Məhkəmə qərarları › İş №2-1(103)-1696/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1696/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1696/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14841/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının müəyyən edilməsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə öhdəliyi qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuş, 1975ci ildə Bakı Neft Texnikumunun əyanı şöbəsinə qəbul olunmuş, 1977-ci ildə hərbi xidmətə getdiyi üçün ona akademik məzuniyyət verilmişdir. 1979-cu ildə hərbi xidməti başa vuraraq əyani şöbəyə bərpa edilmiş, lakin həmin ilin sentyabr ayından əmək fəaliyyətinə başlamaqla əlaqədar olaraq 1979-cu ildə qiyabi şöbəyə köçürülmüşdür. 09 aprel 1981-ci il tarixdə texnikumu bitirərək “Metalların kəsməklə emalı” ixtisası üzrə diplom almışdır. 1979-cu ildə Bakı Aqreqat İstehsalat Birliyinə tornaçı şagirdi işinə qəbul edilmiş, sonradan həmin peşə üzrə müxtəlif vəzifələrə keçirilmişdir. 1987-ci ildə “Bakqazmaş” X1-sənaye avadanlıqlarının istehsalı üzrə 4-cü dərəcəli tornaçı vəzifəsinə qəbul olunmuş, 1997-ci ildə “Xəzərdənizneftdonanma”sının Bakı Dənizçilik məktəbinə təhsil-istehsalat ustası vəzifəsinə keçirilmişdir. 2000-ci ildə Abşeron Rayon Dəniz Neft Donanması İdarəsinə Gəmi təmiri emalatxanasına tornaçı vəzifəsinə keçirilmişdir. 2014-cü ildə təşkilatı dəyişikliklərlə əlaqədar olaraq X5 Donanmasına tornaçı vəzifəsinə keçirilmiş və hazırkı vaxtadək də orada işləyir. 2023-cü ilin əvvəllərində güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün müraciət etmiş, lakin cavabdeh qurumun 08 sentyabr 2023-cü il tarixli 3-17-1/2-Ə-206903/2023 saylı məktubu ilə “güzəştli iş stajının olmaması” əsası ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. "xxxx" QSC-nin X5 Donanmasının 20 iyul 2023-cü il tarixli 13-3-2/3-9- 178/2023 saylı arxiv arayışında göstərilir ki, onun işlədiyi tornaçı peşəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsatlatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11-ci (Metal emalı) bölməsinin 11.14 bəndinin “a” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə qüvvədən düşmüş 21 iyun 1993cü il tarixli 320 saylı qərarına 2 saylı əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsatlatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 14-cü (Metal emalı) bölməsinin 14.12 bəndinin “a” yarımbəndi (kod 21511200-1753a) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Bu halda onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ var və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanunsuzdur. İddiaçı təqdim etdiyi ərizəyə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “iddiaçıya xx.xx.2020-ci il tarixindən etibarən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ № ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC X5 Donanmasının 20 iyul 2023cü il tarixli 13-3-2/3-9-178/2023 nömrəli arayışında iddiaçının xx.xx.2000-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci il tarixdən bu günədək tornaçı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyi tornaçı peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmadığı müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçının tornaçı peşəsində çalışması faktı “X5 Donanması” QSCnin 17 avqust 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14841/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia tımin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyi tornaçı peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmadığı müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçının tornaçı peşəsində çalışdığı faktı “X5 Donanması” QSCnin 17 avqust 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -Cavabdeh orqanın iddiaçıya təqdim etdiyi imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunmuş "xxxx" QSC-nin X5 Donanmasının iddiaçıya dair 20 iyul 2023-cü il tarixli 13-3-2/3- 9-178/2023 nömrəli arayışında xx.xx.2000-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci il tarixindən bugünədək tornaçı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajınıza aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının işlədiyi tornaçı peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmadığı müəyyən edilib. Bu fakt “X5 Donanması” QSC-nin 17 avqust 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” -Elm və Təhsil Nazirliyi Azərbayvan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft –Energetika Kollecinin təqdim edilən 2816 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışa əsasən: Verilir İddiaçı ona görə ki, o, həqiqətən, 25 avqust 1975-ci il tarixində 265 saylı əmrlə Bakı Neft texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 21 aprel 1977-ci il tarixində 137 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 14 may 1979-cu il tarixində 220 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 06 sentyabr 1979-cu il tarixində 358 saylı əmrlə qiyabi şöbəyə köçürülmüşdür. 09 aprel 1981-ci il tarixində 145 saylı əmrlə “Metalların kəsməklə emalı” ixtisası üzrə qiyabi şöbədə tam kursu bitirdiyinə görə ona “texnik - texnoloq” ixtisas dərəcəsi və ДТ-1 №754692 saylı diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakı Baza Energetika texnikumu birləşdirilərək Bakı Neft- Energetika Kolleci yaradılmışdır. -“Azərbaycan X5 Donanması” ASC-nin 13-3-2/3-9-178/2023 nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2000-ci il tarixində X5 Donanma İdarəsi Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin Üzən Gəmi Təmiri Emalatxanasına (ÜGTE) 3-cü dərəcəli tornaçı peşəsinə (xx.xx.2000-ci il tarixli 278 ş/h nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixindən Donanmanın ÜGTE-də 5ci, 6-cı dərəcəli tornaçı, 5-ci dərəcəli takelajçı peşələrində işləmişdir. O, mexaniki çilingər sahəsində tornaçı peşəsində işlədiyi müddətdə tam iş günü ərzində, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olmuşdur. Hal-hazırda ÜGTE-də (Dübəndi) 6-cı dərəcəli tornaçı peşəsində çalışır. Onun işlədiyi tornaçı peşəsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №- li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 11-ci (Metal emalı) bölməsinin 11.14-cü bəndinin “a” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 14-cü (Metal emalı) bölməsinin 14.12 “a” yarımbəndi (kod: 2151200a-1753a) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Əsas: Şəxsi iş № 379, şəxsi vərəqə T/2, kadr əmrləri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” İdarəsi xx.xx.2007-ci ildən X5 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X5 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. -"xxxx" Qapalı Səhmdar Cəmiyyəti X5 Donanamasının xx.xx.2023-cü il tarixli məktubu ilə "xxxx" QSC X5 Donanmasının “Dübəndi” Gəmi təmiri emalatxanasında tornaçı peşəsində çalışan xx.xx.1958-ci il təvəllüdlü İddiaçı vəzifə təlimatı, əmək haqqı, məzuniyyət və ona ödənilən digər əlavələr haqqında zəruri sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə göstərilir: İşin xüsusiyəti: Universal torna dəzgahlarında böyük sayda keçidləri, emal etmək və ölçmək üçün əl çatan yerləri olan, kombinasiyalı bərkitməni və müxtəlif səthlərdə yüksək dəqiq yoxlamanı tələb edən xüsusən mürəkkəb eksperimental və bahalı detalların və alətin, 1- 5ci kvalitetlər (1-2-ci dərəcələri) üzrə torna emalı və tamamlanması. Hər cür modulu və addımı olan xüsusən mürəkkəb profilli məsul çox girişli yivlərin açılması. Deformasiya uğraya bilən xüsusən mürəkkəb iriqabaritli, məsul detalların, qovşaqların və nazikdivar uzun detalların universal və unikal torna dəzgahlarında torna emalı. Yeni yayma valın torna emalı, işlənmişin yenidən yonulması, xüsusən mürəkkəb profilin kalibrlənməsi, o cümlədən birləşdirilmiş plazma -mexaniki emal metodu ilə çətin emal olunan, yüksək legirlənmiş, hərarətədavamlı materiallardan olan detalların və alətin emalı üzrə göstərilən işlərin yerinə yetirilməsi. Bilməlidir: Müxtəlif konstruksiyalı torna dəzgahlarının konstruksiyasını və dəqiqliyinin yoxlanılması qaydalarını; mürəkkəb quruluşlu detalların torna dəzgahına bərkidilməsi və onların texniki təyin olunma metodlarını. Xüsusi kəsici alətlərin hissələrin həndəsi ölçülməsi, itilənməsi və kəsici alətlərdən istifadə qaydaları. Müəyyən olunmuş ölçülərin dəqiq və keyfiyyətli yerinə yetirilməsi xüsusiyyətlərini; xüsusən mürəkkəb profillərin kalibrlənməsində əsas prinsipləri; xüsusən mürəkkəb və məsul torna işlərinin yerinə yetirilməsi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilini iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olması üçün qanunvericiliklə nəzərdə tutulan güzəştli iş stajına malik olmaması təşkil edir. İddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edilməlidir ki, "xxxx" QSC-nın arayışından məlum olur ki, iddiaçı xx.xx.2000-ci il tarixində X5 Donanma İdarəsi Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin Üzən Gəmi Təmiri Emalatxanasına (ÜGTE) 3-cü dərəcəli tornaçı peşəsinə xx.xx.2000-ci il tarixdən işə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixindən Donanmanın ÜGTE-də 5-ci, 6-cı dərəcəli tornaçı, 5-ci dərəcəli takelajçı peşələrində işləmişdir. O, mexaniki çilingər sahəsində tornaçı peşəsində işlədiyi müddətdə tam iş günü ərzində, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olmuşdur. Hal-hazırda ÜGTE-də (Dübəndi) 6cı dərəcəli tornaçı peşəsində çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 11-ci (Metal emalı) bölməsinin 11.14 bəndinin “a” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 14-cü (Metal emalı) bölməsinin 14.12 “a” yarımbəndi (kod: 2151200a-1753a) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Qeyd edilən xx.xx.2007-ci il tarixli 12 №-li qərarın 11-ci bəndində (Metal emalı):- 11.14. Metal emalının digər peşələri; a) fəhlələr: -metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr peşələri nəzərdə tutulmuşdur. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi tornaçı peşəsinin metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan tornaçı peşəsinə uyğun olması iş yeri tərəfindən verilən həm arayışla, həmçinin məhkəmənin sorğusuna əsasən iddiaçının vəzifə təlimatı ilə təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2018-ci ilədək 18 il əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. İddiaçının pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verir. Bununla belə, Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14841/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar