Məhkəmə qərarları › İş №2-1(103)-1697/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1697/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1697/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması haqqında qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1796/2022 saylı, 03 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 20 iyul 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş və 2020-ci ilin noyabr ayından ödənilməsi dayandırılmış əmək pensiyasının “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1957-ci il tarixdə anadan olmuş, 02.09.1974-cü il tarixdən 28.02.1975-ci il tarixədək oxuyub kurs keçdikdən sonra 01.03.1975-ci ildən əmək fəaliyyətinə başlamış, bu günə kimi fasiləsiz olaraq əmək fəaliyyətini davam etmişdir. 11 noyabr 1996-ci il tarixdən hal-hazıra kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışır, 11.10.1996-ci il tarixdən 01.04.1997-ci il tarixədək yol montyoru, 22.10.1997-ci ildən böyük operator, 02.02.1998-ci il tarixdən 02.04.2002-ci il tarixədək operator, 02.04.2002-ci il tarixdən 07.03.2016-cı il tarixədək yol montyoru, yol briqadiri, operator, 09.03.2016-cı il tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrakstruktur Departamentinin 4 nömrəli Bakı yol sahəsi Defektoskop briqadasında böyük operator vəzifəsində çalışır. 20 iyul 2014-cü il tarixdə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İstehsalatda 6 il çalışdıqdan sonra iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanmasına dair müraciət etdikdə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 22.02.2021-ci il tarixli, **********6 saylı cavab məktubu ilə aldığı pensiyanın qanunvericiliyə zidd olaraq təyin edildiyi bildirilmiş və 08.11.2013-cü il tarixdən 30.11.2020-ci il tarixədək ümumilikdə 15562,23 manat pul vəsaitinin geriyə, büdcəyə qaytarılması iddiaçıdan tələb olunmuşdur. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə iddiaçıya təyin olunmuş əmək pensiyasının dayandırılması və pul vəsaitinin geriyə istənilməsi müvafiq qanunvericiliyin tələblərinə ziddir və tam əsassızdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18.02.2021-ci il tarixli **********0 saylı əmək pensiyasının dayandırılması barədə qərarının ləğv edilməsini, İddiaçı 20 iyul 2014-cü il tarixdən təyin edilmiş və 2020-ci ilin dekabr ayından ödənilməsi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraat qəbul edilmişdir. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçı 12.01.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi olaraq barədə bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin, əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) birinci dərəcəli və dərəcədənkənar stansiyalarda tərtibat təpələrinin operatorları və növbətçiləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçıya pensiya təyin edilərkən təqdim olunan sənədlərdə 02.02.1998-01.10.2001-ci il və 01.04.2005-20.07.2014-cü il tarixləri arasındakı dövrlər ərzində “Bakı yol sahəsi”ndə defektaskop briqadasında operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı vaxtilə onun işlədiyi defektaskop briqadasında operator vəzifəsi yuxarıda qeyd olunan birinci dərəcəli və dərəcədənkənar stansiyalarda tərtibat təpələrinin operatorları vəzifəsinə aid olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göründüyü, kimi ona 20.07.2014-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya 08.11.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində, ümumilikdə, 15562,23 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. 22.02.2021-ci il tarixli **********6 nömrəli məktubla həmin artıq ödənilmiş 15562,23 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1796/2022 saylı, 03 fevral 2022-ci tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının işlədiyi vəzifə və sahələrin qanunvericiliklə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olması təsdiqlənmiş olsaydı belə, 16.01.2001-ci il tarixindən işlədiyi müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığından həmin dövrdən əmək müqaviləsinə xitam verildiyi 15.10.2004-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqlarının ödənilib- ödənilməməsi faktının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranacaqdı. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçının mübahisələndirdiyi “əmək pensiyasının dayandırılması haqqında qərar” 18.02.2021-ci il tarixli olsa da, iddiaçıya həmin qərarın cavabdeh tərəfindən təqdim edilməsi iş materialları ilə sübut olunmur. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün hesab edərək, mahiyyəti üzrə qərar qəbul etmişdir. İnzibati işdən müəyyən olunur ki, iddiaçının 11 noyabr 1996-ci il tarixdən hal-hazıra kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışması, 11.10.1996-ci il tarixdən 01.04.1997-ci il tarixədək yol montyoru, 22.10.1997-ci ildən böyük operator, 02.02.1998-ci il tarixdən 02.04.2002-ci il tarixədək operator, 02.04.2002-ci il tarixdən 07.03.2016-cı il tarixədək yol montyoru, yol briqadiri, operator, 09.03.2016-cı il tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrakstruktur Departamentinin 4 nömrəli Bakı yol sahəsi Defektoskop briqadasında böyük operator vəzifəsində, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyininə əsas verən vəzifələrdə işləməsi nəzərə alınmaqla ona Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 20.07.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, əmək pensiyası 25.11.2020-ci il tarixdən dayandırılmış, cavabdeh tərəfindən 18.02.2021-ci il tarixli **********0 saylı əmək pensiyasının dayandırılması haqqında qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: İşdə olan iddiaçıya aid 173783 saylı pensiya işinin materiallarından müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 20.07.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, cavabdehin 18.02.2021-ci il tarixli **********0 saylı əmək pensiyasının dayandırılması haqqında qərarı ilə pensiyanın ödənilməsi 01.12.2020-ci il tarixdən dayandırılmışdır. Cavabdehin 22.02.2021-ci il tarixli **********6 saylı məktubunun məzmunundan görünür ki, iddiaçıya pensiya təyin edilərkən təqdim olunan sənədlərə 02.02.1998- 01.10.2001-ci il və 01.04.2005-20.07.2014-cü il tarixləri arasındakı dövrlər ərzində “Bakı yol sahəsi”ndə defektaskop briqadasında operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı vaxtilə sizin işlədiyiniz defektaskop briqadasında operator vəzifəsi yuxarıda qeyd olunan birinci dərəcəli və dərəcədənkənar stansiyalarda tərtibat təpələrinin operatorları vəzifəsinə aid olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Göründüyü, kimi sizə 20.07.2014-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə 08.11.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15562,23 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir”. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 20.07.2014-cü il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Cavabdeh ilk olaraq DSMF-nin Aparatının daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli 02.09.2020-ci il tarixli məktubunu əsas götürərək, 25.11.2020-ci il tarixdən (pensiya alt sistemindəki məlumata əsasən) iddiaçının əmək pensiyasını dayandırmış, əmək pensiyasının dayandırılması haqqında qərarı isə 18.02.2021-ci il tarixdə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Eyni Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Bundan başqa, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın təqdim etdiyi iddiaçı barəsində olan X4 Sistemindən çıxarışdan məlum olur ki, iddiaçıya 20.07.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası 25.11.2020-ci il tarixdən dayandırılmışdır. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək pensiyasının bərpası ilə bağlı nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya baxışında araşdırma zamanı iddiaçının iradə ifadəsinin əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi təşkil etdiyi müəyyən edilmiş və iddiaçı hazirki tələbi irəli sürməkdə haqlı olduğundan, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və əsassız olduğundan iddiaçının pensiyası cavabdeh tərəfindən dayandırıldığı 25.11.2020-ci il tarixdən bərpa edilməlidir. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1796/2022 saylı, 03 fevral 2022-ci il tarixli qərarı “pensiyanın bərpa tarixi 25.11.2020-ci il” qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: CavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1796/2022 saylı, 03 fevral 2022-ci tarixli qərarı “pensiyanın bərpa tarixi 25.11.2020-ci il” qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar