Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1698/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14573/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə Cəbrayıl rayonunun Karxulu kəndində anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər Cəbrayıl rayon Vərəm dispanserində fəhlə işləmiş, 1975-1976-cı illərdə əyani təhsil almış, 26 may 1976-cı ildən 15 iyun 1978-ci ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhərində Şmidt zavodunda işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1988-ci ilə qədər Avtobus parkında işləmiş, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilə qədər Avtokalonda işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər Nizami rayon İcra Hakimiyyətində sürücü işləmişdir. Həmçinin 1997-ci ildən başlayaraq fiziki şəxs kimi fəaliyyət göstərmişdir. Pensiya hüququ verən iş stajı 25 ildən çoxdur. O, 65 yaşı tamam olmasını və 25 ildən çox iş stajı olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin idarədən verilən 10 avqust 2023cü il tatrixli, 3171/2Q-181303/2023 saylı cavab məktubunda göstərilir ki, 1997-2005-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərinin həyata keçirib-keçirməməyi ilə əlaqədar hesabat məlumatlarının əldə olunması mümükün olmamışdır. Buna görə də yaşa görə əmək pensiyasının təyin olunmasından heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14573/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə 3 saylı Bakı “DOST” mərkəzi vasitəsilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmışdır. Mərkəzi filial “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı əmək kitabçasının, diplomunun və hərbi biletinin və digər sənədlərin surətlərinə əsasən (xx.xx.1975-ci il tarixdən xx.xx.1976-ci il tarixədək təhsil aldığı illər və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 18 il 4 av 17 gün sosial sığorta stajına malik olduğundan, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bundan başqa, iddiaçı 1997-2005-ci illər üzrə fiziki şəxs kimi fəaliyyət göstərdiyini iddia etsə də, Mərkəzi Filiala həmin dövrdə məcburi dövlət sosial sığorta haqlarım ödəməsi ilə əlaqədar hər hansı sübut təqdim etməmişdir. Həmçinin həmin dövrlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsi barədə məlumatların əldə olunması üçün Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialında araşdırma aparılmışdır. Bu məqsədlə, iddiaçının sığortaedən kimi 1997-2005-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini həyata keçiribkeçirməməsi ilə əlaqədar hesabat məlumatlarının əldə olunması üçün aidiyyəti üzrə Fondun Arxiv və sosial ödənişlərin invertarlaşdırılması üzrə mərkəzi filialına müraciət olunmuş və Mərkəzi Filialın cavab məktubunda sığortaedən kimi İddiaçı dair hesabat məlumatlarının təhvil verilmədiyi bildirilmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1957-ci ildə doğulmuş, xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasındakı qeydlər və təhsil aldığı dövr nəzərə alınmaqla ümumilikdə 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Bununla bağlı Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş həddi (65 yaş) tamamlandığından və iddiaçının 25 ildən artıq stajı olduğundan, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Lakin inzibati orqanın imtina məktubundan və apelyasiya şikayətindən də görünür ki, 1997- 2005-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərinin iddiaçı tərəfindən həyata keçirilib-keçirməməyi müəyyən olunmadığından, həmin dövrlər əmək kitabçasında qeyd olunmasına baxmayaraq mübahisələndirilmiş, ümumi əmək stajına daxil edilməmişdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;...... Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. İşin hallarından aydındır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən stajı 18 il 4 ay 17 gün təşkil edir. Cavabdeh tərəfindən nəzərə alınmayan əmək kitabçası ilə təsdiq edilmiş 1997-ildən 2005-ci il tarixədək olan dövrlər nəzərə alındıqda iddiaçının 25 ildən artıq stajının olduğu müəyyən edilir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir: “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Kollegiya qeyd edir ki, əgər iddiaçı tərəfindən sosial sığorta haqqı ödənilməmişsə, o zaman iddiaçının müəyyən borcu yaranmalı və bu borcun silinməsi haqqında cavabdeh tərəfdə məlum olmalı idi. Lakin sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan isə nə iddiaçının sığorta ödənişlərini etmədiyinə, nə də 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş hər hansı borcunun olmasına dair məhkəmələrə sübut təqdim edə bilməmişdir. Yuxarıda sadalanan hallardan da göründüyü kimi, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14573/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.