Məhkəmə qərarları › İş №2-1(103)-1697/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1697/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1697/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı X3, Cavabdehin nümayəndələri X6, X5, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3774/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovun onun barəsində 2 saylı 23 yanvar 2020-ci il tarixli İddiaçı işdən xaric edilməyinə dair əmrin ləğv edilməsi, sonuncunun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 32 saylı 27 oktyabr 2003-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətə qəbul olunmuş və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 23 yanvar 2020-ci il tarixli 21 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xarici Kəşfiyyat Xidmətində işlədiyi dövr ərzində müxtəlif vəzifələrdə çalışmış və vəzifələrini tam, layiqincə yerinə yetirmiş, barəsində hər hansı irad, xəbərdarlıq və s. kimi tədbirlər görülməmişdir. 069 saylı 27 mart 2019-cu il tarixdə əmrlə Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) yubley medalı, 25 iyun 2019-cu il tarixli 0151 nömrəli əmrlə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. Eyni zamanda 2019-cu ilin aprel ayında O.Sultanovun göstərişinə əsasən hərbi xidmətini layiqincə yerinə yetirdiyinə görə əməliyyat şöbəsində davam etdirmişdir. Həmin ilin oktyabr ayında xidmət etdiyi idarəyə yeni ştat cədvəli əsasında verilmiş 2-ci dərəcəli əməliyyat təhlilçisi vəzifəsinə təyin edilmişdir. 2019-cu il üçün nəzərdə tutulmuş məzuniyyət dövrü ərzində xarici ölkələrə səfərləri tənzimləyən mövcud hüquqi aktların tələblərinə riayət edərək əvvəlcədən icazə almışdır. Lakin səfər zamanı yaranmış zərurətlə əlaqədar heç bir məlumat verə bilmədən 3-cü ölkəyə getmək məcburiyyətində qalmışdır. Belə ki, X2 şəhərində olarkən anasının səhhəti ilə bağlı həkim sanatoriyada müalicə almağı məsləhət gördüyündən 15 iyul 2019-cu il tarixdə Kiyev şəhərinə getmiş, 21 iyul 2019-cu il tarixdən 27 iyul 2019-cu il tarixədək “Mirqorod” sanatoriyasına göndəriş alaraq qatarla Mirqorod şəhərinə getmiş, həmin müddətdə sanatoriyada müalicədə olmuşlar. 28 iyul 2019-cu il tarixdə İstanbul şəhərinə, 02 avqust 2019-cu il tarixdə isə Bakı şəhərinə qayıtmışlar. Ölkəyə qayıtdıqdan sonra icazəsiz 3-cü ölkəyə getdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İşdən çıxarılması ilə bağlı əmrin surətini istəmiş, lakin əmrin surəti və ya əmrdən çıxarış ona təqdim olunmamışdır. Belə olan halda Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə işdən çıxarılmasına dair əmrin təqdim edilməsi ilə bağlı müxtəlif tarixlərdə müvafiq sorğular versə də, cavab verilməmişdir. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 19 noyabr 2020-ci il tarixli 13/H-142 saylı cavab məktubunda göstərilmişdir ki, əmrin surətinin (və ya çıxarışın) ona təqdim olunması məqsədəuyğun sayılmır. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov onun 3-cü ölkəyə keçməyi ilə bağlı yaranmış zərurətin səbəblərini araşdırmadan Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağına dair 23 yanvar 2020-ci il tarixli 21 nömrəli əmri qəbul edərək işçiyə verilə biləcək ən ağır cəzanı tətbiq etməklə onu işdən azad etmişdir. Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovun iddiaçının işdən çıxarılması haqqında qəbul etdiyi 23 yanvar 2020ci il tarixli 21 nömrəli əmrilə tanış edilməli və heç bir səbəb göstərilmədən 23 yanvar 2020ci il tarixli 21 nömrəli əmrin surəti ilə tanış edilməmişdir. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 19 noyabr 2020-ci il tarixli 13/H-142 saylı cavab məktubundan da görünür ki, əmrin surətinin (və ya çıxarışın) təqdim olunması məqsədə uyğun sayılmır. Əmrin surətini almadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, işdən azad edilərkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əmrdən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3774/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdi ki, göstərilən dövrdə onun öhdəsində 2015-ci il təvəllüdlü, autizm diaqnozu ilə uzun müddət müalicə alan övladı X9 olmuşdur. Övladının adı çəkilən xəstəliyi ilə əlaqədar olaraq, doğulduğu vaxtdan etibarən hər il (2015, 2016, eləcə də 2019-cu illərdə) onu Türkiyədə müayinə etmək üçün XKX rəhbərliyindən müvafiq icazələr almışdır. Oğluna qeydiyyatda olduğu “Medi Club” klinikasının nevropotoloqu X.Qəmbərov, eləcə də onu müayinə etmiş digər həkimlər tərəfindən “nitqi-psixoloji inkişafın geriliyi, autizmspektri pozuntuları” dioqnozu qoyulmuşdur. Bu səbəbdən övladı uzun müddət nevroloji və psixiloji və loqopedik müalicələr almaqdadır. Həmin dövrdə oğlu xüsusi köməyə ehtiyacı olan “İndigo Special” uşaq bağçasına gedirdi, 2020-ci ilin yanvar ayında keçirtmiş olduğu növbəti kriz zamanı övladının vəziyyəti ağırlaşmışdır. Belə ki, bu cür xəstələrin vaxtaşırı keçirdikləri krizlər zamanı davranış pozğunluğu fonunda qeyri- adekvat hərəkətlərə yol verməsi və ya özlərinə ciddi zərər verməsi halları müşahidə olunur. Həkimlərin göstərişinə əsasən müvafiq dövrdə uşaq daim valideynlərinin ciddi nəzarəti altında saxlanılmalıdır. Övladının ona olan hədsiz bağlılığı və digər insanlarla rahat ünsiyyət qura bilməməsi səbəbindən bu müddətdə təxminən 1 ay ərzində o, birbaşa onun ciddi nəzarəti altında və himayəsində qalmışdır. Bununla yanaşı, 2020-ci ilin fevral ayının 04-də anası X7 başından cərrahiyyə əməliyyatı olunmuş, əməliyyatdan sonra reabilitasiya dövründə (1 həftə ərzində) anasına bilavasitə özü ev şəraitində qulluq etmişdir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, işdən çıxma barədə əmrin ona 23 yanvar 2020-ci il tarixdə elan olunduğunu, onunla heç kəs tərəfindən söhbətin aparılmadığını, rəhbərlik tərəfindən qəbul edilmədiyini, idarəni tərk etməsi üçün iki gün ona möhlət verildiyini, 24 fevral tarixində anasının əməliyyat olunduğunu, 28 fevral tarixində isə övladının nevroloji kriz keçirdiyini, uşağının ona bağlı olduğunu, həkim tapşırığına əsasən onun nəzarətsiz saxlanılmasının qeyri-mümkünlüyünü, həmin vaxtda faktiki olaraq həyat yoldaşından ayrıldığını və köməksiz olduğunu bildirmişdi. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ötürülmüş müddətin bərpa olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və iddiaçı tərəfindən ötürülmüş müddətin bərpası barədə ərizənin təmin olunmaması, iddianın qeyri-mümkün sayılması ilə bağlı çıxarılmış qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin digər nümayəndələri X10 və X4 nümayəndə X6 verdiyi izahatla tam razı olduqlarını, onun izahatına hər hansı əlavələrinin olmadığını bildirdilər və bununla bağlı apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Apellyasiya şikayətinə dair etirazın dəlilləri: İşə birinci instansiya qaydasında baxılarkən iddiaçı müddətin bərpa edilməsinə dair ərizə verməmişdir. İddiaçı yalnız 20 aprel 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında belə ərizəni təqdim edərək, buraxılmış müddətin bərpasını xahiş etmişdir. Apellyasiya şikayətində iddiaçı autizm dioqnozu iə müalicə olunan oğlunun 2020-ci ilin yanvar ayında vəziyyətinin ağırlaşmasını, təxminən 1 ay ərzində onun birbaşa nəzarətində olmasını, eyni zamanda 2020-ci ilin fevral ayının 4-də anasının cərrahiyə əməliyyatı olmasını və əməliyyatdan sonra reablitasiya dövründə 1 həftə ərzində bilavasitə ev şəraitində ona qulluq etməsini, bu səbəbdən də məhkəməyə mürcaiət etmək üçün fiziki və mənəvi imkanının olmamasını göstərmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 2020-ci ilin may-sentyabr ayları ərzində (31 may, 8 iyun, 14 iyun, 27 avqust, 1 sentyabr və 14 sentyabr tarixlərdə) müxtəlif instansiyalara yazılı müraciətlər edilmişdir. Həmçinin 22 iyul və 14 sentyabr 2020-ci il tarixdə iddiaçı XKX-nə də müəyyən müraciətlər etmişdir. Müraciətlərində iddiaçı səhvini etiraf etdiyini, səmimi peşmançılıq hisləri keçirdiyini bildirmiş və hərbi xidmətə bərpa olunması məsələsinin nəzərdən keçirilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar orqanın əməkdaşları tərəfindən 21 iyul və 25 sentyabr 2020-ci il tarixlərdə iddiaçı ilə görüş keçirilmiş və onun XKX-də həqiq hərbi xidmətə bərpa olunmasının mümkünsüzlüyü bildirilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarında olan EZ ******* saylı 16.03.2020-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq 23.10.2003-cü il tarixdə hərbi hissəyə göndərilmiş, 23.01.2020-ci ildə Azərbaycan Respublikası XKX-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddaçı ona mübahisələndirdiyi əmrin surətinin (və ya çıxarışının), son haqq-hesabının verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti tərəfindən iddaçıya ünvanlanmış 13/H-142 saylı 18 noyabr 2020ci il tarixli (19 noyabr 2020-ci il tarixli) məktubdan qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti işçiyə verilə bilər. Eyni zamanda, Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” yarımbəndinə görə, bu Məcəllənin müddəaları hərbi qulluqçulara şamil edilmir. XKX-də həqiqi hərbi xidmətdə oldugundan hərbi xidmətlə bağlı məsələlər Azərbaycan Respublikasının hərbi qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin isə müddəalarında hərbi xidmətdən buraxılan şəxslərə əmrin surətinin (və ya çıxarışının) verilməsi nəzərdə tutulmayıb. Bununla yanaşı, XKX-nin fəaliyyətinin spesifik xüsusiyyətləri baxımından burada hərbi xidmətlə bağlı məsələlər məxfi hesab olunur və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir. Qeyd olunanlar nəzərə alınaraq, hərbi xidmətdən ehtiyata buraxılması haqqında əmrin surətinin (və ya çıxarışının) təqdim olunması məqsədəuyğun sayılmamışdır. Müraciətində vurğulanan digər məsələ ilə baglı iddiaçıya izah olunmuşdur ki, XKX-nin 23.01.2020-ci il tarixli əmrinə müvafiq olaraq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq 26.01.2020-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Bu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarının 3-cü hissəsinin “b” yarımbəndinin 2-ci abzasına görə - iki aylıq maaş məbləğində işdən çıxarma pulu ödənilir və həmin Qərarın 3-cü hissəsinə uyğun olaraq işdən çıxarma pulu - axırıncı ştat vəzifəsi və hərbi rütbə üzrə maaşlardan hesablanır. Odur ki, axırıncı ştat vəzifəsi və rütbə üzrə maaşlarının iki misli hesablanaraq işdən çıxarma pulu cəmi 1496 manat 00 qəpik təşkil etmiş və həmin məbləğ iddiaçıya ödənilmişdir. Digər tərəfdən, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə görə hərbi qulluqçuya növbəti məzuniyyət hər təqvim ili üçün verilir, hərbi xidmətdən ehtiyata buraxıldığı ildə isə məzuniyyət müddəti hər tam ay üçün hesablanır. Beləliklə, ehtiyata buraxıldığı vaxt yeni təqvim ilində xidmətinə tam ay yaranmadığı üçün növbəti məzuniyyət hesablanmamış və nəticə üzrə məzuniyyətə görə ödəmə verilməmişdir. Cavabdeh inzibati orqanın 1 saylı 20.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı özünün hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunması barədə XKX-nin 2020-ci il 23 yanvar tarixli əmri ilə 2020-ci ilin 23 yanvar tarixində imza atmaqla tanış olmuşdur. Eyni zamanda, icraatında olan işlərin və digər maddi əmlakın təhvil-təslimi üçün 2020-ci il 23 yanvar tarixində iddiaçıya “Hərbi xidmətdən (işdən) azad edilmə vərəqi” təqdim olunmuşdur. Sözügedən vərəqə onun özü tərəfindən imzalanması üçün aidiyyəti sturuktur bölmələrə təqdim olunmuş və aparılan təhvil-təslimin nəticəsi vərəqədə qeyd edilmişdir. Hərbi xidmətdən azad edilərkən iddiaçıya ******* saylı əmək kitabçası 25 yanvar 2020-ci il tarixdə təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. Hazırki işdə iddiaçı inzibati orqanın bundan 1 il əvvəl onun barəsində qəbul etdiyi əmrinin ləğv edilməsini tələb edir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Beləliklə, iş üzrə iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, həmin dövrdə autizm dioqnozu iə müalicə olunan oğlunun 2020-ci ilin yanvar ayında vəziyyətinin ağırlaşması, təxminən 1 ay ərzində onun birbaşa nəzarətində olması, eyni zamanda 2020-ci ilin fevral ayının 4-də anasının cərrahiyə əməliyyatı olması və əməliyyatdan sonra reablitasiya dövründə 1 həftə ərzində bilavasitə ev şəraitində ona qulluq etməsi, bu səbəbdən də məhkəməyə müraciət etmək üçün imkanının olmaması ilə əlaqədar iddia müddətini ötürmüşdür. İş materiallarında olan “HB Güvən Klinik”in 04.02.2021-ci il tarixli arayışından görünür ki, X7 05.02.200-ci il tarixdə əməliyyat edilmişdir. A/M 444-46 saylı Patohistoloji müayinədən görünür ki, X7 fevral 2020-ci il tarixdə başın təpə nahiyəsinin dərialtı törəməsi dioqnozu ilə müalicədə olmuşdur. Eyni zamanda X15 28.01.2020-ci il tarixli konsultasiya vərəqəsindən görünür ki, 17.06.2015-ci il təvəllüdlü X8 ensefalopatiya nitq inkişafının ləngiməsi dioqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir. Buraya ağır xəstəlik, köməksiz vəziyyət və digər halların olması da aid olunur. Qanunvericilikdə cavabdehin şəxsiyyəti ilə əlaqədar olan belə hallar ona münasibətdə ötürülmüş müddətin üzürlü sayıla bilməsi üçün nəzərə alınır. Lakin hazırki işdən göründüyü kimi, iddiaçı mübahisələndirdiyi inzibati aktı ona elan edildiyini etiraf etdiyi 2020-ci ilin yanvar ayında aldığı təqdirdə, qanunla müəyyən edilmiş müddəti ötürməklə 21.01.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə mübahisələndirmişdir. İddiaçı iddia müddətinin onun bilavasitə özünün şəxsiyyəti ilə bağlı olaraq üzrlü səbəbdən ötürülməsini əsaslandırmamaqla yanaşı, bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu (müddətin bərpası barədə ərizəyə özünün şəxsiyyəti ilə bağlı sənədləri əlavə etməmişdir) nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Digər tərəfdən, cavabdehin nümayəndəsinin verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı tərəfindən 2020-ci ilin may-sentyabr ayları ərzində müxtəlif instansiyalara, həmçinin 22 iyul və 14 sentyabr 2020-ci il tarixdə XKX-nə də müraciətlər edilmiş, XKX-nə etdiyi müraciətlərində iddiaçı səhvini etiraf etdiyini, səmimi peşmançılıq hisləri keçirdiyini bildirmiş və hərbi xidmətə bərpa olunması məsələsinin nəzərdən keçirilməsini xahiş etmişdir. Qeyd olunan müraciəti ilə əlaqədar cavabdeh orqanın əməkdaşları tərəfindən 21 iyul və 25 sentyabr 2020-ci il tarixlərdə iddiaçı ilə görüş keçirilmiş və onun XKX-də həqiq hərbi xidmətə bərpa olunmasının mümkünsüzlüyü bildirilmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdə iddiaçı mübahisələndirdiyi inzibati aktdan məhkəməyə şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti üzrsüz səbəbdən ötürdüyündən, belə ki, yuxarıda qeyd olunan hallarla bağlı müddətin ötürülməsinin üzrlü hesab olunmasına dair hər hansı sübutu təqdim etmədiyindən birinci instansiya məhkəməsi həmin müddətin bərpa edilməsi barədə ərizəni təmin etməməkdə və iddianı qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3774/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İdidaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3774/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar