Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1696/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövrü ümumi iş stajına daxil edilməklə 57 yaşı olduğu 25 mart 2014-cü il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3337/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövrü ümumi iş stajına daxil edilməklə 57 yaşı olduğu 25 mart 2014-cü il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1957-ci ildə doğulmuşdur. Əmək fəaliyyətinə 1978-ci ildən Azərbaycan Respublikası Sənaye-Tikinti Nazirliyinin 8 nömrəli təsərrüfathesablı mexaniki-montaj sahəsində rəngsaz vəzifəsində başlamışdır. Sonradan Bakı baş tikinti idarəsində müxtəlif peşələrdə 01 dekabr 2005-ci il tarixinə qədər işləmişdir. Yaşı 60 çatdıqdan sonra dəfələrlə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, hal-hazıradək ona əmək pensiyası təyin edilməmişdir. Cavabdeh tərəfindən ona əmək pensiyasının təyin edilməməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, cavabdeh onun xx.xx.1993cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi müddəti ümumi iş stajına daxil etməyib. O, cavabdehə müraciət edərək həmin müddətin ümumi iş stajına daxil edilməsini xahiş etmiş, 27 may 2021-ci il tarixdə cavabdeh isə imtina edici inzibati akt qəbul etmişdir. Cavabdeh imtinaedici aktını onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edilən xx.xx.1993- cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi müddət arxiv arayışları əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim edilməlidir. Cavabdehin ona ünvanlanmış cavabından görünür ki, onlar əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövrü əmək stajına daxil etmirlər. Halbuki, həmin aralıqda əmək stajını 11 dekabr 1978-ci il tarixli MT ******* nömrəli əmək kitabçasındakı qeydlər təsdiq edir. Tərəfindən iş yerindən arayışın və yaxud arxiv arayışının cavabdehə təqdim edilməsi mümkün olmamışdır. Belə ki, axırıncı iş yeri olan "Tamamlama Tikinti" tresti idarəsi ləğv edilmiş, arxiv sənədlərini isə Dövlət arxivinin Bakı Filialına təhvil verməmişdir. Lakin bu müddətdə dövlət mənafeləri üçün işləməyinə baxmayaraq bu müddəti cavabdeh onun pensiya stajına daxil edərək əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hesab edir ki, bu qanunsuzdur və onun üzərinə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Belə ki, onun əmək stajı qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 11 dekabr 1978-ci il tarixli HT-Q433098 nömrəli əmək kitabçasında xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Tamamlama Tikinti” idarə trestində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacağı qeyd edilmişdir. Həmçinin iddiaçının əmək kitabçasında bir sıra ziddiyyətli məqamlar mövcuddur. Eyni zamanda, iddiaçının əmək kitabçasının 42-43cü səhifələrində olan həmin qeydlər kiril əlifbası ilə yazılmış, istifadə olunmuş möhürdəki qeydlər isə latın əlifbası ilə yazılmışdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. İstinad olunan qərara əsasən, 1992-ci il tarixdən etibarən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanılmalı olduğu qeyd olunurdu. Bu da onu göstərir ki, latın qrafikalı əlifbanın bərpa olunmasına 1992-ci il tarixdən başlanılmışdır. Lakin, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək iddiaçının işlədiyini iddia etdiyi dövrlərlə bağlı mübahisəli məsələlər ondan ibarətdir ki, həmin dövrlər iddiaçının əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd olunmasına baxmayaraq, möhürlərdə latın qrafikalı əlifbadan istifadə olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3337/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövrü ümumi iş stajına daxil edilməklə 11 mart 2018-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 11 dekabr 1978-ci il tarixli HT-Q433098 nömrəli əmək kitabçasında xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Tamamlama Tikinti” idarə trestində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacağı qeyd edilmişdir. Həmçinin iddiaçının əmək kitabçasında bir sıra ziddiyyətli məqamlar mövcuddur. Eyni zamanda, iddiaçının əmək kitabçasının 42-43-cü səhifələrində olan həmin qeydlər kiril əlifbası ilə yazılmış, istifadə olunmuş möhürdəki qeydlər isə latın əlifbası ilə yazılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı – iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür, xx.xx.2014-cü il tarixində onun 57 yaşı tamam olmuşdur, onun həmin tarixə 30 ildən çox əmək stajı vardır, iddiaçı həmin iş müddətinin 13 il 10 aydan çox hissəsini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə işləməsi əsası ilə ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək dövrlər kiril qrafikalı əlifba ilə qeyd olunmuş, möhürlərdə isə latın qrafikasından istifadə olunmuşdur. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının hüququ yarandığı vaxtdan xx.xx.2014-cü il tarixdən pensiya hüququ yaranmış olsa da, birinci instansiya məhkəməsi hesablamanın məhz müraciət tarixindən (11 mart 2021-ci il) geriyə 3 il üzrə aparılmasını əsas gətirərək təyinat tarixini 11 mart 2018-ci ildən qeyd etmiş, həmin hissədən isə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən qeyd edilən hissənin yoxlanılması mümkün olmamışdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. İddiaçının müəyyən edilmiş yaş həddinə çatması (57 yaş) işin mübahisələndirilməyən halıdır. - İddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, 57 yaşı xx.xx.2014-cü ildə tamam olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin mübahisəli halı tələb olunan ümumi və güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Ümumi iş stajı ilə bağlı aşağıdakılar nəzərə çatdırılır: - İT ******* nömrəli hərbi biletə əsasən, iddiaçı 14 may 1971-ci il tarixdən 12 iyun 1973-cü il tarixədək hərbi xidmətdə olmuşdur. - 047770 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1977-ci ildə Bakı yerli Sənaye Texnikumuna daxil olmuş, 1981-ci ildə tam kursu bitirmişdir. - İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı əmək fəaliyyətinə xx.xx.1978ci ildən başlamış, xx.xx.1978-cı ilədək rəngsaz peşəsində işləmiş, xx.xx.1979-cu ildən 3cü dərəcəli rəngsaz peşəsinə daxil olur, xx.xx.1979-cu ildən 2-ci dərəcəli rəngsaz peşəsində işləyir, xx.xx.1980-cı ildən 3-cü dərəcəli dülgər peşəsinə keçirilir, xx.xx.1983-cü ildən 4-cü dərəcəli dülgər peşəsinə keçirilir, xx.xx.1986-cı ildən tikinti ustası peşəsində, xx.xx.1988-ci ildən anbar müdiri vəzifəsində işləyir, xx.xx.1990-cı ildən anbardar vəzifəsindən azad edilib 4-cü dərəcəli dülgər vəzifəsinə keçirilir, xx.xx.1993-cü ildən xx.xx.2005-cı ilə qədər “Tamamlama Tikinti” İdarə trestində tikinti ustası kimi işləmişdir. Cavabdeh inzibati orqanın imtinasının, etirazının və apellyasiya şikayətinin əsas dəlili məhz iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2005-cı ilə qədər “Tamamlama Tikinti” İdarə trestində tikinti ustası kimi işlədiyi dövrlərin ümumi iş stajına daxil edilməməsi ilə bağlıdır. Belə ki, cavabdehin əsas arqumenti iddiaçının mübahisələndirilən dövrlərdə “Tamamlama Tikinti” İdarə trestində işlədiyinə dair aparılmış qeydlərin arxiv arayışları ilə təsdiq edilməməsi və əmək kitabçasının 42-43-cü səhifələrində olan həmin qeydlərin kiril əlifbası ilə yazılması, istifadə edilmiş möhürdəki qeydlərin isə latın əlifbası ilə yazılması ilə bağlı olmuşdur. İlk öncə qeyd edilməlidir ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. - 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, yaranmış məhkəmə praktikasından da bəlli olduğu kimi, iddiaçının xx.xx.2006-cı ilədək iş stajını təsdiq edən əsas əmək kitabçasıdır. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının bötövlükdə mötəbərliyini mübahisələndirməmiş, belə ki, əmək kitabçasında qeyd edilən xx.xx.1993-ci ilədək rəngsaz, dülgər, tikinti ustası kimi işlədiyi dövrü mübahisələndirməmiş, həmin dövrü iddiaçının ümumi stajına daxil etmiş, lakin xx.xx.1993-cü ildən xx.xx.2005-cı ilə qədər “Tamamlama Tikinti” İdarə trestində tikinti ustası kimi işlədiyi dövrü “Tamamlama Tikinti” İdarə trestinin arxiv sənədlərinin olmaması və qeydlərin kiril əlifbası ilə yazılması ilə bağlı mübahisələndirmişdir. Göründüyü kimi, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası diqqətə çatdırır ki, əmək kitabçasındakı qeydlər iddiaçı tərəfindən deyil, işlədiyi idarənin məsul şəxsi tərəfindən icra edilir. Hər hansı bir məsul şəxsin kiril əlifbası ilə qeydləri əmək kitabçasına daxil etməsi əmək kitabçasının mötəbərliliyinə şübhə doğura bilməz. Cavabdeh inzibati orqanın apellyasiya şikayətindəki dəlillər də ziddiyyətlidir. Belə ki, cavabdeh inzibati orqan özü də qeyd edir ki, 1992-ci il tarixindən etibarən möhür, ştamp və blankların latın qrafikalı əlifbadan istifadə edilməklə dəyişdirilməyə başlanılmışdır. Əmək kitabçasında işçinin işdən azad olunması ilə bağlı qeydlərinin üzərindəki möhürdən də aydın olur ki, qeyd edilən möhürdə latın qrafikalı əlifbadan istifadə edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vaxtilə kiril qrafikalı əlifbadan istifadə edən şəxslər latın qrafikalı əlifbaya keçiddən sonra uyğunlaşmada çətinlik çəkmişlər və hələ də kiril əlifbasından istifadə edən şəxslər mövcuddur. Lakin bu hal iddiaçının hüquqlarının pozulmasına dəlalət edə bilməz. Göstərilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında ziddiyyət olması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. “Tamamlama Tikinti” İdarə trestinin arxiv sənədlərinin olmaması ilə bağlı dəlilə münasibətdə formalaşmış məhkəmə təcrübəsi həmçinin ondan ibarətdir ki, əmək kitabçasında qeyd edilən iş stajının yoxlanılmasının mümkün olmaması şəxsin təqsiri ilə bağlı hallarla əlaqədar olmadıqda, bu hal, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixdə 7-1926/17 nömrəli məktubu ilə bildirmişdir ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Nazirliyinin müvafiq əmrləri ilə Bakı Şəhər İcra Hakimiyyətinin özəlləşdirilməyə açıq elan edilmiş struktur bölmələrinin tabeliyində olan bütün podrat idarə və təşkilatlar (o cümlədən, “Tamamlamatikinti” tresti) həmin Nazirliyin (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) sərəncamına götürülmüşdür. Yuxarıda göstərilən Dövlət Proqramına əsasən, müəssisələrin özəlləşdirilməsi barədə qərar qəbul edildiyi andan etibarən, müvafiq yerli icra hakimiyyətləri orqanlarının həmin müəssisələr üzərində səlahiyyətləri (kadr, maliyyə və digər məsələlərə dair) öz qüvvəsini itirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli **********101400 nömrəli məlumatın verilməsi barədə məktubuna əsasən dövlət reyestrində “Tamamlama Tikinti” İdarə Trestinin xx.xx.1994-cü il tarixdə 159/58 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. İş hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Göründüyü kimi, “Tamamlamatikinti” trestinin özünün mövcudluğu, fəaliyyəti, özəlləşməsi və dövlət qeydiyyatına alınması işin mübahisələndirilməyən halıdır.Həmin İdarəyə aid arxiv sənədlərinin tapılmaması isə iddiaçının sosial təminat hüququnun pozulmasına əsas ola bilməz. Apellyasiya şikayətinin güzəştli iş stajının mövcud olmaması dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubunda göstərilmişdir ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, gözəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. - Azərbaycan Respublikası "xxxx" ASC xx.xx.2022-ci il tarixdə 05-İM məktubu ilə bildirmişdir ki, İddiaçı əmək kitabçasına əsasən (İT-İ № 0433098№-li əmək kitabçası) onun xx.xx.1986- cı ildən xx.xx.1988-ci ilədək və xx.xx.1993-cü ildən xx.xx.2005-ci il tarixədək “Tamamlama Tikinti” İdarəsində işlədiyi tikinti ustası peşəsi Azərbaycan Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li qərarına (bölmə XXVİİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, b) Y/bəndi. kod: 2290000b- 23419.. “Yeni tikinti və quraşdırma işlərinin ustaları”) və xx.xx.2007-ci il tarixli 12 №-li Qərar (29-cü bölmə. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, b) bəndi, tikinti və quraşdırma işləri üzrə ustalar) əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxildir. Həmin dövrlər üzrə onun ümumi güzəştli stajı - 13 il 10 ay 8 gün təşkil edir. Göründüyü kimi, iş üzrə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair güzəştli arayış oxçar müəssisədən təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Beləliklə, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə (tikinti ustası) güzəştli iş stajı xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək və xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilədək “Tamamlama Tikinti” İdarəsində işlədiyi müddət daxil olmaqla tələb olunan 12 il 6 aydan çox, ümumi iş stajı isə 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin hazırda mübahisələndirilən qərarının yoxlanılan hissədə ləğv olunması üçün əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3337/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1696/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1696/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver