Məhkəmə qərarları › İş №2-1(103)-1697/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1697/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1697/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzil üzərində üçüncü şəxs hesab olunan X6 mülkiyyət hüququ verən Cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.1995-ci il tarixli, 2245 nömrəli sərəncamın ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisələndirdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40 ünvanındakı 35 saylı mənzil üzərində X6 mülkiyyət hüququ verən Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.1995-ci il tarixli 2245 nömrəli sərəncam ilə yanlız məhkəmə gedişi zamanı məlumatlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan: - “Xəzərdənizqazmatikinti” trestinin müdriyyəti və həmkarlar komitəsinin xx.xx.1994cü il tarixli birgə iclasının 22 saylı protokolundan çıxarışdan görünür ki, Dövlət Neft Şirkətinin CC-021/224 saylı xx.xx.1994-cü il tarixli məktubuna əsasən Badamdar qəsəbəsi, 6153-55-ci məhəllə, 11-ci Badamdar küçəsi, ev 40, mənzil 35 ünvanda, 3-cü blok, 5-ci mərtəbədə yerləşən 37.04 kv.metr sahədən ibarət mənzil X5 adına ayrılmışdır. - Cavabdeh başçısının 1 avqust 1995-ci il tarixli 2245 №li Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, “Xəzərdənizqazmatikinti” trestinin xx.xx.1994-cü il tarixli, 22 saylı Protokolunun təsdiq edilmiş və xx.xx.1988-ci il tarixdən idarədə mənzil növbəsində olan X6 Badamdar qəsəbəsi 11-ci Badamdar küçəsi, ev 40 ünvanda, mənzil 35-ə (3-cü blok, 5-ci mərtəbədə yerləşən 37.04 kv.metr sahədən ibarət) dair order verilməsi və onun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. - 01 avqust 1995-ci il tarixli, 047159 №li orderin təsdiq edilmiş surətindən görünür ki, Badamdar qəsəbəsi 11-ci Badamdar küçəsi, ev 40, mənzil 35 X5 adına ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Badamdar küçəsi, 40 saylı evin, 35 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmış, aparılan araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi 40 saylı evin 35 saylı mənzilin qanunvericiliyin tələblərinə uyğun olaraq digər şəxsin adına xx.xx.1999-cu il tarixdə qeydiyyata alındığının müəyyən olunduğu bildirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 11-ci Badamdar küçəsi, ev 40, mənzil 35 X2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. Qeydiyyat üçün əsas olmuş sənədlərin təqdim edilməsi barədə sorğuya cavab məktubunda Səbail RİHB-nin xx.xx.1995-ci il tarixli sərəncamı, mənzilə dair eyni tarixli order, Trestin xx.xx.1994-cü tarixli protoklundan çıxarış və Elvira Əhmədovanın ərinin mənzilin onun adına keçirilməsinə etirazının olmaması barədə ərizə təqdim edilmişdir. - Səbail RİHB-nin 732 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, “Xəzərdənizqazmatikinti” Trestinin Maşınqayırma zavodunun rəhbərliyinin və həmkarlar komitəsinin birgə iclasının qərarına əsasən (protokol №15, xx.xx.2000-ci il) 1993-cü ildən mənzil növbəsində olan X3 Badamdar qəsəbəsi 11-ci Badamdar küçəsi, ev 40 ünvanda, 37.04 kv.metr sahədən ibarət 3 otaqlı, 35 saylı mənzili verilmişdir. Həmin Sərəncamla xx.xx.2000-ci il tarixli protokol təsdiq edilmiş və S.İsmayılova özü, yoldaşı (İddiaçı), iki oğlu və qızının adı yazılmaqla order verilməsi və S.İsmayılovun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. - xx.xx.2000-ci il tarixli 032320 №li Orderdən görünür ki, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40, mənzil 35 X1 adına ayrılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, iddiaçı X7 xx.xx.2003-cü il tarixdən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40 mənzil 35-də qeydiyyatdadır. Həmin mənzildə həmçinin onun övladları X10, X9, İddiaçı da qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda ünvan 1 ünvanının X5 adlarına qeydiyyata alındığı və hazırda mülkiyyətlərində olduğu bildirilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən, xx.xx.2000-ci il təvəllüdlü X7 və xx.xx.2000-ci il təvəllüdlü X8 xx.xx.2016-cı il tarixdən, xx.xx.1997-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olduqları bildirilmişdir. - 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi- arvadı İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İcraatda olan vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, 11ci Badamdar küçəsi, ev 40, mənzil 35-ə dair çıxarış verilməsi xahiş olunur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın mümkün sayılmaması ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşmır, işin hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. AR İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qeyrimümkün sayılması nəticəsinə gəlinərkən işin hallarına hərtərəfli yanaşılmamış, bununla da obyektiv araşdırma prinsipinin tələbləri pozulmuşdur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd baxımından düzgün iddia növünün müəyyən olunmasında İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsini yerinə yetirməli, eləcə də işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. İşin faktiki hallarından müəyyən olunur ki, sözügedən mənzilə dair iddiaçının həyat yoldaşına Səbail RİHB-nin xx.xx.2000-ci il tarixli sərəncamı əsasında xx.xx.2000-ci il tarixli order verilmişdir. İddiaçı həmin mənzildə 2000-ci ildən bəri ailəsi ilə birlikdə yaşayır. Qeyd olunan mənzildə 2003-cü ildən (digər məlumatda xx.xx.2020-ci il tarixdən) özü, müxtəlif tarixlərdən isə övladları pasport qeydiyyatındadır. Həyat yoldaşı Sadiq İsmayılov 2021-ci il tarixdə vəfat etmişdir. Hazırda eyni mənzilə dair üçüncü şəxsin adına Səbail RİHB tərəfindən xx.xx.1995-ci ildə verilmiş inzibati aktı mübahisələndirir. Kollegiya ilk öncə qeyd edir ki, apelyasiya baxışı zamanı üçüncü şəxs E.Əhmədovanın nümayəndəsi X11 izahatında bildirmişdir ki, “Biz ev aldıqdan sonra mübahisəli mənzili idarəyə geri qaytardıq. Ondan sonra idarə mənzili iddiaçıya təqdim edibdir. Biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik ki, SOCAR bizə aşağı mərtəbədən 3 otaqlı ev versinlər. X18 bizə ev ayırdıqdan sora biz evi İdarəyə geri qaytardıq.” Kollegiya qeyd edir ki, işin faktiki hallarına əsasən, mübahisəli mənzil üçüncü şəxsin adına dövlət qeydiyyatına alınmış olsa da, faktiki olaraq onun sahibliyində deyil və orda yaşamır. Hazırki mübahisənin həllinə əhəmiyyətli təsir göstərən qeyd edilən faktiki hal, birinci instansiya məhkəməsinə də məlum olmuş olsa da, məhkəmə tərəfindən işin bu halına hərtərəfli yanaşılmamışdır. Belə ki, üçüncü şəxs birinci instansiyanın məhkəmə iclasında mübahisəli mənzilə hər hansı hüquq iddia etmədiklərini və iddiaçının adına qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal, mübahisələndirilən sərəncamın və həmin sərəncamın qəbul edilməsinin hüquqi nəticələrinin (order veirlməsi, qeydiyyata alınma və s.) ləğv edilməsinə və “mübahisəli mənzilin iddiaçının adına qeydiyyata alınması” hüquqi nəticəsinə dəlalət edə bilən faktiki haldır. Digər tərəfdən birinci instansiya məhkəməsi iddianın qeyri-mümkün sayılmasına dair yekun nəticəyə gələrkən köhnə və yeni qanunvericilik normalarına istinad edərək qeyd etmişdir ki, “... iddiaçının 2000-ci ildən yaşadığı, 2003-cü ildən isə pasport qeydiyyatına alındığı və üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etdiyi mənzilin hüquqi rejimi ilə 22 il müddətində maraqlanmaması ağlabatan deyildir. İddiaçı özünün və ailə üzvlərinin pasport qeydiyyatına alındığı ərəfələrdə mübahisəli mənzilin digər üçüncü şəxsin adına dövlət reyestrində qeydiyyata alınmasından xəbərdar olmalı idi. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mənzilə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatının olmaması barədə nəticəyə gəlmək çətindir. Bu onu deməyə əsas verir ki, iddiaçının ən geci 2003-cü il tarixdən sözügedən mənzilin başqa şəxsin mülkiyyətində olmasını bilirdi və yaxud bilməli idi. Başqa sözlə, iddiaçı mənzilin sərəncamdan sonrakı hüquqi rejimini araşdıraraq müvafiq addım atmalı idi. Lakin işin hallarına əsasən, iddiaçı bu hüququndan istifadə etməmiş, bununla da marağına toxunan sərəncamı bu barədə ona məlum olduğu (olmalı olduğu) zaman mübahisələndirməyərək yuxarıda istinad olunan köhnə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün isə əvvəlki qanunlarla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının mənzilə qeydiyyata alınma tarixi 2020-ci ilin may ayı götürülsə belə, İPM-in müddəalarına əsasən də iddia müddəti ötürülmüş olur. ... ” Göründüyü kimi, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinərkən iddia müddətinin ötürülməsinə əsaslanılmışdır. İşin hallarından və apelyasiya şikayətindən də aydın olduğu kimi, iddiaçı həmin inzibati aktdan həyat yoldaşının vəfatından sonra mənzili öz adına özəlləşdirmək üçün aidiyyəti dövlət orqanının ona verdiyi cavab məktubundan məlumat aldığını bildirir. Kollegiya hesab edir ki, müddətin ötürülməsinə dair birinci instansiya məhkəməsinin yanaşması düzgün olmamışdır. Belə ki, məhkəmə iddiaçının mübahisəli mənzildə pasport qeydiyyatına alınma tarixlərini (2003,2020) nəzərə alaraq iddia müddətlərini hesablamışdır. Kollegiya qeyd edir ki, iddiaçının mənzildə qeydiyyata alınmış olması (istər 2003, istərsə də 2020-ci ildən) həmin tarixdən hazırda mübahisələndirilən 1995-ci il tarixli sərəncamdan xəbərdar olmuş və ya olmalı olması demək deyildir. Belə ki, 1 avqust 1995-ci il tarixli 2245 №li sərəncam əsasında mübahisəli mənzil adına özəlləşdirilmiş üçüncü şəxs E.Əhmədova həmin mənzildə rəsmi olaraq qeydiyyata düşməmişdir. Üçüncü şəxslə bağlı faktiki məlum olan hərəkətlər 1 avqust 1995-ci il tarixli 2245 №li sərəncamla mənzilin adına ayrılaraq, 01 avqust 1995-ci il tarixli, 047159 №li orderin verilməsi və 1999-cu il tarixdən daşınmaz əmlakın dövlət reyestrində mənzilə hüquqların qeydiyyata alınmış olmasıdır. İddiaçı tərəf isə 732 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncama uyğun olaraq verilmiş xx.xx.2000-ci il tarixli 032320 №li Orderə əsasən 2000-ci ildən mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə daimi yaşamaqla, müxtəlif tarixlərdə pasport qeydiyyatına düşmüşdür. Qeyd edilən hallar nəzərə alınan zaman, istər adına sərəncam və order verilən 2000ci il tarixdə, istərsə də pasport qeydiyyatına salınmaları zamanı hər hansı prosessual maneə ilə qarşılaşmayan iddiaçı tərəfin üçüncü şəxsin adına olan 1 avqust 1995-ci il tarixli 2245 №li sərəncam və ya 01 avqust 1995-ci il tarixli, 047159 №li order barədə məlumatlı olmaları mümkün olmamışdır. İddiaçı yalnız həyat yoldaşının vəfatından sonra vərəsəlik işləri ilə əlaqədar olaraq mənzilin mərhumun adına qeydiyyata alınması ilə bağlı aidiyyəti inzibati orqana müraciət etmiş və müvafiq prosessual maneə ilə qarşılaşması nəticəsində üçüncü şəxsin adına aparılmış qeydiyyatdan xəbərdar olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən hallarına dair hərtərəfli araşdırma aparıldıqdan sonra mübahisənin mahiyyəti üzrə yekun nəticəyə gəlinməli idi. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki işə yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla yenidən baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 2xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Şərafət Məmmədova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar