandemiyadan zərərçəkmiş şəxslərə güzəştlərin verilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 222.4 və 222.5-ci maddələrinin 222.5- 222.9-cu bəndi əsas götürülərək X1 5 nömrəli əlavəsinin 2-ci hissəsində 34. VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətinin 75 faizi sətrındə göstərilmişdir. Həmçinin 60223.85 manat pul vəsaiti təqdim etdiyi X1 Gəlirlər hissəsində 217.Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində də əks etdirilmişdir. Bir daha qoşma olaraq təsdiqedici sənəd kimi Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət ərizəsi və Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında bildirişi göndərərək, yuxarıda qeyd edilənlərə uyğun olaraq, xx.xx.2021-ci il tarixində şəxsi hesab vərəqində 2020-ci ilin X3 üçün əlavə hesablanan 99325.72 manat vergi məbləğinin azaldılması və qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Yuxarıda göstərilən xx.xx.2021-ci il tarixli, **********421200 saylı vergilərin hesablanması barədə qərarın ləğvi, 2020-ci il vergi dövrü üzrə X3nə kameral vergi yoxlamasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi və şəxsi hesab vərəqəsinə düzəlişin edilməsi barədə Dövlət Vergi Xidmətinə bir çox şikayətlər ünvanlamışlar, lakin bu günədək heç bir tədbir görülməmişdir. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(112)-1556/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş X1 “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi” sətrində vergi ödəyicisinin rəqəm göstərməyinə baxmayaraq, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyət ilə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********190100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün X3 üzrə 99325.72 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********421200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf pandemiya ilə bağlı işçilərə əmək haqqı ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilən müəssisə olmaqla barəsində müvəqqəti vergi rejiminin müddəalarının tətbiq olunmalı olduğu hüquqi şəxsdir, Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, fəaliyyəti güzəşt tətbiq etmək hüququ olmuşdur. İddiaçı da qanunvericiliklə həmin hüquqdan istifadə etməklə mənfəət bəyannaməsini tətbiq etməsinə baxmayaraq cavabdeh iddiaçının azadolma hüququnu nəzərə almadan ona kameral qaydada əlavə mənfəət vergisi hesablanmışdır ki, bununla da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 222-224-cü maddələrinin tələbləri pozulmuşdur. Qeyd edilir ki, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 224.1-ci maddəsində göstərilən vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir. Lakin, vergi orqanında mövcud olan məlumatlara əsasən müəssisə tərəfindən göstərilən fəaliyyət növü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən koronavirus pandemiyasıyla əlaqədar fəaliyyətinə icazə verilənlər siyahısına daxil edilmişdir. Bu səbədən də, müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisinin bəyannaməsi nəzərə alınmamışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli, **********421200 saylı vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin fəaliyyət növü sair plastik məmulatların istehsalı olmaqla 22260 kodu ilə həyata keçirilən fəaliyyətə aiddir. İddiaçı MMC-nin fəaliyyət növü və kodu müvafiq orqan tərəfindən təsdiq edilmiş “Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin” Təsnifatında nəzərdə tutulmuşdur. Bundan əlavə iddiaçının Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciəti səlahiyyətli orqan tərəfindən müsbət həll olunaraq dövlət tərəfindən maliyyə dəstəyi ilə bağlı vəsaitlər onun hesabına köçürülmüşdür. İşin yuxarıda göstərilən xüsusatları belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı MMC-nin fəaliyyət göstərdiyi “sair plastik məmulatların istehsalı” sahəsi Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkən fəaliyyət sahəsinə aiddir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən vergi ödəyicisi hesab edildiyindən onun 2020-ci il üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizini güzəşt və azadolmalara tətbiq etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti olan İddiaçı MMC xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2018-cu il tarixdən qanuni təmsilçisi X2r. İş materiallarında olan 2020-ci il tarixli Mənfəət vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC tərəfindən əsas fəaliyyət növü kodu 22920, adı sair plastik məmulatların istehsalı olmaqla hesabat dövrünün gəlirləri 4,786,917.84 manat, ümumi gəliri 4,848,400.34 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 4,079,206.03 manat, ümumi gəlirdən çıxılan xərclər 4,186,228.82 manat, hesabat dövrü üçün verginin hesablanması ilə bağlı vergitutma məqsədləri üçün mənfəət 662,171.52 manat, mənfəət üzrə azadolmalar və güzəştlər 496,628.64 manat, mənfəət üzrə azadolma, güzəşt və mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət 165,542.88 manat, mənfəət vergisi 33,108.58 manat bəyan edilmişdir. - Həmin bəyannaməyə 5 №-li əlavədən görünür ki, 35-ci sətirdə VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətinin 75 faizinin, yəni 496,628.64 manatın güzəştə aid edilməsi qeyd edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********421200 №-li qərardan görünür ki, vergi ödəyicisi İddiaçı MMC-nin 2020-ci il üçün mənfəət vergisi üzrə 99,325,72 manat əlavə vergi hesablanmışdır. Verginin hesablanmasına əsas kimi vergi ödəyicinin 2020-ci il üzrə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi" sətrində rəqəm göstərmələrinə baxmayaraq, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında bildiriş”dən görünür ki, onun Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciətinə baxılmış və onlara ayrılmış vəsait ərizələrində qeyd etdikləri bankdakı hesablarına köçürülmüşdür. Nəzərlərinə çatdırılır ki, muzdlu işçilərə əmək haqqının ödənilməsi məqsədilə müraciət etmiş və müraciəti təmin olunmuş vergi ödəyicələrinin ikinci dəfə müraciət etmələrinə ehtiyac yoxdur, belə ki, proqram təminatı bir aydan sonra avtomatik olaraq ayrılmış vəsaitin ikinci hissəsinin sahibkarın hesabına köçürülməsini təmin edəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi barədə bildiriş”dən görünür ki, onların Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyi ilə əlaqədar muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən İİİ mərhələdə onlara ayrılmış vəsait ərizələrində qeyd etdikləri bankdakı hesablarına köçürülmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Həmin Məcəllənin 222.5-ci maddəsinə əsasən bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; turoperator və turagent fəaliyyəti; sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; ictimai iaşə fəaliyyəti; sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; idman-sağlamlıq obyektlərinin fəaliyyəti; hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Həmin Məcəllənin 224.1.2.-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə əldə edilən mənfəətin (gəlirin) 75 faizi güzəşt və azadolmalar tətbiq edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 8 may 2020-ci il, 90-VİQD№ Azərbaycan Respublikası Qanununu ilə Vergilər Məcəlləsinə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı 18-ci fəsil əlavə edilmiş və həmin fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən 2002-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaları (bundan sonra pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılmış, pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrupu yaradılmış, İşçi Qrupuna 15 gün müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etmək tapşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2020-ci il tarixli sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. X6 iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqamətində Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi: vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin fəaliyyət növü və kodu müvafiq orqan tərəfindən təsdiq edilmiş “Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin” Təsnifatında nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının xx.xx.2020-ci il tarixdə Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciət ərizəsinə baxılmış və müəssisəsinin fəaliyyəti pandemiyada zərər çəkmiş fəaliyyət növləri siyahısında mövcud olduğundan ərizəsi təmin edilmiş və müəssisəsi Koronavirus (COVİD- 19) pandemiyasından zərərçəkmiş şəxs kimi tanınaraq maliyyə yardımı edilmişdir. Göründüyü kimi İddiaçı MMC-nin fəaliyyət göstərdiyi sahəsi Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkən fəaliyyət sahəsinə aiddir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 222.5ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən vergi ödəyicisi hesab edildiyindən onun 2020-ci il üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizini güzəşt və azadolmalara tətbiq etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə vergi orqanları borcludur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********421200 saylı vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(112)-1556/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar